Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Qorqudşünaslıqda “kafirlərə” müxtəlif yanaşmalar

08.07.16, 9:31
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

II yazı

Ə.Haqverdiyev bu cür araşdırmaların demək olar ki, əksəriyyətinə münasibət bildirib: “Bərdə qədim türk dillərindəki “qab, piyalə, kuzə” anlamlı “bart” sözü əsasında yaranıb (A.Axundov); “Bərdə sözü qədim türk dilində qol, ensiz çay, sapabənzər çay, tel mənasındadır” (E.Əzizov); “Bərdə adlı yaşayış məskənləri Orta Asiya, Ural və Altay ərazilərində də vardır” (E.Murzayev); “Orta Asiyada sakların yaşadığı Sakistan vilayətində Bərdə adlı şəhər olmuşdur” (Q.Qrum – Qrijimaylo); “Bərdə toponimi sak tayfalarından olan partien tayfasının adından alınıb, “qaçmaq” mənasını ifadə edir” (M.Elli)...
Ə.Haqverdiyev bu tip fikirlərin hər birini saf-çürük edərək yazır: “...Çin mənbələrində xun kimi qeyd olunan hunlar eradan əvvəl sak tayfalarının ən güclü qollarından birini təşkil ediblər. Onların tərkibində olan tayfalardan biri isə bərdorlar olub... Bərdə şəhərinin adı eradan əvvəl sak tayfalarının tərkibində Azərbaycan ərazisinə gəlmiş bərdor tayfasının adından alınmış, sonralar çox cüzi dəyişikliyə uğrayaraq Bərdə adlandırılıb” (Ə.Haqverdiyev. Orta əsr Bərdə şəhəri. Bakı, 1991, səh.15-16). Bu faktlar Ermənistanı “Kitab”ın coğrafiyasına aid edən O.Ş.Gökyayın haqlı olmadığını bir daha təsdiq edir.
“Kitab”a daha çox qədim türk epik təfəkkürü və islam dini kontekstində yanaşan N.Cəfərov bir sıra maraqlı mülahizələr söyləyir: “...kafirlər əsir düşmüş oğuz igidlərinə - qazilərə cəza versələr də, onları öldürmürlər... hətta xoş günlərində həmin igidləri gətirib qopuz çaldırır, qulaq asırlar. Çox zaman igidi ona görə əsir saxlayırlar ki, öz yerinə (Oğuza) qayıdıb yeni qüvvə ilə onların (kafirlərin) üzərinə gəlməsin... “Kitab”da təqdim edilən epik zaman kafirlər üçün deyil, islamı qəbul etmiş oğuz türkləri üçün işləyir ... Eposda etnik münaqişədən söhbət getmir, bütün ziddiyyətlər dini-ideoloji mahiyyət daşıyır, müsəlmanlarla kafirlər arasında baş verir. Lakin müsəlmanların əsasən oğuz türklərindən, kafirlərin isə qıpçaq türklərindən, gürcülərdən (ümumən iber-Qafqazlardan), yunanlardan (rumlardan) və s. olması həmin münaqişələrə müəyyən dərəcədə etnik məzmun verir. Oğuz igidləri kafirlərdən qız alırlar, hətta “Baybura oğlu Bamsı Beyrək boyu”ndan belə məlum olur ki, Baybecan qızı Banıçiçəyi, bir tərəfdən, Beyrəklə beşikkərtmə nişanlı edir, digər tərəfdən kafirə - Bayburt hasarının bəyinə söz verir ki, qız onundur...” (N.Cəfərov. Eposdan kitaba. Bakı, 1999, səh.112-115).
“Kitab”ın semantikasına, eyni zamanda qədim türk tarixinə istinadən söylənilmiş bu fikirlərdə bir neçə cəhət diqqəti cəlb edir: kafirlər sırasında ilk olaraq məhz qıpçaq türklərinin adı verilir; kafirlər sırasında erməni adlı bir etnosun adı yoxdur (bir sıra tədqiqatçılar isə kafirlər dedikdə daha çox ermənilərin nəzərdə tutulduğunu göstərirlər); kafirlər qopuz çaldırır, qopuza qulaq asırlar; Oğuz bəyləri kafirlərdən qız alırlar; kafirlər əsir düşmüş Oğuz igidlərini öldürmürlər; Baybicanla Bayburad Hasarının bəyi arasındakı gizli məqamlara işarə edilir.
