Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycanın multikulturalizm modeli bir növ katalizator rolunu oynayır”

22.01.16, 11:52
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan multikulturalizmi bir model kimi multikulturalizm ənənələrindən uzaqlaşmaq istəyən bir çox ölkələr üçün örnəkdir.
Bunu Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Bakı Multikulturalizm Mərkəzində 2016-cı ilin dövlət başçısı tərəfindən “Multikulturalizm ili” elan olunması ilə bağlı məlum sərəncamına həsr olunmuş mətbuat konfransında dilə gətirib.
Dövlət müşavirinin sözlərinə görə, Azərbaycanın multikulturalizm modeli işləkdir:
“Bu model dostlarımızı sevindirir, bədxahlarımızı qıcıqlandırır”.
O, deyib ki, Azərbaycan multikulturalizmi dünya üçün nümunədir:
“Ölkənin multikulturalizminə olan maraq Azərbaycanın dünyada tarixi, örnək dəyərlərə malik olan ölkə kimi tanıdılmasının nəticəsidir”.
K.Abdullayev bu gün Azərbaycanda bütün din nümayəndələrinin sərbəst olduğunu, multikulturalizm ənənələrinin Azərbaycan Prezidentinin söylədiyi kimi, həmişə yaşayacağını da söyləyib:
“Bu gün Azərbaycanda hansısa bir yəhudinin yanından keçən azərbaycanlı ona nifrət və ya təəccüblü şəkildə baxmır. Azərbaycanın belə bir təcrübəsi isə Avropada maraqla qarşılanır.
Azərbaycanın multikulturalizm modeli bir növ katalizator rolunu oynayır. Avropanın bir çox qabaqcıl ölkələri multikulturalizm ənənələrindən əl çəkib.
Hətta, Böyük Britaniyanın baş naziri Devid Kemeron bəyan etdi ki, artıq Avropada multikulturalizm yoxdur, multikulturalizm iflasa uğrayıb.
Amma Azərbaycan Prezidenti İlham Əliyev hər yerdə qətiyyətlə bəyan edir ki, Azərbaycanda multikulturalizm yaşayır və yaşayacaq”.
Dövlət müşaviri mətbuat konfransında həmçinin deyib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ölkə daxili ilə yanaşı, xaricdə də fəaliyyətə başlayacaq.
K.Abdullayevin bildirdiyinə görə, artıq Almaniyanın Drezden şəhərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin filialı fəaliyyətə başlayıb:
“Biz bu siyasəti davam etdirəcəyik. Bu il çərçivəsində Azərbaycanın rayonlarında, həmçinin, Rusiyada, Portuqaliyada, Gürcüstanda, Qazaxıstanda və başqa ölkələrdə Mərkəzin filalları yaradılacaq”.
K.Abdullayev sonra qeyd edib ki, dünya universitetlərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi də davam edəcək:
“Artıq dünyanın 20-yə yaxın universitetnidə, yəni, üzü Portuqaliyadan tutmuş İndoneziyaya kimi “Azərbaycan multikulturalizmi” fənni tədris olunur.
Biz istəyirik ki, bu istqamətdə işlərimizi daha da sürətləndirək. Həmçinin, Azərbaycanın öz universitetlərində bu fənnin tədrisinin artmasına nail olaq”.
Dövlət müşaviri onu da bildirib ki, Mərkəz tərəfindən “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasından 3 kitabın nəşri nəzərdə tutulur:
“Bunlardan birincisi “Azərbaycan multikulturalizminin ədəbi və bədii qaynaqları”, ikincisi “Azərbaycan multikulturalizminin elmi və fəlsəfi qaynaqları”, üçüncüsü isə “Azərbaycan multikulturalizminin siyasi və publisitik qaynaqları” adlanır. Artıq birinci nəşr hazırlıq ərəfəsindədir”.

Bu xəbər oxundu
- - -