Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Formula-1“i Şumaxerin qələbələri ilə sevdim“

24.02.16, 13:35
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Gülhüseyn Abdullayev: “Əlimdən gələn hər şeyi etməyə çalışacam”
"Formula-3" yarışlarında Azərbaycanı təmsil edən gənc pilot Gülhüseyn Abdullayev "Formula-1" üzrə Bakıda keçiriləcək Qran-pri turnirinin rəsmi saytına müsahibə verib. Apasport.az xəbər verir ki, ölkəmizdə təşkil olunacaq yarışın 19 yaşlı rəsmi elçisi son qələbəsindən və gələcək karyerasından danışıb.

- “Formula Gulf-1000” yarışlarından bir neçəsində qələbə qazanmısız. Bu sizin üçün nə deməkdi?
- Bu seriyada qələbə mənim üçün çox böyük əhəmiyyət kəsb edir. Belə ki, bütövlükdə bu mənim "Formula-1" karyeramda müsbət başlanğıcdı. Yeni mövsümün ilk yarışlarında podiumda birinci olmağım ətrafımda olan hər kəsi çox sevindirdi.
- Yeni mövsümdə iştirak edəcəyiniz Avropa "Formula-3" avtomobilləri “Formula Gulf-1000” avtomobillərindən nə ilə fərqlənir?
- Əslində, bu avtomobillər arasında fərq çox böyükdü. F3 seriyalı avtomobillər daha sürətli və sərt olması ilə seçilirlər. “Formula Gulf-1000” seriyalı avtomobillər Avropa seriyalı olanlardan yumşaqlığı ilə fərqlənirlər. Bu, sükan və əyləc sistemində daha çox hiss edilir.
- Mövsümə hazırlığınız necə davam edir?
- Hər şey planlaşdırdığımız kimi gedir. Biz mövsümöncəsi test yürüşlərimizi uğurla başa vurduq və artıq qış testlərinə tam hazırıq. Həmçinin, fiziki hazırlığıma da fikir verirəm. Hər şey qaydasındadı.
- "Formula-1" yarışında çıxışını ən çox bəyəndiyiniz pilot kimdi?
- Ayrton Senna. Ola bilər ki, o, çox çempionluq qazanmayıb, amma əldə etdiyi üç titulu möhtəşəm və dramatik idi. O, bu günədək keçirilmiş F1 yarışlarının ən yaxşı pilotu hesab olunur. Senna yarış xaricində Braziliya əhalisinə dəstək olduğu və köməklik göstərdiyi üçün də yaxşı insan kimi tanınır.
- Yeni mövsümdə qarşınıza hansı məqsədi qoymusuz?
- Bu mövsüm daha çox təcrübə qazanmağı qarşıma məqsəd qoymuşam. Həmçinin, yeni başlayanlar sırasında podiumda ilkin yerləri qazanmağı planlaşdırıram. Digər pilotlarla müqayisədə, bir az təcrübəsizəm. Lakin əlimdən gələn hər şeyi etməyə çalışacam.
- Bu il əsas rəqib kimi görürsüz? Yarışda iştirak edəcək pilotlar haqqında nə deyə bilərsiz?
- Bu il Avropa Formula yarışında rəqabət çox yüksək səviyyədə olacaq. “FİA Formula-3” seriyasından bir neçə komanda bu yarışa qatılacaq. Mübarizə çox maraqlı keçəcək. Hesab edirəm ki, mənim əsas rəqiblərim debütantlar olacaq.
- Bakı Şəhər Halqası istisna olmaqla, ən sevdiyiniz trek hansıdı?
- Ən sevdiyim trek Belçikada yerləşən Spa-Frankorşam trekidi. Uzun olmasına və “Eua Rouge” döngəsinə görə xoşuma gəlir.
- Bakı Şəhər Halqası haqqında nə deyə bilərsiz? Trekin hansı hissəsi sizin üçün daha möhtəşəm görünür?
- Bakı Şəhər Halqası çox möhtəşəmdi və burada yarış pilotlar üçün gərgin keçəcək. 8-ci və 9-cu döngəni xüsusilə qeyd etmək istərdim. Pilotların bu döngələrdəki mübarizəsini izləmək çox maraqlı olacaq. Onlar, həmçinin, güclü Bakı küləyini nəzərə almalıdılar. Çünki belə halda bolidləri idarə etmək çətin olacaq.
- Avropa Qran-prisinə gəlmək istəyən "Formula-1" azarkeşlərinə nə dəmək istərdiz?
- Bakı Şəhər Halqası Spa-Frankorşam trekindən sonra ən maraqla gözlənilən trek olacaq. Mən bu yarışı səbirsizliklə gözləyirəm. Əminəm ki, Avropa Qran-prisi ən yaddaqalan yarış kimi "Formula-1" tarixinə keçəcək.
- "Formula-1" yarışı sizin üçün nə deməkdi?
- "Formula-1" yarışı mənim üçün həyat tərzi deməkdi. Biz yalnız trekdə deyil, həyatda da rəqabət aparırıq. Hər birimiz həyatda ən çox arzuladığımız hədəflərə nail olmaq üçün çalışırıq. Buna görə yarış bir həyatdı. Lakin peşəkar yarışlar uzun zamandı həvəsdən düşmədiyim işlərdən biridi, çünki mən bu işi çox sevirəm. Yarış zamanı qazandığım adrenalin məni bu idman növünü sevməyə vadar edir. Digər vacib məqam isə təhlükədi. "Formula-1" yarışları hələ də həyat üçün təhlükəli olaraq qalır və bu səbəbdən pilotlar daha çox hörmətə layiqdilər.
- Uşaqlıq illərində kumiriniz kim olub?
- Mixael Şumaxer. Onun qələbələrini izləyərək, bu idman növünü çox sevdim və Şumaxerə azarkeşlik etməyə başladım. Alman pilotun yazdığı tarixə şahid olmaq möhtəşəm hisslərdən biri idi. Ümumilikdə, Mixaelin 7 titul qazanmasını, Sebastyan Löbün WRC seriyasında 9 qat çempion olmasını və Valentino Rossinin 7 dəfə MotoGP yarışının ən güclüsü olduğunu gördüyümə görə, özümü xoşbəxt sayıram. Hər onillikdə eyni pilotlara bu qədər qələbə nəsib olmur.

Bu xəbər oxundu
- - -