Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Qaraqalpaqların, qarapapaqların, xəzərlərin və qaqauzların etnogenetik tarixi birliyi

02.08.16, 8:29
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

II yazı
Qaraqalpaqların içində iri torpaq - sahibləri tayfa-qəbilə feodalları (bəylər, atalıqlar, bəylərbəyliklər), bəylər, ticarətçilər, vəzifə sahibləri (qazılar, rəislər, mirablar), hərbi başçılar, ruhanilərin nümayəndələri - mollalar, axundlar, işanlar və b. vardı. Ruhani nümayəndələri məhkəmə hakimiyyətini həyata keçirirdilər. Kəndlilər əsasən torpaqsız idilər, torpaqsız kəndlilər heç bir əmlaka və mal-qaraya malik olmadan uzun illər ərzində, bəzən isə ömrü boyu varlılara bir qarın çörəyə işləməli olurdular. Qaraqalpaq cəmiyyətində sinfi bölgü həm də qaraqalpaqların içində olan çoxsaylı heyvan sahibləri olanlar arasında aparılırdı. Burada bəylər, mirablar, yüzbaşılar vardı. Bəylər, atalıqlar, bəylərbəyliklər, ruhanilər, məhrəmilər, qazilər, rəislər və qıpçaq qəbiləsindən olan Aydos bəy son dərəcə böyük səlahiyyətlərə malik idilər.
Çətin həyat şəraitinə baxmayaraq, qaraqalpaqlar Qaraqalpaqstan ərazisində inkişaf etməyə başladılar. Onların o dövrdə iri inzibati mərkəzləri Amudəryanın sol sahilindəki Kunqrad, sağ sahilindəki Çimbay şəhəri idi. Qaraqalpaqstan ərazisindəki təsərrüfat xanlar tərəfindən inkişaf etdirilirdi. Xanların iki minə qədər qulları, nökərləri vardı. Xanlar ilbəil töycünü artırırdılar. Xalqın acqalma təhlükəsi yaranırdı, epidemiyalar baş alıb gedirdi, xalqsa bundan cana doyurdu. XIX əsrin ortalarında bütün bunlar qaraqalpaqların üsyana sürüklənməsinə gətirib çıxartdı. Bu üsyanın önündə Yernəzərbəy gedirdi. Onu həm də Yernəzər Alagöz adlandırırdılar. Qaraqalpaqlar müstəqil olaraq öz xanlarını elan etdilər və Yernəzər bəyə qaraqalpaq qəbilələrini birləşdirməyi təklif etdilər. Bundan başqa kunqradların qohumları da bəylərin, starşinaların, yüzbaşıların çox hissəsini qaraqalpaq tayfalarından öz tərəflərinə çəkməyə çalışırdılar. Hər iki arıs – həm kunqradlar, həm də on dörd uruq olduqca qısa bir zaman kəsiyində çiyin-çiyinə dayandılar. Üsyana qalxmış qaraqalpaqlara həm də türkmənlər, qazaxlar və özbəklər qoşuldu. Lakin onların birləşməsi heç də əzabdan qurtulmağa gətirib çıxara bilmədi. Rusiya hökuməti üsyançılara heç bir kömək etmədi. Yernəzər – Alagözün rəhbərliyi altında üsyan edən qaraqalpaqlar məğlub edildi.
Əhali ac və müflis vəziyyətə salındı. Səfalət hər yanı bürümüşdü. Bununla belə bu üsyanın ən başlıca cəhəti ondan ibarət oldu ki, onun nəticəsində müxtəlif xalqların nümayəndələri birləşə bildi. Üsyanın boğulmasında rus hakimiyyətinin qeyri-ciddiliyi kifayət qədər mənfi rol oynadı. Rusiya faktiki olaraq qaraqalpaqlara heç bir bel bağlamırdı. XIX əsrin 60-cı illərinin ortalarında qaraqalpaqların vəziyyəti daha da mürəkkəbləşdi. Bu dövrdə rus ordusu Xivəyə tərəf hərəkət edirdi. Aral donanmasının gəmiləri isə Amudəryanın aşağı hissəsində yerli əhalinin gözü qarşısında Xivə xanlığına öz gücünü nümayiş etdirir və ondan qat-qat güclü olduğunu sübut etməyə çalışırdı. Xivə Rusiya tərəfindən alındı. Belə olduğu halda qaraqalpaqlar daha ağır vəziyyətə, həm Xivə xanlığının, həm də Rusiyanın təsiri altına düşdülər. Rusiya imperiyası burada milli münasibətləri, milli düşmənçiliyi daha da gərginləşdirdi. Töycülər artdı, buna görə də qaraqalpaqlar rus siyasətindən ciddi şəkildə narazı qaldılar.
