Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Azərbaycan Səfəvi dövlətinin etnik mənsubiyyəti, quruluşu

06.10.16, 8:10
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Dövləti quran da, onu qoruyub saxlayan, yaşadan da türklər idilər

4-cü yazı

1527-1528-ci illərdə Əfşar elindən Mustafa sultanın da Savənin tiyuldarı və Səbzəvar hakimi olduğu məlumdur. O, 1528-ci ildə bir çox qızılbaş əmirləri ilə birlikdə özbəklərlə Fizutkuhda savaşda öldürülmüşdü. 1522-ci ildən Bağdadın hakimi Əmir xan Mosullunun qardaşı İbrahim xan Mosullu idi. Məhəmməd Yusif Qəzvini yazır ki, İbrahim xanın Luristanda Kalhur hakimi olan qardaşı Noxud sultan Mosullunun oğlu Zülfüqar qiyam qaldırıb 1528-ci ildə Bağdada hücum edərək əmisini öldürüb Ərəb İraqını ələ keçirir.
Ancaq Qızılbaş ordusu qiyamı tez bir vaxtda yatırmış və 1529-cu ildə Məhəmməd sultan Şərəfəddin oğlu Təkəliyə xan titulu verilib, Bağdadın idarəsi ona tapşırılmışdı. Bu zaman Fars vilayəti yenə də Zülqədər əsilzadələri tərəfindən idarə olunurdu. 1526-cı ildə Əli Sultan Zülqədər vəfat etmiş, yerinə Murad xan Fars hakimi təyin edilmişdi. 1534-cü ildə I Şah Təhmasib Fars vilayətinin hakimiyyətini Qazı xan Zülqədərə vermişdi. 1526-cı ildə Herat hakimi Durmuş xan bin Əbdi bəy Şamlı vəfat edir, qardaşı Hüseyin xan Şamlı Herata hakim göndərilir.
Bu zaman Şamlılardan Zeynəddin sultan da Əsfərayin hakimi idi. 1529-cu ildə I Şah Təhmasibin ordusu özbəkləri dəf etmək üçün Xorasana daxil olduqda onlar Mavərəünnəhrə çəkilir. Şah Herat hökumətini qardaşı Bəhram Mirzəyə verib, Qazi xan Təkəlini də ona lələ təyin edir. Herat 1531- 1532-ci illərdə özbək Übeydulla xanın yeni hücumlarına məruz qaldıqda Qazi xan Təkəli şəhərin müdafiəsini təşkil edə bilməmişdi.
Elə buna görə də I Şah Təhmasib 1532-ci ildə Heratı özbəklərdən geri aldıqdan sonra Qazı xanın əvəzinə Ağsıvar xan Şamlını Herata hakim təyin edir. O, həm də Xorasanın yeni valisi Sam Mirzənin lələsi idi. Ağsıvar xan Şamlı və Sam Mirzə 1534-1535-ci ildə, yəni Osmanlı-Səfəvi dövlətləri arasında müharibə getdiyi bir vaxtda Şah Təhmasibin icazəsi olmadan Qəndəhara hücum təşkil etmişdilər. Ağsıvar xan Şamlı 1535-ci ildə Qəndəhar ətrafında Zahirəddin Baburun oğlu Kamran Mirzə ilə savaşda öldürülür. Bu hadisədən istifadə edən özbəklər Xorasana hücum etdikdə (1535) Məşhəddə hakim Sivaslı Sufiyan xəlifə Rumlu idi. O, özbəklərə ciddi əks zərbələr vurmuş, onları Əsfərayin döyüşündə məğlub etmişdi. Ancaq Səfəvi-Osmanlı müharibəsi və Ağsıvar xan Şamlının Səfəvi-Babur dövlətləri arasında münasibətləri pozmasından istifadə edən Übeydulla xanın qoşunları ardı-arası kəsilmədən Xorasana hücumlar təşkil edir, tərəflər arasında qanlı savaşlar gedirdi. 1536-cı ildə Sufiyan xəlifə Rumlu savaşda öldürüldükdən sonra Übeydulla xan Heratı və Xorasanın bir çox qalalarını ələ keçirməyə müvəffəq oldu. Bu zaman Məhəmməd xan Şərəfəddin oğlu Təkəli Xorasan valisi Məhəmməd Mirzəyə lələ təyin edilib Herata göndərilmişdi. O, vəfatına qədər Herat əmir əl-ümərası olmuşdu.
