Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Azərbaycan Səfəvi dövlətinin etnik mənsubiyyəti, quruluşu

04.10.16, 8:51
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Hakimiyyətin həyata keçirilməsində Türk-Qızılbaş əsilzadələrinin rolu

2-ci yazı

Tavernyenin gündəliyində Səfəvi dövlət hakimiyyəti orqanlarının təşkili, onların quruluşu və aralarındakı səlahiyyət bölgüsü qaydaları da təsvir olunmuşdur. Səyyah yazır ki, ölkə əhalisini Avropa dövlətlərində olduğu kimi üç təbəqəyə bölmək olar ki, onlardan birinci şəmşir əhlidir ki, bura səltənət sarayının üzvləri əşrəflər-kübarlar, xanlar və yaxud vilayət hakimləri, bütün qoşun əhli daxildir. İkinci qələm sahibləridir ki, bura qazılar, qanun yazanlar və üçüncü təbəqə bizdəki kimi, tacirlər, sənətkarlar, zəhmətkeşlərdən ibarətdir. Onlarda ədəb, insanlıq, nəzakət çox olub, bütün Asiya xalqları arasında fəzilətə, üstünlüyə malikdirlər və həm də nizamı, ədaləti sevirlər. Hər cəhətdən avropalılara, daha çox fransızlara oxşayırlar. Mərkəzləşmiş Səfəvi dövlətinin mərkəzi və yerli idarə orqanları Tavernyenin qeyd etdiyi əvvəlki iki təbəqənin nümayəndələrindən ibarət idi. Mülki, hərbi və inzibati orqanlar, yəni dövlət aparatının çox şaxəli institutları getdikcə təkmilləşirdi. Dini və dünyəvi məhkəmə təsisatları, nizami ordu da yaradılmışdı. Səfəvi dövləti vahid siyasi təşkilat olub, hakimiyyəti bütün imperiyanın ərazisi və əhalisini əhatə etsə də, idarəetmə sistemində özünə qədərki Türk dövlətlərinə aid spesifik xüsusiyyətlərə malik olmuş və onun üçün səciyyəvi olan institutlar, əlamətlər dövrün digər şərq xalqlarının dövlətlərində mövcud olmayıb.
Səfəvi dövləti ərazisində bütün sosial zümrələrin mənafeyini ifadə edən siyasi orqan kimi fəaliyyət göstərib. O.Əfəndiyevin yazdığı kimi, Səfəvilər dövlətinin yaranmasında Azərbaycan türk etnosu həlledici rol oynamış və bu dövləti «konqlomerat imperiya» kimi şərh edən baxışlar doğru deyil. Fəth edilmiş bütün ölkələrdə, o cümlədən, Fars, Yəzd, Kirman, Xorasan, Astrabad, Mazandaran və Gilanda mülklərini hakim statusu ilə idarə edən yerli sülalələrin hakimiyyəti devrilmiş, bu ölkələrdə inzibati ərazi bölgüsü prinsipləri əsasında vilayətlər yaradılmışdı. Səfəvi dövlət quruluşunun formasına uyğun olaraq mərkəzlə yerli idarəetmə aparatı arasında qarşılıqlı münasibətlər inzibati-ərazi bölgüsü prinsiplərinə dayanırdı. Digər tərəfdən ölkə daxilində əmtəə-pul münasibətləri başlıca iqtisadi əlaqə forması olub, valilik və vilayətlər vahid iqtisadi, inzibati-siyasi mərkəz ətrafında birləşmişdi.
