Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bütöv Azərbaycan Xalq Cəbhəsi

30.06.16, 8:28
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Bayramov Akif AMAL Əlif oğlu – 1957-ci ildə Qubadlı rayonunun Zor kəndində ziyalı ailəsində anadan olub.
1974-cü ildə N.Nərimanov adına Tibb İnstituna daxil olub. 1980-ci ildə həmin institu bitirib sanitariya həkimi ixtisası alıb. Qubadlı rayonunda, Bakı şəhərinin Nəsimi rayonunda GEM -lərdə həkim işləyib.
1985-ci ildən etibarən Sumqayıt şəhər Gigiyena və Epidemiologiya Mərkəziində şöbə müdiri vəzifəsində işləyir.
1994-1998-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərkibində döyüş bölgəsində hərbi qulluqda olub, tibb xidməti rəisinin müavini vəzifəsində işləyib. Eyni zamanda, yaradıcılıqla məşğuldur, müxtəlif KİV-də mütəmadi olaraq çıxış edir, 8 şer kitabının müəllifidir.(“Mənim yolum yoxuşadır” ,“Məni ağrıdan ağrı”,“Azadlıq ağacı” ,“Göydən Allah baxır” ,“Gözlərinin vurğunuyam” ,“Eşqəm – Allah içindəyəm” ,”Göydən gələn bir işığam”,”O daş bizi bağışlasın”). 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Ailəlidir, 3 övladı , 5 nəvəsi var.
Akif Amalın şerlərindən bir neçəsini oxuculara təqdim edirik.



Bütöv Azərbaycan Xalq Cəbhəsi


Bu vətən uğrunda, millət yolunda,
Bir azad, müstəqil dövlət yolunda,
Müqəddəs bir amal, niyyət yolunda
Qaldırır ayağa bu gün hər kəsi,
Ulu bir millətin , Xalqın Cəbhəsi,
Bütöv Azərbaycan Xalq Cəbhəsi!
Yaşasın Qüdrətli Xalqın Cəbhəsi!


Bu yol Türkçülükdən başlanıb gəlir,
Altaydan atlanıb daşlanıb gəlir.
Böyük amallara tuşlanıb gəlir-
Başlayır tarixin yeni səhfəsi,
Haqqın , ədalətin, Xalqın Cəbhəsi,
Bütöv Azərbaycan Xalq Cəbhəsi!
Yaşasın Qüdrətli Xalqın Cəbhəsi!


Bu yol-Dədəm Qorqud seçən bir yoldur,
Oğuz Xan yüz ölçüb, biçən bir yoldur.
Atilla, Çingiz Xan keçən bir yoldur-
Hərəmiz Cavanşir, Tomris nəvəsi,
Gücün,cəsarətin, Xalqın Cəbhəsi,
Bütöv Azərbaycan Xalq Cəbhəsi!
Yaşasın Qüdrətli Xalqın Cəbhəsi!


Vüqarlı, qürurlu sağı, soluyla,
Qartal qanadıtək qalxan qoluyla,
Açdığı bir yeni cığır, yoluyla
Təzələnib əzmi , ruhu, nəfəsi,
Yurda sədaqətin, Xalqın Cəbhəsi,
Bütöv Azərbaycan Xalq Cəbhəsi!
Yaşasın Qüdrətli Xalqın Cəbhəsi!


Tanrıdan bir şəfəq çilənir elə,
Elçibəy izinə bələnir hələ...
İdrakla baxanda bilinir belə-
Sabahın işığı, nuru , şöləsi,
Odun , hərarətin, Xalqın cəbhəsi,
Bütöv Azərbaycan Xalq Cəbhəsi!
Yaşasın Qüdrətli Xalqın Cəbhəsi!


Üfüqdə bir yeni şimşək tək çaxır,
Dövranla döyüşdən idrakla çıxır.
Tanrı sədası tək göylərdən axır-
Xalqın öz içindən ucalır səsi,
Xaliqin, xilqətin, Xalqın Cəbhəsi,
Bütöv Azərbaycan Xalq Cəbhəsi!
Yaşasın Qüdrətli Xalqın Cəbhəsi!


