Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Dağ başında qara bax…

25.12.15, 12:29
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Bayatı Azərbaycan poeziyasının həmişəcavan babası, dördcə misrada yeri gələndə dörd qitənin dərdini çəkməyi bacaran poeziya “pəhləvanı”. “Bayatıların hər biri bir taleyin uğursuzluğu, bir ömrün eniş-yoxuşu, elin-obanın dərdi-səri ilə bağlıdır. Onların hər biri bir hadisədə yaranıb ağızdan-ağıza keçir, illərin məhək daşına toxunub büllurlaşır, cilalanır, gəlib çağımıza çatır… Ona görə də bu gün biz onlardakı kamilliyə, bütövlüyə, gözəllik və dərinliyə heyran qalmaya bilmirik” (B.Vahabzadə).
Bayatılar folklorun ən geniş yayılmış növüdür. Bayatı demək insan övladının yüksək poetik hünəri olmaqla, insanın öz-özünə mənəvi hesabatıdır.

Əzizim dedi dərdim,
Yar gəldi, dedi dərdim.
Gəl düş mən düşən dərdə,
Onda bil nədi dərdim.

Əzizim gədə dərdi,
Gül əkdim gədə dərdi.
Aləmi dərd öldürdü,
Məni də gədə dərdi.

Ümumxalq mədəniyyətimizin üzvi bir hissəsi olan şifahi xalq ədəbiyyatımızın, onun zəngin bir xəzinəsi olan bayatılarımızın nadir incilərini toplamaq hələ çox-çox illər öncə bir sıra gözüaçıq, qabaqcıl ziyalılarımızın nəzərini cəlb edib və söz yox ki, onlar öz vaxtında müəyyən işlər görüblər. Sovet dövrünün 1926, 1938, 1943, 1960 və 1977-ci illərində bir neçə bayatı kitabı nəşr edilib.
Əsrlər boyu nənələrimizin, analarımızın yaddaşında sığallana-sığallana bu günümüzə gəlib çatan gözəl poeziya incilərini bir yerə cəmləşdirmək, yəni işıq üzü görmüş kitabları, ayrı-ayrı illərdə folklor ekspedisiyası zamanı toplanmış nümunələri, habelə bu gün yaranan bayatıları saf-çürük edib bir yerə cəmləşdirmək gərgin əmək və böyük məhəbbət tələb edir.
Bayatılarımız bizim tariximiz, etnoqrafiyamız, milli keyfiyyətlərimiz, həyatımızın canlı poetik salnaməsidir. Həyat fəlsəfəsi, müdriklik, məhəbbət motivləri ilə səsləşən dörd misranın oynaq, həm də həzin formada kitablara sığacaq dərin məna və hikməti var. Bayatılar çox vaxt onların yarandıqları yer haqqında da məlumat verir ki, bu da ayrı-ayrı coğrafi obyektlərlə bağlı olan toponimlərə işarə olduğu üçün, həm də bayatının hansı ərazidə yarandığını bilmək üçün maraqlıdır.

Dağ başında qara bax,
Üstün alan sara bax,
Aləm cənnətə dönsə,
Mənə xoşdur Qarabağ.

Ağdamın yollarında,
Bənd oldum kollarında,
Bir bazubənd olaydım,
Yarımın qollarında.

Məlumdur ki, eyni etnik qrupa daxil olan türkdilli xalqların adət və ənənələrində, dünyagörüşlərində, mədəniyyət və etikasında bir yaxınlıq var. Türk xalqlarının bir çoxunun folklorunda təsadüf edilən bayatı janrına İraqın şimalında məskən salmış, dili türk-azəri dilinin, demək olar ki, eyni olan kərküklülərin ağız ədəbiyyatında xüsusilə çox təsadüf edilir. Yaxın mənəviyyatlı, ayrı ərazili, taleləri XX əsrin əvvəllərinə qədər bir olan Azərbaycan, türk, kərkük xalqlarının bayatılarında oxşar, hətta əkiz nümunələr çoxdur.

Apardı tatar məni,
Qul edib satar məni,
Yarım vəfalı olsa,
Axtarar tapar məni

– bayatısı heç bir qrammatik fərq olmadan kərkük-Azərbaycan-türk folklorunda mövcuddur. Hər misrasının öz yükü olan bu dörd sətirlik şeir ötən tariximizi yadımıza salır. İstər-istəməz düşünürsən ki, vaxtilə monqol-tatar zülmünün gətirdiyi kədəri kərküklülər də eynilə yaşamış və bu hadisə ilə əlaqədar yuxarıdakı bayatını bu günə qədər öz folklorunda qoruyub saxlaya biliblər.
Kərküklərdə bayatı janrı xoyrat adlanır. Kərkük xoyratlarının əksəriyyəti Azərbaycan folklorundakı kəsik bayatıları xatırladır. Belə xoyrat-bayatıların birinci misrası yeddi hecalı deyil, üç-dörd hecalı olur. Kəsik bayatılar (xoyratlar) Azərbaycan ərazisində də təşəkkül tapdığından onun çoxlu nümunəsi də mövcuddur:

Gəncə daşı,
Kür daşı, Gəncə daşı.
Qonşun bəd övlat olsa,
Yığ evin gencə daşı.

Məlumdur ki, indiyə qədər bayatı toplayan folklorşünas alimlər çox vaxt bayatıların əvvəlində Aşiq, Əzizi kimi müəlliflərin adlarını axtarmağa cəhd ediblər. Müəllifli bayatılar, şübhəsiz ki, “Mən aşiq”, “Aşiqəm”, “Əziziyəm” sözləri ilə başlayır. Ancaq çox vaxt bayatı toplayanlar bunun fərqinə varmadan, xüsusən “Əziziyəm”lə başlayan bayatılarda təhriflərə yol verərək, bunu “Əzzim”, “Əzzinəm” şəklində yazırlar.

Əzzim üzüm ağacı,
Üzüm düzüm ağacı.
Bağa baltalı girdi,
Kəsdi bizim ağacı.

Əzzinəm, daşdı canı,
Kəkliyin daşdı canı.
Dərdimi pünhan çəkdim,
Dedilər, daşdı canı.

Göründüyü kimi, “əzzim, əzzinəm” sözləri birinci növbədə bayatıdakı 7 hecalı şeir formasını saxlamaq üçün olsa da onun heç bir poetik yükü yoxdur. Professor V.Vəliyevin yazdığı kimi, “Azərbaycan bayatılarının hamısında müəllif adı axtarmaq meyli, mübahisəsi düzgün deyil. Müəllifi güman olunanlardan başqa, yüzlərlə bayatımız vardır ki, birinci misrası adi şeir misrası kimidir: həm də birinci misrası qafiyədən ibarət olan bayatılarımız da mövcuddur.

Dərdə məni
Kim saldı dərdə məni?
Loğman sağalda bilməz,
Mayasın dər əməni.

Kamil və müdrik nümunələr olan bayatılarımız bizə vəfadan, sədaqətdən tutmuş, hörmət-ehtirama, xeyir-duaya, mərdliyə, vətən sevgisinə qədər hər şeyi pıçıldayır.

Maarifə Hacıyeva
professor

Bu xəbər oxundu
- - -