Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Qadınların 15-20 faizi sonsuzluqdan əziyyət çəkir”

24.11.16, 8:36
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Sevinc Məmmədova: “Stress, bədən çəkisinin pozulması, piylənmə müəyyən problemlər yaradır”

Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri, baş mama-ginekoloq, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədovanın APA-ya müsahibəsini ixtisarla təqdim edirik.

- Sevinc xanım, bu gün Azərbaycanda hamilə qadınlar arasında rast gəlinən əsas xəstəliklər hansılardır və bunun səbəbləri nədir?
- Azərbaycanda hamilə qadınlar arasında tez-tez rast gəlinən xəstəliklər qan azlığı-anemiya, daxili cinsiyyət üzvlərinin iltihabı xəstəlikləri, aşağı ətrafların varikoz genəlmələri, ağciyərlərin iltihabı və ürək-damar xəstəlikləridir. Bu xəstəliklər əksər hallarda hamiləlikdən öncə baş verir və hamiləlik baş tutduqda xəstəliklərin gedişi kəskinləşir. Xəstəliyin sonunda bu, çox zaman fəlakətlə nəticələnir.
- Hazırda Azərbaycanda nə qədər ginekoloq həkim var? Ümumiyyətlə, həkim-ginekoloqların, ölkədə mövcud olan doğum evlərinin səviyyəsi sizi qane edirmi?
- Bu gün Azərbaycanda 3 minə yaxın mama-ginekoloq fəaliyyət göstərir. Onların 100%-i artıq sertifikasiyadan keçib. Bu ildən ikinci mərhələ sertifikasiyaya start verilib. Bu gün ginekoloqların səviyyəsi məni qane edir. Hər il ölkədə 170-180 min doğuş qəbul olunur ki, onları idarə edən, ana və balaların sağ-salamat evlərinə dönməsi həmin mama-ginekoloqların sayəsində baş verir. Onların işləri göz qabağındadır və bu, məni qane etməyə bilməz.
- İl ərzində qeydə alınan doğuşların neçə faizi qeysəriyyə, neçə faizi təbii doğuşla dünyaya gəlir?
- Azərbaycanda qeysəriyyə əməliyyatlarının sayı 19-25 % arasında tərəddüd edir. Bu da müəssisədən və bura daxil olan xidmətlərdən asılıdır. Təbii ki, III səviyyəli doğuşayardım tibb müəssisələrində cərrahi yolla azad olunmanın əmsalı daha da yüksəkdir. Çünki patologiyalı qadınlarda vaxtından əvvəl doğuşlar yalnız cərrahi yolla aparılmalıdır. Azərbaycanda rəqəmlərin 19-25 % arasında dəyişməsi heç də Avropa ölkələrindən yuxarı deyil. Bu, digər ölkələrlə müqayisədə normal rəqəmlərdir.
- Ölkədə abortla dayandırılan hamiləliklər daha çox hansı yaşlarda müşahidə edilir? İlk və sonuncu hamiləlikdə bu faiz necə dəyişir?
- İlk hamiləlikdə abort etdirən qadınların sayı çox azdır. Orta yaşlarda bu vəziyyət maksimaldır. Yaş artdıqca abortların sayı da azalır. Bu da qadının fiziologiyasından asılıdır. Qadının yaşı artdıqca onun hamilə qalma fertilliyi aşağı enir və nəticədə aborta müraciət etməyin səbəbləri də azalır. Bu təbiətdən gələn bir haldır. Daha çox abortlar 25-30 yaş arası qadınlarda müşahidə edilir.
- Qadınların hamiləlik dövründə qadın məsləhətxanalarına müraciət etmələri nə dərəcədə vacibdir? Bir çoxları hesab edir ki, əgər hamiləliyin ilk aylarında heç bir problem yoxdursa, sonradan da yarana bilməz. Əslində vəziyyət necədir, normal hamiləlik sonradan patoloji hamiləliyə çevrilə bilərmi?
