Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Seyid Əzim Şirvani haqqında bilmədiklərimiz

27.01.16, 10:47
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

I yazı

Ötən əsrin 80-ci illərindən – aspiranturada təhsil aldığım illərdən üzü bəri qədim poeziya, muğam, aşıq, dini, pedaqoji mühit kimi bütün Şərq dünyasında ad çıxarmış, məşhur olmuş Şamaxı-Şirvan bölgəsi ilə bağlı ciddi araşdırmalar aparıram. Apardığım araşdırmalar 50 kitab, onlarla məqalə, tezis və oçerklərdə işıq üzü görüb. Maraqlıdır ki, bu kitabların 30-dan çoxu sırf Şamaxının tarixi, şair, aşıq, xanəndə, alim, pedaqoq, bir sözlə, yetirmələrinin ömür yoluna, yaradıcılıqlarına həsr olunub. “Şamaxı alimləri, elm fədailəri”, “Aşıq Mirzə Bilal”, “Şirvan xanəndələri”, “Mirzə Məhəmməd Həsən Nalə”, “Şirvanlı Aşıq Şakir”, “Mən Abbasam, Cəyirlidi məkanım”, “Şamaxı”, “Aşıq Soltan ocağı”, “Şamaxı məktəbləri”, “Cəfərzadələr ocağı – Əhməd Cəfərzadə”, “Böyük pedaqoq – Mahmudbəyov”, “Ünsüzadə qardaşları”, “Şirvanın 350 şairi”, “Şirvan folklor antologiyası”... və s.
Neçə illərdir ki, böyük qəzəl ustadı, M.Füzuli ədəbi məktəbinin qüdrətli davamçısı S.Ə.Şirvaninin doğmaları barədə ciddi tədqiqat aparıram. Düzdür, respublikamızın görkəmli alimləri – F.Köçərli, F.Qasımzadə, Ə.Şərif, Ə.Seyidzadə, K.Məmmədov, K.Mirbağırov, Ə.Cəfərzadə, X.Məmmədov, H.Səmədzadə, A.Bayramoğlu, Z.Əsgərli və b. S.Ə.Şirvaninin həyat və yaradıcılığı haqqında geniş və dəyərli tədqiqatlar aparıblar. Amma onlar öz tədqiqatlarında S.Ə.Şirvaninin ata-anası, ömür-gün yoldaşı, oğul və qızlarının sadəcə adlarını çəkib, onlardan, eləcə də doğmalarından o qədər də geniş bəhs etməyiblər. Mən isə uzun illərdir ki, S.Ə.Şirvaninin doğmaları – oğul, qız, nəvə, nəticə, kötücə, yadıca və tullancıların izinə düşüb bu nəsli öyrənmək, onlarla bağlı sənəd, şəkil, xatirə, məlumatlar əldə etməklə məşğulam. Bu çətin işi həyata keçirməkdən ötrü yüzlərlə ixtiyar yaşlı şamaxılılar, Bakıda, eləcə də bir çox regionlarda – Ağsu, Göyçay, İsmayıllı, Gəncə, Hacıqabul, Lənkəran, Sabirabad, Qobustan, Qubada yaşayan ixtiyar yaşlı həmyerlilərimiz və S.Ə.Şirvaninin doğmaları ilə yanaşı Orta Asiyada və İranda olan qohumları ilə dəfələrlə görüşüb, şəkil, xatirə əldə etmişəm... Vaxtilə xalq artisti A.Gəraybəyli, prof. F.Qasımzadə, prof. X.Məmmədov, dos. M.Mustafayev, dos. M.Həyatzadə, dos. M.Tahirli, prof. Ə.Cəfərzadə, eləcə də Buzovna qəsəbəsinin bir çox qocaman sakinləri, eləcə də şairin qohumları – M.Seyidzadə, Mir Mustafa, S.Seyidzadə, Əhmədağa Məhəmməd oğlu, Aslan müəllim, Şahin Kamil oğlu, Əminə xanım, Fəridə Hüseynova və başqaları ilə geniş söhbətlər etmiş, məlumatlar toplamışıq. Bu xeyirxah işin həyata keçirilməsi, əldə edilməsində, müəmmalı məlumatlara aydınlıq gətirlməsində S.Ə.Şirvaninin qız nəticəsi, şair, fars dili mütəxəssisi Arif Səfanın böyük yardımı olub.