Tarixin təkəri təkrarən çönər,
Millətim oyanıb kökünə dönər...
Zaman kəsiyində bir dövran dinər-
Dolub daşar yenə arxı, dəhnəsi,
Əzmin, qətiyyətin, Xalqın Cəbhəsi,
Bütöv Azərbaycan Xalq Cəbhəsi!
Yaşasın Qüdrətli Xalqın Cəbhəsi!


Duraq bir də qalxaq, düşmən boğulsun,
Başımız üstündən duman dağılsın.
Bir bayraq altına gəlib yığılsın,
Böyüsün, güclənsin türkün çevrəsi,
Qürurun, qeyrətin, Xalqın Cəbhəsi,
Bütöv Azərbaycan Xalq Cəbhəsi!
Yaşasın Qüdrətli Xalqın Cəbhəsi!


Ömrün hər bir günü döyüş, cəngidi,
Əbədi çalınan zaman zəngidi.
Üçrəngli bayrağın yaşıl rəngidi,
Sənlə savaşanla “savaş” surəsi,
Dinin, şəriətin,Xalqın Cəbhəsi,
Bütöv Azərbaycan Xalq Cəbhəsi!
Yaşasın Qüdrətli Xalqın Cəbhəsi!


Ər oğlu ərənlər qalxsın ayağa,
Yığılaq işıqlı, vahid ocağa...
And içək üçrəngli , uca bayrağa-
Oxuyaq türkçülük,-birlik nəğməsi,
Birliyin, vəhdətin, Xalqın Cəbhəsi,
Bütöv Azərbaycan Xalq Cəbhəsi!
Yaşasın Qüdrətli Xalqın Cəbhəsi!


Səsimə səs versin Hərtiz, Savalan,
Oyansın Zəngəzur,Dərbənd, Həmədan.
Ta qalxsın Borçalı,Göycə,İrəvan-
Bir daha hayqırsın Türkün nərəsi,
Yenilməz qüvvətin, Xalqın Cəbhəsi,
Bütöv Azərbaycan Xalq Cəbhəsi!
Yaşasın Qüdrətli Xalqın Cəbhəsi!


Başlansın bir qılınc-qalxan davası,
Yeddi min yeddi yüz dəli havası...
Dağılsın düşmənin yurdu,yuvası-
Bir bülbül görməsin bir də qəfəsi,
Azad bir ümmətin, Xalqın Cəbhəsi,
Bütöv Azərbaycan Xalq Cəbhəsi!
Yaşasın Qüdrətli Xalqın Cəbhəsi!


Şah Qacar Şuşanı almağa qalxsın,
Dağlıq Qarabağda qalmağa qalxsın.
Cavad Xan qələbə çalmağa qalxsın-
Nadir Şahın başa çatsın qayəsi,
Taleyin,qismətin,Xalqın Cəbhəsi,
Bütöv Azərbaycan Xalq Cəbhəsi!
Yaşasın Qüdrətli Xalqın Cəbhəsi!


Oğuzlu, Səlcuqlu ellərim bilsin,
Altaydan Alpacan çöllərim gülsün.
Min beş yüz birinci illərim gəlsin-
Gülsün Şah İsmayıl üzü, çöhrəsi,
Şərəfin,şöhrətin, Xalqın Cəbhəsi,
Bütöv Azərbaycan Xalq Cəbhəsi!
Yaşasın Qüdrətli Xalqın Cəbhəsi!


Məhəmməd Əmin tək addan güc alsın,
Ay-ulduzlu baraq qalxsın, ucalsın.
Səfəvi boyda bir taxta tac olsun-
Şimallı, cənublu odlar ölkəsi,
Milli bir dövlətin, Xalqın Cəbhəsi,
Bütöv Azərbaycan Xalq Cəbhəsi!
Yaşasın Qüdrətli Xalqın Cəbhəsi!


Gün gələr,qazannıq böyük zəfəri,
Yurdun yenə gülər hər bir nəfəri.
Sona çatar elin “köçgün” səfəri-
Bəzən qəmli olur tarix səhnəsi,
Ülfətin,şəfqətin,Xalqın Cəbhəsi,
Bütöv Azərbaycan Xalq Cəbhəsi!
Yaşasın Qüdrətli Xalqın Cəbhəsi!


