Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Qorqudşünaslıqda “kafirlərə” müxtəlif yanaşmalar

05.07.16, 12:24
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

I yazı

Qorqudşünaslıqda “kafirlərə” müxtəlif prizmalardan yanaşılıb. Təəccüb doğuran budur ki, kafirlərlə bağlı daha çox ziddiyyətli, qeyri-elmi nəticələr söylənilib. Burada diqqətçəkən bir neçə fikrə münasibət bildirmək zərurəti yaranır: E.Əlibəyzadəyə görə, “Kitab”dakı kafirləri ermənilər və gürcülər kimi başa düşmək lazımdır: “Kitab”da bu qonşular ümumi bir adla “kafir” deyə təqdim edilir. Ermənilər və gürcülər nəzərdə tutulur... Belə anlaşılır ki, hələ o vaxtlar – 1400-1500 il bundan öncə qonşularımız şər-şamata olublar, xəyanət, dava-dalaş həmişə onlar tərəfindən başlanıb...son 5-6 ilin hadisələri, təcavüz, qanlı müharibə də təsdiq edir ki, iddialı olmaq, şər, hiylə, qərəz, ədalətsizlik bu xalqın xilqətində, canında varmış... Bu həqiqət Qorqud Atanın şahidliyi ilə dastanlarda öz əksini və bədii həllini çox gözəl tapıb...” (E.Əlibəyzadə. Kitabi-Dədə Qorqud. Bakı, 1999, səh.111-112).
Müəllif “Oğuzlar və bədxah qonşuları” ilə bağlı fikirlərini “Bəkil oğlı Əmrah boyu” kontekstində bir az da “dəqiqləşdirir”. Belə ki, gürcülər sözünü ermənilərin xeyrinə ixtisar edərək yazır: “...Budur, min dörd, min beş yüz il bundan əvvəlki erməni sifəti. Bu gün də o, bu sifətini göstərir: bu sözün əyər-əskiyi yoxdur. Bu münasibət tarixən eynilə davam edib gəlir...” (səh.114). Hörmətli professorumuzun bu fikirləri Azərbaycan tarixinə ziddir. Əsl tarix hiss-həyəcanla, emosiyaya qapılmaqla yox, tutarlı fakt və arqumentlərlə danışmağı sevir...
Məgər ermənilərin Cənibi Qafqazda məskunlaşma tarixini V əsrə aparmaq olarmı? Heç şübhəsiz ki, yox!!! Burada emosiyalarını cilovlaya bilmədiyi, həm də ermənilərə kəskin nifrət bəslədiyi üçün qeyri-dəqiqliyə yol vermiş E.Əlibəyzadəyə yazıçı Anarın bir fikrini xatırlatmaqla kifayətlənirik: “Kitabi-Dədə Qorqud”da “erməni” və “hay” sözlərinə rast gəlmirik. “Təkür” sözünü erməni kəlməsi “taqavor” kimi oxuduqda belə, bu, farsca “tacidar”dan törənmiş qeyri-müəyyən hökmdar titulundan başqa bir şey deyil” (Anar. Dədə Qorqud dünyası. Sizsiz. Bakı, 1992, səh.33).
Ş.Cəmşidov kafirləri birbaşa erməni kimi təqdim etməsə də, şərhlərinin ümumi semantik yükündə “kafir=erməni” modeli açıq-aydın görünür; “...Yaxın qonşularla Oğuz qəhrəmanları arasında düşmənçilik, demək olar ki, mövcud deyil. Heç yerdə Oğuzlarla onların yaxın qonşuları olan erməni və gürcülərlə toqquşmaya təsadüf etmirik”(Ş.Cəmşidov. Kitabi-Dədə Qorqud. Bakı, 1977, səh.109). Sovet ideologiyasının təsiri qabarıq şəkildə görünən bu cümlələrdən belə anlaşılır ki, “Kitabi-Dədə Qorqud” dövründə guya ermənilər Oğuzlarla mehriban qonşuluq şəraitində yaşayıb.
Qeyd etdiyimiz kimi, bu cür izahlar tarixi həqiqətləri əks etdirmir. Bu məqamda Ş.Cəmşidov və E.Əlibəyzadədən gətirdiyimiz sitatları semantika baxımından qarşılaşdırmaq lazım gəlir: sitatlarda “Kitab”ın poetik strukturu, semantikası nəzərə alınmayıb; hər iki müəllif erməniləri Oğuzların qonşusu hesab edir; biri erməniləri dost kimi (Ş.Cəmşidov), digəri düşmən kimi (E.Əlibəyzadə) təqdim edir; erməniləri dost hesab edən (Ş.Cəmşidov) sovet dövlətinin, düşmən hesab edən isə (E.