Şair baba nəsli barədə belə deyir: “Bu nəslin Şamaxıda böyük hörmət və nüfuzu olub. Qədim Şamaxının 30 məhəlləsindən ən qədimlərindən biri “İmamlı məhəlləsi” adlandırılır. Həmin məhəllədə XIII əsrdə tikilmiş qədim məscid 1918-ci ildə erməni cəlladları tərəfindən əhali və məscidin Axundu Cəfərqulu ilə birlikdə yandırılıb. Bütün bu məlumatları sonralar mənə nənə, xalamgil danışıblar. Son vaxtlarda apardığım hesablamalar nəticəsində müəyyən etmişəm ki, babam – S.Ə.Şirvaninin bu günə kimi 300 nəfərə qədər nəvə-nəticəsi olub. Daha dəqiq desək, mən Bakıya dönəndən sonra – 60 il ərzində doğmalarımızı (bildiklərimi) adbaad siyahı edə bilmişəm. Adlı siyahı üç yüz nəfərdən ibarətdir... Onu da deyim ki, bu işlə təkcə mən məşğul olmuşam... Babam Seyid Əzim şairlik udumunu mənə verib. Bu nəsildə babamdan sonra tək şair mən olmuşam...”
Yuxarıda qeyd etdiyimiz kimi, ermənilər əhalini diri-diri yandırıblar. Faciədən sonra yandırılan insanların külü, sür-sümükləri bir yerə toplanıb, dəfn edilib. Azərbaycan Xalq Cümhuriyyəti zamanında həmin məzarın üstünə sinə daşı xatirə qoyulub və sinə daşının üstünə də AXC-nin gerbi həkk edilib. Faciəyə şahid olan sinə daşı bu gün də yaşayır...
Arif Səfanın dediyinə görə, ulu babaları Seyid Məhəmməd təxminən, 1810-cu ildə Şamaxı şəhərində doğulub. Seyid Məhəmməd Şamaxının “İmamlı” məhəlləsindən olan Məşədi Soltanın qızı – Gülsüm xanımla ailə qurub. Onların bir oğlu və bir qızları olub. Qızları – Seyid Əminə 5-6 yaşında ölüb. Seyid Məhəmməd vəfat edəndə oğlu Əzimin 7, özünün isə 40 yaşı olardı. Seyid Əzimin ana babası Molla Hüseyn Molla Mürsəl oğlunun Şamaxı-Dağıstan ərazilərində xüsusi hörməti olub. Mənbələrdə yazıldığı kimi, Seyid Məhəmməd rəhmətə gedəndən sonra nəvəsi Əzimin təlim-tərbiyəsi ilə ana babası Molla Hüseyn məşğul olub. Arif Səfanın dediyinə görə, ulu babası Seyid Məhəmməd də atasının yanında – “Şah Xəndan” qəbristanında dəfn olunub.
Seyid Əzim Şirvani Seyid Məhəmməd oğlu Mir Cəfərzadə Şirvani 1835-ci il iyul ayının 10-da Şamaxı şəhərində Qalabazar məhəlləsində, ruhani ailəsində anadan olub. Seyid Cəfər oğlu Seyid Məhəmmədi İmamlı məhəlləsindən olan dostu Molla Soltanın qızı Səkinə xanımla evləndirir. 1835-ci ildə onların bir oğul övladları dünyaya gəlir. Seyid Məhəmməd nəvəsinə öz babası Əzimin adını verir. Bu barədə şairin nəticəsi Arif Səfa belə deyir: “Biz Təbrizdə yaşayanda məktəbdə müəllimlərim biləndə ki, mən Seyid Əzim Şirvaninin nəticəsiyəm, mənə qayğı göstərirdilər. O zaman anam tez-tez mənə deyərdi ki, başımızı ucaldasan. Bir də anam həmişə deyərdi ki, bizdə iki Əzim olub. Babam Seyid Cəfərin də atasının adı Əzim olub. Seyid Məhəmməd öz oğluna babası Seyid Əzimin adını qoyub. Düzdür, S.Ə.Şirvanidən bəhs edən müəlliflər bu faktı qeyd etməyiblər. Bunu bir xalam, bir də anam bilirdi. Mən onlardan eşitmişəm. Mənim iki Əzim adlı babam olub. Amma onu deyə bilmərəm ki, ulu babam Əzim də şair olub, ya yox”....
Balaca Əzimin 7 yaşı olanda – 1842-ci ildə Seyid Məhəmməd Seyid Cəfər oğlu vəfat edir. Deyilənlərə görə, Şahxəndan qəbiristanlığında – atasının qəbrinin yanında dəfn olunur. Daha sonralar şair həmin illəri belə nəzmə çəkib:

Vəzi-həml etdi çün məni madər,
Pədərim dari-xüldə etdi səfər.
Adımı qoydular çü Seyid Əzim,
Düşdü bəhri-qəmə bu düri-yetim.

Haşiyə. Mən institutu bitirəndən sonra Şamaxı və keçmiş şamaxılılarla bağlı xeyli məlumat və bilgilər əldə etmiş, öyrənmiş və xatirələr toplamışam. Bunun bir səbəbi də onda idi ki, 1972-83-ci illərdə maraqlandığımız məlumatlar yazılı mənbələrdə o qədər də yox idi.
Xalq yazıçısı, professor, ustadım Əzizə Cəfərzadə mənə belə məsləhət vermişdi: “Yazdıqlarımın çoxu yaşlı şamaxılılardan, yaddaşlarından əldə etdiklərimdir”. Doğrudan da, o illərdə adlı-sanlı şamaxılıların çoxsunun nəvə-nəticələri sağ idi və Göyçay, Sabirabad, Ağsuda, Bakıda yaşayırdılar. Eləcə də S.M.Qənizadə, C.Cəbrayılbəyli, M.Mahmudbəyov, Ə.Əlizadə, M.Ə.Sabir, M.Hadi, A.Gəraybəyli, S.Ə. Şirvani, Azad bəy, M.Şirəliyev, M.Əliyev, N.Nəcəfov, M.Qəniyev və başqalarının doğmaları...
Maraqlısı bir də onda idi ki, professor Əzizə xanım o illərdə onların çoxusu ilə əlaqə saxlayır və ünsiyyətdə olurdu... Bir dəfə mən Bakıya – Əzizə xanımgilə getməli oldum. Daha doğrusu, “Aləmdə səsim var mənim” romanı ilə bağlı çap etdirdiyim yazımı ona təqdim etdim. Xeyli söhbət etdik, məsləhətlər aldım. Onun bir təklifi ürəyimdən oldu: “Sabah bizə gəl, gedib S.Ə.Şirvaninin nəvəsinə baş çəkərik, xatirələr əldə edərik”.
Səhəri gün günorta – saat 2 ərəfəsində S.Ə.Şirvaninin nəvəsi Mir Məhəmməd Şirvanigildə olduq. Ailə bizi yaxşı qarşıladı. Daha doğrusu, Əzizə xanıma hörmət və ehtiram aydınca hiss olunurdu. Məhəmməd Şirvani qoca olsa da, görünüşü, danışığı elə də qoca hiss olunmurdu. Əzizə xanım bizi tanış etdi. O, Türkmənistandan Bakıya dönəndən sonra M.Ə.Sabir və babasının məzarlarını yad etmək üçün Şamaxıya getməsi (onun babaları haqqında məlumatı daha çox idi...), keçmiş Şamaxıdan, dostlarından bəhs etdi. Bibilərinin və onların uşaqlarından, qürbətdə qalmalarından danışdı, kövrəldi də. Çox əfsuslar ki, həmin deyilənləri yazıb saxlaya bilmədim. Deyilənlərdən yadımda o qaldı ki, Əzizə xanımın “Atasının, babalarının, nənələrinin qəbirlərini tanıyırmı, ziyarət edirmi?” - sualına kövrələ-kövrələ verdiyi belə cavab oldu:
– Əzizə xanım, bayaq dediyim kimi, Şamaxıya yolum düşən zaman (qardaşımın işinin tələbini bilirsən) Ağanın, eləcə də baba və nənələrimin məzarını həmişə ziyarət edirəm, qardaşımla (məzarlarını tanıyıram.) Allah qoysa, bu il yayda Şamaxıya gedəcəm. Ağanın məzarı məlumdur. O biri babalarımın məzarlarını sənə göstərəcəm. Babam Cəfərin məzarı elə Ağanın yanındadır. O biri baba və nənələrimin qəbirləri bir qədər yuxarıdadır. Onlar artıq batmaq üzrədir. Bu məzarları bizə - övladlarına atam 30-cu illərdə Şamaxıya ziyarətə gedərkən göstərib. Atamın məzarı isə burda, Buzovnanın qədim qəbiristanlığındadır. Bura yaxın olduğu üçün atamın məzarını vaxtaşırı ziyarətə gedirik. Çox sağ olsun buzovnalılar. S.Ə.Şirvani ilə bağlı çox tədbirlər keçirirlər. O zaman bizi – nəvə-nəticələrindən, şair və xanəndələrdən də dəvət edirlər. Elə sizin özünüzü də...
