Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Seyid Əzim Şirvani haqqında bilmədiklərimiz

28.01.16, 10:46
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

II yazı

Haşiyə: Mövlanə İsmayıl Siracəddin Əfəndi Şirvani təxminən, 1783-cü ildə Kürdəmirdə doğulub. O, Şamaxıda mədrəsədə təhsil alandan sonra 1800-cü ildə əvvəl Ərzincanda, sonra Toqat və Bağdadda da bir çox din alimlərindən mükəmməl təhsil alıb. Mövlanə Xalidin məqamında yerləşib, ona mürid olub və icazənamə alıb. Bir çox Dağıstanın təriqət nümayəndələri Mövlanə İsmayıldan və onun nəzəriyyəsindən bəhrələnib. Odur ki, 1825-ci ildən başlayaraq Qafqaz canişini Yermolov tərəfindən İsmayıl Şirvaninin müridləri təqib olunmağa başlandı. İsmayıl Şirvani əvvəl Axisxaya, oradan da Amasiyaya köçdü. Bu ildə onun üçüncü oğlu Mehmet Rüşdü dünyaya gəldi (Rüşdü sonralar Türkiyənin Maliyyə Naziri və Sədrəzəm olub – S.Q.). Siracəddin Əfəndi 1832-ci ildə Sivasa gəlir, orada da böyük hörmət sahibi olur. Amma o, 1841-ci ildə yenidən doğma Amasiyada yaşamağa başladı. 1848-ci ildə burada da vəfat etdi. Onu Amasiyanın yaxınlığında olan Şamlar qəbristanında dəfn etdilər. 1869-cu ildə oğlu Mehmet Rüşdü atasının qəbri üstündə türbə və məscid inşa etdirib.
İsmayıl Şirvaninin Dağıstanda bir çox ardıcılları fəaliyyət göstərib. Seyid Cəmaləddin Qumuqlu, İmam Qazi Məhəmməd, İmam Şamil və onun övladları, eləcə də Mövlanənin kamil tələbələri Xas Məhəmməd, Molla Məhəmməd irşad sahibləri olduqları üçün təqib olunurdular. S.Ə.Şirvaninin qudası Molla Hüseyn də o irşad sahibləri ilə eyni amallı idi. Bu irşad sahiblərindən ehtiyat edən dövlət məmurları bəzən o insanlara güzəşt edir, vəzifə də verirdilər. Eləcə də Molla Hüseyn də Yaqsay kəndinin hakimi vəzifəsini daşıyıb. Odur ki, o, həm sakinlər, həm də dövlət adamları arasında nüfuz sahibi olub...
Mənbələrin qeyd etdiyi kimi, “S.Əzim babasının yanında yaşadığı on il müddətində onun köməyi ilə ərəb-fars dillərini, hətta bir neçə Dağıstan ləhcələrini də öyrənə bilib. Anası Gülsüm xanım 1853-cü ildə, 18 yaşlı oğlu Əzimlə Şamaxı şəhərinə dönüb”. Elə həmin ildə Əzim Şamaxı mədrəsəsində oxuyub orta ruhani təhsilini başa vurur...
Səkinə xanım da çalışırdı ki, oğlunu tezliklə evləndirsin, Seyid Məhəmmədin ocağı boş qalmasın. Odur ki, öz məhəllələrindən, Seyid Məhəmməd ocağına böyük hörmət və etiqadları olan Məşədi Möhsün kişinin qızı Ceyran xanımı almağa qərar verir. Və beləliklə, 1854-cü ildə Seyid Əzim Şirvani Ceyran xanımla ailə qurur...
Ailə qurduqdan sonra Seyid Əzim ali ruhani təhsilini tamamlamaq üçün İraqa getməyi qərarlaşdırır. Şairin İraqa səfər etmə tarixi mənbələrdə müxtəlif cür göstərilib. O, Bağdadda, Nəcəf və Şam şəhərlərində ali ruhani təhsili alır, özünün təbirincə desək “oxudum nəhvü sərfi fiqhü”, təhsilini başa vurub dini və dünyəvi məsələlərə yiyələnən ziyalı kimi vətənə qayıdır”.
