Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Sözlü ədəbiyyatımızda həcv

17.02.16, 11:09
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Xavər ASLAN

I yazı

Sözlü ədəbiyyatımız həcv (Məqalədə “həcv” sözü satira mənasında işlədilib – A.H.) sənətinin dolğun və möhtəşəm örnəkləri ilə zəngindir. Ata sözlərimiz, deyimlərimiz, nağıl və fıkralarımızda (Lətifə nəzərdə tutulur - A.H.) xalq düşüncəsinin, yumorunun böyük yaradıcı gücü ilə qarşı qarşıyayıq.
Hikmət dolu, böyük təcrübə və sınaqların nəticəsi olaraq yaranan ata sözlərimizdə, ifadə və deyimlərimizdə həcv sənəti də yüksəkdir. Acı istehza, öldürücü gülüş, dərin kinayə ata sözlərimizlə ifadələrin böyük bir qisminin məzmununda yer alıb. Xalq acılarını, kədərini, cəmiyyətdəki zorbalığı, haqsızlıqları, gündəlik həyatındakı keçimsizliyi, ailə-məişət münaqişələrini qısa və mənalı şəkildə şifahi ədəbiyyatımızın bu janrına sığdırıb. Xəsislik, yaltaqlıq, gerilik və cəhalətin tənqidi, varlı, yoxsul, qonşu, əqrəba münasibətləri, ər-arvad, gəlin-qaynana, ata-oğul münaqişələri satirik ata sözlərimiz, ifadə və deyimlərimizin əsas mövzusudur. Toplumda ətrafında, gündəlik yaşayışında qarşılaşdığı yaramazlıq və mənfilikləri babalarımız uzun-uzadı deyil, bir cümlə, bəzən isə iki kəlmə ilə dəyərləndirərək, ölməz yaradıcı gücünü, istedad və sənətini ortaya qoyub:

Alışdı yağlı dolmaya, əcəb, bir gün olmaya,
Qocaya gedən quyruq yeyər, cavana gedən yumruq.
Axmağı göndər, arxasınca get.
Adam adamdı, olmasa pulu, eşşək eşşəkdi, olsa da çulu.
Başını yağladılar. Başına papaq qoydular.
Bağa qınından çıxdı, qınını bəyənmədi.
Donuzdan yun qırxmaq. Donuzdan bir tük.
İş xəstəsi, söz ustası.
Biri yeyər, biri baxar, onda qiyamət qopar.
Apar onu, sal yoğurda, kəsməsə, malımdı mənim, salasan bərk pənirə, o xam xəyalındı sənin.
At öləndə itin bayramıdı.
Aralığ atı, kor Fatı (İşi-gücü olmayan kimsə).
Aşağı kətdə kəbin kəsir.
Yaralı eşşək çox anqırar.
Qazıya yalqız gedən razı gələr.
Molla kitabdan kitaba salar, halal eylər, yeyər.
Gəlinin dini yox, qaynananın imanı.
Dədə görməyib, elə bilir Şaqqulu da bir dədədir.
Örnək verdiyimiz bu misallarda gülüş bəzən kəskin, çox zaman yumşaqdır, bəzən açıq, bir sıra hallarda isə cox kübarca, örtülü şəkildədir. Bu kübar və örtülü gülüş pərdəsinin arxasında, diqqət edilərsə, daha dərin məna, acımasız tənqid yer almaqdadır.
Milli xüsusiyyətləri aydınlığı ilə canlandıran sözlü ədəbiyyat janrlarında, eləcə nağıllarda da həcv başlıca yer tutur. Keçəllə (Kəloğlan) bağlı nağıllarımız bu baxımdan diqqəti çəkir.
İndi də Azərbaycan “Kəli” (keçəli – A.H) adlı nağılı birgə oxuyaq:


KEÇƏL, MOLLA və ÖGEY ANA


Biri var idi, biri yox idi, bir keçəl var idi. Atası öləndən sonra keçəlin analığı və keçisi, on da toyuğu qalmışdı. Keçəlin analığı toyuqların altından gündə on yumurta götürürdü. Keçidən də bir badya süd sağırdı. Amma keçələ bir zəy də vermirdi ki, gözünə qoysun. Özü də gündə haqq-nahaq onu doyunca döyürdü. Keçəl ögey anasının əlindən lap boğaza yığılmışdı.
Günlərin bir günü ögey ana keçəli səhər lap tezdən durğuzub dedi:
– Bu gün keçinin otu yoxdur, dur, apar otarmağa.
Keçəl axşama kimi ac-susuz qalıb keçini otardı, axşam da gəlib ac-susuz yatdı. Keçəl acından yata bilmirdi. Gecədən keçmiş qulaq verib gördü analığı yatıb. Ac qılınca çapar. Keçəl yavaş-yavaş durub nəmiyə getdi. Analığı axşam keçidən bir badya süd sağıb qoymuşdu nəmiyə. Toyuqların yumurtalarını da yığmışdı sandığa.
Keçəl beş yumurta götürüb bişirdi, südü də badyası ilə qabağına çəkdi. Çörək doğrayıb yumurta ilə yedi, qarnını möhkəmcə bərkidib yatdı.
Səhər açılan kimi keçəlin analığı durub getdi nəmiyə ki, südü bişirib qatıq çalsın, baxdı ki, badya bomboşdu, süd-zad yoxdur. O saat bildi ki, südü keçəl içib. Əlinə bir yekə yarmaça alıb, keçəli o ki vardı, döydü. Keçəl bir təhər onun əlindən qurtardı. Ombasını çəkə-çəkə gedib bir ağacın dibində oturdu, başladı ağlamağa. Keçəlin yediyi burnundan gəlmişdi. Axşama kimi orada-burada veylləndi, axşam durub gəldi evə. Keçəlin analığı onu evdən qovdu. Keçəl gecə yarıya kimi gəzib dolandı. Gecə gəldi ki, yıxılıb yatsın, gördü analığı qapını bərk-bərk bağlayıb.
Keçəl bu gündən meşədə odun şələləyib bazara gətirməyə başladı. Şələsini qəpik-quruşa verib, it kökündə dolanırdı. Günlərin bir günü eşitdi ki, analığı axunda ərə gedib.
Keçəl evlərinə gəlib analığına dedi:
– Ata malı üçün gəlmişəm. Ərə getmisən, gərək verəsən.
Analığı istədi keçəli döyüb qova. Gördü yox, ondan əl çəkməyəcək, ata malını istəyir, dedi:
– Günahından keçirəm, gəl, qal evdə. Day səni yaxşı saxlayacağam.
Keçəl dedi:
– Səni yaxşı tanıyıram, mənə gün verməyəcəksən. Ata malı istəyirəm.
Analığı baxıb gördü ki, divana düşsə, keçəl bundan keçini, toyuqları alacaq, dedi:
– Sabah gələrsən, danışarıq.
Keçəl razı olub getdi. Analığı əhvalatı axunda danışıb dedi:
– Kişi, keçiynən toyuqlar əldən gedəcək.
Axund dedi:
– Allah vurmuşdu keçəli. Keçini, toyuqları gizlət. Sabah gələndə deyərsən ki, keçini də, toyuqları da oğurlayıblar.
Keçəlin analığı gördü ki, axund ağlabatan söz deyir. Odu ki, keçini gizlətdi.
Bəli, səhər açıldı, axund məscidə getdi. Arvad evdə tək qaldı. Keçəl gəlib çıxdı. Analığı yalandan ağlaya-ağlaya keçələ dedi:
– Oğlum, gəl içəri.
Analığı keçəli çəkə-çəkə işəri apardı. Qabağına süfrə salıb, üstünə çörək tökdü. Keçəl ac idi, başını aşağı salıb qarnını bərkitdi.
Analığı dedi:
– Rəhmətlik atovun gözü keçinin dalısıycanmış. Gecə keçicığazı oğurlayıblar.
Keçəl bu sözü eşidincə ayağa durub dedi:
– Mən heç şey bilmirəm, keçini ver. Əgər keçini verməsən, evi odlayıb yandıracağam.
Analığı çox dedi, keçəl az eşitdi, axırda keçəl toyuqları bir kisəyə yığıb bayıra çıxdı. Analığı bir döşünə vurdu, bir başına, düşdü keçəlin dalısıycan, keçələ yetişə bilmədi. Keçəl aparıb toyuqları gizlətdi. Tez geri qayıdıb gördü ki, analığı evdə yoxdu. Çox gəzdi, keçini tapa bilmədi, sandıqdan yumurtaları yığışdırıb apardı. Keçəl getməkdə olsun, keçəlin analığı qayıdıb gördü ki, keçəl yumurtaları da aparıb. Analığı oturub ağlayırdı, bu zaman axund gəlib çıxdı, xəbər aldı:
– Arvad, niyə ağlayırsan?
Arvadı dedi:
– Keçəl gəlib toyuqları da, yumurtaları da aparıb.
Axund cinləndi, söyüb arvadı biyabır elədi ki, niyə qoydun keçəl toyuqları, yumurtaları aparsın. Axund bayıra çıxdı, çox gəzdi, aradı, keçəli tapa bilmədi, kor-peşiman geri qayıtdı.