Əlibəyzadə) müstəqil Azərbaycan dövlətinin ziyalısı kimi çıxış edir... “Kitab” isə hər iki fikri təkzib edir. Burada M.C.Bağırovun 1951-ci il mayın 24-də Azərbaycan K(b)P-nin XVIII qurultayındakı çıxışından bəzi parçaları təqdim etmək lazım gəlir. Ulu kitabımıza qarşı əsassız, həm də qərəzli hücumları müdafiə edən M.C.Bağırov deyir: “...Bu yaxınlarda Azərbaycan Sovet Yazıçıları İttifaqı öz növbəti məsələlərini müzakirə etdiyi zaman “Dədə Qorqud” kitabının qiymətləndirilməsinə tamamilə doğru yanaşıb. Bəzi ədəbiyyatşünaslar və yazıçılar siyasi sayıqlığını itirərək uzun illər ərzində bu zərərli, xalqa zidd kitabı Azərbaycan eposu adı ilə təbliğ ediblər. “Dədə Qorqud” xalq eposu deyil. Bu kitab başdan-başa soyğunçuluq və qırğın məqsədilə Azərbaycana gələn köçəri oğuzların hakim, yuxarı təbəqələrini tərifləməyə həsr edilib. Bu kitab tamamilə millətçilik zəhəri ilə doludur, müsəlman olmayan başqa xalqlara, əsasən, qardaş gürcü və erməni xalqlarına qarşı yazılıb” (“Ədəbiyyat” qəzeti, 26 may 1951-ci il). Bu parçanın semantik yükü barədə qısaca olaraq aşağıdakıları söyləmək olar: Azərbaycan türklərinin etnogenezində xüsusi yer tutan Oğuzlar köçəri, soyğunçu adlandırılaraq təhqir edilir; “Kitab”ın guya, gürcü və erməni xalqlarına qarşı yazıldığı xüsusi olaraq qabardılır; “Kitab”ın Azərbaycan eposu olması qəti şəkildə rədd edilir.
Cənubi Qafqazdakı türk etnosunun tarixinə islam və xristian dinləri kontekstində yanaşaraq düzgün nəticələr çıxarmış K.Bəşirovun fikirləri də yuxarıda dediklərimizi arqumentləşdirir: “Türklərin, o cümlədən azərbaycanlıların ilk rəsmi dinlərindən olan xristianlığın islam dini xatirinə inkarı bir çox tarixi həqiqətlərin düzgün qavranılması yolunda bizə əngəllər yaradıb. Din naminə qarşılıqlı milli imtina alban – türklərin erməniləşməsinə və ya dünya ictimaiyyətinə ermənilər kimi tanıtdırılmasına səbəb olub. Dağlıq Qarabağ və Ermənistan toponimlərinin böyük əksəriyyətinin türk mənşəli olması, Qarabağda özlərini erməni adlandıranların dil, adət və ənənələrinin gəlmələrdən əsaslı fərqi bunların türk mənşəyindən xəbər verir” (K.Bəşirov. Mürəkkəb quruluşlu Azərbaycan toponimləri. Bakı, 2008, səh.7).
O.Ş.Gökyay “Dədə Qorqud”un coğrafiyasından bəhs edərkən yazır: “Ermenistan – Arap coğrafiyaçılarına göre, Kür ile Hazer arasındaki bütün memlekete, yani Gürcüstan`a, Arran (Albaniya) ve Derbend boyuna... kadar Kafkasya`nın dağlık bölgesine verilen ad. Buraların tarihinin çoklukla ve özellikle müslümanlar ilə olan dögüşlerde, Ermenistan`ın tarihine sıkıca bağlı olduğu görülmektedir. Arap tarihçi ve coğrafiyaçılarının verdikleri başka bir bilgiye göre, Berda, Arran, Nahçevan bölgeleri de Ermenistan`dan sayılıyordu. Bugün Sovyetler Birligi içerisinde ve Aras`ın kuzeyi ile onun bir kolu olan Arpaçayı arasında bir cumhuriyet olan bölgenin adı olup başkenti Erivan`dır” (O.Ş.Gökyay. Dedem Korkudun kitabı. İstanbul, 2000, səh. 87).
Bəri başdan qeyd edək ki, O.Ş.Gökyayın fikirləri tarixi həqiqətləri düzgün əks etdirmir. Müəllif unudur ki, “Ərməniyyə” Ermənistan deyil, türklərin yaşadığı ərazinin adıdır, “ərmən” də erməni mənşəli yox, türk mənşəli sözdür (ər – igid, mən-adam). Təəccüb, həm də təəssüf doğuran budur ki, “Kitab”da “hay” və “Hayıstan” kəlmələri işlənməsə də, haylarla bağlı heç bir hadisəyə işarə olunmasa da, O.Ş.Gökyay “Dədə Qorqud”un coğrafiyası kontekstində “qədim” və müasir Ermənistandan bəhs edir, tarixi faktları saf-çürük etmək əvəzinə, təhrif edilmiş şəkildə təqdim edir.
Burada bir neçə faktı xatırlatmaq lazım gəlir: birincisi, N.Gəncəvinin “Xosrov və Şirin” poemasının “Şapurun Şirini axtarmaq üçün Ərmənə getməsi” hissəsində “Ərmən” Şirinin Vətəni kimi təqdim olunur: “Şirinin yanına bir aya gəldi... Ərmən dağlarına gəlib yetişdi”; ikincisi, bir sıra tarixi mənbələrdə “Bərdə” Ərməniyyənin mərkəzi şəhəri kimi göstərilir: “...8 (VIII-Ə.T.) əsrdə Əməvilər xilafətinin tərkibində yaradılmış canişinlik. Canişinliyin inzibati mərkəzi Dvin (Dəbil) şəhəri idi, 789-cu ildə mərkəz Bərdəyə köçürüldü (Azərbaycan Sovet Ensiklopediyası. IV cild, Bakı, 1980, səh. 228); üçüncüsü, etimoloji araşdırmalarda “Bərdə” daha çox türk mənşəli söz kimi izah olunur.

ƏZİZXAN TANRIVERDİ
filologiya üzrə elmlər doktoru, professor

Bu xəbər oxundu
- - -