Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

S.C.PİŞƏVƏRİ VƏ AZƏRBAYCAN MİLLİ HÖKUMƏTİ

16.12.16, 7:21
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Bu 1828-ci ildən İran şahlarının, XX əsrin 20-ci illərindən isə Pəhləvi sülaləsinin caynağına keçirilmiş bir məmləkətin Güney Azərbaycanın milli azadlıq mübarizəsində qazandığı tarixi qələbə idi

Azərbaycan Milli Məclisi 1945-ci il dekabrın 12-də (21 Azər) keçirdiyi iclasında Azərbaycan Milli Hökumətini (AMH) təşkil etməyi S.C.Pişəvəriyə tapşırdı. S.C.Pişəvəri həmin gün Məclisin günortadan sonrakı iclasında Milli hökumətin tərkibini aşağıdakı heyətdə Məclisin müzakirəsinə və təsdiqinə təqdim etmişdi:

Baş nazir (vəzir) - Seyid Cəfər Pişəvəri
Daxili İşlər naziri - Salamulla Cavid
Xalq qoşunları naziri - Cəfər Kaviyan
Kənd təsərrüfat naziri - doktor Mehtac
Maarif naziri - Məhəmməd Biriya
Səhiyyə naziri - doktor Urəngi
Maliyyə naziri - Qulamrza Ġlhami
Ədliyyə naziri - Yusif Əzima
Poçt-teleqraf naziri - Mirzə Rəbi Kəbiri
Ticarət və İqtisad naziri - Rza Rəsuli

