Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Qaraqalpaq ədəbiyyatı”

14.07.16, 12:40
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Professor Nizami Tağısoyun kitabının təqdimatı olub

Bakı Dövlət Universitetində filologiya üzrə elmlər doktoru, professor Nizami Tağısoyun “Qaraqalpaq ədəbiyyatı” kitabının ölkənin tanınmış folklorşünas və ədəbiyyatşünaslarının iştirakı ilə təqdimat mərasimi keçirilib. Təqdimat mərasimini BDU-nun Şifahi Xalq Ədəbiyyatı kafedrasının müdiri, f.ü.e.d., prof. Səhər xanım Orucova açaraq Nizami Tağısoyun “Qaraqalpaq ədəbiyyatı” kitabının məziyyətlərindən danışıb, əsərin türkologiyamızda roluna və yerinə diqqət çəkib, onun ədəbiyyatşünaslığımızda mühüm hadisə olduğunu qeyd etməklə ali məktəblərdə dəyərli dərslik kimi istifadə edilməsindən söhbət açıb.
Sonra BDU-nun Şifahi Xalq Ədəbiyyatı kafedrasının dosenti, f.ü.f.d. Məhəmməd Məmmədov Nizami Tağısoyun “Qaraqalpaq ədəbiyyatı” kitabı haqqında geniş məruzə edib, onun müxtəlif bölmələrində təqdim olunmuş mövzu və problematikalarla bağlı mülahizələr irəli sürüb, bu əsərin Azərbaycanda qaraqalpaqların folkloru, eposu, etnoqrafik düşüncəsi, klassik ədəbiyyatı, XX əsr və müasir ədəbiyyatının necə təqdim olunmasını diqqət mərkəzinə çəkib, bu əsərin Azərbaycan türkoloji ədəbiyyatşünaslığında mühüm yeri olduğunu bildirib.
BDU-nun Türk Xalqları Ədəbiyyatı kafedrasının müdiri, f.ü.e.d., professor Ramiz Əsgər Nizami Tağısoyun “Qaraqalpaq ədəbiyyatı” kitabını ensiklopediya adlandırıb. ADPU-nun professoru, f.ü.e.d. Mahmud Allahmanlı Nizami Tağısoyun kitabını qaraqalpaq xalqının ədəbi-mədəni salnaməsinin təqdimi kimi səciyyələndirib, ADPU-nun professoru, f.ü.e.d. Yaqub Babayev kitabda təqdim olunmuş janrların və ədəbi dövrlərin mükəmməl struktura və məzmuna malik olduğunu qeyd edib, BDU-nun Rus ədəbiyyatı kafedrasının profesoru, f.ü.e.d. Leyla Gərayzadə bu kitabın azsaylı türk xalqlarının ədəbiyyatının Azərbaycanda öyrənilməsində mühüm mənbə olduğunu söyləyib, BSU-nun professoru, f.ü.e.d. Rüstəm Kamal “Qaraqalpaq ədəbiyyatı” kitabının ədəbi türkologiyamızda rolundan danışıb, BDU-nun Şifahi Xalq Ədəbiyyatı kafedrasının profesoru, f.ü.e.d. Nizami Xəlilov Orta Asiya türklərindən olan qaraqalpaqların ədəbiyyatının Azərbaycanda öyrənilməsində zəruri addım olmasını söyləyib, BSU-nun Azərbaycan ədəbiyyatı kafedrasının dosenti, f.ü.f.d. Fərrux Məmmədov “Qaraqalpaq ədbiyyatı”na vurğunluğun onda Nizami Tağısoy tərəfindən 80-ci illərdə tədris etdiyi “Türk xalqları ədəbiyyatı” fənninin təsiri ilə yarandığını söyləyib, ondan dərs aldığına görə özünü Nizami müəllimin xoşbəxt tələbələrindən olduğunu qeyd edib, türk klassikləri Məhdumqulu, Abay, Muxtar Auezov, Əbdücəmil Nurpeyisov, Bərdi Kərbabayev, Tulepbergen Kaipbergenov və başqa bu kimi böyük mütəfəkkirləri ona doğmalaşdırdığına görə minnətdarlıq edib, BDU-nun dosenti, f.ü.f.d. Etibar Talıblı Nizami Tağısoyun “Qaraqalpaq ədəbiyyatı” kitabının Azərbaycan Universitetlərindəki humanitar fakültələrdə türk xalqları ədəbiyyatının tədrisində mühüm mənbə olduğunu vurğulayıb.
Müzakirələrdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini Malik Əliyev prof. Nizami Tağısoyla dostluğundan, onun böyük erudisiya daşıyıcısı olduğundan, elmdə tənqidi mövqe tutmasından, məqsədə doğru irəliləməsindən və tədqiqatlarında böyük uğurlara imza atdığından danışıb, özünü fədakar alim kimi təqdim etməsini diqqətə çatdırıb. Daha sonra Nizami Tağısoyun həmkarı, ADPU-nun dosenti, p.