Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Əhali qruplarının hüquqlarının müdafiəsi

10.11.15, 13:16
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

VI yazı

Azərbaycan Respublukasının insan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında 2013-cü il üzrə illik məruzəsində bildirilir ki, Müvəkkil həssas məktəb mühitinin, təkmilləşdirilmiş təhsil infrastrukturunun yaradılması, məktəbə gedən qızların sayının və davamiyyətinin artırılması, gənc analara dəstək mexanizminin təşkili, qeyri-formal təhsil imkanlarının genişləndirilməsi və texniki peşə yönümlü təhsilə qızların daha çox cəlb olunması, qızların orta və ali təhsilinin davam etdirilməsi sahəsində geniş tədbirlər və maarifləndirmə proqramı həyata keçirib, yeniyetmələrin cinsi və reproduktiv sağlamlıq barədə biliklərinin artırılması istiqamətində müvafiq məlumatlar yayılıb: “Gender bərabərliyi məsələlərinin prioritetləri müəyyənləşdirilib, müraciətlərdə göstərilən hüquq pozuntularının və ayrı-seçkilik hallarının aradan qaldırılması üçün müvafiq orqanlara müraciətlər ünvanlanıb. Müvəkkilin təşəbbüsü ilə Bakı Dövlət Universitetinin hüquq və digər fakültələrində “Genderə giriş” fənninin tədrisi davam etdirilərək, “Gender və bərabər imkanlara təminat”, “Gender bərabərliyi üzrə beynəlxalq və milli qanunvericilik”, “Genderin iqtisadi, sosial və mədəni aspektləri” və s. mövzularda mühazirələr oxunub. Bununla bərabər, Dövlət İdarəçilik Akademiyasında, Ədliyyə Akademiyasında, Əmək və Sosial Münasibətlər Akademiyasında gender siyasəti üzrə məsul şəxslər və həmkarlar təşkilatlarının fəallarına insan hüquqları və gender problemlərinin müasir aspektləri üzrə məruzələr oxunub.
Gender bərabərliyi mexanizminin inkişaf etdirilməsi istiqamətində mövcud qanunvericilik təhlil edilmiş və boşluqların müəyyən edilməsi üçün gender ekspertizası aparılıb. Gender zəminində zorakılıq və belə halların qarşısının alınması istiqamətində səmərəli əlaqələndirmə məqsədilə Milli Fəaliyyət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər daha da gücləndirilib.
Ötən dövrdə şikayət ərizələri ilə yanaşı, uşaqların hüquqları pozulduqda təxirə salınmadan Müvəkkilə müraciət edilməsi məqsədilə təsisatda 24 saat ərzində xidmət göstərən 916 nömrəli qaynar xəttə daxil olan müraciətlərlə, o cümlədən təhsil hüququnun pozulması, müalicənin təşkili, yaşayış yeri ilə təmin olunma, ünvanlı sosial yardımın təyini, məişət zorakılığı və digər məsələlərlə bağlı tədbirlər görülüb, zəruri hallarda araşdırmalar aparılıb, tədbirlər görülüb, hüquqi məsləhətlər verilib.
UNİCEF-lə imzalanan İllik İş Planına əsasən, ölkənin 8 regionunda (Sabunçu, Suraxanı, Mingəçevir, Gəncə, Sumqayıt, Masallı, Cəlilabad, İmişli, Quba və Şəki) yerləşən Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzlərində uşaq hüquqları və sağlam həyat tərzi mövzusunda interaktiv formada təlimlər keçirilib: “Bununla yanaşı, həmin müəssisələrin iş planları, fəaliyyəti, kadr, maliyyə, KİV və QHT-lərlə əlaqələrini qiymətləndirmək məqsədilə mərkəz rəhbərləri ilə sorğu keçirilib, mərkəzlərin sənədləri, binaları, uşaqların əl işləri nəzərdən keçirilib. Eyni zamanda layihə çərçivəsində respublikada mövcud olan bütün uşaq və körpələr evlərində baxış və müsahibələr keçirilib. Sorğuların keçirilməsində əsas məqsəd adıçəkilən müəssisələrin mövcud durumunu və onların ehtiyaclarını qiymətləndirməkdən ibarət olub. Layihə çərçivəsində görülən işlər təhlil edilib və mövcud vəziyyətin təkmilləşdirilməsi ilə bağlı müvafiq qurumlara təkliflər göndərilib.