Səfəvilər XV yüzillikdə Azərbaycanda hakimiyyətdə olmuş Türkman Baharlı və Bayandur sülaləsinin hərbi-siyasi özülünü təşkil edən Ərəşli, Zülqədər, Əfşar, Şamlı,Təkəli, Ustaclı, Qacar, Qaradağlı və başqa türk ellərinə, çoxçeşidli sosial zümrələrə arxalanıb onların əsgəri köməyi ilə hakimiyyəti ələ almışdılar. Məlum olduğu kimi, Səfəvi şeyxləri ilə Bayandur sülaləsi arasında qohumluq əlaqələri də mövcud olub. Belə ki, Səfəvi şeyxi Cüneyd (1447-1460) Bayandurlu hökmdarı Uzun Həsənin (1453-1478) bacısı Xədicə bəyimlə, şeyx Cüneydin oğlu Şeyx Heydər isə Uzun Həsənin qızı Aləmşah bəyimə evlənib, bu nigahdan da I İsmayıl və onun iki qardaşı doğulub. Beləliklə, Səfəvi şahlıq sülaləsinin yaradıcısı İsmayıl hakimiyyətə Ağqoyunlu hökmdar irsinin davamçısı kimi gəlib.
Tarixə Baharlı, Bayandurlu, Səfəvi adı ilə düşən hər üç sülalənin özülü – dayağı Azərabaycan olmuş və bu sülalələr hakimiyyətdə olduqları illərdə yaratdıqları dövlətin quruluşundakı cüzi fərqlərlə bir-birini tamamlayıb. Ancaq Səfəvilər vaxtında oturaq əhalinin rolu artıb, Şirvan və Şəki hakimlərinin mərkəzdənqaçma cəhdlərinə tam son qoyulub. I İsmayıl siyasi fəaliyyətə başlayana qədər dövrün ictimai-siyasi hadisələrini düzgün qiymətləndirən və nəticə çıxarmağı bacaran türk el əyanları arasında boya-başa çatıb, təlim-tərbiyə alıb. Onlardan Şamlı Hüseyn bəy lələ, Zülqədər Dədə Abdal bəy sufilər Gilanı tərk etdikdən (1499) bir qədər sonra İsmayıla gənəşərək siyasi məram və məqsədlərinin planlı şəkildə həyata keçirilməsi üçün kiçik saray təşkilatı yaratdılar. Belə ki, Salman bəy Zülqədər – xəzinədar, Əbdi bəy Şamlı - təvaçi (hərbi dəstələri əlaqələndirən məmur), Sarı Əli bəy Təkəli - möhürdar, Hüseyn bəy Əfşar – süfrəçibaşı təyin olundu. Ancaq ilk hərbi yürüşlər illərində yaradılan həmin mərkəzi idarəçilik aparatının özülü tədricən genişləndirilib və daha da möhkəmlənib. Belə ki, Şirvan şahı Fərrux Yasərin (1462-1500) qoşunu məğlub edilib. Şamaxı tutulduqdan sonra İsmayıl özünün əsas hərbi qüvvəsi ilə 1500-cü ilin sonunda qışlamaq üçün Şamaxıdan Mahmudabada gəlib və orada təbrizli Şeyx Məhəmməd Köcəcinin övladlarından, «illərlə türk səltənətinə vəzirlik edən», yəni Bayandurlu dövründə vəzir vəzifəsində işləmiş Əmir Şəmsəddin Zəkəriyyə Təbrizi Köcəcini ali divan vəziri təyin edib, ona «Kilid-i Azərbaycan» - Azərbaycanın açarı kimi dəbdəbəli bir ad verib.