Yumruq tək birləşək , qüvvətli olaq,
Əyilməz , yenilməz , qüdrətli olaq.
Qüdrətlə bir olaq, Qüdrətli olaq-
Bu ad bizə bəlkə Tanrı töhfəsi,
Ruhun, fəzilətin, Xalqın Cəbhəsi,
Bütöv Azərbaycan Xalq Cəbhəsi!
Yaşasın Qüdrətli Xalqın Cəbhəsi!


Bütövlük,vahidlik gələr,-bir olsaq,
Millətin çöhrəsi gülər,- bir olsaq.
Tanrı bizi nura bələr,-bir olsaq,
Çağlayır, kükrəyir könlümün səsi,
Eşqin,məhəbbətin,Xalqın Cəbhəsi,
Bütöv Azərbaycan Xalq Cəbhəsi!
Yaşasın Qüdrətli Xalqın Cəbhəsi!


Dərd ...

Məndən başqa heç kəs bilməz,
Sənin dilsiz dilini – Dərd.
Məndən özgə bir kəs gəlməz,
Bir də sıxmaz əlini – Dərd.

Ola bilər bağa girən ,
Bağdan da bir çiçək dərən ...
Mənim qədər qəmlər görən
Bir də üzməz gülünü – Dərd.

Bulandırıb duru suyu ,
Ona – buna qazdın quyu ...
Çox görmüşəm yollar boyu
Qəfil qalxan selini – Dərd.

Olsan da can alan canan,
Səni sevmir heç kəs inan...
Ta qol açmaz əli yanan,
Bir də qucmaz belini – Dərd.

Xəbərin yox yan uçandan,
Səndən uzaq, gen qaçandan ...
Bu dünyaya göz açandan
Gördüm səhra, çölünü –Dərd.

Düşdüm Vətəndə - köçəri,
Gördüm qəmi, çəkdim çəri...
Bir gün içimdən içəri
Sovuracam külünü –Dərd.


Mənim tək qəmdən əriyən,
Könlünü kədər kürüyən,
Qəlbini qüssə bürüyən,
Döyə bilməz vəlini – Dərd.

Daha mənə olub, olan...
Bütün arzu ,ümid yalan...
Saçlarını duman alan
Sığallamaz telini –Dərd.

Qəm –qüssədən ərimişdim,
Bir yoxluğa yerimişdim...
Bəlkə çoxdan çürümüşdüm-
Diriltdin mən ölünü – Dərd.

Göndər bütün qüssə, qəmi,
Çəkəcəyəm dərdlə dəmi...
Görməzsən ta Akif kimi
Səni sevən dəlini – Dərd.



Sirr saxlanır

Hər nə varsa –yaxşı öyrən,
Hər bir şeydə sirr saxlanır.
Sonsuzluğun arasında –
Göy dayaqsız gör ,saxlanır.

“Qara dəlik”-bir biçimdə,
Ulduzlar hey öz köçündə,
Küllü kainat içində
Bir cəzb ilə yer saxlanır.

Aləmlərin sırasında ,
Ulduzların arasında,
Uzanan yol qarasında
Bir işıq , bir nur saxlanır.

Yaradanın yaratdığı,
Yaranmışın qopartdığı,
Hardan hara apartdığı,
Bir səcdəgah , pir saxlanır.

Cismin əksi göz içində,
Fikrin məğzi söz içində...
Dəryaların öz içində-
Lap dərində dürr saxlanır.

Vaxtı heç vaxt vermə boşa,
Ömrü kamil sən vur başa,
Hər gün dur bir daşı-daşa,
Sözü sözə hör ,saxlanır.

Eşqə tapın, Akif , var ol,
Hər bir yerdə eşqə car ol,
Səni sevən yara yar ol –
Əhdə vəfa bir saxlanır.



Belə gəldim, belə getdim



Başçılara baş əymədim,
Namərd qapısı döymədim.
Bir əyrini heç öymədim-
Necə gədim,elə getdim,
Belə gəldim, belə getdim.