Anar “Kitab”dakı kafirlərlə bağlı “Kitab”ın semantikasına, eyni zamanda qədim türk tarixinə istinadən söylənilmiş, bu fikirlərdə bir neçə cəhət diqqəti cəlb edir: kafirlər sırasında ilk olaraq məhz qıpçaq türklərinin adı verilir; kafirlər sırasında erməni adlı bir etnosun adı yoxdur (bir sıra tədqiqatçılar isə kafirlər dedikdə daha çox ermənilərin nəzərdə tutulduğunu göstərirlər); kafirlər qopuz çaldırır, qopuza qulaq asırlar; Oğuz bəyləri kafirlərdən qız alırlar; kafirlər əsir düşmüş Oğuz igidlərini öldürmürlər; Baybicanla Bayburad Hasarının bəyi arasındakı gizli məqamlara işarə edilir. İki mülahizə irəli sürür: “Kitabi-Dədə Qorqud”da kafirlərlə döyüşlər dastanın çox sonralar yazıya alınmış nüsxələrində müəyyən dini dona geyindirilsə də, bunun əsərin ruhunda, mahiyyətində heç bir möhkəm əsası, kökü yoxdur... onlar heç bir xalqı təcəssüm etməyən mücərrəd, dastanvari epik yağılardır”; “Kitab”dakı əsas oğuz düşməni Şöklü (bəzi nəşrlərdə Şükülü, ya Şüklü) Məlikdir. Bu adın milli mənsubiyyətini təyin etmək çətindir. Məlik kafirlərin başçısıdır, amma axı Kiçik Asiyada islam dini uğrunda xaçpərəstlərlə müharibə aparan qəhrəmanın da adı Məlik Danışmənddir. “Kitab”da başqa Məliklərin adına diqqət edək: “Ağ Məlik, Qara Aslan Məlik, Buğacıq Məlik və i.a.” (Anar. Dədə Qorqud dünyası. Sizsiz. Bakı, 1992, səh.31-33).
Müəllifin ikinci fikri daha inandırıcı görünür. Problemə oğuz-qıpçaq türkləri kontekstində yanaşan S.Əlizadə və F.Zeynalovun fikrincə, “kafirlər – müsəlman olmayan, bütpərəstliyə inanan qıpçaq və karluq tayfalarıdır” (Kitabi-Dədə Qorqud. Bakı, 1988, səh.136).. Bu fikrin düzgünlüyünü qüvvətləndirən bir neçə arqumentə diqqət yetirək:
– kafirlərin şəxs adlarının əksəriyyəti türk mənşəlidir: Ağ Məlik, Qara Arslan Məlik, Qıpçaq Məlik, Buğacıq Məlik...;
– eyni apelyativli bir sıra şəxs adları həm Oğuzlar, həm də kafirlər üçün səciyyəvidir: Oğuzlarda – Buğac, Arslan, Qarabudaq...; kafirlərdə - Buğacıq, Qara Arslan (buğa, qara, arslan);
– kafir obrazları üçün səciyyəvi olan “məlik” titulu Oğuz bəyi Baybicanın antroponimik modelində də müşahidə olunur: Baybican məlik – “Baybican məlikiŋ qızın aldı” (D-121). Yeri gəlmişkən, “Kitab”ın 1988-ci il Bakı nəşrində bu cümlədəki “məlikin” sözü “bəgin” sözü ilə əvəz edilib. Həmin cümlədəki “məlik” titulu ilə bağlı K.Abdulla maraqlı bir açıqlama verir: “Baybura – bəy, Baybican – məlikdir... Onu da unutmayaq ki, “məlik” titulu Dastanda bir, ya iki bu kimi hal istisna edilərsə, yalnız kafir adları ilə yanaşı işlədilir. Məsələn, müqayisə edin: Şöklü Məlik, Qara Təkur Məlik, Qara Arslan Məlik və s. Bu detalın özü, nə qədər kiçik olsa da, əhəmiyyətlidir. Çünki Baybican və onun tərəfdarlarının təmiz Oğuz dünyası ilə əlaqələndirilməsinə işarə edir” (K.Abdulla. Mifdən yazıya və yaxud gizli Dədə Qorqud. Bakı, 2009, səh.192).
– “bəglik” tituluna həm Oğuz, həm də kafir obrazlarının dilində rast gəlinir. Qazanın dilində: “Bəglər, bugünki bəgligim bunın olsun”; kafirin dilində: “Saŋa bəglig adı verəlim”;
– “bəg” tituluna kafir obrazlarının dilində də təsadüf edilir: “Emdi Qazan bəg, di, bizi ög!”. Bu titul “kafər bəgləri” kimi söz birləşmələrində də müşahidə olunur: “Kafər bəgləri dərildilər gəldilər”;
– “Ağ Məlik Çeşmə qızı” antroponimik modelindəki “Çeşmə” qadın adı gözəllik simvollu bir ad kimi müasir türk, xüsusən də Azərbaycan antroponimikasında intensivdir: Çeşmə, Çeşməgül, Çeşmənur...;
– “Kitab”dan kafir adı kimi keçən “Qıpçaq Məlik” antroponimik modelindəki “qıpçaq” etnonimi müasir Azərbaycan toponimikası baxımından səciyyəvidir: Qıpçaq kəndi, Qıpçaq düzü... (Qax rayonu); Qıpçaq çayı (Zaqatala rayonu).
– Alp Ərən, Səgrək, Dəli Domrul kimi Oğuz bəylərinin kafir qızları ilə evlənməsini də təsadüfi hesab etmək olmaz;