Yuxarıdakı tərkib Məclis tərəfindən təsdiqlənəndən sonra Zeynalabdin Qiyami Ali Məhkəmənin rəisi, Firudun İbrahimi isə baş prokuror vəzifələrinə təyin olunmuşdular. Azərbaycan Milli hökumətinin fəaliyyətinin başlanğıcında ciddi çətinlik törədən məsələlərdən biri Azərbaycanın ikinci böyük şəhəri Urmiyanın (Rzaiyyə) düşmən əlində qalması idi. S.C.Pişəvərinin başçılıq etdiyi hökumət Təbrizdə olduğu kimi Urmiyada da öz fəaliyyətinin ilk günündən düşmənlə məsələni danışıqlar yolu ilə həll etmək niyyətində olduğunu Urmiya qarnizonunun başçısı Zənginəyə bildirdi. “Bilirdik ki, iş davasız, döyüşsüz ötüşməyəcək... Çalışırdıq silah işlətməkdə əvvəlinci olmayaq” (S.C.Pişəvəri). Urmiyadakı qarnizonun mühasirəyə alınması zamanı milli hökumətin hərbi qüdrəti xeyli artmışdı. Milli hökümətin təşkilindən keçən bir həftə ərzində əvvəl azad edilmiş bölgələrdən əlavə Qaradağ mahalı, Ərdəbil, Xalxal, Kəleybər və Miandab rayon və şəhərləri ətraf kəndləri ilə birlikdə şahpərəstlərdən tam azad edilmişdi. “Aparılan əməliyyatlar zamanı İran ordusunun 5.983 nəfər əsgər və zabiti tərk-silah edilmiş, onlardan 4 top, 1000 mərmi, 205 pulemyot, 3577 tüfəng, 22 tapanca, 6 tank, 2 minomyot, 300 mina, 470 min patron alınmışdı. Təkcə Rzaiyyə və Ərdəbil jandarm bölüyündən 2800 nəfərə yaxın jandarm tərk-silah edilmiş, onlara məxsus 565 tüfəng, 31 min patron fədailər tərəfindən müsadirə edilmişdi”.
Əli hər yerdən üzülən Tehran höküməti ümidini Urmiyadakı (o vaxtkı Rzaiyyə) ağır silahlarla və bir neçə tankla təchiz olunmuş 4-cü ostan qarnizonuna bağladı. Təbrizdə qardaş qırğını salmağa müvəffəq olmayan Tehranın irticaçı qüvvələri növbəti qanlı səhnəni Urmiyada yaratmaq istədilər. Bunun üçün 4-cü əyalət (ostan) sayılan Qərbi Azərbaycanın qubernatorunu əvəz edən və Urmiyyə hərbi qarnizonunun başçısı polkovnik Zənginəyə hər cür kömək və şirnikləndirici vədlər verilsə də son hesabda Urmiyadakı hərbi qarnizon da təslim olmağa məcbur edildi.
Beləliklə, Azərbaycan ərazisi tam olmasa da, Zəncandan Culfaya qədər, Astaradan Maku və Salmasa qədər ərazidəki kənd və şəhərlər Tehranın əsarətindən azad oldu. Bu 1828-ci ildən İran şahlarının, XX əsrin 20-ci illərindən isə Pəhləvi sülaləsinin caynağına keçirilmiş bir məmləkətin Güney Azərbaycanın milli azadlıq mübarizəsində qazandığı tarixi qələbə idi.
Azərbaycan Milli Məclisinin 1945-ci il 13 dekabr tarixli iclasında təsdiq olunmuş Azərbaycan Milli hökümətinin 20 maddədən ibarət olan fəaliyyət proqramı bütün istiqamətlərdə S.C.Pişəvərinin rəhbərliyi altında icra edilməyə başlamışdı. Bu proqram öz dövrünə görə çox geniş və əhatəli idi. Proqram aşağıdakıları əhatə etmişdi: Azərbaycan muxtariyyatının dünyaya tanıtdırılması, demokratik əsaslarla Əncümən seçkilərinə başlamaq və Əncümənləri təşkil etmək, şəhər və kəndlərin abadlaşdırılması, yerlərdə dövlət vəzifələrinə vətənpərvər və vicdanlı adamları irəli çəkmək, ədalətli vergi qanunu tətbiq etmək, fədai dəstələrinin və xalq qoşunlarının təchizatına və təliminə fikir vermək, tədrisin və bütün ölkədə yazışmaların ana dilində aparılmasına, savadsızlığın ləğv edilməsinə nail olmaq və milli darülfünunun açılmasını tezləşdirmək, iqtisadi tədbirlər sırasında ədalətli torpaq islahatının keçirilməsi, ərbab-rəiyyət münasibətlərinin nizama salınması, dayanmış istehsal müəssisələrinin işə salınması və yeni sənaye obyektlərinin inşası, milli sahibkarlığın dəstəklənməsi və təşviq edilməsi, infrastrukturun nizama salınması və onun ahəngdar işinin təmin edilməsi, işsizliyi aradan qaldırmaq üçün təsirli tədbirlərin həyata keçirilməsi, mütərəqqi iş qanunu və sığortanın tətbiqi, səhiyyə xidmətinin yaxşılaşdırılması, Azərbaycanda yaşayan milli azlıqlara azərbaycanlılarla bərabər hüquq verilməsi və onların milli dil, mədəniyyət, adət-ənənələrinin inkişafına dövlət səviyyəsində qayğı göstərilməsi, İran hökumətinin Azərbaycanın milli mənafeyinə zidd olmayan qərar və qanunlarının tanınması və s. və i.a. - bütün bunlar hamısı S.C.Pişəvərinin başçılıq etdiyi Milli hökumətin fəaliyyətinin əsasını təşkil etmişdi.
