Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Çağdaş Azərbaycan ədəbiyyatı

17.08.16, 7:42
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Xalq Cəbhəsi” qəzetinin sayğılı oxucularına Azərbaycan Xalq Cümhuriyyətinin ideoloqu və qurucusu Məhəmməd Əmin Rəsulzadənin “Çağdaş Azərbaycan ədəbiyyatı” əsərini təqdim edirik.

V yazı

Şairi boğan bu havasızlıq daha böyük təsirlə qadın şairin riqqətli qəlbini titrədir. Onun duyduğu əzabı bir “Hicran” adlı parçada görürük:
Bir solğun çiçəyəm, bir sarı yarpaq
Candan şikayətkar, canandan iraq,
Çıxdım ki, yollardan alayım soraq,
Xəbər verən yoxdur, sorma dedilər!
Ayrılınca hilal qaşlı yarımdan,
Mən yaslara batdım, geymədim əlvan,
Düşünüb o ulduz gözləri hər an,
Ağlarkən, özünü yorma dedilər!
Mənim göylərimdən günəş çəkildi,
Parlaq həyatıma zülmət töküldü:
Vərəmli qəlbimə oxlar tikildi,
Qoy axsın qanları, sarma dedilər!
Günəşim bir daha doğmayacaqmı?
Vəhşi qaranlığı boğmayacaqmı?
Kölgələri şəfəq qovmayacaqmı?
Sordum, ümidini qırma dedilər!
Milli Azərbaycan öz bağrından fədakar mücahidlər yetişdirir. Qəhrəmanlıqla ölməyi şərəfsiz yaşamaqdan üstün tutan bunlar kişi kimi savaşır və itirilmiş hürriyyətlə istiqlalın geri alınması uğrunda Sovet zindanları ilə uzaq Şimalın buzlu sahillərini saysız qurbanlarla doldururlar. Bu igidlər arasında şahanə həyəcanlarla yaşayan istedadlı gənclər az deyildi. Bu məhbus şairlər haqqında vaxtı ilə Bakıdan gələn mühacirət nəşriyyatında nəşr edilmiş bir məktubda təfsilat verilmişdi. Milli düşmənə qarşı kin və mübarizə ruhu ilə qabaran bu canlı parçalar arasında diqqətəlayiq bir şerləşmə vardır. Məhbuslardan biri edamlar və işgəncələrə məruz qalan məhbusların qorxunc vəziyyətini “Yazma!” adlı şerdə belə təsvir edir:
Görürəm, qanlı qaranlıqların
Zülmə baş əydirən alçaqlıqların
Ölümdən yapdığı qorxunc bir varlıq
Əlləri qazmada dərin məzarlıq.
Hayqırmaq istədim: “Məzarçı qazma,
Qazma, yaşayıram, ölməmişəm mən!..
Qəlbim, qanım istidir səninkindən
Ümidim böyükdür, gömülməz, qazma!
Kiçikdir mənimçin aldığın ölçün,
Bu məzarı öz boyuna biçdin!
Boş yerə yorulma... göy yerə sığmaz!”
Ancaq...
Susdurur səsi qaranlıqların
Qan köpürən öskürəkli nəfəsi...
Çınladır afaqı bir bayquş səsi
Acı bir fəryadla bağırır: “Yazma!”
Məhbus şairlə zindanda əzab çəkən arkadaşı özünə “Yaz!” – deyə müraciət edir:
Üfüqdə duyulan bayquşun səsi
Qulaqlar çınladır, ruhlar hırpalar (əzab vermək -red.).
Qaranlığın qan donduran nəfəsi
Bəzən bizi belə qorxuya salar.
Əvət, söylədiyin alçaq qatillər,
Hər yerə soxular, hər yeri gəzər
Yıxar, yaxar, boğar, yıxdırar, əzər!
Bəlkə hər şey edər, lakin o şeytan
Bir cənnət var, orda bir şey edəməz.
O cənnət ideal, bəkçisi (keşikçi-red.) iman,
İman olan yerdə şeytan yaşamaz!
