Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İran parlamentində Türk fraksiyası fəaliyyətə başladı

31.10.16, 14:31
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Türklərin yaşadığı bölgələri təmsil edən fraksiya parlamentin 100 deputatının iştirakı ilə yaradılıb

İranın Azərbaycan türklərinin yaşadığı bölgələrini təmsil edən deputatlar parlamentdə fraksiya yaradıblar.
İRİB-in verdiyi məlumata görə, bu barədə fraksiyanın sözçüsü Zəhra Sai İSNA agentliyinə bildirib.
O, bildirib ki, türklərin yaşadığı bölgələri təmsil edən fraksiya parlamentin 100 deputatının iştirakı ilə yaradılıb. “Bunlardan 25 nəfəri mərkəzi şuranın üzvləridir. İclasda rəyasət heyəti üçün də seçki keçirildi və nəticədə Məsud Pezeşkian fraksiyanın rəhbəri seçildi”.
Xanım Zəhra Sainin dediyinə görə, Urmiyənin deputatı Nadir Qazipur və Ərdəbildən olan millət vəkili Rza Kərimi fraksiyanın sədr əvəzi seçiliblər.
Güney Azərbaycanın türk bölgələrini təmsil edən fraksiyasının sözçüsü belə bir fraksiyanın yaradılmasının məqsədi barədə deyib: “Ölkədə türk sakinli bölgələrin genişliyini, bu bölgələrdə problemlərin həlli üçün strateji idarəetməni nəzərə alaraq bu fraksiya türk dilli deputatların iştirakı ilə millət vəkillərinin türk sakinli bölgələrin problemlərinin həlli istiqamətindəki potensiallarından istifadə məqsədi ilə yaradıldı”.
Qeyd edək ki, İranın digər kütləvi informasiya vasitələri də parlamentdə türl fraksiyasının fəaliyyətə başlaması barədə Təbriz millət vəkili və Şərqi Azərbaycan vilayətinin keçmiş valisi Əhməd Əlirza Beygiyə istinadla məlumat yayıblar.
Əlirza Beygi fraksiyanın adının öncə Türkdillilər Fraksiyası, daha sonra isə Türk Fraksiyası olduğunu deyib. Lakin Fars xəbər agentliyi fraksiyanı “Azəridillilər Fraksiyası” kimi təqdim edib.
Hazırda Ankarada yaşayan siyasi ekspert Kərim Əsgəri İran parlamentində türk fraksiyasının fəaliyyətə başlamasının önəmli olduğunu bildirib, amma qeyd edib ki, onun nüfuz və təsirini zaman göstərəcək.
Onun sözlərinə görə, fraksiyanın yaradılması xəbərindən sonra çox diqqət çəkən mövzu elə onun adı olub: “İranda 90 ildir türkün inkar edilməsinə şahidik. Rəsmi şəkildə olmasa da, əməldə “Türk” adı inkar olunub və yerini qondarma “Azəri” sözü alıb. Bu baxımdan, İran parlamentində fəaliyyətə başlayan fraksiyanın adında “Türk” sözünün istifadə edilməsi çox önəmlidir. Bu yetərlidirmi? Yox, deyil. Çünki, türkdilli dedikləri zaman türk toplumunu milli varlıq, kimlik olaraq tanımırlar. Ancaq bu “Azəri” kəlməsindən qat-qat yaxşıdır”.
Təbrizli siyasi ekspert fraksiyanın yaradılmasını ümumilikdə önəmli bir addım kimi qəbul edir, amma deyir ki, bu barədə dəqiq fikir bildirmək hələ ki, çox tezdir.
Kərim Əsgərinin sözlərinə görə, fraksiyaya həm mühafizəkar, həm də islahatçı millət vəkilləri daxildir.
Türk Fraksiyasının üzvlərindən islahatçı siyasətçi və Təbriz millət vəkili Məsud Pezeşkiyan İran Parlamentinin birinci sədr müavini seçilib.
Əsgəri fraksiyanın müxtəlif siyasi qanadların üzvlərindən təşkil edilməsinin diqqətəlayiq olduğunu vurğulayır.
Onun sözlərinə görə, Türk Fraksiyası parlamentdə bir qrup kimi hər hansı bir qanunun qəbulu və ya qəbul olunmamasında rol oynaya bilər.
Əsgəri həmçinin deyir ki, bu fraksiya ilə bağlı ən önəmli məqam kimlik məsələsidir: “Fraksiyaya üzv olan millət vəkilləri bunu hamıdan daha yaxşı bilirlər. Seçkilərdən öncə bunların hamısı muhafizəkar, müstəqil, ya da islahatçı olduqlarına baxmayaraq kimlik məsələsi ilə bağlı verdikləri vədlərə görə səs qazanıblar. Təbii ki, bu seçkilərin dörd il sonrası da var”.

Bu xəbər oxundu
- - -