Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Qəhrəman sevgisini necə qazanır?

08.04.16, 7:43
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Məhəbbət dastanlarımızda qəhrəmanın mübarizə silahı sazı və sözüdür. O, hiylələrə qarşı ayıqlığı və həssaslığı, qorxulu yollarda həramilərlə, quldurlarla qarşılaşdıqda sədəfli sazı, şirin kəlamı ilə qəlbləri yumşaldır, ağıl və istedadı ilə qələbə qazanır. Saz və söz məhəbbət aşiqi üçün əsas silah və yol yoldaşıdır. Aşıq imtahanlarda, sınaq meydanlarında ancaq saz çalıb hikmətli sözlər oxumaqla adını və sənətinin şərəfini qoruyur. Aşıq həm də öz sənəti ilə el arasında bu hörməti qazanır. Məhəbbət aşiqi buta alıb yuxudan ayılanda butasını söyləmək üçün ilk növbədə saz istəyir. Məsələn, «Novruz-Qəndab» dastanında deyilir: «Novruz düz on bir gündən sonra özünə gəldi. Baxdı ki, atası, anası, qohum-əqrəbası – hamı onun başına yığılıb. Novruz dedi:
- Mən dərdimi dilnən sizə desəm, dilim yanar, mənə bir saz gətirin. Kərim paşanın əmrinə görə o dəqiqə bir saz tapıb Novruza verdilər. Novruz sazı sinəsinə basıb görək nə dedi:

Tifil ikən qulluq etdim ustada,
Oxudum dərsini, kamalın gördüm.
Sazınan, sözünən zay etdi məni,
Atam Kərim paşa əməlin gördüm.

Novruz sazı döşünə basıb uşaqkən aldığı dərsi, yuxuda gördüklərini sazla, sözlə başına toplaşanlara söyləyir. Bununla da aşiq artıq kamala çatdığını dərk edir. Bundan sonra o, bu çətin səfərə hazır olduğuna inanır. Xalq kütləsi də ona «haqq aşığı» deyərək hörmət və ehtiramla yanaşır.
Məhəbbət dastanlarının başlıca xüsusiyyəti bir də ondan ibarətdir ki, aşiq öz sevgilisinə ancaq dərin, saf və müqəddəs duyğularla qovuşmaq istəyir. Güc, qüvvə, silah və zor məhəbbətlə uyuşmur. Məhəbbət məhəbbətlə qazanılmalıdır. Lakin məhəbbətə kənardan müdaxilə edildikdə, arada tor, hiylə, silah işlədildikdə məhəbbətin paklığı itir, o adiləşir. Nisbətən qədim dastanlarımızda aşiq sevgisinə ya məhəbbətilə qovuşur, ya da bu məhəbbət hiylənin qurbanı olur. Məcnunun, Fərhadın, Kərəmin, Qəmbərin məhəbbəti də bu napaklığı götürməyib, şüşə kimi sınıb...
XVI əsrə qədər yaranmış dastanlarımızın ilk variantlarında sevgililər daha çətin yollardan keçirlərsə də, yenə arzularına çata bilmirlər. Nisbətən qədim dastanlarımızdan olan və tədricən unudulan «Arzu-Qəmbər», ondan az sonra formalaşmış «Əsli-Kərəm», Nizami bulağından su içən «Leyli və Məcnun», «Fərhad və Şirin» xalq dastanlarında, həmçinin məşhur bayatı ustası Sarı Aşığın həyatı ilə bağlı «Yaxşı-Aşıq» dastanında və «Qurbani» Diri versiyasında sevgililər qovuşmurlar. Bu dastanlar başqa dastanlarımıza nisbətən dərin hüznlü, kədərli məzmuna malikdir. Aşiqlərin nakam eşqi qədim dastanlarımız üçün səciyyəvi olub. Bu ənənə yazılı ədəbiyyatda da dərin kök salıb, «Xəmsə»dəki məhəbbət dastanlarının əksəriyyətinin qəhrəmanı (Leyli, Məcnun, Fərhad, Şirin, Zeyd, Zeynəb) öz arzusuna çatmır. Bu ənənə sonrakı «Xəmsə»lərin çoxunda davam etdirilib.
Bir vaxt orta əsr aşıqlarının dilində əzbər olan və ilk Azərbaycan xalq dastanlarından sayılan «Arzu-Qəmbər» das¬tanını «Əsli-Kərəm» dastanının müəllifi də xatırlayıb:

Xurşid öz Mahının dizinə yatdı,
Qəmbər Arzısının tozuna batdı,
Dünyada Şahsənəm murada çatdı,
Aşıq Qərib kimi gülən olmadı.