Millətin parlaq gələcəyinə böyük ümidlər bağlayaraq hürriyyətə susamış, mübarizə həyəcanının gərginliyini daşıyan bu igidlərin əsil qəhrəmanlığı ilə bizi həqiqi mənada tanış edən şeir bolşevik senzurasından azad olaraq mühacirətdə nəşr edilən Azərbaycan ədəbiyyatıdır. Bu ədəbiyyatda,
İstiqlal, o yaşayan millətin qəlbində can,
İstiqlal, o səadət, həyat, zəfər, şərəf, şan,
İstiqlal, o sönməyən müəbbəd bir məşalə,
Könüllərdə tutuşur, gözlərdə sönsə belə, –
deyən Gültəkin adını daşıyan alovlu şairin yazıları xüsusi bir yer tutur. Gültəkinin şeirlərində biz həqiqi milli-inqilab mübarizəsinin nəşidələrini (beyt və ya misra-red.) görürük. Mübarizənin ədalətliliyinə və qələbə ilə nəticələnəcəyinə bağlanan ümid, Gültəkində adətən dini bir mahiyyət alır. Gültəkin şeirlərinin təfsilatı ilə araşdırılması bizi çox məşğul edir, vaxtımız və iclasımızın çərçivəsi buna imkan vermir. Bir neçə misalla kifayətlənirik, düşünürük ki, bu bir neçə misalla da Gültəkinin yaradıcılığı haqqında müəyyən fikir yarana bilər.
Onun milli istiqlal və milli bayrağa müraciət etdiyi bir şeir:
Hür dedim özümə, zəncir qıraraq,
Get də kəməndini cəhənnəmdə yak!
Yurdumun mübbəd nigahbanıdır
Asırlar altından yüksələn bayraq!
Bayrağımız ölməz, ölərsə əgər,
Torpağın altına köçər ölkələr.
Azəri qanıyla yuyundun, yetər!
Etdiyin Neronun zülmündən betər...
Bir zəhər sunsa (təqdim etmək, uzatmaq-red.) da, əməl doğrudu
Türklüyün qəlbinə vurduğun neştər.
Qaldıqca ruslarda diyarım mənim
Intiqam alacaq şüarım mənim!
Azəri oğluyam, adımda şan var,
Damarlarımda zülmə hayqıran qan var:
Məni öksüz (yetim - red.) sanıb kükrəmə, düşmən,
Bax, arxamda haqqı sevən cahan var.
O cındır bayrağın əlbət solacaq,
Azərbaycan yenə mənim olacaq!
Qurtuluş, ey nazlı, sevimli pəri,
Könüldən vurğundur sənə azəri,
Dişimlə qıraram bir gün gələr də
Bağrına saplanan qanlı xəncəri.
Yaşa, ey həsrətlə doğan istiqlal!
Yaşa ey türk, yaşa ey gözəl hilal!
Gültəkinin yanında milli mühacirət şəraitində yaşayan və yurdsevərlik ideyalarını tərənnüm edən başqa şairlər də vardır. Bunlardan Sənan və Yaycılı Kərimi göstərə bilərik. Budur, Sənanın “İstiqlal şəhidlərinə” müraciət etdiyi bir parça:
Məşhədində nə daş, nə məzarın var,
Qara torpaqlardır qanlı kəfənin...
Həsrətlə can verdin ah və zarın var,
Uyu ağuşunda yanıq Vətənin...
Analar! Dindirin həp göz yaşını,
Qoymayın onlara məzar daşını...
Onlar yüksəlmişlər başqa aləmə
“Ölürük, yaşasın istiqlal” – deyə.
Qalxın, ey mələklər, bir ləhzə susun
Süsləyin əflakı, salama durun.
Istiqlal ediniz canfədaları
Qanlı qələbəylə şühədaları...
Siz ey gözəl yurdun qoynunda yatan
Şühəda! Yolunuz sevgi izləri...
Hərarətli eşqin zəhrini dadan
Nəsil unutmayacaq əlbət sizləri!