ü.f.d. Heydər Cəfərov çıxış edərək Nizami Tağısoyla 40 ildən artıq dostluq etməsindən, alimin geniş spektrli yaradıcılıq fəaliyyətindən, çoxşaxəli elmi axtarışlarından, Azərbaycan-rus ədəbi əlaqələri sahəsindəki araşdırmalarından, geniş tərcüməçilik fəaliyyətindən, türk xalqları ədəbiyyatının müxtəlif problemlərinə özünəməxsus rakurslardan yanaşmasından, onun nəinki Azərbaycan-rus ədəbiyyatının bilicisi, səriştəli mütəxəssisi, ədəbi əlaqələr araşdırıcısı, həm də türk xalqları etnogenezini, etnik mədəniyyətini, epos təfəkkürünü və ədəbiyyatını dərindən bilən məsuliyyətli bir elm fədaisi olduğunu dilə gətirib. Müzakirələrdə dosent, f.ü.f.d. Ülkər Nəbiyeva, dosent, f.ü.f.d. Kəmalə İslamzadə, f.ü.f.d. Könül Həsənova, Dədə-Qorqud ETL-nin elmi işçisi f.ü.f.d. Almara Nəbiyeva və başqaları çıxış edərək Nizami Tağısoyun “Qaraqalpaq ədəbiyyatı” kitabının tətbiqi xarakterindən, onun ədəbiyyatşünaslığımızda mühüm mədəni hadisə olmasından, kitabın başqa danılmaz keyfiyyətlərindən söhbət açıblar.
AMEA-nın Folklor İnstitutunun böyük elmi işçisi Elçin Qaliboğlu bu əsərin gələcəkdə türk xalqlarının ədəbi-mədəni əlaqələrinin öyrənilməsində rolunu vurğulayıb: “Nizami Tağısoyun yaradıcılığında türkçülüyün insani ifadəsini təqdim etmək gələnəyi və inadı var. Onun bir kökdən su içən türk xalqlarının tarixinin, mədəniyyətinin, uğurlarının, habelə yenilməzliklərinin Azərbaycan oxucusuna çatdırılması yönündəki çabaları diqqətçəkəndir. Bu, soydaşlıq məsuliyyətidir, milli-mənəvi borcun ödənməsidir. O, bu kimi dəyərli işlərində ardıcıldır, ulusal-insani təəssübkeşlik yolçusudur. Ümumiyyətlə, dünya bundan sonrakı çağda türk idrakının gücünü görəcək. Bu, qaçılmazdır. Ona görə ki, türkün ruhu, insançılığı dünyaya hava-su kimi gərəklidir. “Qaraqalpaq ədəbiyyatı” kitabı çağımız üçün çox gərəkli, sistemli araşdırmadır-türk birliyinə xidmət edən”.
Təqdimatın sonunda prof. Nizami Tağısoy təqdimatda çıxış və iştirak edən alimlərə təşəkkürünü bildirib. Kitab “Bütün həyatını, elmi-ədəbi yaradıcılığını Türk xalqlarının folkloruna, tarixinə, həyat tərzinə həsr etmiş Türk düşüncəsi və Türk böyüklüyü ilə yaşamış Türkçülərin xatirəsinə” həsr olunub. Elmi redaktoru AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, rəyçilər - Bakı Dövlət Universiteti Türk xalqları ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Ramiz Əskər, Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Dədə Qorqud” Elmi Tədqiqat Laboratoriyasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Elman Quliyev, Bakı Slavyan Universitetinin professoru, filologiya üzrə elmlər doktoru Rüstəm Kamal, Bakı Slavyan Universiteti Ədəbiyyat kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Fərrux Məmmədovdur.
Annostasiyada vurğulanır: “Azərbaycanda Qaraqalpaq ədəbiyyatının folklor və epik yaradıcılıq dönəmindən başlayaraq bu günümüzə qədərki mərhələlərini, inkişaf istiqamətlərini, təmayüllərini, mövzu və problem xüsusiyyətlərini, müxtəlif və rəngarəng janrların özünəməxsusluğunu, ayrı-ayrı sənətkarların yaradıcılıq üslublarını etnogenetik təfəkkür tərzi müstəvisində işıqlandıran kitabda qaraqalpaqların ədəbi-estetik düşüncəsi, poetik aləmi, onun uğurları nəzərdən keçirilir. Milli ədəbiyyatı yaradanların, ədəbi tənqidin inkişafında xidmətləri olan folklorşünasların və ədəbiyyatşünasların bədii-nəzəri mülahizə və fikirləri təhlil olunur. Qaraqalpaq folklorunun, incəsənətinin, ədəbiyyatının türk ədəbiyyatları çevrəsində yeri və rolu müəyyənləşdirilir. Kitabdan ali məktəblərin bakalavr və magistr pilləsində təhsil alan tələbələr, dissertantlar və doktorantlar, türk xalqları tarixi, etnogenezi, folkloru, mədəniyyəti və incəsənəti, klassik ədəbiyyatı, XX əsr ədəbiyyatı ilə maraqlananlar və digərləri istifadə edə bilərlər. Kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulub”.

Bu xəbər oxundu
- - -