Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

S.C.Pişəvərinin deputat mandatı niyə ləğv olundu?

08.12.16, 7:36
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

2-ci yazı

Xoidən 10 gün sonra 1323-cü il tirin 22-də (1944-cü il iyul) S.C.PiŞəvərinin mandatı Məclis vəkillərinin toplantısında müzakirə olunmuşdu. Məclisdəki həmin toplantıya sədarət etmiş Əmir Teymur Klali başda olmaqla Şəriətzadə, doktor Tahiri, Əmirnösrət İskəndəri, Siqətul-islami, Şəriətzadə (son üç nəfər Təbrizdən seçilmişdi), Əli Eqbol, Dəşti, Camal İmami və bir neçə nəfər başqa deputat S.C.Pişəvərinin mandatını ləğv etmək üçün Məclisdə deputatlar arasında əvvəlcədən pozuculuq işi aparıblar. Bu dəstə iştirakçılarda əsası olmayan belə bir fıkir oyatmağa çalışıblar ki, guya Təbrizdə Məclisə seçkilərdə “ciddi əyintilər, qeyri-qanuni işlər olub” və s. Bu müzakirələrdə İXP-dan seçilmişlərin mövqeyi haqda iki fikir mövcuddur: 1-ci fikir: Ardaşest Ovanesyan S.C.Pişəvərinin əleyhinə səs verənlər sırasında olub; 2-ci fıkir: İXP nümayəndələrindən 2 nəfər səsvermədə bitərəf qalıblar.
Nəticədə S.C.Pişəvərinin deputatlıq mandatı 100 nəfərdən əleyhinə 50, lehinə 47 səs verilmiş, 3 nəfər bitərəf qalmışdı. Müzakirə və səsvermə zamanı Məclisdə S.C.Pişəvərinin əleyhinə aşkarda yeganə tünd danışan Babel nümayəndəsi, şahpərəst Şəriətzadə olmuşdu. Onun təklifı ilə başqa namizədlərdən fərqli olaraq S.C.Pişəvərinin namizədliyi açıq yox, gizli səsə qoyulmuşdu. Bu vasitə ilə pərdə dalında Pişəvəri əleyhinə təxribat işləri başa çatdırılmışdı.
S.C.Pişəvərinin və Xoinin mandatına qarşı çıxan dəstənin başçısı Şəriətzadə öz çıxışında riyakarlığın üstünü malalamaq üçün demişdi ki, o, Təbrizdən seçilmişlərin səlahiyyəti əleyhinə heç nə demir. Onun etirazı guya orada seçkinin aparılma tərzinin düz olmaması və seçki qaydalarının pozulması ilə bağlıdır. Bu riyakarlıqla barışmayan obyektiv insanlar soruşurdular: “Əgər doğrudan da Təbrizdəki seçkidə pozğunluq və ya əyinti olmuşdusa, bu nə üçün Təbrizdən seçilən digər deputatlara yox, ancaq iki nəfərə, İ.Xoiyə və S.C.Pişəvəriyə Şamil edilmişdi?”
Bununla əlaqədar olaraq “Dad” qəzeti yazmışdı: “... Məclisdə Pişəvəri haqqında bəhs açılarkən heç kəs ondan soruşmadı ki, aya, sən dəlil-sübut olmadan 10 il Rza şah zindanında niyə yatmısan? Pişəvəri o siyasi dustaqlardan olmuşdu ki, onun günahları haqda heç bir sübut yazılan “dosya” olmamışdı. O adamın dünya malında heç vaxt gözü olmamışdı. Niyyəti və məqsədi ancaq azadlıqdır. Onun əməlində nə günah var ki, bizim Şura məclisi onun mandatını təsdiq etməmişdi? Əgər doğrudan da Təbrizdəki seçkilər qüsurlu olmuşdusa, bəs nə üçün ağaye Əbülhəsən Siqətülislaminin, Rəflinin, Əmirnüsrət İskəndərinin və başqalarının namizədliyi təsdiq edilmişdi? Əgər Pişəvərinin şəxsiyyətinə kiminsə etiraz və narazılığı var idisə, bu haqda Məclisdə niyə açıq danışmamış, hər şeyi pərdə dalında gizlin həll edilmişdi”.