Yaycılı Kərim Anadolu istiqlal hərbi zamanı Şərq komandanlığı tərəfindən himayə edilən azərbaycanlı yetim uşaqlar arasında yetişmiş gənc bir şairdir. Hələ uşaqkən yaşadığı faciələrlə duyduğu iztirab bu içli (həyəcanlı - red.) şairi həsrət və iztirab hissləri ilə canlandırmışdır. Bunu biz onun Araz çayına müraciət etdiyi bir şeirindən görürük:
Suyundan son ayrılıq damlasını içərkən,
Tutmuş bir od kimi bağrımı yaxdın, Araz,
Birər damla qan idi gözlərimdə birikən (toplanan, yığışan - red.)
Çox acı xatirəylə könlümə axdın, Araz!
Bir zamanlar nə coşğun, nə qədər şən axardın,
Köpürən sularınla dağı, daşı yarardın.
Söylə: büllur suların nədən belə bulandı?..
Sən ki günəşdən parlaq, aydan bərraqdın, Araz!
Çoxdandır ayrılmışıq ana-ata yurdundan,
Fələk cananı almış aşiqlərin qoynundan.
Söylə, yoxmu bir xəbər o dərdli anamızdan?..
Sən də mi könlümüzü sonsuz buraxdın, Araz!..
Ədəbiyyat bir millətin ruhunu əks etdirən ən gözəl aynadır, - deyirlər. Bu tərif baxımından yuxarıdakı iqtibas etdiyimiz materiallar bizə kommunizm ölkəsində, qırmızı istilanın milli hissi öldürdüyünə dair söylənən bəzi bədbin hökmlərin mübaliğəli olduğunu göstərir.
Həyat meydanına partlayışlı günlərdə atılan və sovet istilasından qaçaraq indi mühacirətdə olan Almas Yıldırım Vətənə bağlılıq hissini “Qürbətdə” adlı şeirində coşğun bir ifadə ilə anlatmaqdadır:
Mən torpağı atəşlə yoğrulan bir diyarın,
Doğdum yad çəkmələrlə tapdanan yaxasında.
Ömrümü udub keçən hər qışın, hər baharın,
Içində mən ağlaram yalnız onun yasında.
Basdığın hər torpağın qoy cənnət olsun yeri,
Mən onu bircə anda adlayıb keçəcəyəm.
Getsin də buz bağlasın hər bir çeşmənin gözü
Mən yenə o içdiyim ağunu (zəhəri - red.) içəcəyəm...
Gəlsin hər çiçək mənə versin baharı müjdə,
Könlümdəki dağların getməz başımdan qışı...
Mən edəməm eşqimə yad bir məbəddə səcdə,
Burax, getdiyi yolun tufanlar olsun eşi (yoldaş- red.).
Mən qürbətdə ölərsəm, qəlbinə salma çilə ( əzab, iztirab red.).
Söylə dostlar gömməsin nəşəmi torpaqlara...
Yaxaraq vücudumu kül edib verin yelə
Bəlkə bir zərrə alsın rüzgar bizim dağlara?
Yox, mən ölmək istəməm, görmədən doğma yurdu,
Mən orda ağlamışam, mən orda güləcəyəm.
Elə et, sevinməsin Kremlin vəhşi qurdu,
Mən tufanla doğmuşam, tufanla öləcəyəm!..
Bu ruhda və bu inamda nə qədər gənc qüvvələr müxtəlif sovet zindanlarında məhv olurlar. Zülm görmüş bu azərbaycanlı qardaşlarına ithaf etdiyi gözəl bir şerinə şair Gültəkin “Buzlu cəhənnəm” başlığını vermişdir. Bu dinləyəcəyiniz şairin şah əsəridir:
Sibirya, ey soyuq və qorxunc dəniz
Şimalın köksündə uyuma səssiz,
Qalx, bir müsafirin gəldi, diqqət et:
Sənə hədiyyələr gətirdi – vəhşət!..
Əlinin buzunu eşqdə ərit,
Çıx, acıyan qəlblə qucağını aç.
Hədiyyən bir dəmət (dəstə-red.) saralmış igid
Hamsı bitkin (cücdən düşmüş-red.) hamsı xəstə, hamısı ac.
