Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Dədə Qorqud”da dilimizin poetik zənginlikləri

29.01.16, 12:23
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Folklorumuzun, ana dilimizin qədim abidəsi olan “Dədə Qorqud” dastanı elimizin mənəvi tarixini, adət-ənənələrini, məişətini, psixologiyasını özündə əks etdirən və qoruyub saxlayan abidədir. O, xalqımızın yazılı ədəbiyyatına da bilavasitə təsir göstərib, yazılı ədəbiyyatın obraz və dil sistemində dərin iz buraxıb.
“Dədə Qorqud” dastanı haqqında maraqlı tədqiqat aparmış yazıçı Anar doğru olaraq qeyd edir: “Dədə Qorqud” dünyası – bu gün yalnız qədim mətnlərdə, yazılı mənbələrdə, milli mədəniyyət yadigarlarında qalmış bir dünya deyil. O, yaşarı bir dünyadır və Azərbaycanımızın müxtəlif guşələrində “tərəkəmə”, “elat”, “ayrım” köçəri məişətində Dədə Qorqud ruhu, Dədə Qorqud ab-havası, Dədə Qorqud dili bu gün də yaşamaqdadır. “Kitabi Dədə Qorqud” bütünlüklə Azərbaycan xalqının, dilimizin, torpağımızın abidəsidir”.
Həqiqətən də “Dədə Qorqud” kitabında indi daha çox dialekt və şivələrdə qalan, yaxud folklor və klassik ədəbiyyat mətnlərində həkk olunmuş bir çox söz və ifadə var ki, bunlar müasir poeziyada da işlənməkdədir. Həmin sözlərin bəzilərində onların klassik və müasir poeziyada işlənmə formasına və mənalarına diqqəti cəlb etmək, zənnimizcə, zəruridir. Məsələn, “Dədə Qorqud” dastanının dilində “don”, “döşürmək”, “yağı”, “qarmalamaq”, “axı”, “ismarlamaq”, “görk və s. söz və ifadələr, müraciət formaları var ki, biz bu sözlərə klassik poeziyamızın və Azərbaycan şeirinin poetik lüğət tərkibində rast gəlirik. “Dədə Qorqud”un dil materialı ilə bu yaxınlıq milli poetik dilin təşəkkülündə, onda canlı danışıq dil ünsürlərinin fəallanmasında müsbət rol oynayıb.
“Dədə Qorqud” dilində “don” sözünə tez-tez rast gəlmək olur:

“Ağ donuma kir ələndi sənin üçün”.
“Atdan enib tacir donu geyindilər”.

“Paltar”, “geyim” mənası ifadə edən “don” sözü bayatılarımızda, aşıq poeziyasında, Vaqif poeziyasında işlənmiş və müasir Azərbaycan dilinin dialektlərində də işlənməkdədir.

Don tikdik ağı bizdən,
Belinin bağı bizdən.
Qoymayın yadellini,
Almağa bağı bizdən.
(Bayatı)

Al yaşıl geyinib tirmə bağlarsız,
Nə girmisiz dondan-dona, kəkliklər.
(Xəstə Qasım)

Meşədən don biçdin bu türyan dağa –
Qoy sərin meh əssin təbiətindən!
(M.Aslan)

Bu şeirlərdə “don” sözü libas mənasının poetik ifadəsinə xidmət edir. Aşıq şeirində və sonrakı poeziyamızda bu sözün saxlanılması “Dədə Qorqud” dilinin qədimliyi kimi izah olunmalıdır.
“Kitabi-Dədə Qorqud”un lüğət tərkibində “döşürmək” sözü var.
Xətayinin şeirində bu söz “döyşürmək”, Abbas Tufarqanlıda isə “döşürmək” şəklindədir:

Hər çiçək üstə qondu zənbur,
Döyşürməyə çıxdı danəsin mur.
(Xətayi)

Adam var dolanır səhranı, düzü,
Adam var döşürər gülü, nərgizi.
Adam var geyməyə tapammaz bezi,
Adam var al geyər, şalı bəyənməz.
(A.Tufarqanlı)

Şəhriyarın “Behcətabad xatirələri” qəzəlində və müasir Azərbaycan şairləri A.Sarıvəllinin, M.Aslanın və b. şeirlərində də söz “döşürmək” şəklindədir.

…Gözlər asılı, yox nə qaraltı, nə də bir səs,
Batmış qulağım gör nə döşürməkdədi darı.
(Şəhriyar)

Müasir Azərbaycan dilində ancaq dialektlərdə qalan “döşürmək” sözünün kökü daha qədimlə – “Dədə Qorqud”la bağlanır.
“Dədə Qorqud”la çoxəsrli şeirlərimizi birləşdirən, mənəvi əlaqə və irsilik körpüsü yaradan sözlər sırasında “yağı” sözünü də qeyd etməliyik. Biz bu sözə “Dədə Qorqud”un dilində rast gəlirik. Həm də söz öz əvvəlki mənasını saxlayıb.
Müasir ədəbi dilimizdə “yağı” sözü “düşmən” sözünün sinonimi kimi işlənir.
“Dədə Qorqud” dastanında da “yağı” düşmən mənası ifadə edir:
Kimi aydır:
- Yağı tozudur.
Və yaxud:
Qazan aydır:
- Bu gələn, bilmiş olun, yağıdır – dedi.
Sözün “Dədə Qorqud”dakı mənası və fonetik quruluşu “Koroğlu” dastanının şeirlərində də qorunub saxlanılıb:

Ucalardan uca dağı,
Hərgiz gələ bilməz yağı,
Koroğlu tək ər oylağı,
Nigar, Çənlibel budu, bu.