Ötən dövrdə təsisat tərəfindən UNİCEF-in dəstəyi ilə respublikamızın ayrı-ayrı regionlarında - Xaçmaz, Siyəzən, Astara, Yardımlı, Gəncə, Gədəbəy, habelə Bakı şəhərinin Qaradağ və Səbail rayonlarında uşaqlarla işləyən şəxslərin zorakılıq hallarının tədqiqi üzrə məlumatlılıq səviyyəsinin öyrənilməsinə dair aparılan araşdırma ekspert tərəfindən təhlil olunaraq ümumiləşdirilib. Araşdırmanın məqsədi təhsil, səhiyyə, sosial xidmət, hüquq-mühafizə və yerli icra hakimiyyəti orqanlarında çalışan mütəxəssislərin, uşaqlara qarşı zorakılıq və sui-istifadə hallarının ünvanlandırılmasına cavabdeh şəxslərin məlumatlılıq səviyyəsinin, habelə mövcud təcrübənin öyrənilməsindən ibarət olub. Müvəkkil tərəfindən Lanzarote Komitəsinin hazırladığı “Ümumi icmal” sorğusu cavablandırılıb və Avropa Şurasına göndərilib.
İşgəncələrə qarşı Milli Preventiv Qrupun üzvləri müntəzəm olaraq uşaqların saxlanıldığı dövlət müəssisələrinə (uşaq evləri, internatlar, polis şöbələri, qanunla münaqişədə olan uşaqların saxlandığı müəssisələr) planlı monitorinqlər, başçəkmələr həyata keçirib, müvafiq tədbirlər görülüb və onların hüquqlarının pozulmasında günahkar olan şəxslər cəzalandırılıb.
Müvəkkil tərəfindən BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyasının icrasına dair ilk paralel hesabat hazırlanaraq BMT-nin müvafiq saziş qurumuna göndərilib, hesabatda sağlamlıq imkanları məhdud uşaqlarla bağlı işlər və onların problemlərinin aradan qaldırılması istiqamətində təkliflər yer alıb: “Ölkə Prezidentinin “Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında” 2013-cü il 9 yanvar tarixli Sərəncamına əsasən, yetkinlik yaşına çatmayanlara göstərilən sosial reabilitasiya xidmətinin təkmilləşdirilməsi məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müvafiq vəsait ayrılıb”.
Azərbaycan Prezidentinin 2011-cı il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı»nın (MFP) 4.4-cü bəndinə ümumtəhsil məktəblərində uşaq hüquqlarının pilləli tədrisinin inkişaf etdirilməsi daxil edilib: “MFP-nın icrası və tətbiqi vəziyyətinin öyrənilməsi məqsədilə həmin il ölkənin hər bir şəhər və rayonunda ictimai dinləmələr keçirilib, bu zaman insan hüquqları ilə yanaşı, uşaq hüquqlarının təmini vəziyyətinə diqqətlə yanaşılıb, müzakirələr aparılıb, tövsiyələr hazırlanaraq səlahiyyətli orqanlara təqdim edilib. Müvəkkil və əməkdaşları uşaq hüquqları sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və təsisatın təcrübəsini bölüşmək məqsədilə ötən dövrdə də beynəlxalq tədbirlərdə iştirak ediblər.
Təsisatın əməkdaşları cari ildə UNİCEF-in Şərqi, Mərkəzi Avropa və MDB ölkələri üzrə Regional Ofisi və Avropa Komissiyasının dəstəyi ilə Belçikanın Brüssel şəhərində keçirilən yuvenal ədliyyəyə dair konfransda, habelə İtaliyanın Milan şəhərində “İnklüziv Avropa quraq – uşaqların iştirakının töhfəsi” mövzusunda keçirilən Eurochild təşkilatının illik konfransında iştirak edib, bu sahədə olan fəaliyyət, habelə uğurlar və çətinliklər barədə məlumat veriblər.