S.C.Pişəvərinin deputatlıq mandatı Məclisdə müzakirə olunarkən iclası Məclisin sədr müavini Əmir Teymur Klali idarə etmişdi. O, öz xatirələrində etiraf edir ki, açıq səsvermədə S.C.Pişəvərinin yetərincə səs aldığını görən bəzi Şahpərəst deputatlar səsvermənin gizlin aparılmasmı təkidlə tələb ediblər. Nəticədə S.C.Pişəvəri gizli səsvermə yolu ilə deputat mandatından məhrum edilmişdi, halbuki ilk əvvəl S.C.Pişəvəri açıq səsvermədə əksəriyyətin müsbət rəyini almışdı. S.C.Pişəvəri əvvəldən bilirdi ki, böyük əksəriyyəti şahpərəstlərdən, varlı və mənsəb sahibi olan məmurlardan, Şəriətzadə və Seyid Ziya kimi irticaçılardan ibarət olan bir Məclisdə onun deputat mandatına malik olması mümkünsüzdür.
Buna görə də o, mandatı müzakirə olunarkən Məclisin tribunasından rejimə və onun Məclisdəki manqurtlarına qarşı kəsərli nitq söyləmişdi. O, sonralar etdiyi çıxışların birində demişdi: “...Təbriz hazırda xaraba bir təndirə bənzəyir. 6 aydır ki, şəhər xəstəxanası işləmir. Şəhərdəki 27 məktəbdən 5-6-sı dövlətindir, qalanları özəldir. Mən onların bir neçəsi ilə yaxından tanış oldum. Sizin bir çoxunuz atınızı belə ora salmazsız... Mən bilirdim ki, Məclis kürsülərini qəsb edən xainlərlə mənim suyum bir arxda getməyəcək və hiss edirdim ki, bu yolkəsənlər dəstəsi mənim aralarına girməyimə asanlıqla razı olmayacaqlar. Ona görə fürsətdən istifadə edib sözlərimi dedim. Məni 16 min rəylə seçib, Məclisə göndərən Azərbaycan xalqının ehtiyaclarını sayıb söylədim. Sözlərimi böyük bir diqqət və dərin bir sükütla eşidib təsdiq etdilər. Lakin bu təsdiqlər xəyanətlərini gizlətmək üçün qara pərdədən başqa bir şey deyil. Fürsət əllərinə düşən kimi də “bu rahat oturan adama bənzəmir, buradan uzaqlaşdırmaq lazımdır” deyib etibarnaməyə tülkülərə yaraşan alçaqlıq ilə müxalifət etdilər”.
14-cü çağırış Məclisdə S.C.Pişəvəriyə qarşı törədilən riyakarlıq ağır mübarizə yolu keçmiş bu insanın orada fəaliyyət göstərməsinə imkan verilməmişdi. S.C.Pişəvəri üçün bu həqiqət bir daha aydın oldu ki, əksəriyyəti xalqın qanını içməyə hazır olan bu qatillərlə heç cür dil tapıb, onları millət istəyən yola gətirə bilməyəcək. O, hələ Təbrizdə seçiciləri ilə görüşdə deputat seçilməyi özünə nə yüksəliş və nə də məqam hesab etməmişdi. O, hədəfə çatmaq üçün deputat seçilməyi vasitələrdən biri saymışdı. “...Biz bu vasitədən istifadə edib mübarizəmizdəki əsgərləri ön səngərə çıxarmaq, İranın azadlıq və demokratiyaya çatması arzusunu həyata keçirmək bu vasitədən istifadə etmək istəyirdik”.
14-cü çağırış İran Şura Məclisindəki olaylar S.C.Pişəvəridə belə bir fikrin tam və qəti şəkildə formalaşmasına inam yaratmışdı ki, Azərbaycan Tehrandan “mərhəmət” gözləməməli, öz dərdlərinə özü əlac etməlidir. Şeyx Məhəmməd Xiyabaninin “Elə çıraq yandırmaq lazımdır ki, ixtiyarı öz əlimizdə olsun” sözlərini, özünə bayraq edən S.C.Pişəvəri azadlıq çırağını yandırmaq üçün Azərbaycana - Təbrizə üz döndərdi.

Əkrəm Rəhimli
AMEA Şərqşünaslıq İnstitutunun "Güney Azərbaycan elmi araşdırmalar şöbəsinin müdiri

Bu xəbər oxundu
- - -