«Arzu-Qəmbər» dastanı, elə bu bənddə adı xatırlanan «Xurşid-Mah» dastanı xalq dastanlarının qədim nümunələrindən olub, lakin sonrakı aşıq məktəbi bu dastanları tədricən unudub. «Arzu-Qəmbər» dastanını ilk dəfə 1964-cü ildə Əta Tərzibaşı qoca bir qarıdan yazıya alıb. Əsər 1971-ci ildə Azərbaycan alimi, Kərkük folklorunun yorulmaz tədqiqatçısı Qəzənfər Paşayev tərəfindən çap olunub. «Arzu-Qəmbər» dastanı orta əsrlərdə Azərbaycan dastanları ailəsinə mənsub olub. Dastan məhəbbət ideyasına görə «Yaxşı-Aşıq» dastanı ilə yaxından səsləşir. Süjet bənzərsizliyindən başqa, hər iki dastan bayatı üzərində qurulub. Nəzm hissəsi ancaq bayatılardan ibarətdir. Dastandakı bayatılar qədim Azərbaycan bayatılarına daha çox bənzəyir.

Arzım endi bulağa,
Səsi gəldi qulağa,
Arzıya peşkəş olsun,
Şirvan, Təbriz, Marağa.

«Əsli-Kərəm» dastanında bu dastanın xatırlanması, dastanda şəhərlərimizin yad edilməsi onun Azərbaycan mühiti ilə bağlı olduğunu göstərir. Dastanın dili bir tərəfdən «Dədə Qorqud» dastanının dilinə, həmçinin Azərbaycanın yerli şivələrinə çox yaxındır. Çox güman ki, «Yaxşı-Aşıq» dastanı «Arzu-Qəmbər» dastanından bəhrələnib. «Arzu-Qəmbər» dastanındakı bəzi xüsusiyyətlərin sonralar yaranan dastanlara da müəyyən təsiri duyulur. «Arzu-Qəmbər»də də Xızır qəhrəmanın arzularını yerinə yetirir, hətta öz ölümünü Xızırdan diləyir. Xızır onun bu son arzusunu da yerinə yetirir. Dədə Qorqudda olduğu kimi, Qəmbərin də diləyi qaibdən hasil olur. XVI əsrdən sonrakı dastanlarda isə qəhrəmana, əsasən, Əli kömək edir, lakin vəziyyətdən çıxmaq üçün yeri gələndə qəhrəman özü də silaha sarılır, sevgisini silah gücünə qazanır. «Şah İsmayıl-Gülzar», «Novruz-Qəndab», «Qasım», «Heydər bəy», «Seydi və Pəri», «Məhəmməd və Güləndam», «Bəhram-Gülxəndan», «Mehr-Mah», «Şahzadə Əbülfəz», «Abbas-Dahadürüz», «Seyfəlmülk» dastanları bu sıradandır. Məhəbbət dastanları olmasına baxmayaraq, qəhrəmanın cəngavərliyi, bahadırlığı onu öz məhəbbətinə qovuşdurur. Burada əsas məqsəd məhəbbətdir, aşiqin sevgilisinə qovuşmasıdır, qəhrəmanlıq və cəngavərlik isə vasitədir.
Xatırladaq ki, «Leyli-Məcnun», «Fərhad-Şirin», «Əsli-Kərəm», «Tahir-Zöhrə», «Yaxşı-Aşıq», «İbrahim-Hürnisə», «Novruz-Qəndab», «Baxış-Leyla», «Məsum-Diləfruz», «Nəcəf-Pərizad», «Bəhram-Gülxəndan» və hələlik çap olunmamış, ağızlarda gəzən, yaxud əlyazması şəklində mövcud olan bir çox dastanlarımızın araşdırılması göstərir ki, bu dastanların ilk versiyası və ya buradakı motiv qədim mifik və əsatiri qaynaqlarla, əfsanə və rəvayətlərlə, qədim nağıl və eposların süjetləri ilə daha çox səsləşir.
Məlumdur ki, Nizami «Leyli və Məcnun», «Xosrov və Şi¬rin» poemalarını yazarkən qədim xalq rəvayətlərinə əsaslanmış, öz istəyinə uyğun olaraq böyük poemalar, dastanlar yaradıb. Nizamişünasların fikrincə, bugünkü xalq dastanları ailəsində adı xatırlanan «Leyli-Məcnun», «Fərhad-Şirin» dastanları məhz Nizami poemalarının süjetləri əsasında formalaşıb. Şübhəsiz, ərəb və fars qaynaqlarında mövcud olan bu süjetlərlə yanaşı, Nizami xalq arasında gəzən süjetlərdən də istifadə edib. Lakin onun «Xəmsə»si dərin xalq məhəbbəti qazandığından və geniş yayıldığından xalq arasında gəzən variantlar unudulub. Orta əsr aşıqları da məhz poemadakı biçimlərə əsaslanaraq xalq dastanlarını həmin süjetə uyğunlaşdırıblar. Ona görə də «İbrahim-Hürnisə» dastanında «Yusif-Züleyxa»nın izləri, «Novruz-Qəndab»da «Basatın Təpəgözü öldürməsi boyu»nun bəzi motivləri, «Baxış-Leyla» süjeti ilə «Əsli-Kərəm» süjetinin (demək olar ki, eynidir, həmçinin həramilərin mağarasında baş verən əhvalatlar) yaxınlığı, «Bəhram-Gülxəndan» süjetinin «Kitabi-Dədə Qorqud» dastanında Səgrək boyu ilə uyğunluğu aydın nəzərə çarpır.
Zaman keçdikcə ayrı-ayrı aşıqların ifasında bu süjetlərə yeni qol-qanad verilib, hətta məlum dastanlar belə yeni dövrə və yeni estetik tələblərə uyğun olaraq dəyişib, təzə keyfiyyətlər qazanıb. XVII-XVIII əsrlərin məhəbbət dastanlarında tədricən həm tarixi hadisələr, həm də tarixi şəxsiyyətlər – obrazlar reallaşır. Şah, vəzir, vəkil, sərkərdə, coğrafi ərazi adları, eyni zamanda zaman və məkan bildirilir. Məsələn, «Abbas-Gülgəz», «Heydər bəy», «Nəcəf və Pərizad», «Məhəmməd və Güləndam», «Qul Mahmud» və «Abbas» dastanları Şah Abbasla, onun dövrü ilə əlaqədardır. Nağıl və dastanlarda Şah Abbas həm mənfi, həm də müsbət şah kimi səciyyələndirilib. Hətta əksər nağılların əvvəlində Şah Abbasın ünvanına satirik atmacalarda deyilir:

Şah Abbas cənnətməkan,
Tərəziyə vurdu təkan,
İki qoz, bir girdəkan.

Şah Abbasla bağlı yaradılmış «Salehlə Valeh», «Şah Abbas vergisi», «Şah Abbas», «Şah Abbasın malı satılmayan erməniyə köməyi», «Həsən Qaranın nağılı», «Yoxsul qoca və xain vəzir», «Daşdəmirin nağılı», «Kəl Həsənin nağılı», «Məlik Çoban», «Əhməd və Sənəm» və bir çox başqa xalq nağıllarında Şah Abbas xeyirxah, ədalətli, «təğyiri-libas» olub haqqı, ədaləti bərpa edən, ölkənin qayğısına qalan, digər tərəfdən də istismarçı, acgöz, ədalətsiz, simasız, zülmkar hökmdar kimi təqdim edilir. Eyni münasibət Şah Abbasla bağlı dastanlarda da aydın nəzərə çarpır. Hətta həmin dastanlarda nağıl motivlərindən və elementlərindən istifadə olunub. «Qul Mahmud» dastanında Mahmud Şah Abbasın məktəbində təhsil alır və vəzirin qızı Leylaya aşiq olur, məktəbi qurtarıb Təbrizə gəlir, bir müddət sonra Leylanın arxasınca İsfahana yola düşür və yolda başına çoxlu macəralar gəlir. Nəhayət, gedib Leylanı tapır. Vəzir onu zindana saldırır. Məsələdən xəbər tutan Şah Abbas Mahmudu öz aşığı Mehdi ilə dəyişdirir. Mahmud onun xoşuna gəlir, vəziri razı salıb Mahmudla Leylanın toyunu edir və Təbrizə yola salır. Demək, dastana görə Şah Abbasın xüsusi məktəbi var, onun məktəbində sahibsiz uşaqlar təhsil alırlar, o ədalətlidir, sevgililəri bir-birinə qovuşdurur.
«Məhəmməd və Güləndam» dastanında da Şah Abbas Məhəmmədi oğulluğa götürüb tərbiyə edir, butasına qovuşmasına kömək edir. Lakin dastanda sehr və cadu motivləri o qədər güclüdür ki, bu xüsusiyyət Şah Abbası az qala xalq nağıllarında təsvir olunan qəhrəmanlarla eyniləşdirir. «Heydər bəy» dastanının qəhrəmanı Heydər bəy isə Şah Abbasın oğlu kimi verilib. Məhəbbət dastanlarının süjetində elə xətlər, epizodlar var ki, onlar məcazi səciyyə daşıyır, hətta dastan qəhrəmanlarının adlarının da məcazi mənası olur. Məsələn, «Tahir-Zöhrə», «Mehr-Mah», «Mahmehri ilə Xurşud», «Şahzadə-Sənubər» və başqaları bu qəbildəndir. Bu dastanlar içərisində öz qədimliyi, çoxvariantlılığı ilə seçiləni, həmçinin Şərq xalqları arasında geniş yayılanı «Tahir-Zöhrə»dir. Dastanın Azərbaycan mühitindən başqa özbək, türkmən, tatar, uyğur, Şərqi Türküstan ərazilərində də variantları, versiyaları yayılıb. Onu da qeyd etmək lazımdır ki, dastan rus, ingilis və alman dillərinə də tərcümə olunub.

Qara Namazov
professor

Bu xəbər oxundu
- - -