Düşmən mənasında işlənən “yağı” sözü klassik və aşıq poeziyamızda da çox işlənilib. Aşıq Ələsgərin bir şeirində bu sözün incə poetik məna çalarına rast gəlirik:

Saxla dilin, özün üçün yağıdı,
Aşıq Ələsgərin odlu çağıdı,

Bu misralarda dilin “özün üçün yağıdı” mənası sözün konkret semantik mənasını ifadə edir.
“Yağı” sözü müasir Azərbaycan şeirinin dilində də işlənib. S.Rüstəm, M.Rahim və R.Rzanın siyasi-publisist ruhlu şeirlərində çox təsadüf edirik:
“Dədə Qorqud”un dilində elə sözlər var ki, nəinki şeir dilində, həm də Azərbaycan dilinin ayrı-ayrı dialektlərində onların yaşadığı və arabir canlı ədəbi dildə funksional təsirini saxladığını görə bilərik. Məsələn, “qarmalamaq” belə sözlərdən biridir.
“Qamarlamaq” (dialektlərdə bəzən belə də işlənir) və ya “qarmalamaq” sözü “Azərbaycan dilinin izahlı lüğəti”ndə “tez-tələsik tutub götürmək”, “qapmaq”, “yapışmaq”, “tutmaq”, “qamarlamaq” kimi izah olunur.
“Dədə Qorqud” dastanının türk tədqiqatçısı Orxan Şaiq Gökyay bu sözü “qaranlıqda o tərəf-bu tərəfə hərəkət etmək” kimi izah edib. Lakin sözün belə izahının onun “Dədə Qorqud” mətnindəki mənası ilə heç bir uyarlığı yoxdur. Çünki həmin sözün həm dastanda, həm də müasir Azərbaycan dilində mənası eynidir. Məsələnin bu cəhətinə diqqəti cəlb edərək “Dədə Qorqud” dastanının tədqiqatçısı akademik Həmid Araslı yazır: “Bu əsərin dili türk dilində danışan bir sıra xalqlara yaxın olsa da, öz lüğət tərkibi, frazeoloji ifadələr və qrammatik quruluşu etibarilə digər türk dillərinin hamısından daha çox Azərbaycan dililə bağlıdır”.
“Dədə Qorqud”da işlənən “qarmalamaq” sözü Azərbaycan dialektlərində işlənməklə yanaşı ədəbi-bədii dildə də ara-sıra işlənir. Məlumdur ki, ədəbi prosesdə dialektdən istifadənin uğurları ilə yanaşı itkiləri də ola bilər. Poeziyanın dil tərkibinin xalq sözləri hesabına zənginləşdirilməsi, əlbəttə, səmərəli və müsbət hadisədir. Ancaq bu halda yazıçı sözün ümumxalq miqyasda başa düşülməsini də nəzərə almalıdır. Bu baxımdan, “qamarlamaq” sözünün poeziyamızın dilində işlənməsi etiraz doğura bilməz, çünki poeziyaya folklordan daxil olub:

Dərya qamarladı, damladan umdu,
Ağzını ayırıb, gözünü yumdu.
Qızara-qızara kürsüyə cumdu,
Qızara-qızara sustalan oldu.
(M.Aslan)

Yeri gəlmişkən qeyd edək ki, “Dədə Qorqud”da işlənən “axı” ədatı haqqında da Orxan Şaiq Gökyayın mülahizələri düz¬gün hesab edilməyib. H.Araslı tərəfindən bu mülahizələrin tədqiqini düzgün hesab etməliyik. Türk şərqşünası “axı” ədatının müasir Azərbaycan danışıq dilində çox geniş işlənən mənalarını “axilik” kimi başa düşüb və beləliklə, dastanı tamam onun ideya məzmununda olmayan bir tarixi-ictimai hərəkatla – əxiliklə bağlayıb. Dastanın sözlüyündə müəllif bu ədatı “əliaçıq, comərd bir kimsənin sevdiklərindən yaxını” mənasında izah edib.
Həqiqətdə isə “Dədə Qorqud”da “axı” ədatı təkrar-təkrar işlənib. Nümunələrə diqqət yetirək:

Qara qıyma gözlərini uyxu almış,
asğıl axı.
On ikicə süküciyin öyrən olmuş
yığışır axı…
Tanrı verən dadlı canın
seyrandaymış indi axı…
Öz gövdəndə canın varsa, oğul ver,
xəbər mana.
Qara başım qurban, oğul,
sana – dedi.
“Dədə Qorqud”un dilində işlənən bu ədat aşıq şeirində, Azərbaycan şairlərinin əsərlərində ən çox işlənən dil vahidlərindən biridir. Məsələn, Aşıq Şəmşirin bir qoşması tamam bu dil vahidi əsasında qurulub:

Ürək deyir, bax gözələ,
Dizimdə gir yoxdu axı.
O cavanlıq düşməz ələ,
Qoca, düşgün vaxtdı axı.