Atam Buzovnada, anam isə Mərdəkan qəbiristanlığında dəfn olunub. Mən balalarıma vəsiyyət etmişəm ki, öləndə məni babalarımın yanında – Şamaxıda dəfn etsinlər. Ona görə ki, baba ocağımız Şamaxıdır. Hətta onu da vəsiyyət etmişəm ki, atam Mir Səfər Ağanın da cəsədini Buzovnadan götürüb atasının yanına – Şamaxıya aparsınlar. Ürəyimdən keçənlər başqa cürdür. Belə ki, o gün olsun, Seyidin qızlarının Asqabadda olan cəsədləri atalarının yanında cəmlənəydilər...”. Bu sözlərdən sonra nurani kişi, doğrudan da, hönkür-hönkür ağladı... Biz də kövrəldik – özü də möhkəmcə...
Haşiyə: Mən bilmirəm ki, həmin yayda Məhəmməd qardaşı Mir Mustafa və Əzizə xanımla Şamaxıya ziyarətə gəldilər, ya yox. Amma onu bilirəm ki, doğmaları Məhəmmədin vəsiyyətinə əməl olundu, Şamaxıda, “Şahxəndan” qəbristanlığına – S.Ə.Şirvaninin yanında dəfn etdilər...
Əhmədağa Məhəmməd oğlunun yaddaşından: Atam xəstə yatırdı. Bir gün məni yanına çağırdı.
Və kövrək səslə dedi:
- Əhmədağa, bala, sənə vəsiyyət edirəm, yaxşı dinlə. Biz Seyid Əzimin nəvə-nəticələri uzun illər yurdumuzdan ayrı düşmüşük. Neçə illərdi ki, doğma torpağa qovuşmuşuq. Sizinlə dəfələrlə Şamaxını ziyarətə getmişik. Bunları bilirsən. Ürəyimə damıb. Ömrümün sonu yaxınlaşıb. İstəyirəm ki, məni baba yurdumda – Şamaxıda dəfn edəsiniz... Atamın gözləri doldu, mən də ağladım...
Atam rəhmətə gedən zaman vacib iş üçün Türkmənistana getdim. Orada teleqram aldım: “Atan vəfat edib, tez gəl...” Dostlarımın köməyi və yardımı ilə ancaq dəfnə gəlib çatdım... Vəsiyyətinə əməl edib atamı Şamaxıya apardıq. Şamaxı rayonunun rəhbər işçilərinin köməyi ilə “Şahxəndan” qəbristanlığında, babamın məzarına yaxın yer verdilər, atamı orada dəfn etdik.
Seyid Məhəmməd vəfat edəndə qudası Molla Hüseyn Dağıstanın Yaqsay kəndində fəaliyyət göstərir, yaşayırdı. Odur ki, Molla Hüseyn, qızı Səkinə xanım və nəvəsi Əzimi öz yanına aparır: “Oğul övladı olmayan Molla Hüseyin bütün məhəbbətini balaca qız nəvəsinə salıb və onun təlim-tərbiyəsi ilə ciddi surətdə məşğul olub. Yaqsay kəndi şairdən xoş xatirələr saxlayıb. XIX əsrin 80-ci illərində babasının yurdunu ziyarət edən S.Ə.Şirvani onu növrağı pozulmuş, pərişan halda görüb dərindən kədərlənmişdi...


Seyfəddin Qəniyev
professor

Bu xəbər oxundu
- - -