Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Azərbaycan həqiqətləri erməni ədəbi mənbələrində

14.07.16, 8:24
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Xalq Cəbhəsi” qəzeti filologiya üzrə elmlər doktoru, mərhum professor İsrafil Abbaslının tərtib, tərcümə və toplayıcı olduğu “Azərbaycan həqiqətləri erməni ədəbi mənbələrində” kitabından hissələri təqdim edir.

III yazı

Geğam Tarverdiyan – (XX əsr) folklor toplayıcısı və naşiri: “Mənim topladığım erməni aşıqlarının müəyyən hissəsi tamamilə Azərbaycanca şeir söyləyiblər. Qalan aşıqların əksəriyyəti isə öz əsərlərini Azərbaycan və erməni dillərində yaradıblar. Yalnız ermənicə şeir qoşan aşıqların sayı 20-25-dən artıq deyil”. Erməni aşıqları, I cild, İrəvan, 1937, s.19.
Q.Levonyan – (XX əsr) folklorşünas, teatrşünas: “Bu məktəbin (türk-osmanlı-erməni aşıq məktəbi – İ.A.) aşıqlarından hər hansı birinin erməni dilində yazıb-oxuması nadir bir hal idi. Onlar öz mahnılarını türkcə – Osmanlı sultanlığının dövlət dilində qoşurdular”. Q.Levonyan. Aşıqlar və onların sənətkarlığı, İrəvan, 1944, s.37.
Mesrop Canaşyan – ədəbiyyatşünas: “Aşıq yaradıcılığı fars (İran nəzərdə tutulur, farslarda aşıq sənəti yoxdur - red.) və türk təsiri altında olub. Bu təsir hətta onların təxəllüslərində, habelə yaratdıqları şeir formalarının adlarında da qorunub. Havaların sayı 60-dan artıqdır”. Mesrop Canaşyan. Xarici erməni ədəbiyyatı tarixi, I cild, Venesiya, S.Qazar nəşri, 1953, s.119.
Manuk Abeğyan – (1865-1944) ədəbiyyatşünas, folklorşünas və dilçi. Erm. EA həqiqi üzvü: “Əlimizin altında müxtəlif variantları olan 1700-ə qədər bayatı var. Təəssüf edirik ki, bizim dilimiz çoxmənalı sözlərdən kasıbdır, eyni məna daşıyan ifadələr olduqca azdır, elə bunun üçün də özümüzə yaxın olan türkcəyə (azərbaycancaya – İ.A.) müraciət edirik”. M.Abeğyan. Xalq nəğmələri, Vağarşabat, 1904, s.35.
Hraçya Acaryan – (1876-1954) tanınmış dilçi və ədəbiyyatşünas, Erm. EA həqiqi üzvü: “XI əsrdən etibarən türklərin ermənilər üzərinə yürüşü başlayır ki, bu da öz təsirini daha çox dildə göstərirdi”. Türk-tatar dilləri cümlə quruluşu, cümlədə sözlərin düzülüşünə görə bütün Hind-Avropa, eynilə də erməni dilinin qanun-qaydalarının əksinədir. Məsələn, Hind-Avropa dillərində olduğu kimi erməni dilində deyilir: Mən gördüm quşu ağacın üstündə oxuyurdu. Türk-tatar dillərində cümlənin sonundan başlayaraq həmin fikir belə çevrilib (ifadə olunub):
Mən ağacın üstündə oxuyan quşu gördüm”. Məhz bunun, yəni türk-tatar dillərinin təsiri nəticəsində erməni dilinin qrammatik qanun-qaydaları da dəyişilib və aşağıdakı şəkli alıb: “Ağacın üstündə oxuyan quşu gördüm”. H.Acaryan. Yeni erməni ədəbiyyatı tarixi, Vağarşabat, 1906, s.9-10.
H.Manandyan və H.Acaryan: “Görünür, bu şeirlərin xüsusi ölçüsü, yaxud havası olub, çünki onları Nəsiminin, yəni onun müəllifinin adına bağlayıb yazırdılar. Onların sayı həddindən çox idi. Budaq 1524-cü ildə 1000-dən artıq nəsimi (şeir şəkli -İ.A.) bilirdi. Tutaq ki, heç də bunların hamısı Nəsiminin deyil, ancaq müəyyən hissəsi onundur, yenə də müəllifin adı ilə bağlı xeyli qalmış olar. Nəsiminin şeirləri, xalq tərəfindən sevilir və nəsildən-nəslə adlayır. Budaqdan 128 il sonra, 1652-ci ildə bu nümunələr yaşamaqda idi. Nəsiminin dərisini soyub öldürüblər.” H.Manandyan və H.Acaryan. Yeni erməni fədailəri (1155-1843), Vağarşabat, 1903, s.721.