- Qadınlar hamiləliyin ilk günlərində yox, hamiləlikdən 2-3 ay öncə qadın məsləhətxanasına gedərək ginekoloq tərəfindən müayinə olunmalıdır. Profilaktik olaraq “Fol” turşusu qəbul etməlidir ki, gələcəkdə baş tutan hamiləliyi yaxşı mühitdə olsun. Qadın məsləhətxanasına getmək çox vacibdir. Hətta heç bir xəstəliyi, fəsadlaşması olmayan qadın hamiləlik dövründə ən azı 7 dəfə qadın məsləhətxanasına müraciət edərək vaxtında müəyyən müayinələrdən keçməlidir. Hər bir patologiyanın özünü büruzə vermə vaxtı var.
Məsələn, hər kəs deyir ki, 12 həftəlik müddətdə mütləq ultrasəs müayinədən keçilməli və dölə hərtərəfli baxılmalıdır. Çünki 10-12 həftəlik müddətində Daun sindromunun xüsusi əlamətləri (yaxalıq nahiyəsinin qalınlığı, burun sümüyünün uzunluğu, əlinin, ovcunun quruluşu və) görülür. Hamiləliyin müddəti böyüdükcə yaxalıq nahiyəsinin qalınlığını ölçə bilmirik və bu müddəti itirmiş oluruq.
Və yaxud uşaqlıqdan kənar hamiləliyin ilkin diaqnozu 5-6 həftədə qoyulur. Ona görə deyilir ki, qadının vaxtından 10-15 gün keçibsə, mütləq həkimə gedilməlidir. Çünki uşağın boşluğa düşüb-düşməməsi yoxlanmalıdır.
Əgər uşaq boşluğa düşübsə, bu rahat hamiləlik hesab olunur, yox əgər düşməyibsə, nəzarətdə saxlanılır. 3-5 gündən sonra diaqnoz qoyulur ki, boruda ilişən hamiləlikdirsə, borunun partlamaması, qanaxmanın olmaması, qadının əlil olmaması, əməliyyata düşməməsi üçün vaxtında müalicə edilsin.
Ürək qüsurlarını görmək üçün qadının 18-20-ci həftədə ikincili skrininq olunması mütləqdir. Uşaq böyüdükcə genetik skrininq etmək çətin olur. 32-34-cü həftədən tez dopler edilməməlidir, çünki damarlar formalaşmalıdır. 34 həftədən sonra dopler müayinəsi edəndə nəyə, hansı damarlara baxdığımız məlum olur. Hamiləliyin hər bir müddətinin özünəməxsus müayinələri var.
İkinci tərəfdən hamiləliyin toksikoz deyilən fəsadlaşmaları var. Hamiləliyin ilk 12 həftəliyinə kimi ürəkbulanma, qusma, ağıza su gəlməsi müşahidə olunur. Amma hamiləliyin ikinci yarısında olan toksikozlar- eklampsiya, preeklampsiya 24-cü həftədən başlayır və bundan qadının xəbəri olmur. Bir qədər ayaqlar şişir, təngnəfəs olur, mədədə ağrılar yaranır, baş ağrısı olur, sidiyə az gedir, yuxulu olur, beyin tormozlanır. Bunlar hamısı preeklampsiyanın əlamətləridir. Bəzən qadınlar bunu hamiləliklə əlaqələndirir və “müəyyən müddətdən sonra keçər”, deyirlər. Halbuki ananın bədənində artıq preeklampsiyanın gizlin əlamətləri gedir. Vaxtında diqqət etmədikdə 1 həftə-10 günə bu xəstəlik kəskinləşir və artıq həkimə gətiriləndə vəziyyəti ağır olur, qadını xilas etmək üçün cərrahi müdaxilə ilə hamiləlik aradan qaldırılır. Ona görə də qadın mütləq təyin olunan günlərdə həkimə getməlidir.