BMT-nin İnsan Hüquqları Şurası Universal Dövrü İcmal üzrə İşçi Qrupunun Azərbaycan üzrə 2013-cü ildə verdiyi hesabatında uşaq hüquqlarına dair bir sıra təkliflər öz əksini tapıb, o cümlədən BMT-nin Uşaq Hüquqları Konvensiyasının şikayətlərin verilməsi mexanizmi ilə bağlı Fakültativ Protokolunun imzalanması və ratifikasiya edilməsi tövsiyə edilib. Müvəkkil adıçəkilən sənədin imzalanması və ratifikasiya edilməsi ilə bağlı müvafiq quruma müraciət edib.
Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə gəlincə, bildirilir ki, bu qəbildən olan insanların problemlərinin mümkün qədər həll edilməsi məqsədi ilə Müvəkkil tərəfindən cari ildə əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə yönəlmiş müxtəlif tədbirlər təşkil edilib, aidiyyəti dövlət qurumları qarşısında bir sıra əhəmiyyətli təkliflər irəli sürülərək nəticəsi nəzarətdə saxlanılıb və bir çox hallarda həmin təkliflərdə əks olunmuş məsələlər müsbət həll olunub: “Müvəkkil Nazirlər Kabinetinə müraciət edərək, ölkəmizin BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasına qoşulmaqla bu qəbildən olan insanlar üçün cəmiyyətin həyatında bərabər imkanların yaradılması məqsədilə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə dair bir sıra təklifələri diqqətə çatdırıb və mövcud problemlərin həlli məqsədilə zəruri tədbirlər görülüb”.
İnsan hüquqları sahəsində maarifləndirməyə gəlincə, insan hüquqlarının müdafiəsi, o cümlədən bu sahədə maarifləndirmə istiqamətində yeni mərhələ olan Milli Fəaliyyət Proqramında nəzərdə tutlmuş tədbirlərin icrası, təbliği və tətbiqinin müzakirəsi ilə bağlı Müvəkkil tərəfindən respublikamızın hər bir rayonunda ictimai dinləmələr davam etdirilib: “18 iyun - Milli İnsan Hüquqları Günü”, “10 dekabr - Ümumdünya İnsan Hüquqları Günü”, “21 sentyabr - Beynəlxalq Sülh Günü”, 20 noyabr - Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsi tarixləri ərəfəsində dövlət qurumlarını, rayon və şəhər icra hakimiyyətlərini, vətəndaş cəmiyyəti təsisatlarını, icmaları cəlb etməklə Müvəkkilin təşəbbüsü ilə elan olunan aylıqlar çərçivəsində tədbirlər həyata keçirilmiş, müvafiq dövlət qurumlarında, təhsil ocaqlarında insan hüquqlarına dair seminar və treninqlər təşkil olunub. Bakı Dövlət Universitetində “İnsan hüquqları”, habelə “Genderə giriş” fənləri, insan hüquqlarının bir fənn kimi bakalavr və magistr pilləsində proqram əsasında tədrisi davam etdirilib. Hüquq klinikalarının fəaliyyətinin gücləndirilməsi məqsədilə təsisatda müxtəlif səpkili tədbirlər keçirilib.
Müvəkkilin təşəbbüsü ilə yaradılmış Uşaq Hüquqları Klinikası öz fəaliyyətini daha da təkmilləşdirilib, klinikaya daxil olmuş müraciətlər əsasında uşaqların qanuni mənafeyinin müdafiəsi, məhkəmələrdə təmsilçilik, uşaq hüquqları sahəsində yerlərdə hüquqi maarifləndirmə işi təşkil olunub. Təsisatda yaradılmış «İnsan hüquqları sahəsində xüsusi qısamüddətli təhsil şəbəkəsi»ndə Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Bakı Slavyan Universitetinin, Azərbaycan Dillər Universitetinin tələbələri ardıcıl şəkildə cəlb olunmaqla istehsalat təcrübəsi keçiblər. Ali təhsil müəssisələrində, hərbi tədris ocaqlarında, müvafiq akademiyalarda tələbə və müdavimlərə, ixtisaslaşmaya cəlb olunmuş şəxslərə, hakimlərə, vəkillərə, müxtəlif dövlət qurumlarının məmurlarına ünvanlanan ardıcıl seminarlar təşkil olunub ki, bu da insan hüquqları mədəniyyətinin təbliğinə xidmət edib.


Uğur

Bu xəbər oxundu
- - -