Avedik İsahakyan – (1875-1957) şair, Erm. EA həqiq üzvü: “Hacıbəyov öz gözəl operalarını yazarkən Azərbaycanın zəngin və misilsiz xalq musiqisindən istifadə edib. Bu musiqi həmişə erməni xalqına doğma olub. Bu musiqi həmişə erməni və Azərbaycan xalqlarını bir-biri ilə bağlayan qardaşlıq əlaqələri içərisində ən gözəli olub”. Av.İsahakyan. Seçilmiş əsərləri, IV cild, İrəvan, 1951, s.44
“Nizami poeziyasının qüdrəti bu gün belə hakim islam aləmi şairləri üzərində hökmranlıq etməkdədir”. Yenə orada, s.97.
“Nizami … fantastikanı mümkün qədər real həyata gətirib, onu Azərbaycan xalqının məişəti ilə yoğuraraq Azərbaycan və Qafqazın tarixi keçmişi və coğrafi adları ilə bağlayıb”. Yenə orada, s.99.
“Bizim qardaş Azərbaycan xalqının bayatılardan ibarət zəngin bir şeiriyyət xəzinəsi var. Bu bayatılar vasitəsilə təbiətə çox yaxın olan bir xalq bütün öz həyat tərzini canlandırıb. Onları yaradanların adları bəlli olmasa da, müəllifləri xalq içərisindən çıxıb və xalq içərisində ərimiş şəxslərdir. Onlar övladlarını itirmiş analar, qəribliyə düşmüş qaçqınlar, sevmiş və məhəbbətə düçar olmuş qız və oğlanlardır”. Yenə orada, s.156.
“Bütün gözəlliyi ilə dağ havası, habelə məhəbbət, həsrət, kədər, qəhrəmanlıq, iztirab, nisgil – bax bayatıların ruhu bunlardan ibarətdir, Azərbaycan xalqının ruhu budur”. Yenə orada.
“Erməni xalqı da bayatıları çox sevir, böyük bir məhəbbətlə erməni və Azərbaycan bayatılarını oxuyur. Ancaq xüsusi olaraq Qarabağ və Zəngəzurun erməniləri bayatıları azərbaycanlılar qədər yaxından duyaraq onlar vasitəsilə öz ürək arzularını bildirirlər”. Yenə orada, s.157.
“Yüzilliklər boyu Azərbaycan və erməni xalqı bir-birinə böyük ümid bəsləyib, eyni torpaqda, eyni günəşin altında yaşayıblar. Azərbaycan xalqının əsrlik yaradıcılığı – atalar sözü və məsəlləri, nəğmə və musiqisi həmişə ermənilər üçün doğma olub. Xalq düşmənlərinə, xan və bəylərə qarşı vuruşan epik xalq qəhrəmanı Koroğlu, bizim erməniləri də eyni dərəcədə mübarizəyə ruhlandırıb. Bizim aşıqlarımız eyni sazla tarix boyu bizə doğma olan azərbaycanca nəğmələr oxuyublar. Mən kiçik yaşlarımdan Azərbaycan nəğmələrini dinləyərkən xalqımla birlikdə özümü doğma vətənimdə hiss etmişəm”. “Sovetakan Hayastan” qəzeti, 1938, 20 aprel.
“Nizami öz dövrünün qabaqcıl ideyalarını təbliğ edən mütəfəkkir filosof-şair idi. O, daxilən… islam dini ehkamlarının,… cəhalətin əksinə idi. Əzilən xalqın və qadınların azadlığını, xalqlar dostluğu ideyalarını təbliğ edirdi”. Nizami Gəncəvi. Leyli və Məcnun, İrəvan, 1947, s.4. (kitaba müqəddimə).
“O, (Nizami – İ.A.) bizim üçün, Qafqaz xalqları üçün eyni dərəcədə doğma və əzizdir. O, öz insanpərvər və azadlıq ideyaları ilə Qafqaz xalqlarının qardaşlığında böyük vasitələrdən biri olub və olur. O, bizim qafqazlıların qarşılıqlı əlaqələrində həmişə iştirak edir. Nizami yalnız Azərbaycanın fəxri deyil, eləcə də bizim Qafqaz xalqlarının – azərbaycanlıların, gürcülərin və ermənilərin fəxridir”. Av.İsahakyan. Seçilmiş əsərləri, IV cild, İrəvan, 1951, s.100-101.
Yeğişe Çarents (1897-1937) – şair: “Zaqafqaziya və Azərbaycanın tanınmış dramaturqu Cəfər Cabbarlının vəfatını bilib dərindən kədərlənmişəm. Bu tanınmış insanla bir neçə görüşümdən sonra mənə aydın oldu ki, onun şəxsində nəinki təkcə Azərbaycan, habelə bütün Zaqafqaziya ədəbiyyatı və teatrını ümumittifaq miqyasında tanıdan sənətkarımız var. Zaqafqaziya ictimaiyyəti içərisində ön cərgədə gedənlərdən biri olub, bizim beynəlmiləl bolşevik mübarizəsi və qələbəsini təsvir, tərənnüm edən sənətkar, qabaqcıl dramaturq, böyük zəka sahibi idi”. “Qrakan tert” (Ədəbiyyat qəzeti), 10 yanvar, 1935, №1.