Hamiləliyin bədən çəkisi az, orta ölçülü və şişman qadınlar üçün normativləri var. Ona görə də hamiləlikdən öncə bədənin çəkisini öyrənmək lazımdır. Əgər hamiləlik dövründə çəki normadan artıq olarsa, bu, artıq onda gizlin ödemlər - şişlər haqqında məlumat verir. Bu da böyrək, ürək, beyin, damar sistemi və digər orqanlar üçün fəsadlar verir.
Bəzən hamilə qadınların vaxtında həkimə müraciət etməməsi onların ətrafından, ailə üzvlərindən də asılı olur. Qayınanalar, analar vəziyyəti keçmişlə müqayisə edərək həkimə getməyi vacib hesab etmirlər...
- Yadda saxlamaq lazımdır ki, keçmişdə analar 18 yaşı olan kimi qızları ərə verirdi, gedən kimi uşağı olurdu və hər şey də rahat olurdu. Bu gün isə vəziyyət başqadır. Ekologiya dəyişib, qidalar başqadır, stresslər artıb. Bundan başqa, bu gün dieta proqramları dəbdədir.
Əgər qadın bədənin 15% çəkisini itirirsə, hormonal fona 50% ziyan vurur. Ona görə qadınlar cazibədar görünmək üçün sağlamlıqlarını itirirlər. Bu da onların hamiləliyinə öz təsirini göstərir...
İndiki nənələr, analar, xalaların o zamankı vəziyyətləri ilə indiki qızların durumu arasında yerlə-göy qədər fərq var.
- Ümumiyyətlə, qadının neçə yaşda dünyaya uşaq gətirməsi daha məqsədəuyğun hesab olunur? Hansı yaşlarda hamilə qalmaq, uşaq dünyaya gətirməsi müəyyən problemlərə səbəb ola bilər?
- Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə, 18-25 yaş arası dövr ilk övladı dünyaya gətirmək üçün ən münasib yaş hesab olunur. İkinci övladı dünyaya gətirmək üçün rəqəmlər dəyişilə bilər. 30 yaşdan yuxarı hamiləlik baş tutarsa, bu həm anada, həm də döldə müəyyən fəsadlaşmalarla nəticələnə bilər. Ona görə də ÜST-ün tövsiyə etdiyi yaşda hamilə qalınması qeyri-travmatik, rahat hamiləlik keçirmək, rahat uşaq dünyaya gətirmək imkanı yaradır.
- Hər il risk qrupunda olan hamilələr ümumi hamilələrin neçə faizi təşkil edir?
- Ölkədə risk qrupunda olan hamilələr ümumi hamilələrin 25-30 faizini təşkil edir. Hər 3 qadından biri hansısa ekstrogenetal xəstəliklərlə fəsadlaşmış olur.
- Perinatal Mərkəzə hər il daha çox hansı hallarla bağlı müraciət edilir?
- Perinatal Mərkəzdə risk qrupunda olan qadınlar qəbul olunur, onların doğuşu icra edilir. Eyni zamanda, hər hansı bir uşaqda vaxtından əvvəl yarımçıq doğulma gözlənilirsə, bu zaman da mərkəzə qəbul edilir. Respublikada III səviyyəli doğuşayardım müəssisələri 2 cürdür.
Bəzi mərkəzlərə somatik sağlam qadınlar qəbul edilir. Yəni, adi doğum evində xüsusi mütəxəssislər olmadığı üçün yalnız sağlam qadının vaxtından əvvəl doğulan uşağına yardım göstərilir.
II qrup III səviyyəli doğuşayardım müəssisələri isə Respublika Klinik Xəstəxanası və Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutudur. Onlarda əlavə mütəxəssislər var.
Əgər hansısa hamilə qadın kritik vəziyyətdə olarsa, ilkin yardım göstərilir, diaqnoz qoyulduqdan sonra qadının xüsusi ixtisaslı mütəxəssislərə ehtiyac olduqda həmin xəstəxanalara köçürülür.