İsmayılın başçılığı altında Şirvana daxil olan (1500) Ustaclı, Şamlı, Rumlu,Təkəli, Varsaq, Zülqədər, Əfşar, Qacar, Qaracadağ sufilərindən ibarət 7 minlik qoşunun əsgəri heyəti və bu qoşunun yüksək rütbəli zabitləri türk olub, qoşun başçılarından savaşlarda Xan Məhəmməd Ustaclı, Əvəz sultan Ustaclı, Hüseyn bəy lələ Şamlı, Əhməd bəy Sofi oğlu Ustaclı, Bayram bəy Qaramanlı, Çaşan Qaraca İlyas Bayburdlu, İlyas bəy Ayqut Uyğur oğlu Xunuslu, Sultanşah bəy Əfşar,Cəlal bəy və Qılınc bəy Qaramanlı, Lələ Məhəmməd Təkəli, Piri bəy Qacar, Dana bəy Əfşar və bir çox başqa türkmən bəyləri iştirak etmişdilər ki, onlardan Hüseyn bəy lələ və Dədə Abdal bəy Zülqədərə əmir əl-üməra, Ustaclı Məhəmməd və İlyas bəy Ayqut oğluna isə əmir-i əzəm (böyük əmir) rütbəsi verilmişdi. Elə bu vaxt Dədə Abdal bəy Zülqədər qorçubaşı və Mövlanə Şəmsəddin Gilani (Mevlana Şəmsəddin Gilani 1494-1499-cu illər arasında Lahican şəhərində İsmayılın farsca və ərəbcə dillərinin öyrətmənidir (Abdullatif Kazvini. Safevi tarihi, s.33, 63-cü qeyd - Z.B.)) də sədr vəzifəsinə təyin olunmuşdu.
I Şah İsmayılın ordusu Qızılbaş-Türk elləri üzrə səfərbər edilən qeyri-nizami əsgəri alaylarından ibarət olub, hər elin əmiri öz elinin qoşununa komandanlıq edirdi. Ordu birləşmələrinə isə şahın əmir əl-üməra rütbəsi ilə təltif etdiyi əsilzadələr başçılıq edirdi. O.Əfəndiyevin yazdığı kimi əmir əl-üməra hərbi rütbə və vəzifəsi Qızılbaş-Türk el əyanlarının inhisarında olub, bu vəzifəni tutanlar arasında eyni vaxtda vəkil mənsəbini də icra edənlərə təsadüf edilir. I Şah İsmayılın hakimiyyətinin ilk illərində Hüseyn bəy Lələ Şamlı 1502-1509-cu illərdə həm divan əmiri, həm də vəkil idi. O, 1509-cu ildə Təbrizdə divan əmiri və əmir əl-üməra vəzifəsindən azad edilmiş, nökərləri Məhəmməd bəy süfrəçi Ustaclıya bağışlanmışdı. Məhəmməd bəy Ustaclıya elə bu vaxt Sultan titulu və Çayan (Çayan sultan) ayaması verilir. Bacarıqlı dövlət xadimi Hüseyn bəy Lələnin tutduğu vəzifədən azad edilməsinin, ulka və nökərlərinin alınıb özündən aşağı səviyyədə duran bir əyana verilməsinin səbəbləri tədqiqata cəlb etdiyimiz mənbələrdə göstərilməyib.
Ancaq bu mənbələrdə onun yeni vəzifələrə təyin edilməsi və vəfatı haqqında məlumat verilib. Hüseyn bəy Lələ Şamlı 1509-cu ildə Şirvan mahallarından birinə hakim, 1511-ci ildə isə Herata vali göndərilib və 1514-cü ildə Çaldıran savaşında öldürülüb. Çayan sultandan (1509- 1523) sonra Div sultan Rumlu (1524-1527), Çuxa sultan Təkəli (1527-1531), Hüseyn xan Şamlı (1531-1534) əmir əl-üməra və divan əmiri olmuşdu. Qeyd olunduğu kimi, İsmayıl hakimiyyətə keçənə qədər qoşununun yüksək hərbi zümrəsi hesabına yeni dövlət aparatının özülünü qoyub, habelə, ilk döyuşlərdə ələ keçirilmiş bölgələrdə hakimlərlə təmsil olunan yerli idarəçilik forması yaradılıb. Bu dövlətin artıq qoşunu, sərkərdələri, odlu (top, tüfəng) və soyuq silahı, hərbi sürsatı ilə yanaşı, yaranmış olan hakim zümrəsi; vəzirləri, əmir əl-üməraları, baş əmirləri, xəlifət əl-xüləfası, möhürdarı, bayraqdarı, süfrəçisi, sədri və s. vəzifə sahibləri vardı.