Derenik Dəmirçiyan – (1877-1956) tanınmış yazıçı, Erm. EA həqiqi üzvü: “Nizami öz əsərlərində Azərbaycan xalqının əsrlər boyu yaratdığı mədəniyyətin xülasəsini verib. Beləliklə o, Azərbaycan xalqının mənəvi mədəniyyətini aydın və bədii formada əks etdirib”. D.Dəmirçiyan. Böyük humanist, “Sovetakan Hayastan” qəzeti, 21 sentyabr, 1947.
“Onun (Nizaminin – İ.A.) bütün fikirləri və aforizmləri, adətən mövcud vəziyyətin əksinə olaraq, xalqların dilinə düşüb. Nizamidən bir çox nəsillər dərs alıb. Zorakılıq, qan tökmək və hiyləgərlik hökm sürən əsrlərdə belə Nizaminin yaradıcılığı gələcək həqiqi intibaha yetişmək üçün bəşəriyyətin qəlbində yaşayıb qalıb”. Yenə orada.
Qaregin Yeretsiyan – tanınmış journalist, “Molla Nəsrəddin”lə eyni ildə nəşrə başlayan “Xatabala” jurnalının naşiri və redaktoru: “Mirzə Cəlilin öz həmkarlarından birinin vasitəsilə sübh çağı mənə göndərdiyi “Molla Nəsrəddin”in ilk nömrəsi heç vaxt yadımdan çıxmaz. İnsanı dərin düşüncələrə vadar edən bu jurnalı açdım, oxudum, uzun zaman şəkillərinə tamaşa etdim və məndə belə bir ümid doğdu ki, savadlı, ictimai məzmunlu, öz qarşısına ciddi məsələlər qoyan bu jurnal xalq tərəfindən seviləcək”. “Mən həmişə Cəlil Məmmədquluzadənin ədəbi, tənqidi və ictimai fəaliyyətini yüksək qiymətləndirirdim. O, olduqca mədəni adam idi. Az danışar, çox işləyərdi. O, bütün varlığı ilə öz xalqına bağlanmışdı”.
“Sovet Ermənistanı” qəzeti, 30 mart, 1965, №38.
A.Terteryan – sovet ədəbiyyatşünası, Erm. EA həqiqi üzvü. “Ermənilər söz-söhbətlərində, danışıq zamanında həmişə Azərbaycan atalar sözü və məsəllərinə müraciət ediblər”. A.Terteryan. Abovyanın yaradıcılığı, İrəvan, 1941, s.202.
Nairi Zaryan – sovet yazıçısı. “Zaqafqaziya xalqlarının qardaşlığı uğrunda mübarizə edən, Azərbaycan ədəbiyyatının böyük klassiki Sabirin şanlı xatirəsi qarşısında başımı əyərək qardaş Azərbaycan ədəbiyyatının böyük gününü təbrik edirəm”. “Kommunist” (ermənicə) qəzeti, 28.XII, 1936.
Stepan Zoryan – sovet yazıçısı. Nizami “…öz zəmanəsindən yüksəklərə qalxaraq gələcək əsrlərin humanistlərinə əl uzadır”. St.Zoryan. Azərbaycanın böyük şairi, “Sovetakan Hayastan” qəzeti, 21 sentyabr, 1947, №222.
“Nizami dünyanın böyük şairlərindən biri olub çoxdandır ki, dünya ədəbiyyatının söz nəhənglərinin panteonunda möhkəm yer tutub, xüsusilə Şərqdə həm bir şair və sənətkar, həm də mütəfəkkir kimi yeganə olub”. Yenə orada.
“… Biz bu dahi şairi (Nizamini – İ.A.) özümüzə doğma sayırıq, çünki onun əsərlərində çox əziz duyğular və fikirlər vardır ki, onlar bu gün belə bizi həyəcanlandırır və düşündürür”. Yenə orada.
“Öz sənəti və öz fikirləri ilə o, (Nizami – İ.A.) istər müasirlərinə, istərsə də sonrakı bir çox şairlərə, eləcə də ədəbiyyatşünaslarımızın dediyinə görə, orta əsrin bir neçə erməni şairinə xeyirxah təsir göstərib”. Yenə orada.
“Nizami bizə doğmadır. Bir də ona görə doğmadır ki, Nizami əsərlərində Ermənistan haqqında və şairə tanış olan bilici qocalar, yəni bizim o zamanın yazıçıları haqqında qızğın məhəbbətlə danışır”. St. Zoryan. Azərbaycan xalqının dahisi, “Kommunist” qəzeti, 27 sentyabr, 1947.
“Biz fəxr edirik ki, Azərbaycanın bu böyük oğlu bizim gözəl Zaqafqaziyanın oğlu, dünyaya belə incilər – əsərlər verib və bu əsərlər çoxdandır ki, dünyanın söz sənəti nəhənglərinin panteonunda Nizaminin də yer tutmasına səbəb olub”. Yenə orada.

Bu xəbər oxundu
- - -