Eşit keçəldən. Keçəl uçuq bir kalafa tapdı, içində yaşamağa başladı. Amma analığı və axundla hesabını çürüdüb qurtarmamışdı. Oydu ki, xəlvətcə analığı olan evin yanına gəldi. Barıdan aşıb düşdü həyətə. Baxıb gördü qapı-bacanı bağlayıb yatırlar. Təndirə bir təpik vurub dağıtdı. Təndirin yanındakı odunları iki dəfəyə daşıyıb komasına apardı. Sonra damın üstünə çıxıb bacadan baxdı, gördü keçi nəmidədi, südündən də analığı qatıq çalıb. Bir ətək torpaq götürüb bacadan tökdü qatığın içinə. Sonra damın üstündən düşdü, çıxıb getdi.
Səhər analığı durub nəmiyə getdi, gördü qatığın içinə torpaq tökülüp. Həyətə çıxıb gördü təndir uçurdulub, yanında bir odun da yoxdu. Tez axundun yanına gəlib əhvalatı ona danışdı:
– Yəqin, bu işləri edən keçəldi. Odunu aparıb, təndiri dağıdıb, iki güvəc qatığı zay eyləyib, içinə torpaq töküb.
Axund gördü ki, keçəl keçəlliyində qalsa, gəlib yorğan-döşəklə birlikdə onları da oğurlayacaq. O, arvadına dedi:
– Arvad, gərək bu keçəlin nitqin kəsəm. Bəlkə, canımız rahat ola.
İndi eşit keçəldən. Keçəl odunları aparıb yığmışdı komasının həyətinə. Baxıb gördü çörək pulu yoxdu. Odunları bazara çəkdi, satıb çörək aldı, gətirib yeməyə başladı. Keçəlin kefi kök, damağı çağ idi. O, bir ala-qara tula da saxlayırdı. Bu tulanı keçəl elə öyrətmişdi ki, heç kəsi kalafaya buraxmırdı. Keçəl də tulanı çox istəyirdi, həmişə yanında saxlayırdı.
Bir gün axund gecə yarısını keçirib, keçəlin evinin yanına gəldi, dırmaşdı divarın başına. İstədi düşə içəriyə. Divardan sallananda keçəlin tulası onu gördü. Yüyürüb yapışdı axundun çuxasının ətəyindən, başladı dartmağa. Axund gördü ki, iş şuluqdur. Dartınıb ənvayi-müsibətlə tulanın ağzından qurtardı, başı yalovlu evə gəldi. Baxıb gördü tula onun çuxasının ətəyini qoparıb. Utandığından arvadına bir söz demədi, soyunub yatdı...
Örnək verdiyimiz bu nağılda keçəl sonunda qalib gəlir. Keçəllə bağlı nağıllarımızda hər zaman yaxşılıq pisliyə qələbə çalır. Keçəl əzilənlərin, əməkçi insanların istəklərini, arzularını dilə gətirir, ümidvar olmağa səsləyir, səbirli və təmkinli olmağı öyrədir bizlərə. Gülüş, bilindiyi kimi, keçəlin – nağıllarımızın bir qəhrəmanının ən güclü və kəsərli silahıdır. Bu baxımdan da ölməz Molla Nəsrəddinə (Xoca Nəsrəddin) bənzəməkdə, nağıllarımızda sanki onun yerini almaqdadır. Tanınmış folklor araşdırıcısı M.Təhmasib “Azərbaycan nağıllarında keçəl” adlı məqaləsində belə yazır: “Keçəl xalqın arzularının ifadəçisidir. O, lətifələrimizin əsas qəhrəmanı olan Molla Nəsrəddini, bir növ, nağıllarımızda əvəz edir...”
Həcvin ən dolğun və gözəl örnəklərini dədələrimiz mənalı lətifələrə sığdırmış, bu sahədə misilsiz sənət əsərləri yarada biliblər. Lətifələr sözlü ədəbiyyatımızın ən geniş yayılan, söylənən növüdür (Müəllif bu sözü janr mənasında işlədir – A.H.).
Nəsillərə çatdırılaraq yaşadılan lətifələrimiz zamanla daha da gözəlləşib, biçimlənib və zənginləşib. Qorxu, zülm, dəhşətli savaş və basqıların sürdüyü dönəmlərdə ata-babalarımız duyğu və düşüncələrini lətifələrə yerləşdirməyi, sığdırmağı daha uyğun və münasib biliblər.
Folklorda, eləcə də sözlü ədəbiyyatımızda tariximiz var. Lətifələrimizdə də eləcə. Bir çox lətifələrimiz Teymurləngin adı ilə bağlıdır. Topal Teymurla böyük ziyalılarımz, incə zəkalı Molla Nəsrəddin lətifələrimizin çoxunda qarşılaşırlar. Geniş bilgi və hazırcavablığı, dərin məntiq və ağlı sayəsində Molla Nəsrəddin hər zaman üstündür, yenilən də hər zaman Teymurləngdir. Çünki Molla Nəsrəddin xalqın, böyük çoxluğun təmsilçisidir, bunun üçün də qalibdir. Folklorumuzun bu div qəhrəmanı başqa qonşu xalqların da folkloruna önəmli şəkildə təsir edib. Onun adı ilə bir çox lətifələr yaranıb. “Hətta Azərbaycan dilində danışan ermənilər və gürcülər də Molla Nəsrəddinin lətifələri ilə maraqlanırlar”, – deyə yazırdı Firidun bəy Köçərli.


Məqalə İstanbulda nəşr edilən “Xəzər” dərgisinin
1980-ci il, may, 14-cü sayında (s.3-11) dərc edilib.

Azərbaycan türkcəsinə uyğunlaşdıran:
Almaz Həsənqızı, filologiya üzrə elmlər doktoru

Bu xəbər oxundu
- - -