Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Günahkar bizik”

30.08.16, 10:51
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Qurban Qurbanov: “Biz hər bir turnirə maksimum hədəf üçün hazırlaşırıq”

AFFA İcraiyyə Komitəsinin üzvü və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komitənin iclasından sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.
- Qurban müəllim, Avroliqadakı gərgin oyunlardan sonra iclasda iştirak etmək sizi yormur?
- Xeyr, çox da yorulmuram. Çünki bu görüşlər elə də çox olmur. Əksinə mənim üçün yaxşı təcrübədir. Azərbaycan futbolunun inkişafı üçün görülən işlərdə yaxından iştirak etmək çox maraqlıdır. Bu da bizim işimizin bir parçasıdır və borcumuzdur.
- “Qarabağ”ın Avroliqanın qrup mərhələsindəki rəqibləri haqqında nə düşünürsüz?
- Mən dəfələrlə demişəm, biz hər bir turnirə maksimum hədəf üçün hazırlaşırıq. Bu günə kimi Avroliqada qarşımıza qoyulan minimum hədəf qruplarda iştirak etmək idi, şükür ki, bunu bacardıq. Son iki mövsümdə sonuncu oyunlara qədər qrupdan çıxmaq şanslarımızı saxlayırdıq. Bu gün də ən yaxşısını etməyə çalışacağıq. Artıq daha təcrübəli komandamız var. Fərqli ölkələrin təmsilçiləri ilə rəqib olmaqla ayrı-ayır komandaların oyun üslublarını öyrənirik, daha yaxından tanıyırıq. İnanıram ki, hər komandaya qarşı layiqli mübarizə aparacağıq. Qrupdan çıxmaq üçün lazım olan nəticəni əldə edəcəyimizə ümid edirəm.
- Bir mütəxəssis kimi “Qəbələ”nin rəqiblərini necə dəyərləndirirsiniz? “Anderlext” və “Sent-Etyen” də sizə tanış rəqibdi...
- Ümumiyyətlə, qruplarda zəif komanda olmur. Bizim düşündüyümüz kimi onlar da fikirləşirlər ki, “Qarabağ”a, “Qəbələ”yə qarşı oynayacağıq, bəxtimiz gətirib. Elə də asan rəqiblər deyil. Çünki biz bu komandalara qarşı oynamışıq. Nə qədər çətinliklər çəkmişik, bunu biz bilirik, ancaq inanmaq və ümid etmək lazımdı. Düşünürəm ki, Roman Qriqorçuk bu komandalarla mübarizə aparmaq üçün ən doğru yolu tapacaq.
- “Qarabağ” hər il Avrokubok oyunları vaxtı stadion problemləri ilə üzləşir. Sonuncu oyunda Tofiq Bəhramov adına Respublika Stadionunun hansı vəziyyətdə olduğunu gördük. Bu məsələni İK iclasında qaldırdınızmı?
- Yox, bu, İK-ya aid olmayan məsələdir. Ötən ilə kimi bu işə cavabdeh Gənclər və İdman Nazirliyi, bu ildən isə birbaşa bizik. Bilirsiz, biz 5 illik icarəyə götürmüşük. Əgər qazon o vəziyyətdədisə, günahkar bizik. İndi yeni ingilis mütəxəssislər gəlib qazonla məşğul olmaq üçün. Üç ildir arıdıcıl biz bu problemlə üz-üzəyik. Yeni mütəxəssislərin gəlişi ilə hər şeyi yoluna qoymağa çalışacağıq.
- Qrupdakı ilk oyuna qədər problem aradan qalxa bilərmi?
- İnanmıram, o vaxta qədər çatmaz. Bu gün o məsələ müzakirə olundu. İki variantımız var, ya “Dalğa Arena”, ya Olimpiya Stadionu. Sabahdan bu barədə ciddi düşünəcəyik və bir qərar verəcəyik.
- Yenidən Avroliqa ilə bağlı sual verim. Siz daha əvvəl “Anderlext” və “Sent-Etyen”lə, “Qəbələ” isə PAOK-la qarşılaşıb. Ola bilərmi ki, Roman Qriqorçukla fikir mübadiləsi aparasınız?
- Mən əvvəl də demişəm, indi texnologiya o qədər inkişaf edib ki, hər komandanı yaxından tanımaq olur. Buna görə də, siz dediyiniz kimi bir məsləhətləşməyə ehtiyac görmürəm. Digər tərəfdən də komandalar, oyunçular ildən-ilə dəyişirlər. Ona görə də bir-birimizi yanılda bilərik. Yaxşısı budur, hərə özü üçün hazırlaşsın.
- Bədavi Hüseynov millinin düşərgəsindən də uzaqlaşdırıldı. Müdafiəçinin zədəsi nə qədər ciddidir?
- Bədavinin əzələ problemi var. Nə demək olmaz ki, çox ciddidir, nə də adi yanaşmaq olmaz. Daim diqqətdə və ehtiyatlı olmalıyıq. Eyni nahiyədə ikinci belə zədədi. Ola bilər ki, bir az çox vaxt lazım olsun oyunçumuzun təkrar bizə qoşulması üçün.
- Hüseynovun məşqləri dayandırılmasında sizin bir tapşırığınız varmı?
- Xeyr, sırf həkimlərin tövsiyyəsi ilə bu qərarı qəbul etmişik. Məşqdən qalmır. Komanda ilə olmasa da, fərdi çalışmalarına davam edir.
- Avroliqadakı ilk oyuna yetişə biləcək?
- Buna dəqiq cavab verə bilmərəm. Hələ bilmirik.
- Əfran İsmayılov da tək çalışır, onun da hansısa zədəsi var?
- Son günlər görməmişəm Əfranı. İsveçdəki oyunda əzələsində ağrılar var idi. Ola bilsin ki, ona görədi, ancaq yenə də dəqiq nəsə deyə bilməyəcəm.

Bu xəbər oxundu
- - -