- İl ərzində neçə perinatal ölüm qeydə alınır?
- Bu rəqəmlər müxtəlifdir və hər bir doğuşa yardım müəssisəsinin səviyyəsindən asılıdır. Çünki perinatal dövrdə hamilələri qəbul edən müəssisə ancaq III səviyyəlidir.
- Bu gün ölkədə ümumilikdə qadınların neçə faizində sonsuzluq müşahidə edilir?
- Ümumdünya Səhiyyə Təşkilatının göstəricisinə görə, dünyada, o cümlədən Azərbaycanda qadınların 15-20%-i sonsuzluqdan əziyyət çəkir. Sonsuzluğun bir neçə növü var. Belə ki, bir ailədə müntəzəm cinsi əlaqə olmasına baxmayaraq, bir ildən artıq olan müddətdə hamiləlik baş tutmursa, ona sonsuz nikah deyilir. Bunun səbəbləri qadınla və ya kişi ilə bağlı ola bilər. Qadın faktorlarının özünün də bölgüsü var. Qadının keçirdiyi iltihabi xəstəlik nəticəsində çanağında bitişmə prosesi olur, boruların mənfəəzi bağlanır, mayalanmış yumurta uşaqlıq boşluğuna düşə bilmir.

İkincisi, endikrinoloji səbəblər var. Qadınların sonsuzluğunda 40-50 % hallarda endokrinoloji faktorlar üstünlük təşkil edir. Stress, bədən çəkisinin pozulması, piylənmə müəyyən problemlər yaradır. Hər hansı anadangəlmə xəstəlik nəticəsində hormonal fon normal yumurtanın yetişməsinə və mayalanmanın baş verməsinə, hamiləlik baş tutandan sonra hamiləliyin 9 ay davam etməsinə imkan vermir.
Sonsuzluğun III qrup səbəbləri anomaliyalar hesab edilir. Burada qadının və ya kişinin daxili cinsiyyət üzvləri hansısa səbəbdən normal funksiyanı yerinə yetirə bilmir.
IV yerdə immunoloji sonsuzluqlar dayanır. Hər bir insanın özünün immunoloji pasportu və ona xas olan unikal kodu var. İnsanın hüceyrələri bu koddan istifadə edərək yad cisimləri qəbul etmir. Yeganə bir hal istisna olunur, yəni qadın hamilə qaldıqda ona xas olmayan, yad cisim bətninə düşür və ondan mayalanan embrionu qəbul edir, 9 ay gözləyir. Əgər kişi ilə qadının immunoloji pasportu eyni gələrsə, bədən onu qəbul etmir. Ona görə də immunoloji səbəbdən hamiləlik baş tutmur.
Sonuncu və 3-5% rast gəlinən isə izaho lunmaz sonzuluqdur. Onun səbəbini biz izah edə bilmirik. Hər hansı bir bitişmə, endokrinologiya olmasa da, bədən immunoloji cəhətdən normal olsa da, hamiləlik baş vermir.
Kişi faktoru da sonsuzluqda rol oynayır. Ümumiyyətlə, qadınlar hamilə qalmırsa, bu, bərpa oluna biləcək - nisbi sonsuzluğa və bərpa edə bilmədiyimiz - mütləq sonsuzluğa gətirib çıxarır.
Nisbi sonsuzluq zamanı müxtəlif texnologiyalardan istifadə edib qadını bərpa edə bilirik. Amma elə hallar olur ki, 5 il ərzində müxtəlif müayinə və müalicələrdən istifadə edilsə də, bərpa baş vermir. Bu halda onlar süni mayalanmaya əl atırlar. Bu, köməkçi reproduktiv texnologiyaların bir hissəsi və son mərhələsidir...

Bu xəbər oxundu
- - -