Bu dövrdən başlayaraq qaraqalpaqlar və Qaraqalpaqstan Rusiya iqtisadi həyatının sferasına qoşuldu, kənd təsərrüfatı canlanmağa başladı, mədəni-maarif həyatı gücləndi. Artıq XX əsrin əvvəllərində qaraqalpaqlar yenidən Buxara əmirliyinin və Xivə xanlığının təsiri altına düşdülər. Bu dövrdə basmaçıların başçısı Cunayid xanla güclü döyüşlər gedirdi. Eyni zamanda xarici müdaxiləçilərə qarşı da mübarizə genişlənirdi. Belə mübarizə müstəvisində xalq təsərrüfatı son dərəcə pis vəziyyətə düşdü. Bir qədərdən sonra yeni həyatın bərpası dövrü başlandı.
1920-ci ildən maarif və təhsilin inkişafı zəif də olsa nəzərə çarpırdı. 1924-cü ildə qaraqalpaq dilində «Birinci addım» adlı qəzet nəşr olunmağa başladı, pedaqoji və kənd təsərrüfatı texnikumları yaradıldı. Tanınmış qaraqalpaq yazıçısı və maarifçisi S.Məcidov tərəfindən ilk «Əlifba» və «Oxu kitabı» ana dilində nəşr olundu. Sonrakı dövrlərdə xalq təhsilinin inkişafına Qaraqalpaq Muxtar Vilayətinin Qaraqalpaqstan Muxtar Respublikasına çevrilməsi səbəb oldu. 1920-1980-ci illərdə Qaraqalpaqstanda xalq təhsili, ədəbiyyat və mədəniyyət intensiv şəkildə inkişaf etməyə başladı. Respublikada 15-dək ali və orta ixtisas təhsili müəssisələri yaradıldı ki, burada minlərlə tələbə təhsil almaq imkanına malik olurdu. Bu dövrdə eyni zamanda Qaraqalpaqstanda elmi-tədqiqat işləri də yüksək sürətlə inkişaf edirdi.
XIX əsrin II yarısından başlayan xalqın folklor və etnoqrafiyasının yığılması üzrə ekspedisiyalar XX əsrin 20-ci illərindən daha da intensivləşməyə başladı. Bu dövrdə elmi-terminoloji bölmə, ölkə¬şünaslıq muzeyi, vilayət kitabxanasının tarixi şöbəsi, qaraqalpaq yazıçılar birliyi yaradıldı, folklor və etnoqrafik materialın yığılması gücləndi, xalqın dilinin öyrənilməsinə başlanıldı, yeni dərsliklər, dərs vəsaitləri hazırlandı, qaraqalpaq əlifbasının formalaşması, təkmilləşməsi üzrə yeni layihələr tərtib edildi. Qaraqalpaq Elmi-Tədqiqat İnstitutunda, Qaraqalpaqstanda filologiya və tarix üzrə çoxsaylı tədqiqat işləri aparılmağa başladı. Burada məşhur alimlər - türkoloqlar P.P.İvanovun, N.A.Baskakovun, S.E.Malovun və digərlərinin, eləcə də, S.P.Tolstovun, S.Tolstovanın, T.A.Jdankonun, E.E.Bertelsin, T.Qulamovun, A.S.Sadıkovun, İ.M.Mu-minovun, M.K.Nurmühəmmədovun, N.Davkarayevin, K.Aimbetovun, K.Maksetovun və digər bu kimi alimlərin, tarixçilərin, etnoqrafların, folklorşünasların, eposşünasların, ədəbiyyatşünasların əsərləri hazırlanıb işıq üzü gördü, xalqa çatdırıldı.
XX əsrdə qaraqalpaq ədəbiyyatı xüsusilə sürətlə inkişaf etməyə başladı. Qaraqalpaq ədəbiyyatında yeni janrlar – dramaturgiya, nəsr, ədəbi tənqid yaradıldı, qaraqalpaq ədəbiyyatının digər region və ölkələrin, xalqların ədəbiyyatları ilə münasibətləri, qarşılıqlı əlaqələri daha da genişləndirildi.
Türk qəbilələrinin etnogenezi daim alimlərin maraq dairəsində olsa da, indiyə qədər tarixi - etnoqrafik ədəbiyyatda qaraqalpaqların, qarapapaqların, xəzərlərin, və qaqauzların vahid tarixi birlik altında birləşməsi ilə bağlı hələ də mükəmməl nəzər nöqtəsi mövcud deyil. Bununla bağlı adını çəkdiyimiz xalqların tarixi, etnogenezi, mədəniyyəti, folkloru, dili və dini baxışlarını əks etdirən çoxsaylı mülahizələr ortada dayanmaqdadır. XX əsrə qədər qaraqalpaqlar tarixi ədəbiyyatda qarapapaqlar kimi (ərəb mənbələrində «kaum-i-kul-sia», rus mənbələrində «çyornıye klobukı», Qızıl Ordada «qıpçaqlar» qarabörklü- N.T.) nəzərdən keçiriliblər. Qaraqalpaqlar 30-dan artıq tayfa – qəbilə birliyindən formalaşmış onlar Amudərya, Sırdərya, Fərqanə, Xivə, Jaik və Ural ərazilərində yaşayıb və başqurdlarla sıx əlaqələrdə olub, uzun müddət ərzində rus sərhədlərini qoruyublar. Elə xəzərlər də Kiyev Rus dövlətinin ərazilərini, sərhədlərini Knyaz Svyatoslavın hakimiyyəti dövründə kənar həmlə-lərdən hifz ediblər.