İsmayılın başlıca məqsədi Şirvanşahların və Ağqoyunluların XV yüzilin son illərində çökmüş dövlət hakimiyyətlərini aradan götürmək, Azərbaycan torpaqlarını güclü mərkəz ətrafında birləşdirmək, güclü Azərbaycan Səfəvi səltənətini qurmaq idi. İsmayıl Şirvanda Fərrux Yasər üzərində 1500-1501-ci illərdəki uğurlu qələbələrdən sonra Əmir Zəkəriyyə Təbrizi Köcəcinin məsləhəti ilə Gülüstan qalasının mühasirəsindən əl çəkib, Ağqoyunlu Əlvənd Mirzəni aradan götürmək üçün güneyə yollanmışdı. Bu barədə İsgəndər bəy Türkman yazır: «Mühasirə zamanı (Gülüstan qalası-Z.B.) qeyb aləmindən gələn səs Azərbaycan səltənət taxtı və şahlığın müjdəsini o həzrətə verdi… o həzrət böyük əmirləri yanına çağırıb dedi ki, sizə Gülüstan qalası lazımdır, yoxsa Azərbaycan taxtı?». Bu məsələ böyük əmirlərin iştirakı ilə hərbi şurada da müzakirə edilmiş və güney hərbi yürüşü haqqında bir səslə qərar qəbul edilmişdi. İsmayıl 1501-ci ildə Şərurda Ağqoyunlu Əlvənd Mirzə üzərində də qələbə çalıb Azərbaycan Səfəvi dövlətinin yaradılması yolunda ağır sınaqlardan uğurla çıxır.
Şərur qələbəsindən sonra 1501-ci ildə İsmayıl Təbrizdə hakimiyyətə keçdi və Azərbaycan Səfəvi dövləti rəsmən yarandı. Dövrün mötəbər mənbələrinin bu barədə verdiyi məlumatlar Azərbaycan adı ilə Səfəvi dövlətinin yaranmasını əsaslı surətdə sübut edir. "Lübbət-təvarix" də İsmayılın Şərur qələbəsindən sonra darossəltənə-ye Təbrizə gəlib "sərir-e səltənət-e Azərbaycan"-Azərbaycan şahlıq taxtından oturub oranı şahlığı ilə bəzədiyi yazılıb. Məhəmməd Yusif Qəzvini də yazır ki, Şərur döyüşündən sonra İsmayıl darossəltəne-ye (paytaxt, mərkəz) Təbrizə üz tutdu və Azərbaycan şahlıq taxtına (təxte səltənete Azərbaycan) oturdu. Bütün Azərbaycan məmləkətində (dər təmam məmləkət-e Azərbaycan) onun adına xütbə oxundu, dinar və dirhəm zərb edildi. İsmayılın başçılığı altında türk qızılbaş əsilzadələri və onların hərbi-siyasi arxası olan 7-8 minlik türk ordusu 1499-1501-ci illərdə Şirvanşah və Əlvənd Mirzə üzərində qələbə çalıb, Azərbaycanı yenidən vahid mərkəzdə birləşdirib mərkəzləşdirilmiş Azərbaycan dövlətini yaratdılar. Ancaq çox böyük hərbi-siyasi gücə malik olan Bayandurlu Sultan Muradı aradan
götürmədən mərkəzləşdirmə prosesini başa çatdırmaq mümkün deyildi. I Şah İsmayılın ordusu 1503-cü ilin baharında İraqi Əcəmə daxil oldu və Həmədan yaxınlığında Sultan Muradın qoşununu məğlub edib Şiraz, Fars , Kirmanı tutdular.


Zabil Bayramlı
tarix üzrə elmlər doktoru, professor

Bu xəbər oxundu
- - -