Kürsülərə göz dikmədim,
Rütbə üçün bel bükmədim.
Vardan ötrü diz çökmədim-
Dağ kökündə dağ tək bitdim,
Belə gəldim, belə getdim.

Haqqı nahaqqa satmadım,
Bir yalana əl tutmadım.
Doğrulara şər atmadım-
Nə düzdürsə,- onu etdim,
Belə gəldim, belə getdim.

Əyri yerdə dolaşmadım,
Çirkablara bulaşmadım.
Alçaqlara calaşmadım-
Saf gəlmişdim, saf da itdim.
Belə gəldim, belə getdim.


Xain yanında durmadım,
Düzə tələlər qurmadım.
Bircə qəlbi də qırmadım-
Hər bir yerdə dada yetdim.
Belə gəldim, belə getdim.

Haqqın yolundan çıxmadım,
Vurub zəifi yıxmadım.
Özgə gözələ baxmadım-
Akif, ömrü eşqlə ötdüm,
Belə gəldim, belə getdim.



Oxuyammıram ...

Tanrı ətəyindən asılıb taxtım...
Zaman kəsiyində gözləyir vaxtım. .
Ovcuma yazılıb qismətim,baxtım-
Əlimin içini oxuyammıram.

Ömrümün boyunca çalındıqca ney,
Hər bir dərs verəndən öyrəndim bir şey....
Bir sevda yolunda içdim acı mey-
Ulu eşq gücünü oxuyammıram.

Bu dövran ötüşür,-sanki bir yuxu,
Seçib ayırır ta yoxsulu,toxu...
Varda var olanı oxuyur çoxu-
Həyatın heçini oxuyammıram.

Ta gücü, taqəti düşüb dizimin,
Dəyəri,kəsəri itib sözümün...
Yaş ötüb,azalıb nuru gözümün-
Bir ömrün üçünü oxuyammıram.

Bağçamın bağbanı olsam bağ olar,
Yaxşı əməlimi yığsam dağ olar...
Desəm səhvim yoxdur,bir az ağ olar-
Bir şair suçunu oxuyammıram.

Taleyim,qismətim nə vaxt daşlanar,
Durub köç etməyə qalxar,daşlanar...
Ömrün son ucunda nə vaxt başlanar
Bir zaman biçimi,oxuyammıram.

Hər tale üstündən bir zaman keçir,
Hər kəs bu bulaqdan bir ovuc içir...
Hər gələn bir ömür yaşayır,köçür-
Akifin köçünü oxuyammıram.


Yazaram...

Sübh çağı çöllərdə çiçək üstünə
Şəfəqlər şeh-şəbnəm çilər,-Yazaram.
Payız nə vaxt durub dağın qəsdinə
Döşünü dumana bələr,-Yazaram.

Göyqurşağı kimi açdım gözümü,
Misri qılınc təki çaldım sözümü...
Min illik bir tarix nə vaxt izimi
Bu yurdda təzədən silər,-Yazaram.

Yaşadım bir ömür yaşıdım yaşı,
Həyat yollarında daşıdım daşı....
Gözümdə göllənən bir cüt göz yaşı
Yanağımda şeh tək gülər,-Yazaram.

Bu yurdum,el-obam Adəm yaşında,
Bir tarix yaşayır hər bir daşında...
Analar oğluna beşik başında
Bir layla deyib ,nə dilər,-Yazaram.

İnsanam,adamam adam içində,
Yaşadım yurd-yuvam,odam içində...
Bu göyün üstündə-O dam içində
Tanrı bəxtimə nə ələr,-Yazaram.

Uca Haqq yolu var-heç vaxt azmaram,
Olan Haqdan olur,-qeyri yozmaram.
Mən özüm bir kərə yazı yazmaram-
Tanrı nə məsləhət bilər,-Yazaram.

Anamın anası Ana dilimdi,
Atamın arxası Yurdda külümdü...
Ən birinci şerim gözəl ölümdü-
Onu da nə vaxtsa gələr,-Yazaram.

Ahı,naləsi var hər bir daşın da,
Torpaq sözün deyər Qaval daşında.
Akif AMAL nə vaxt Yurd savaşında
Qalxıb şəhid düşər,ölər,-Yazaram.

Bu xəbər oxundu
- - -