Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycan çempionatına qayıtmaq fikrində deyiləm”

11.04.16, 13:39
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan millisinin basketbolçusu Zaur Paşayevin apasport.az saytına müsahibəsi


- Hazırda Gürcüstan çempionatında gərgin mərhələyə qədəm qoyub və şərəfini qoruduğunuz “Kutaisi” qızıl medalların bir addımlığındadı. Belə bir məqamda Azərbaycana gəlişinizin səbəbi nədi?
- Son qarşılaşmada “Sxumi”yə qalib gəldik, birinci pillədəyik. Məqsədimiz çempion olmaqdı. Azərbaycana 1 günlük səfərim Samit Nuruzadənin yığmaya baş məşqçi təyin olması ilə bağlıdı. Qarşıda komandamızı İslam Həmrəyliyi Oyunları gözlədiyindən özü məni hazırlığa dəvət etdi, durumumla məşqlərdə tanış olmaq istədi. Çoxdan idi ki, oyunumu izləmirdi və artıq baxdı.
- Yığmada Elxan Əliyevi Samit Nuruzadə əvəzlədi. Bunu necə qarşıladız? Sizcə, ehtiyac vardımı?
- Hamı bir yolu tutub getməyəcəkdi ki... Elxan müəllim də neçə ildi baş məşqçi idi. Fikrimcə, yeniliyə ehtiyac vardı. Samit Nuruzadə də İngiltərədə işləyib, gənc nəslə müasir basketbolu öyrətmək lazımdı. Mən onun məşqində oldum, hər şey əla idi. Gözəl inkişaf gedir, az müddətdə yüksəliş hiss olunur. Basketbol Federasiyası uşaqlara diqqəti artırıb və 4-5 ilə çox güclü yığmamız formalaşacaq.
- Yeni baş məşqçi siz kimi təcrübəli oyun qurucusundan razı qaldımı?
- Məşqdə diqqət yetirdi. Artıq onun qərarını gözləmək lazımdı. Yəqin ki, dəvət edər və vətəndə oynamaq üçün qaça-qaça gələrəm. İslamiadada millimizdə çıxış etsəm, çox şad olaram. Rimas Kurtinaytisin rəhbərliyi altında ilk İslam Oyunlarında qızıl medal qazanmışdıq. Ümid edirəm ki, komandaya dəvət alaramsa, bu dəfə də Samit Nuruzadə ilə çempion olarıq.
- Bəs siz gənc mütəxəssisin məşqlərini necə qiymətləndirərdiz?
- Həvəslə işlədiyini, uşaqlardan hər şeyi tələb etdiyini deyə bilərəm. Biri var məşqçi seçildi, durdu qırağa və topu atdı oraya oynayın. Yox, elə deyil. Çalışır ki, nəsə ortaya qoysun.
- Amma razılaşaq ki, Azərbaycanda basketbol elə də yaxşı günlərini yaşamır. Çempionatımız da o səviyyədə deyil ki, orada geniş seçim imkanı olsun.
- Bəli, o qədər də yüksək səviyyədə deyil. Kurtinaytisin gedişindən sonra ümumiyyətlə səviyyə aşağı endi. Gənc nəslə yer vermək lazımdı.
- Rimas Kurtinaytisin vaxtında basketbolumuzun yüksəlişi müxtəlif yarışlara, o cümlədən də avrokuboklara qatılmağımızdan irəli gəlirdi. Bu gün isə belə deyil...
- Düzdü, turnirlər azdı. Amma federasiya qarşıya inkişaf planı qoyubsa, məqsədinə çatmağı da hesablayıb. Başqa ölkələrdə yarışlarda iştirak nəzərdə tutulub. Məncə, hər şey yaxşı olacaq. Yox, əgər burada məşq edib, burada oynasalar, çətin olacaq. Başqa sözlə, istədiyimiz komandanı görmək üçün 3-5 il lazımdısa, onu 10 ilə edəcəklər. Kurtinaytisin bizlə işlədiyi 5 ildə uğurlar qazandıq. Nuruzadəni müşahidə etdim, o da məşqlərə latviyalı mütəxəssis kimi yanaşır, tələbləri tam yerindədi. Çünki Azərbaycan basketbolunun səviyyəsinin aşağı düşməsini istəmədiyimdən uşaqların yetişməyini çox arzulayıram. Bu templə davam edərsə, tezliklə əla komandamız formalaşacaq.
- Yığmada yeniliyi vurğuladız. Necə fikirləşirsiz, heyətə də əl gəzdirməyin, yaşlı nəsillə vidalaşmağın da vaxtı çatıbmı?
- Fikrimcə, cavanlarla yanaşı, təcrübəlilər də lazımdı. Çünki yeni nəsil yetişməsə basketbolumuzun gələcəyi çox pis olacaq. Yaşlıların əksəriyyəti artıq karyeralarını bitiriblər. Lazımdı ki, gənclərə şərait yaradılsın və onlar da irəli getsinlər.
- Bunun üçün ilk növbədə çempionatımızın səviyyəsi qalxmalıdı.
- Buna ümidlər böyükdü.
- Milliləşdirilmiş legionerlərimizlə oynamız və onların gücünə bələdsiz. Baş məşqçi ilə onların yığmadakı gələcək karyeraları ilə bağlı söhbətiniz oldumu?
- Təlim-məşq toplanışları olacaq. Hamını yığacaqlar. Oyun qurucusu kimi kimlə rahat anlaşıramsa, o barədə öz fikrimi deyəcəm. Hazırlıqda baş məşqçi də kimin hansı formada olmasını görəcək və seçimini edəcək.
- Yenidən klub karyeranıza qayıdaq. “Kutaisi”nin çempionluq üçün gücü yetəcəkmi?
- Bu mövsüm çempionatda demək olar ki, klublar eyni gücdədi. Kutaisinin meri basketbolu çox sevir və çempion olmağımızı istəyir. İnşallah, bunu bacararıq.
- Azərbaycan çempionatında da yarımfinalçılar bilinib. Düzdü, sizin vaxtınızdakı kimi prinsipial matçlar yoxdu, “Qala”, “Araz” klubları da fəaliyyətini dayandırıb. Pley-offda NTD “Baku Oilers”ə, AzTOP “Bakı”ya qarşı oynayacaq. Kimi çempion görürsüz?
- NTD-nin çempion olmasını istərdim. Bu komandaya Bəhram Abdinov çox kömək edir, dəstək olur. Baş məşqçi isə Tahir Baxşıyevdi və gözəl komanda gormalaşdırıb.
- Yekunda gələcək karyeranla bağlı nə deyə bilərsiz?
- Hələ 1-2 il də oynayaq, sonrasına baxarıq. Azərbaycan çempionatına isə hələlik qayıtmaq fikrində deyiləm. Çempionat zəifdi, belə də alınmır. Klublar yaranarsa, təcrübəlilər bura cəlb edilərsə, hər şey maraqlı və yaxşı olar. Amma ümid edirəm ki, 2-3 ilə basketbol arenalarımızda o vaxtkı kimi oturmağa yer olmayacaq.

Bu xəbər oxundu
- - -