Şair bir müddət Şamaxıda qalandan sonra, ikinci dəfə təhsilini davam etdirmək, Şərqin müqəddəs məkanlarında olmaq üçün dostu “Hacı Ələbbas adlı tacirin maddi köməyi ilə müqəddəs məkanlara gedir. Əvvəl, Bətra-Yasrib (Məkkə) ziyarət edir, Hacı titulu qazanır. Daha mükəmməl təhsilə yiyələnmək üçün oradan da Misirə – Qahirə şəhərinə gedir. “Qahirədə məşhur din alimlərindən dərs alır, məşhur alim və şairlərlə tanış olur, dostlaşır”. Bir müddətdən sonra Vətənə – Şamaxıya dönür...
Şamaxı şəhəri 1841-ci ildən quberniya mərkəzinə çevrildiyi üçün burada maarif, mədəniyyət inkişaf edir, ticarət günü-gündən canlanırdı. Bu proses 1848-50-ci illər ərəfəsində daha sürətlə gedib. S.Ə.Şirvani səyahətdən döndükdən sonra Şamaxının qabaqcıl ziyalıları, sənət hamiləri – Əhməd Sultan, Həmid Əfəndizadə, Mirzə Nəsrullah Didə, Mahmud Ağa, Ünsüzadə qardaşları (Səid, Cəlal, Kamal), Əli Əkbər Qafil, Bixud, Bahar Şirvani, Məmmədtağı Əlizadə və b. ilə bir araya gəlib, əqidə və amal dostları olublar. S.Ə.Şirvani məkdəbdarlıqla da məşğul olmağı əsasən bu illərdə qət edir. Məkdəbdarlıqla məşğul olmağı qət edən şairin ilk məsləhət aldığı şəxs də dostu, maarifçi, “Kitabi nasayeh” (“Nəsihətlər kitabı”) müəllifi şair Didə olub.
“Beytüs-səfa” məclisi də yaradılarkən S.Ə.Şirvaninin məsləhət aldığı insanlar həmin ziyalılar idi. Mənbələrdə qeyd olunduğu kimi, S.Ə.Şirvanin təşkil etdiyi məclis və məktəbin yaşamasına dostu, musiqi bilicisi, böyük xeyriyyəçi Mahmud Ağa xüsusi vəsait sərf edib...
S.Ə.Şirvaninin rəhbərliyi ilə Şamaxıda fəaliyyət göstərmiş “Beytüs-Səfa” məclisi haqqında çox alim, mütəxəssislər – prof. F.Qasımzadə, Ə.Cəfərzadə, Əhməd Cəfərzadə, N.Qarayev, Z.Əsgərli və b. bəhs etmişlər. Biz də uzun illər Şamaxının yaşlı insanları, ziyalılarından məclis üzvlərinin ötən əsrin 70-80-cı illərində yaşayan qohumlarından xeyli məlumatlar əldə edib, ümumiyyətlə, məclic üzvlərinin sayını dəqiqləşdirməyə çalışıb. Axtarışlarımızın nəticəsində 2012-ci ildə “Beytüs-Səfa” üzvləri” adlı toplunu çap etdirmiş, onların sayını 45-dən artıq olduğunu qeyd etmişik.
Ümumiyyətlə, XIX əsrin 50-ci illərindən sonra Şamaxıda dövlət məktəbləri ilə yanaşı şəxsi məktəblərin də sayı çoxalmağa başladı; Əlibəy Babazadə (1830-1895), Gülübəyim (1824-1897), Mirzə Rza (1840-1876) və başqaları Şamaxıda şəxsi məkdəbdarlıqla məşğul olublar. XIX əsrin 40-cı illərində Şamaxı şəhərində teatr sənəti də daha dəqiq desək 50-ci illərdə yaranmağa başlayıb. Bu illərdə teatr tamaşaları şəxsi evlər və ya karvansaralarda təşkil olunurdu.