Bununla belə deməmək mümkün deyil ki, iqtisadiyyat və quruculuq sahəsində görülən işlər, milli mədəniyyətin inkişafına göstərilən qayğı, ilk növbədə Azərbaycan türkcəsinin rəsmi dövlət dili elan edilməsi və bütün Azərbaycanda bu qanunun həyata keçirilməsi, Təbrizdə dövlət universiteti, dram teatrı və filarmoniyanın açılması, şair və yazıçılar birliyinin, bəstəkar və memarlar cəmiyyətlərinin yaradılması, çap işinin yüksək səviyyədə təşkili və i.a. - bunlar hamısı Güneydə geniş miqyasda iqtisadi dirçəliş və mədəni inqilabdan xəbər verirdi.
Azərbaycan Milli hökumətinin həyata keçirdiyi tədbirlər sırasında Azərbaycan dilinin rəsmi dövlət dili elan edilməsi, məktəblərdə tədrisin, dövlət idarələrində danışıq və yazışmaların ancaq bu dildə aparılması dövlətin rəsmi göstərişi ilə Maarif Nazirliyinin 1 №-li əmri ilə (yanvar 1946) həyata keçirilmişdi. S.C.Pişəvəri hökumət başçısı kimi ana dilinin məktəb və tədris müəssisələrində işlədilməsinə, bu sahədə mövcud çətinliklərin tez aradan aparılmasına xüsusi diqqət ayırmışdı. Bu cəhətdən S.C.Pişəvərinin Maarif Nazirliyinə ünvanladığı 1324-cü il 28 Azər tarixli 28/465 №-li sərəncamda aşağıdakılar qeyd olunur:
1. Bütün milli və dövlət məktəblərində təlim və tərbiyənin Azərbaycan dilində aparılması üçün hazırlıq işləri görülsün.
2. Maarif Nazirliyi tərkibində “Dərs kitabları hazırlayan şöbə” yaradılsın.
3. Alimlər, təcrübəli müəllim və məktəb müdirləri hazırlıq işinə cəlb edilsin.
4. Azərbaycan dilində çap olunacaq dərsliklər nəzarət komissiyasının rəhbərliyi ilə hazırlansın və bu haqda maarif nazirliyi məlumatlandırılsın.
5. Əlifbadan əlavə, ədəbiyyat, tarix, hesab, fizika, coğrafiya və s. fənlər üzrə kitablar hazırlanıb, çapa verilsin.
6. Dərsliklər hazırlayan şöbənin rəyasət heyətinə təcrübəli, məlumatlı və savadlı şəxslər cəlb edilsin.
7. Dərsliklər hazırlayan şöbə 5 gün ərzində xərclənəcək pul və vəsaitinin miqdarını müəyyənləşdirsin.
8. Dərslikləri hazırlayan şöbə bir aydan gec olmayaraq 1-4-cü siniflər üçün azərbaycanca dərslikləri hazırlayıb çap etdirsin.
9. Bütün milli və dövləti məktəb rəhbərlərinə göstəriş verilsin ki, azərbaycanca dərsliklər hazırlanana qədər mövcud dərsliklərdən istifadə etməklə tədrisi ana dilində aparsınlar.
S.C.Pişəvəri ölkədə savabsızlığın ləğv edilməsinə, xalqın maariflənməsinə, elmə, mədəniyyətə yiyələnməsinə xüsusi diqqət vermiş və qayğı göstərmişdi. O deyirdi ki, “Maarifsiz bir millət yaşaya bilməz. Dünya bilik, maarif və mədəniyyət üstündə dayanır.”
Amerikalı müəllif C.Foranın yazdığı kimi “Milli Hökumətin bir ildə gördüyü işləri Rza şah rejimi heç 20 ildə də görə bilməzdi. Ona görə ki bu işləri görmək üçün damardakı qan türk qanı, millətə və vətənə bağlı qan olmalı idi. Həm də S.C.Pişəvərinin ətrafındakı insanların çoxu ağır mübarizə yolu keçmiş mətanətli insanlar idi. S.C.Pişəvərinin başçılıq etdiyi hökumətin fəaliyyətində ümdə məsələlərdən biri də Azərbaycana İran daxilində muxtariyyatın verilməsi məsələsi olmuşdu.
S.C.Pişəvəriyə görə milli Muxtariyatı əldə etmədən millət üçün azadlıq təmin oluna bilməzdi və bu muxtariyyat başlıca dövlətlərin zəmanəti ilə Tehrandan alınmalıydı. Bu haqda 21 Azər nehzətindən 17 gün sonra, 1945-ci ilin dekabrın 29-da S.C.Pişəvəri ilə ABŞ-ın Təbrizə təzə gəlmiş konsulu Robert Rosso arasındakı söhbətdə də bəhs olunmuşdu. R.Rossounun “Əgər şah sizin muxtariyyatınızı tanısa, Azərbaycan demokratları buna necə baxarlar?” sualına S.C.Pişəvəri: “Təkcə şahın tanıması Azərbaycan Milli Muxtariyyatının mövcudluğu üçün təminat ola bilməz. Şah öz qərarını sabah ləğv edə bilər. Azərbaycan xalqı öz qanuni tələblərinə həqiqi təminat istəyir ki, bu da bütün demokratik dövlətlərin, o cümlədən Amerika hökumətinin yardımından və müdafiəsindən ibarət ola bilər”.

Əkrəm Rəhimli
AMEA Şərqşünaslıq İnstitutunun
"Güney Azərbaycan elmi araşdırmalar" şöbəsinin müdiri

Bu xəbər oxundu
- - -