«Qaqauz» etnonimi «uz», «quz», «oquz» morfemindən ibarət olmaqla, türk (tork, türük, turk, – N.T.) sözünə aiddir ki, həm də burada «qa» və yaxud «qaqa» və ya «göy-üz», yaxud «göy-oğuz»dan götürülüb. Türk alimi A.Ercilaşunun fikrinə görə «qaqauz» qıpçaq qəbilələrinin «qaqa» qəbiləsindən olmaqla «üz»dan ibarətdir, daha doğrusu, «qaqauz» sözü «qıpçaq-oğuz», «oğuzlar», qıpçaqlar ölkəsindən gələn oğuzlar deməkdir.
Qarapapaqlar da türk qəbilələrindən biri olmaqla, əvvəllər qara qoyun dərisindən papaq geyinirdilər (türk dilində “papaq” və “qalpaq” eyni sözü ifadə etməkdədir – N.T.). Buna görə də «qarapapaq» və «qaraqalpaq» etnonimləri bir-birinin sinonimidir. Bundan başqa türk dilində bu günə qədər «papaq» və «qalpaq» sözü ilə bərabər «börk» sözü də işlədilir. Buna nümunə kimi Azərbaycan Respublikasının Ucar rayonunda Bakı-Tbilisi avtomobil yolunun üstündə «Qarabörk» adlı yaşayış məskəni olan kəndin adını qeyd etmək mümkündür. Hər ehtimala qarşı bu kəndin adı da elə qarabörklü qəbiləsinə aid edilməlidir. Qarapapaqlar tarixi kökləri etibarilə «basıl», «barsıl», «barsil», «barçıl», «barçel», «barçula», «borçalı» etnoniminə gedib çıxır. Bu komponentlər həm də «kas-at», «kaz-ar», «kaz-ak», «xaz-ar» etnonimləri ilə xeyli ümumi nöqtələrə malikdir. V.Minorskinin, F.Kırzıoğlunun və Z.Bünyadovun fikrincə qarapapaqlar həm də qıpçaq kökünə bağlıdırlar. Qıpçaqlar isə bir vaxtlar Dəryal və Dərbənd dərəsindən keçib Qərbi Azərbaycan (hazırda Ermənistan – N.T.), Cənubi Gürcüstan (hazırda Borçalı regionu – N.T.), Qazaxa, Tovuza, Şəmkirə, Gəncə ərazilərinə, Cənubi Azərbaycan, İran (genpapaqlar qəbiləsi – N.T.) və Türkmənistan (baharlı qəbiləsi – N.T.) ərazisinə səpələnməklə yayılıblar. XI əsrdə onlar islamı qəbul ediblər, çoxunun məzhəbi sünnüdür. Cənubi Gürcüstanda və Qərbi Azərbaycanda və Azərbaycanınbir hissəsində yaşayan qarapapaqlar Gürcüstana birləşmişlər və məhz elə bu ərazilərdə də «Borçalı-Qazax» etnonimi möhkəmlənib. Qarapapaqlar Atabəylər – Eldəgizlər dövlətinin əsasını qoyanlardır. XV əsrdə Ağqoyunlu (Səfəvilər) dövləti tənəzzülə uğradıqdan sonra çoxsaylı məhrumiyyətlərə baxmayaraq, qarapapaqlar şiə məzhəbindən boyun qaçırıb qızılbaşlığı qəbul etməyib, daha doğrusu, qarapapağı başlarından götürməyiblər. Bu gün Azərbaycan və Gürcüstanın bir hissəsində yaşayan əhalinin xeyli hissəsi özlərini məğrurluqla qarapapaq adlandırırlar. Əsrlər boyunca qarapapaqlar osmanlılarla – oğuz türkləri ilə qaynayıb-qarışıblar. Bundan sonra qarapapaqlar qıpçaqlarla birgə özünü həm də oğuzların işində olduqca sərbəst hiss ediblər.
Maraqlıdır ki, qaraqalpaqlar əsasən Qaraqalpaqstan da, qaqauzlar Qaqauziyada, qarapapaqlar Qərbi Azərbaycan və Cənubi Gürcüstanda «Qazayaqlı», «Qazaxlı», «Qıpçaq», «Tatar» adları altında tanınan yaşayış məntəqələrində yaşamaqdadırlar. Mənbə və materialları diqqətlə öyrəndikcə belə bir nəticəyə gəlirik ki, qaraqalpaqların, qarapapaqların, qaqauzların və xəzərlərin hamısının etnogenezində qıpçaq-oğuz komponenti özünə yetərincə yer tutub. Öz növbəsində qıpçaqlar və oğuzlar müstəqil qəbilə olması ilə yanaşı, bir tərəfdən, etnik kökləri ilə türklərin hun (xunu) qəbiləsinə, digər tərəfdən, sak-sarmat-massaget genetik və mədəni ənənələrinə gedib çıxır.

Nizami Tağısoy
professor

Bu xəbər oxundu
- - -