Artıq XIX əsrin 50-ci illərində şəhərdə ayrıca teatr binası tikilməsi qərarlaşır. Bu barədə “Kavkaz” qəzetinin 1858-ci il 84-cü sayında oxuyuruq.... “Moskva və başqa rus şəhərlərində olmuş, teatr həvəskarı tacir Ağabəy Zeynal oğlunun pulu, memar Qasım bəy Hacıbababəyovun layihəsi üzrə Şamaxıda teatr binası tikilir. İnşaatçılar köhnə duz anbarını müasir teatr binasına çevirirlər”.
Teatrın 100 nəfərlik parteri, 17 gözəl lojası var idi ki, bunlardan da 3-ü azərbaycanlı qadınlar üçün nəzərdə tutulub. 1859-cu il may ayının 30-da baş verən dəhşətli zəlzələ Şamaxıda bir çox işləri yarımçıq qoydu. Varlı-karlı şamaxılılar Orta Asiyaya, əsasən, Türkmənistana köçdülər. Maraqlıdır ki, həmin şamaxılıların nəvə-nəticələri indi də Aşqabadda yaşayırlar... “Çoxlu mülklər, 11 hamam, müəssisələr, yeni tikilmiş teatr binası dağılır, 100 nəfər ölür, 286 nəfər yaralanır”. Bu zaman “Şamaxıda 5412 ev var idi ki, bunlardan da 604-ü ikimərtəbəli daş mülklər idi. 346 fabrik və emalatxanaların istehsal etdiyi ipək, yun və başqa əşyalar dünya bazarlarına çıxarılırdı”.
Bir sözlə, Şamaxıda başqa tikililərlə yanaşı məktəb binaları da zəlzələlərin qurbanı oldu... Ona görə də S.Ə.Şirvani də başqa dostları kimi maarifçilik işinə əsasən, 60-cı illərdən sonra başlayıb. XIX əsrin 60-cı illərində Azərbaycanın bir çox – Şamaxı, Şuşa, Naxçıvan, Gəncə, Lənkəran, Bakı və s. şəhərlərində ədəbi məclislər də fəaliyyətə başladı. Bu illərdən çox-çox qabaq Şamaxıda fəaliyyət göstərən Mahmud Ağanın musiqi-şeir məclisinin sorağı təkcə Azərbaycanda deyil, İran, Orta Asiya, Tiflis, Dərbəndə də gedib çıxıb.
Əhməd Sultan və oğlu Mahmud Ağanın muğam məclisinin daimi iştirakçılarından bir də S.Ə.Şirvani idi. O, başqa böyük şəhərlərdə şeir məclislərinin yaradıldığı sorağını eşidir və məclis təşkil etməyi ziyalı, şair dostları ilə qərarlaşdırır. Odur ki, məclis “1867-ci ildə Şamaxıda Seyid Əzimin dostu Əkbər bəyin təşəbbüsü ilə Əhməd Ağa karvansarasında təşkil edilib. Molla Mahmud Zuinin yazdığına görə, məclis Mirzə Nəsrullah Bahar Şirvaninin (1834-1878) təklifi ilə “Beytüs-Səfa” (“Səfa evi”) adlandırılıb”. Bir çox mütəxəssislər də həmin yozumu Səfanın evi formasında qəbul edib, məclisin ən gənc üzvü Məhəmməd Səfanın adı ilə bağlamağa çalışıblar. Bu fikir isə o qədər də ağlabatan deyil. Ona görə ki, qeyd etdiyimiz kimi, bu zaman Məhəmməd Səfanın cəmi 16 yaşı vardı, ikincisi, kasıb bir ailədən olan gənc şairin o qədər məclis üzvlərini qəbul etməyə nə şəraiti, nə də imkanı olardı. Məncə, “Beytüs-səfa” elə “Səfa evi” kimi başa düşülməlidir. Doğrudan da, elə məclislərin hamısında bir səfa, deyib-gülmək, zarafat, musiqi var...
“Beytüs-səfa” Şamaxıda Əhməd Ağa karvansarasında təşkil edilmişdi. Bu vaxta kimi “Beytüs-səfa” məclisi, S.Ə.Şirvani, poetik məclisdən bəhs edən müəlliflər xeyirxah insan – Əhməd Ağadan bəhs etməyiblər. Kim olub Əhməd Ağa?


Seyfəddin Qəniyev
Professor

Bu xəbər oxundu
- - -