– Anar tarixi mənbələrə istinadən yazır: “Tarixdə xristian Səlcuq xanı, yəhudi, xristian, şamanist, bütpərəst və müsəlman xəzərlər məlumdur. Yeynək də nədənsə, Qazana “keşiş” deyib” (Anar. Dədə Qorqud dünyası. Sizsiz. Bakı, 1992, s.31).
Müəllif sonuncu fikrini “Kitab”dakı bu cümləyə istinadən söyləyib: “Qoŋur atlu Qazana “keşiş” deyən bəg Yegnək Turı ayğırına bin¬di”. Bu cümləyə, eyni zamanda Anardan gətirdiyimiz sitatdakı sonuncu cümləyə “Kitab”ın ümumi semantik tutumu və qədim türk tarixi kontekstində nəzər salaq: Qazana “keşiş” deyilməsi heç bir şübhə doğurmur, əksinə, onun xristian keçmişinə işarədir; Qazan kimi nüfuz sahibinə “keşiş” deyən adi adam deyil, Bayındır xanın vəziri Qazılıq qocanın oğlu Yeynəkdir. Həm də o Yeynəkdir ki, atasını – Qazılıq qocanı mərdliklə dustaqlıqdan azad edib. Digər tərəfdən, Yeynəyin dayısı Əmən də məlik titullu Baybican kimi Daş Oğuzdandır: “Taş oğuz bəglərinə adam saldı. “Əmən gəlsün, Alp Rüstəm gəlsün, Dönəbilməz Dülək Uran gəlsün...”. Bu isə belə bir fikri reallaşdırır: Oğuz elində Qazana “keşiş” deyə müraciət olunma təbii qarşılanıb; Qazanın qarıcıq anasının əmizadəsi Baybicanın “məlik” titulu da həmin gizli motivlərə (Qazana keşiş deyilməsi) işıq salan detallardandır: “...Beyrək Baybican məlikin qızın aldı. II boyun əvvəlində Qazana “keşiş” deyilməsinə birbaşa işarə olunur. Həmin boyun sonunda isə Qazanın qarıcıq anası keşişə arvad kimi istənilir: “Qarıcıq anaŋı gətürmişiz, bizimdir, Saŋa verməziz, Yayxan keşiş oğlına verəriz”. Bu fikirlərin kafir tərəfindən hansı niyyətlə ifadə olunmasından asılı olmayaraq, “keşiş Qazan”la Yayxan keşiş, həm də Qazanla ümumən xristian türkləri arasında bir assosiativlik, məntiqi bağlılıq görünür. IV boyda Uruzun Qazana müraciətində “keşiş” sözünün işlənməsini də təsadüfi hesab etmək olmaz: “Pilon geyən keşişiŋ əlin öpərəm, Qara gözlü kafər qızın mən aluram”. Amma bir cəhəti də qeyd edim ki, A.Hacıyev “keşiş” sözünə tam başqa bucaqdan yanaşıb. Müəllif 1999-cu ildə çap etdirdiyi məqaləsində bir neçə arqument gətirir: “keşiş” leksemini kiriş (tarixən oxatma, güləşmə, atçapma və atdanyıxma yarışlarında oyun yoldaşına verilən arxaik ad) sözünün katib tərəfindən yanlış köçürülmüş variantı kimi izah edir; 2007-ci ildə isə “Dədə Qorqud kitabı”nın dünya mədəniyyətinə bəxş edilməsində müstəsna xidməti olan “Drezden nüsxə katibini bu məqamda da təhrifə görə suçlamaqda “tələsmişik”, - deyərək müxtəlif mənbələri saf-çürük edir: “etimoloji baxımdan “kesiş //keşiş //küsüş //küşüş” arxaik sözü “arzu etmək, arzulamaq” mənalı “küsə” feli ilə eyni mənşədən törəmə olmalıdır. Ən ümdəsi, ibn Mühənna lüğətində “keşiş” sözü “əziz, istəkli” anlamında Allahın adlarından biri kimi şərh olunmuşdur. Bu da “keşiş” arxaizminin “Dədə Qorqud kitabı”nda göstərilən məqamda məhz “əziz, istəkli, dəyərli, arzu olunan” mənalarını ifadə etməsini deməyə əsas verir” (A.Hacıyev.”Dədə Qorqud kitabı”: oxunuşlar, açımlar. Bakı, 2007, səh.75-79).
Bu fikirlər yuxarıda qeyd etdiklərimizlə müqayisədə tam əks qütbdə dayanır. Burada təkcə onu qeyd edək ki, V.B.Bartold həmin sözləri (Qazanla bağlı deyilmiş “keşiş” sözü və “Yayxan keşiş oğlı” antroponimik modelindəki “keşiş” apelyativini) məhz “pop” (keşiş) kimi tərcümə edib.
Bütün bunlar bir daha təsdiq edir ki, “Kitab”dakı kafirləri ermənilər kimi təqdim etmək elmə ziddir, tarixi saxtalaşdırmaq, uydurma tarix yaratmaqdır. “Kitab”dakı kafir obrazlarını isə üç istiqamətdə qruplaşdırmaq olar: qıpçaq və karluqlar (xristian türkləri); yunanlar; gürcülər.


ƏZİZXAN TANRIVERDİ
filologiya üzrə elmlər doktoru, professor

Bu xəbər oxundu
- - -