Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Bir yanda ev-eşik qarqaşam durur, bir yanda ömürlə ölüm baş-başa...”

18.08.16, 6:42
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Məmməd Dəmirçioğlunun qırılmış yaradıcılıq yoluna ağı

Deyirlər qeybdən gələnlər bəzən real həyatda baş verənlərdən daha önəmli olur. Qeybdən gələn necə olursa, birdən gəlir. O, qulağına pıçıldayıb, hisslərinə hakim kəsilir. Sən də onun təsiri altında fikirlərə qərq olursan. Görmədiyin, yaşamadığın, heç zaman olmadığın və ola bilməyəcəyin (bəlkə də ola bilib hiss etməyəcəyin!) bir dünyanın sakininə çevrilirsən. Orada yaşayır, elə oradan da qonaq olacağın sonsuzluğa addım atırsan...
Ötən il dekabrın 24-ü, axşamçağı iş otağımda kitablarımla, yazılarımla baş-baş qalıb dərdləşirdim. Bir az da kövrək, incə və incik hisslər içimi nədənsə narahat etmişdi. Birdən kitablardan, yazılardan əlimi çəkib, haradasa dərin düşüncələrə daldım… Məmməd Dəmirçioğlu elə öz görkəmində, öz boy-buxununda gözlərindəki uzaqlara – müdhiş bir nöqtəyə zillənmiş mənalı, çoxçalarlı, zəngin baxışlarıyla gəlib gözüm önündə dayandı. Sanki məni özü ilə söhbətə çəkmək istəyirdi.
Onun bu səssiz-səmirsiz xitabına məndə cavab vermək ehtiyacı yarandı. Nə vaxtıydı bir-birimizlə görüşmürdük. Əlimi mobil telefona atıb zəng etmək, onunla həmsöhbət olmaq istədim. Nədənsə bir qədər ara verib fikrimdən daşındım. Dedim gecdir. Səhər inşallah, zəng edib hal-əhval tutaram. Bunu deməyimə baxmayaraq, yenə də mistik bir məkandaydım. Məmmədin eynəyinin üstündən məchul nöqtəyə zillənən baxışları, yumru burnunun altındakı lopa bığları, bığlarının altından arada səyriyən dodaqları məni sanki dediyim həmin təkrarolunmaz bir aurada saxlayırdı. Məmmədi görüb tanıyanlar, onun duruşunda, baxışında fərqli ovqatı, görünüşü və elitarlığı yaxşı görmüşdülər. Onun duruşu, baxışı, sadəliyi, insanlara münasibəti koloritli müdrik türk kişilərinin ləngərindən idi. Boy-buxunca o qədər iri bədənli olmasa da, görkəmində böyük bir yenilməzlik, vüqar vardı Məmməd Dəmirçioğlunun…
... Zəng etməkdən vaz keçdim. Səhər tezdən Bakı Slavyan Universitetindəki kafedramıza gəldim. Otağa daxil olan kimi Rüstəm Kamalı qanıqara gördüm. Hal-əhval soruşub gödəkcəmi asmaq istəyirdim ki, Rüstəm mənə «Halım necə olacaq, Məmməd Dəmirçioğlu öldü» - dedi. Sanki ayağımın altındakı yer titrədi. Bir anlığa özümü unutdum. Rüstəmin gözlərində yaş gilələnmişdi. Mən də özümü saxlaya bilmədim. Məmmədin ölümünə inanmadım. Özümü bu ölüm xəbərindən yayındırmağa çalışdım. Səylərim əbəs idi. Məmməd Dəmirçioğlunu ölüm elə yerdə yaxalamışdı, onun cəngindən bacarıb qurtulmağa belə güc tapmamışdı. Rüstəmə axşam Məmməd Dəmirçioğlu ilə mistik dünyada, virtual bir məkanda bir-birimizlə ünsiyyətdə olmağımız barədə danışdım. O da, mən də belə mistik mükalimə üzərində mat-məətəl qalıb düşündük. Əlim heç yerə çatmadı. Məmməd Dəmirçioğlunu da belə itirdik…
Məmməd Dəmirçioğlu qıpçaq türklərindən, qarapapaqlardan olması ilə yanaşı, içində bir irfan havasını, təsəvvüf aləmini, dini ulularımızın, müqəddəs¬lərimizin iç dünyasını yaşadanlardan idi. O, poetik naxışları, qafiyə hörgüləri ilə dualar, alqışlar deyib Satuk Buğra xan, Battal Qazi, Əhməd Qazi, Hacı Bektaş Vəli, Abdal Musa və başqaları kimi sanki quş cildinə, keyik şəklinə girib insanlar içində insanlığı, xeyri, mərhəməti yayanlardan idi. Bunu mən Məmməd Dəmirçioğlu ilə görüşlərdə də, sənət, həyat, poeziya haqqında söhbətlərdə də, kitablarını oxuyanda da, onunla mükalimələr edəndə də dərindən duyub hiss etmişdim.
2010-cu ildə Məmməd Dəmirçioğlunun nəfis şəkildə tərtib edilmiş «Səhra gülləri» kitabı işıq üzü görmüşdü. Bu kitabdan birini də mənə hədiyyə etmişdi. Hələ o vaxtlar mənim üçün qəribə səslənən «səhra gülləri»ni içimdən keçirir, «səhra» ilə «gül»ün «ünsiyyətini», «ülfətini» özümçün arayıb açmaq istəyirdim. Məmmədin şeirlərində bitib qönçə-qönçə açmış səhra güllərinin bu kitabda təqdimatında özgə aləmi, başqa hüsnü var idi. Gördüm ki, Məmmədin səhra güllərində mifoloji dünyada olduğu kimi «ömürlə ölüm baş-başa»durub:

Naçar Dəmirçioğlu hay-həşəm qurur,
Özüm qul əhliyəm, əndişəm – qürur.
Bir yanda ev-eşik qarqaşam durur,
Bir yanda ömürlə ölüm baş-başa –
kimi işlətdiyi çeşidli ifadələr məni ovsunlamışdı.

Məmmədlə mənim aramda yaşanan həmin mistik görüşün sanki onun nə vaxtsa oxuduğum şeirdə kimi sıralardan qarşımda düzənləndiyini görəcəkdim. Fikirləşdim ki, Məmməd «Gəldilər» şeirində elə həmin hissləri yaşaya-yaşaya ipə-sapa düzmüşdü:

Ağlıma gəlməyənlərim
Yatdım, yuxuma gəldilər.
Çin-çin olan yuxularım,
Gün-gün başıma gəldilər.

Məmmədin ömrü bax beləcə, piltə-piltə yanmışdı. Onun içindən çıxan alovun tüstüsünü yalnız məhrəm olanlar duyar, görə bilərdilər.
Məmməd gedişatı, həyatı şeirlərinin mahiyyətinə elə uyğunlaşdırır, elə hopdurur, elə hörürdü ki, o hörgüdə simmetriklikdən kənar heç nə görünmürdü. Elə «Qiblə» şeirində olduğu kimi:

Sağım zülmət, solum züllət,
Heç bilmirəm haram Qiblə?
Şeyx imansız, şah bimürvət
Hara baxdım - haram «Qiblə».

Məmməd belə düşünən, belə görən, belə yazan, sözü zindan altında Debet çəkiciylə gərəkli hala çatdırıla biləcək dəmir kimi döyürdü. Döyə-döyə sözü aliləşdirdi, sözün sakrallığını qoruyurdu. Qoruyurdu ki, söz urvatdan düşməsin, mataha minsin. Debetin adını çəkdim, Dəmir dedim… “Məmmədin Dəmirçioğlu” soyadı ilə yazması, tanınması yenidən yadıma düşdü. Ona bu soyad əcəb yaraşırdı. Bu adın yapışdığını hələ «Səhra gülləri» kitabını oxuyanda dərindən duymuşdum. Çünki Məmmədin şeirlərində sözü dəmir kimi döyəcləməyin keyfiyyətini görmüşdüm. O, mənim aləmimdə qaraçay-malkar «Nart» dastanlarındakı nart dəmirçisi Debetə oxşayırdı. Çünki dəmirçi Debet Günəş Tanrısının haləsindən dəmiri elə istənilən konfiqurasiyalara salıb nartlara silah hazırlayıb, yer üzünün ən pisləri olan harral tayfasını məhv etdiyi kimi Məmmədlə sözə öz körüyünün haləsi və öz ülgüsü ilə görkəm verirdi. Məmməd sözün xəmirinə öz təbii acıtmasını qoşurdu, sözləri manqal üstə qızaran kabab kimi “qızartmağı” bacarırdı Məmməd. Dəmirçi Debet qaraçay-malkarların müxtəlif mifoloji təsəvvüflərinin məhsulu kimi ortada idisə, Məmməd İncə dərəsinin, Qazax mahalının, Azərbaycan ellərinin, Türk obalarının Allah tərəfin¬dən bizlərə verilmiş bəxşişi idi.
Məmməd sözlə oyun oynamağı xoşlamazdı. Bununla belə o fakir idi, sehrbaz idi, dərviş idi. Ancaq Məmmədin dərvişliyi klassik anlamdakı təsəvvüf təriqətlərinə girən yoxsul mənasını adekvat deyildi.
Təsəv¬vüfə, irfana hissi – rəğbət ifadə edib onlara onların öz qaydaları ilə yanaşsa da, nə mənəvi, nə də maddi baxımdan yoxsul deyildi Məmməd. Əksinə, olduqca zəngin idi. Dərvişlik onun içində təriqət yolunda irfan istiqamətində şüarçılıca yox, mahiyyətə xidmət edən idi. Məmmədin zənginliyi cibdəki pulda, malda, varda, cah-cəlalda yox, qəlbində saxlayıb, oxuculara ərməğan etdiklərində idi.
Ona elə gəlirdi ki, nə vaxtsa ölüb ayılacaq. Şairin «Ölüb ayıllam» kimi irfan dünyasını qucan şeirində biz buna daha dərindən inana bilirik:

Yollar üstündə bitmişəm,
Solmaqdı, bitməkdi peşəm.
Olub yuxuya getmişəm,
İnşallah, ölüb ayıllam.

Məmməd Dəmirçioğlu təsəvvüfdə olduğu kimi dünyanın keçiciliyinə inanırdı. O, dərviş, sufi olsa da, insanlardan uzaqda gəzib-dolanmırdı. Tanışları, dostları ilə yaxşı ünsiyyət qurmağı bacaran, Vətən dərdini içində çəkənlərdən, onun uğrunda hər çətinliyə dözməyə hazır olanlardan idi. Daim nəfsini təmizləməkdə, onu buxovlara salmaqla yaşayanlardan idi. Özbəkistanda yaşayanda da, məlum Qarabağ hadisələri başlayandan sonra, oranı qoyub Vətənə qayıdıb burada çalışanda da, neçə-neçə evlərə, saraylara öz rəsmləri ilə rənglər bəxş edəndə, naxışlar vuranda da belə idi. Çünki o, bütün ruzisini daim Haqdan diləyir, ondan gözləyir, ümidini Haqqa bağlayır, inamını, etiqadını ona səmtləndirən Allahın müridi olmaqla təfəkkürünü, qəlbini ona qurban vermək haqqında düşünürdü.
Məmməd Dəmirçioğlu özü söylədiyi kimi, onun ümidləri və duaları, Allahın özü kimi onu göylərə, daim göylərə çağırırdı.
Və Məmməd düşüncəsində Göylər son dərəcə fərqli və sakral bir məkan idi. Elə buna görə də «Səhra gülləri» şeirində dilə gətirdiyi fikirlərdə Səhranın və Göy üzünün abırı, isməti, həyası görünürdü. Göyün Tanrılığı ilə Yerin bəndəliyi müqayisə edilirdi və

Göy üzü Tanrıdı, yer üzü bəndə,
Göy üzü səndədir, yer üzü məndə.
Yer üzü, göy üzü düşübdü bəndə,
Bir nəğmə oxuyaq, səhra gülləri…. - deyirdi.

Azərbaycan ədəbi-fəlsəfi, poetik-estetik fikrində İncə dərəsi şairlərinin öz ilmələri, öz naxışları, öz ritmləri, öz ahəngləri görünməkdədir. Aslan Kəmərlidən, Ağamalı Sadiq Əfəndidən, Məmməd İlqardan və başqalarından o naxışları sətirlərə vurub rayihələr yaradanlardan biri də Məmməd Dəmirçioğlu idi.
Dəmirçioğlu ilə bağlı fikirləri mən keçmiş zamanda dilə gətirsəm də, Məmməd mənim düşüncəmdə və xəyallarımda əbədiyyət qazanmış yaradıcı poetik şəxsiyyət kimi canlanacaqdır. Onun muma döndərdiyi sözlərin rəngi də, ruhu da heç zaman solmayacaq…

Nizami Tağısoy
professor

Bu xəbər oxundu
- - -