Sən, ey bu gün yalnız qatilin deyil,
Haq deyən başın da qəbri olan yer:
Bu solğun dəmətin önündə əyil,
Ona ölüm vermə, həyat və ruh ver!
Düşün ki, həpsini düşmən soldurmuş...
Hicran qəlblərinə bir damğa vurmuş...
Onları yollamış bədbəxt bir diyar,
Qəlblərində kədər, gözlərində nəm,
Onları incitmə, yetimdir onlar,
Ey soyuqla yaxan buzlu cəhənnəm!
Söylə tapındığın məbudun qışa,
Qucağında çılpaq uyuyanlar var.
Acısın məhv olan bu yaşayışa,
Dinsin qasırğalar, həp fırtınalar...
Soyuğun altında bir yumaq kimi,
Gömüldüyü qara,
Rüzgarların ilıq bir bucaq kimi,
Açılsın onlara.
Of... bu boğucu qaranlıq
Hardan endi gözəl yer.?!
Tıxandı hər nəfəs artıq,
Sanki boğuluyor kürə...
Bulanıq bir yerin kirli yaxası (yer, sahil -red.)
Yerdə sürünüyor iştə Tundra...
Sibirya, Sibirya... əvət Sibirya:
Təbiətin o bir zalım cakası... (lovğa -red.) Nənə!
Yenə
Nələr düşündün ki, doldu gözlərin?
Rahatsızmı yoxsa sənin də yerin?
Yoxsa oğlunumu sən xatırladın?
Yox... onu düşünmə, indi övladın,
Buzlu üfüqlərin qucağındadır,
O, ən əməlpərvər bir çağındadır:
Əmdikcə soyuğu, “yenə ver” deyir:
Qəlbindəki alov bax, nələr deyir:
Sil göz yaşlarını, dur gözlə onu
Hər donduran qışın bahardır sonu!..
Və sizə, ey ölümün qorxunc yolunda
Dəmir addımlarla yürüyən gənclər!
Siz ey bir taleyin gizli qolunda
Yürürkən bəxti də sürüyən, gənclər!
Uzadın siz mənə əlinizi,
Təbrik eyləyim mən, igidlər sizi!
Baş əymədiniz siz haq yeyənlərə,
Dediniz yaşamaz azəri haqsız,
Sizi kəsmək üçün enən xəncərə
“Hürriyyət istərik” – deyə yazdınız!
Səlamət yoludur getdiyiniz yol,
Günəşlər doğacaq izlərinizdə.
Yalnız deyilsiniz, yoldaşınız bol,
Bir imanlı millət var yerinizdə.
Düşmən saldırsa da dörd yandan sizə
Qorxmayın “qurtuluş çox mahal” deyə,
Biz də gəlirik o yoldan sizə
Istiqlal, istiqlal, istiqlal, - deyə!
Dünya tarixinin xülasəsi haqq ilə batil, hürriyyətlə əsarət mübarizəsinin bir ifadəsidir. Bir yandan hürriyyət və demokratiya, o biri yandan isə totalitarizm ilə kommunizm cəbhəsinə ayrılan bu günkü dünya mənzərəsi həmin mübarizənin yeni, böyük qarşılaşması deməkdir. Bu, bəlkə də son qarşılaşmadır. Bu mübarizədə həqiqi ədib və şairlərin vicdanına tərcüman olan böyük şərhçilərə görə vətən, hürriyyət və istiqlal ideallarına bağlı qaldığını güclü surətdə elan edən milli Azərbaycan türklüyünün yeri çoxdan təyin olunmuşdur. Müqəddəratını hürriyyətsevər millətlərin və mədəniyyət dünyasının müqəddaratı ilə bağlamış Azərbaycan, hürriyyət və demokratiya cəbhəsinin son və qəti zəfərinə əsla şübhə etməz! Duyduğu min bir iztirabdan sonra arzuladığı hürriyyət və istiqlalına qovuşacaq, şair Gültəkinin bu beytini zəfər sevincləri içində təkrar edəcək:
Sən bizimsən, bizimsən, durduqca bədəndə can,
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!

Son. 1950, Ankara.

Bu xəbər oxundu
- - -