Şəmşir, qadaq ver dilinə,
Hansı nər qatıb əlinə?
Ta baxmıram qız-gəlinə,
Gözüm-könlüm toxdu axı.

Müasir əbədi dilimizdə “sifariş” sözü işlənməkdədir. Ancaq dialektlərdə bu sözün “ismarış”, “ismarınc”, “ismarlamaq” şəkli vardır. “Anama ismarıc elədim”, “Bacıma ismarladım”, “İsmarışnan hac qəbul olunmaz” və s. Poetik dildə də bu sözə rast gəlirik.

Bir söz ismarlamış bəlkə yar eli,
Nədən anlaşılmaz quşların dili.
(Əhməd Cavad)

“Sifariş” sözü ilə “ismarış”, “ismarınc” sözlərinin fərqinə vardıqda, “ismarış”, “ismarınc” sözünün tədricən “sifariş” şəklinə düşdüyünü yəqin etmək olur. “Etmək” köməkçi feili “ismarış” felini “sifariş etmək” şəklinə salıb. Halbuki, “ismarlamaq” daha yığcamdır.
Şifahi ədəbiyyatda, xüsusilə nağıl və dastanlarda “ismarış”, “ismarlamaq” sözünə tez-tez rast gəlirik.
Bu sözün də kökünü aradıqda tədqiqat bizi “Dədə Qorqud”a aparıb çıxarır. Belə ki, “Dədə Qorqud”un nəsr dilində “ismarlamaq” sözü var. “…Oğlanı həkimlərə ismarlayıb Dirsə xandan saxladılar”. Səciyyəvi haldır ki, sözün dastandakı mənası eynilə qalıb. Müasir ədəbi dilimizdə və dialektlərdə işlənən “göynəmək”, “suç”, “yarımaq”, “iraq”, “sapand”, “aydan arı” kimi sözlər və ifadələrə də “Dədə Qorqud”un lüğət tərkibində rast gəlirik. Bu sözlər xalq poeziyasında və klassik poeziyamızda da dönə-dönə işlənib:

Səndən xəbər alım, ay Dədə Qasım,
Kim xəta eylədi, qaldı üstə suç?
(Xəstə Qasım)

Şəfaenin olmaz o qədər suçu,
Əvvəldən axıra ayrıdır köçü.
(M.P.Vaqif)

Yarımadıq yar olalı,
Nə sən məndən, nə mən səndən.
(Aşıq Ələsgər)

Nə özün yarıdır, nə sevənləri,
Bir para adamı kərkəvəz eylər.
(M.P.Vaqif)

“Kitabi-Dədə Qorqud”un dili canlı və əlvandır. Bu xüsusiyyəti yaradan amillərdən biri dastanın dilində alqış, and, qarğış ifadə edən ifadələrin işlənməsidir ki, müasir poeziyamızda bunun saysız-hesabsız nümunələrinə rast gəlmək mümkündür. “Dədə Qorqud”da dilimizin poetik zənginliklərinin dərin və silinməz izləri qalıb. Məsələn, “aydan arı” ifadəsini götürək. Dastanda arı təmiz, saf mənasındadır. İndi də xalq arasında “aydan arı, sudan duru” ifadəsi var. Xalq şairi B.Vahabzadə “Muğam” poemasında “Aydan arı, sudan durum mənim. Ay yanıqlı şurum mənim” beytində bu ifadəni təmizlik, paklıq mənasında işlədib. Dilimizdə saflıq, təmizlik anlayışı ifadə edən bu söz “Dədə Qorqud”un poetik parçalarında “Aydan arı, gündən görklü” şəklindədir:

Aydan arı, gündən görklü qız qardaşın Banıçiçəyi,
Bamsı Beyrəyə diləməyə gəlmişəm – dedi.

Dastanın başqa bir yerində isə arı su ifadəsi “təmiz, saf” mənasını ifadə edir. 60-cı illərdə Azərbaycan poeziyasında yeni üslubi və forma meyillərinin sürətlə inkişaf etməsi, realizmə və sadəliyə meylin qüvvətlənməsi müasir şairləri “Dədə Qorqud”a müraciət etməyə gətirib çıxarıb. Belə bir müraciət müasir poeziyamızın həm vəzn, həm də obrazlı strukturunda özünü hiss etdirib.

Maarifə Hacıyeva
professor

Bu xəbər oxundu
- - -