Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Klopp, yoxsa “Borussiya”?

13.04.16, 13:38
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Aprelin 14-də Avropa Liqasında yarımfinalçıların adları bəlli olacaq. Apasport.az saytının məlumatına görə, 1/4 final mərhələsinin bütün cavab görüşləri eyni gündə, eyni saatda keçiriləcək. Gecənin ən maraqla gözlənilən qarşılaşması İngiltərədə baş tutacaq. İlk oyunda 1:1 hesabına razılaşan “Liverpul”la Dortmund “Borussiya”sının budəfəki dueli də gərgin mübarizə vəd edir. “Qırmızılar”ın baş məşqçisi Yurgen Kloppa sabiq komandası ilə qarşılaşmada qolsuz bərabərlik də bəs edir. “Borussiya” isə yarımfinala adlamaq üçün qələbə qazanmalı, ya da 2:2 və ya daha çox qollu heç-heçə etməlidi. Hər iki komandanın heyətində bu oyunda iştirakı sual altında olan futbolçular var. “Liverpul”da Kristian Benteke, Co Qomes, Cordan Henderson, Denni İnqs və Cordan Rossiter zədəlidi. “Borussiya”da isə Neven Subotiç eyni vəziyyətlə üzləşib. Diqqətçəkən daha bir məqam isə erkən final sayılan bu görüşün türkiyəli hakim Cüneyt Çakıra həvalə edilməsidi.
Digər maraqlı qarşılaşma “Sevilya” və “Atletik” arasında baş tutacaq. İspaniya duelinin ilk seriyasında sevinən tərəf “Sevilya” olmuşdu. Səfərdə qazanılan qələbə Əndəlus təmsilçisinin yarımfinala adlamaq şansını artırır. Lakin “Atletik” də “Ramon Sançes Pisxuan” stadionuna təslim olmaq üçün çıxmayacaq.
“Braqa”nı qəbul edəcək “Şaxtyor” da “Sevilya” kimi üstünlüyə sahibdi. Belə ki, Donetsk təmsilçisi səfərdə keçirilmiş oyunda rəqibini 2:1 hesabı ilə üstələyib. Bu isə Mirça Luçeskunun komandasının mərhələ adlamaq şansını artırır. Lakin ev sahiblərinin heyətlə bağlı problemləri var. “Şaxtyor”un heyətində Fred və Yaroslav Rakitski bu görüşü buraxacaq. Bundan başqa, Marsio Azevedo zədədən əziyyət çəkir. “Braqa” da heyətlə bağlı sıxıntı yaşayır. Portuqalların bir neçə futbolçusu - Alan, Bayano, Krislan, Pedro Santos və Rui Fontenin zədəli olduğu bildirilir.
İspaniyanın turnirdəki daha bir təmsilçisi “Vilyareal” isə “Sparta”nın qonağı olacaq. La Liqa təmsilçisi ilk matçda 2:1 hesablı qalibiyyətə sevinib. Lakin səfərdə vurduğu qol “Sparta”nı da ümidləndirir. Praqadakı qarşılaşmada ev sahibləri 1:0 hesablı qələbəyə imza ata bilsələr, yarımfinala adlayacaqlar. Bu mənada, “Vilyareal” müdafiədə ehtiyatlı oynamalıdı.

Bu xəbər oxundu
- - -