H. 962 (1555)-ci ildə I Şah Təhmasib oğlu İsmayıl Mirzəni Əli sultan Təkəli ilə Herata göndərdi və Məhəmməd Mirzə isə Qəzvinə geri çağrıldı. Məşhədə isə Bəhram Mirzənin oğlu Sultan İbrahim hakim təyin edilir. Ancaq İsmayıl Mirzə Şahın şifahi və yazılı buyruqlarına əməl etməyib lələsi Məhəmməd xan Şərəfəddin oğlu Təkəli ilə hesablaşmadığına görə 1557-ci ildə Sevindik bəy qorçubaşı tərəfindən həbs edilib Qəhqəhə həbsxanasına salınır. Şah Herata yenə Məhəmməd Mirzəni göndərir. Qazax xan Təkəli atası Məhəmməd xan Şərəfəddin oğlu Təkəli öldükdən sonra (1557) Herat hakimi olmuşdu. Ancaq zülmkar olduğuna görə I Şah Təhmasib ona qarşı Sultan İbrahim Mirzənin başçılığı altında ordu göndərir və 1565-ci ildə ələ keçirilib öldürülür. Həsən bəy Rumlunun məlumatına görə Heratda baş vermiş hadisədən, yəni hakimiyyətsizliyin yaranmasından Buxara hakimi İsgəndər xan dərhal istifadə edib h. 974 (1566-1567)-ci ildə Xorasana böyük oğlu Abdulla xanın başçılığı altında qoşun göndərdi. Ancaq I Şah Təhmasib Herat hökumətini oğlu Sultan Məhəmmədə həvalə edərək Xorasana yola salmış və ona Yeqan Şahqulu sultan Ustaclını da lələ təyin etmişdi. Onlar Xorasanda Qızılbaş ordusunu səfərbər edib Abdulla xanın hücumlarının qarşısını uğurla aldılar və Abdulla xan geri dönməyə məcbur oldu. Həsən bəy Rumlu 1544-cü ildə baş vermiş hadisələrdən bəhs edərkən Həmzə sultan Qazağın oğlu Şahqulu sultanın Məşhəd hakimi olduğunu qeyd edir. O, Məşhədə qədər Kirman və Astrabadda da hakim olmuşdu. 1551-ci ildə Çuxur-Sədə göndərilmişdi. H. 951 (1544)-cü ildə Şahqulu sultan Əfşar Kirman, Əhməd sultan Şamlı isə Sistan hakimi idi.
Məhəmməd Yusif Qəzvini h. 977 (1569)-ci ildə baş vermiş hadisələrdən bəhs edərkən Əfşar əsilzadələrindən Yaqub bəyin Kirman hakimi olduğunu qeyd edir. Bu zaman Xorasanda Cam nahiyəsinin hakimi İbrahim xan Zülqədərin oğlu Zeynal bəyin olduğunu görürük. I Şah Təhmasibin yerlərdə hakimiyyətin həyata keçirilməsinin üsul və metodları XVI yüzilliyin 30-40-cı illərində Gilanda, Astrabadda, Xuzistanda mərkəzdənqaçma hərəkatları ilə səciyyəvi olan güclü qarşıdurmalar şəraitində həyata keçirilirdi. Şahın qoşunu Xuzistanda (1541) baş vermiş qiyamı yatırmaq üçün 1542-ci ildə Dizfula doğru hərəkət etdikdə, buranın hakimi Əlaüddövlə Rənaşi Bağdada qaçmışdı. I Şah Təhmasib Xuzistandakı mərkəzdənqaçma hərəkatının qarşısını almaq üçün oranın idarəsini Əfşar əmirlərindən Əbülfəth sultan Əfşara tapşırdı. Əbdi bəy Şirazi 1538-1539-cu il hadisələrindən bəhs edərkən yazır ki, Xoca Müzəffərin nəvəsi Məhəmməd Saleh Bitikçi Astrabadi cahilliyi üzündən üsyan edib Astrabadın Qızılbaş hakimi Sədrəddin xan Ustaclıya qarşı çıxdığına görə Dəli Şahverdi Kəngərli onu tutub bir kupə qoydu və Təbrizin Nəsriyyə məscidinin minarəsindən atdı. Beləliklə, Astrabadda Xacə Müzəffərin nəsli kəsildi. Müəllif daha sonra Astrabadın Qızılbaş hakimlərindən Şahəli sultan Ustaclı, Keçəl Şahverdi Çavuşlu, İbrahim xan Zülqədərin adını çəkir. Həsən bəy Rumlunun məlumatına görə Şahəli sultan Ustaclıdan sonra 1549-cu ildə Ustaclı elindən Keçəl Şahverdi bəyin Astrabada hakim göndərilməsi Yaka Türkmanların ciddi narazılıqlarına səbəb olmuşdu. Keçəl Şahverdi bəyin qohumu Şatır bəyin Yaka Türkmanın Oxlu obasından olan Aba tərəfindən öldürülməsi gərginliyi daha da artırmışdı. Keçəl Şahverdi bəy də Yaka Türkmanlarla savaşda öldürülmüşdü. Əbdi bəy yazır ki, 1558-ci ildə «Ali divandan Hacı Uveys bəy Məlik oğlu Bayat, Bayat qoşunu ilə Astrabadı idarə etmək üçün getdi». Üveys bəyin Bayat qoşunu ilə Astrabada hakim göndərilməsi, Bayat elinin müəyyən obasının Astrabada köçürülüb yerləşdirilməsini əks etdirir. Bu zaman I Şah Təhmasib Gilandakı mərkəzdənqaçma hərəkatının qarşısını almaq üçün Biye-Pası (Rəşt) da Biye-Piş (Lahican) hakimi Əhməd xana tapşırmışdı. Ancaq 1568-ci ildə Biye-Pası Əmir Dibacın oğlu Cəmşid xana qaytarmaq istərkən, Gilanın məhəlli hakimləri arasında yenidən ciddi qarşıdurmalar, itaətsizlik baş verdi. Əhməd xan Şaha qarşı çıxıb onun göstərişlərini yerinə yetirmədiyinə görə Gilana yenə ordu yeridildi. Məğlub olan Əhməd xan ələ keçirilib həbs cəzasına məhkum edilir. Məhəmməd Mirzə Gilana hakim təyin olundu və faktiki olaraq vilayətdə hakimiyyət Qızılbaş-Türk əsilzadələrindən Allahqulu sultan oğlu Ustaclı, İsgəndər bəy Əfşar və Zeynal bəy Zülqədərin arasında bölündü.
II Şah İsmayıl (1576-1577) da işğal olunmuş bölgələrdə yerli dayaqların möhkəmləndirilməsinə ciddi fikir vermişdi. 1576-cı ildə hakimiyyət uğrundakı çəkişmələrdə Gilan valisi İmamqulu Mirzənin (I Şah Təhmasibin oğlu) lələsi və Biye-Piş əmir əlümərası Pirə Məhəmməd (Çavuşlu) Ustaclı İsmayıl Mirzənin tərəfdarı olduğu üçün İsmayıl Mirzə şahlığı ələ keçirdikdə Ustaclılardan yalnız ona toxunmamış, vəzifəsində qalmasına icazə vermişdi. Bu zaman Şahqulu sultan Yeqan Abbas Mirzənin lələsi və Heart bəylərbəyi idi. O, 1576-cı ildə Əsfərayin hakimi Hüseyn sultan Əfşar tərəfindən öldürülür. Həmin ildə Vəli xan Əfşarın Kirmanda hakim olduğunu görürük. 1577-ci ildə onu Kirmanda Mahmud sultan Əfşar əvəz edir. O, Ustaclılardan xeyli əhalini Sistanda yerləşdirib, Şahqulu sultan Yeqanın oğlu Mürşüdqulu sultan Ustaclını Sərəxsdən geri çağırıb bura hakim göndərdi. Şahqulu sultan Yeqan Ustaclının digər oğlu İbrahim sultan da Qəzvin hakimi təyin edilir. Təkəlilərin bir qismini Reydə yerləşdirib, bura Şərafəddin oğlu Museyib xanı, Qum və Savəyə Türkmanlardan köçürüb buraya isə Əmir xan Mosullunu hakim təyin etmişdi. Şah Herat əyalətini Şirvan hakimi Araz xana versə də, o Arazı keçməmiş fikrini dəyişib bura Durmuş xan Şamlının nəvəsi Hüseyn xanın oğlu Əliqulu bəyi təyin edib, ona xan titulu və əmir əl-üməra rütbəsi də verdi. Murtuzaqulu xanı isə Məşhədə vali təyin edərək xeyli Türkman əhalisini də bu bölgəyə köçürüb yerləşdirmişdi.
Beləliklə, Azərbaycan hüdudlarından kənardakı vilayətlərdə möhkəm dayaqlar yaratmaq, onun da daxili siyasətinin baş xətti olmuşdu. Ancaq dövlətin möhkəmləndirilməsi, mərkəzləşdirmə siyasətinin həyata keçirilməsi, siyasi-iqtisadi inteqrasiyanın genişləndirilməsi tədbirləri imperatorluğun cənub və cənub-şərq bölgələrində qeyri-türk əsilzadələrin çox ciddi qarşıdurmaları şəraitində davam edirdi. Belə ki, Lur hakimi Zülfüqar xan hələ 1529-cu ildə bütün Ərəb İraqını tutub Osmanlı sultanına tabe olduğunu elan etmişdi. 1535-ci ildə Heratda, Gilanda, 1540-cı ildə Rüstamdarda, 1541-ci ildə Xuzistanda Şah hakimiyyətinə qarşı ixtişaşlar baş vermişdi. 1538-ci ildə Astrabadı Məhəmməd Saleh adlı bir nəfər tutub, özünü hökmdar elan etmişdi. Bütün bunlar dövlətin mərkəzləşdirmə siyasətinə qarşı baş vermiş ixtişaşlar olub, onun üsyan, yaxud da xalq hərəkatı kimi şərh olunması doğru deyil.
Tədqiqatlarda iradəsiz bir hökmdar kimi göstərilən Məhəmməd Xudabəndənin də (1577-1587) dövründə imperatorluğun siyasi və əsgəri təşkilatı türk tayfa bəylərinin əlində idi. I Şah İsmayılın qoyduğu ənənəyə uyğun imperatorluğun bütün vilayətlərində türk tayfa bəylərindən möhkəm dayaqlar yaratmaq kimi sabit daxili siyasət kursunu dövlət yenə də bacarıqla həyata keçirirdi.

Zabil Bayramlı
tarix üzrə elmlər doktoru, professor

Bu xəbər oxundu
- - -