Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ən məhsuldar, ən etibarlı, ən zəif

08.04.16, 13:14
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

17 yaşadək futbolçular arasında Avropa çempionatının Bakıda keçiriləcək final mərhələsinin dünən atılan püşkü Azərbaycan yığmasını Portuqaliya, Şotlandiya və Belçikaya rəqib etdi. Millimizdən fərqli, seçmə və elit-raund mərhələlərində mübarizə aparan rəqiblərimizin Azərbaycana gələn yolu fərqli olub. Portuqaliya Bakıya məğlubiyyətsiz gəlir. Seçmə mərhələyə Ermənistan üzərində darmadağınla (7:0) başlayan pireneylilər San-Marinonu da 5 cavabsız qolla keçib. İngiltərə ilə heç-heçədən sonra (1:1) mərhələni 2-ci yerin sahibi kimi tamamlayan Elio Souzanın yetirmələri elit-raundda 100 faizli nəticə göstərib. Onlar İsveçi 2:0, Uelsi 1:0, Xorvatiyanı 4:2 hesabı ilə yenib.
Mövsümün ən məhsuldar futbolçusu Joao Filipe də rəqibimizin heyətindədi. O, 7 qolla Avropada hamını qabaqlayır. Onun komanda yoldaşı Joze Qomeş 5 qol vuran 4 futbolçudan biri kimi 3-6-cı yerləri bölür. Portuqaliya millisinin özü isə Çexiya ilə birlikdə hamıdan çox 20 qol vuran iki komandadan biridi. Yarımada təmsilçisi iki mərhələnin nəticəsinə görə qitədə hamını qabaqlayır. Onlar Bakıya 5 qələbə və 1 heç-heçə ilə gəlir.
Püşkatmada B səbətində yer alan Belçika yığması da elit-raundun qalibi kimi ölkəmizə gələcək. Onlar qrup birinciləri arasında ən az xal topladığı üçün bu səbətdə yer alıb. Lakin Tyerri Siquenin yetirmələri İspaniya kimi nəhəngi arxada qoyub. Seçmə mərhələyə Sloveniya (2:1), Farer adaları (4:1), Türkiyə (0:0) ilə görüşlərlə başlayan rəqibimiz elit-raundda yenidən Sloveniya ilə üz-üzə gəlib (0:0), İsraili udub (1:0), İspaniya ilə qolsuz heç-heçə edib. Belçikalılar elit-raundda qol buraxmayan 2 komandadan biri kimi Azərbaycan-2016-ya etibarlı müdafiə ilə vəsiqə qazanıb. Onlar ümumilikdə 6 oyunda 2 top buraxıb ki, bu da yalnız İspaniyadan çoxdu.
Hücumu ilə nümunə olan Portuqaliya və müdafiəsinin keçilməzliyi ilə öyünən Belçikadan fərqli, Şotlandiyanın qeyri-adi fərqləndiriləsi üstünlüyü yoxdu. Skot Qemmillin yetirmələri final mərhələsinə sürünə-sürünə gəlib. Seçmə mərhələdə Makedoniya (3:0), Bolqarıstan (0:2) və İtaliya (1:1) ilə matçlarla başlayan britaniyalılar elit-raunda qrup üçüncüləri arasında ən yaxşı nəticəyə malik komandalardan biri kimi sevinib. Növbəti raundda da 4 xal toplayan rəqibimiz Danimarkaya 0:4 hesabı ilə uduzsa da, darmadağından sonra Çexiyanı 2:0 hesabı ilə yenib və İsveçrə ilə heç-heçə edib. Top fərqində mənfi saldoya malik Qemmilllin komandası şəxsi oyunların nəticəsində 2-ci olmaqla Bakıya vəsiqə qazanıb. Şotlandiya final mərhələsinə keçirdiyi 6 oyunda ən az – cəmi 2 qələbə ilə yüksələn yeganə komandadı. Düzdü, Almaniyanın da 2 qələbəsi var. Amma Bundestim elit-raunddan başladığı mübarizədə 3 oyun keçirib.

Bu xəbər oxundu
- - -