Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bakıda 1.6 milyonluq şahmat turniri

19.08.15, 10:48
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan paytaxtı Bakı növbəti mötəbər yarışa ev sahibliyi etməyə hazırlaşır.

Sentyabrın 10-da Bakıda Ümumdünya Şahmat Federasiyasının (FİDE) şahmat üzrə ən vacib yarışlarından biri olan - dünya kubokuna start veriləcək.
Oktyabrın 5-nə qədər davam edəcək turnirdə 128 şahmatçı mübarizə aparacaq. Dünya Kubokunun finalçıları şahmat üzrə dünya çempionluğuna iddiaçıların turnirinə vəsiqə qazanacaq. Yarışın bütün görüşləri iki partiyadan ibarət olacaq. Əgər iki görüşdən sonra ümumi hesab bərabər olacaqsa, şahmatçılar qalibi tay-brekdə müəyyənləşdirəcək. Yalnız finalda mübarizə aparacaq şahmatçılar 4 dəfə üz-üzə gələcək. Şahmatçıların ilk 40 gediş üçün 90 dəqiqəsi, oyunun qalan hissəsi üçün 30 dəqiqə və oyunun əvvəlindən hər gedişə əlavə 30 saniyə vaxtları olacaq.
FİDE prezidenti Kirsan İlyumjinov dünya kubokunun Bakıda keçirilməsini yüksək qiymətləndirərək yarışın Azərbaycanda idmanın bu növünün daha sürətlə inkişafına təkan olacağını bildirib: "Bizi çox sevindirir ki, Azərbaycanda mötəbər şahmat yarışlarının keçirilməsi ənənə halını alıb. Bu gün Bakı, beynəlxalq idman tədbirlərinə mükəmməl təşkilatçılığı ilə bütün dünyada tanınır. Azərbaycan atletlərinin çoxsaylı medallar qazanması ilə yadda qalan və çox böyük uğurla başa çatan Birinci Avropa Oyunları buna ən parlaq nümunədir! Bu şəhərdə hərarətli şərq qonaqpərvərliyi ilə dinamik biznes mühiti, yüksək səviyyəli infrastruktur obyektləri ilə tarixi abidələr mükəmməl bir ahəngdarlıq təşkil edir. Şahmatın Azərbaycanın iki min ildən çox tarixə malik olan mədəniyyətində müstəsna rolu olub. Şahmat oyunu bu ərazidə 5-ci əsrdən bəri oynanılıb. Bu haqda dahi Nizaminin bir neçə poemasında qeydlər var.
Azərbaycan prezidenti cənab İlham Əliyevin idmana olan diqqəti sayəsində ölkədə bütün idman növləri inkişafdadır. Özəlliklə şahmata olan marağı xüsusi qeyd etməliyəm. Azərbaycanda olan şahmat ənənələri hamıya məlumdur. Hazırda şahmat idman, təhsil və mədəniyyət istiqamətində hökumət fəaliyyətinin ən çox diqqət ayrılan sahələrindəndir. Ötən il Azərbaycan paytaxtı FİDE Qran-Pri silsiləsindən olan ilk turniri yüksək səviyyədə təşkil etdi. Bu il isə Bakı şahmat üzrə dünya kubokuna ev sahibliyi edəcək. Ali şahmat qurumu turnirin yüksək səviyyədə keçiriləcəyinə inanır. Unutmayaq ki, gələn il Azərbaycanı şahmat üzrə ən mötəbər yarışlardan biri olan olimpiada gözləyir. Bütün bu yarışlar dünya şahmat ailəsinin diqqətini Azərbaycan paytaxtına yönəldəcək. Əminliklə söyləyə bilərəm ki, dünyada şahmatın inkişafında Azərbaycan özünəməxsus yer tutur. Mən 2015-ci il dünya kubokunun çox uğurlu keçiriləcəyinə və 2016-cı ildə Bakıda təşkil olunacaq 42-ci Dünya Şahmat Olimpiadası üçün mükəmməl bir sınaq olacağına tam əminəm".
Bakı Şahmat Olimpiadası və Dünya Kuboku Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov dünya kubokuna hazırlıqla məlumat verib: "Azərbaycan zəngin şahmat ənənəsi olan ölkə kimi tanınır. Hər il ölkəmizdə bir neçə beynəlxalq şahmat turnirinin keçirilməsi fikrimizi təsdiqləyir. Bir neçə gündən sonra bütün dünya şahmat ailəsinin diqqəti Bakıda start götürəcək dünya kubokuna yönələcək. Təşkilat Komitəsi tərəfindən yarışın yüksək səviyyədə keçirilməsi istiqamətində lazımi işlər aparılır. Ölkəmizə bu yarışı işıqlandırmaq üçün Avropanın müxtəlif şəhərlərindən çoxlu sayda jurnalist gələcək.
İki ay əvvəl Bakıda ilk Avropa Oyunları kimi möhtəşəm yarışı izlədik. Dünyanın aparıcı televiziya kanalları paytaxtımızdan canlı yayımlar təşkil etdi. İlk Avropa Oyunlarında şahidi olduğumuz nümunəvi təşkilatçılıqdan sonra şahmat üzrə dünya kubokunda məsuliyyətimiz daha da artır. Biz çalışırıq ki, iştirakçılar və yarışın qonaqları hər zaman olduğu kimi yüksək təşkilatçılığın şahidi olsun. Şahmat həvəskarlarının marağını nəzərə alaraq dünya kubokunda oyunları internet vasitəsiylə canlı yayımlamağı planlaşdırırıq. Üstəlik, şahmatsevərlərə üç dildə - Azərbaycan, ingilis və rus dillərində məşhur qrossmeysterlərin təqdimatında maraqlı şərhlər təqdim olunacaq".
Qeyd edək ki, şahmat üzrə dünya kuboku (Chess World Cup 2015) 1.6 milyon dollar mükafat fonduna malikdir.

Bu xəbər oxundu
- - -