Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Vergi Məcəlləsinə dəyişikliklərin qəbulu ölkəmizdə vergi mühitinin cəlbediciliyinin artmasına müsbət təsir göstərəcək”

27.12.16, 9:45
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Fazil Məmmədov: “Vergilər Nazirliyi vergi ödəyiciləri ilə şəffaf partnyorluq münasibətlərinin genişlənməsinə xüsusi diqqət yetirəcək”

Dünya maliyyə və kapital bazarlarında hökm sürən mürəkkəb iqtisadi şəraitdə Azərbaycanda genişmiqyaslı islahatlar həyata keçirilir və bu, özünü vergi sistemində də aydın göstərir. Azərbaycan Respublikasının vergilər naziri, I dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədovun AZƏRTAC-a müsahibəsi (ixtisarla).

- Vergi Məcəlləsinə əsas dəyişikliklər nədən ibarətdir?
- Hər şeydən əvvəl deyim ki, vergi orqanları dövlətin vergi siyasətini həyata keçirən qurumdur və əlbəttə, dövlət büdcəsinin gəlirlərinin formalaşmasına məsul orqan olaraq vergi gəlirlərinin artırılmasında maraqlı tərəfdir. Lakin ölkəmizdə həyata keçirilən vergi siyasətinin ən vacib elementlərindən biri əlverişli biznes mühitinin yaradılması, biznesin iqtisadi inkişafa yönümlü olması, dövlətin iqtisadi maraqları ilə yanaşı, sahibkarların və vətəndaşların maraqlarına cavab verməsidir.
Vergi Məcəlləsinə həm həcm, həm də mahiyyət baxımından olduqca ciddi dəyişikliklər edilib. Son dəyişikliklərin əsas məqsədi və hədəfi kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimadın səviyyəsinin yüksəldilməsi, nağdsız əməliyyatların həcminin artırılması, pul dövriyyəsinin tənzimlənməsi, bankların likvidliyinin və bilavasitə vergi mühitinin cəlbediciliyinin artırılması yolu ilə iqtisadiyyata investisiya qoyuluşlarının təşviq edilməsi, ixracın stimullaşdırılması, dürüst və şəffaf uçotun qurulmasıdır. Dəyişikliklər zərfi beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində, qabaqcıl beynəlxalq təcrübənin yaxından öyrənilməsi, biznesi təmsil edən təşkilatların və sahibkarların ictimai birliklərinin təkliflərinin müzakirəsi əsasında hazırlanıb.
Qanunvericiliyə dəyişikliklər Milli Məclisin komitələrində çox ciddi müzakirələrdən keçib və millət vəkilləri tərəfindən də müsbət qarşılanıb. Bütövlükdə Vergi Məcəlləsinə 201 dəyişiklik edilib. Məcəlləyə 115 yeni maddə əlavə edilib, 83 maddəyə dəyişiklik edilib, 3 maddə isə ləğv olunub. Dəyişiklikləri qruplaşdırsaq, 123 maddə vergi inzibatçılığının, o cümlədən vergi uçotunun təkmilləşdirilməsi və şəffaflaşdırılması, 34 maddə vergiödəyicilərinin hüquqlarının genişləndirilməsi, 8 maddə isə vergi yükünün azaldılması və ya vergi güzəştləri və vergidən azadolmalarla bağlıdır.
Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamları ilə yaradılan icbari tibbi sığorta və səhiyyə (tibb) xidmətləri göstərən qurumların gəlirləri mənfəət vergisindən müddətsiz, buğdanın idxalının və satışı, buğda unu və çörəyin istehsalı və satışı, quş ətinin satışı isə 3 il müddətində ƏDV-dən azad edilib. Bankların restrukturizasiya və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi 2017-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilib.
Banklar tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirlərinin, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividendin, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirlərinin gəlir vergisindən azad edilməsi müddəti 7 ilə qədər - 2023-cü ilin fevral ayınadək uzadılıb. Sahibkarların vergi yükünün azaldılması ilə yanaşı, onların dövriyyə vəsaitlərinə qənaət edilməsi, habelə ixracı stimullaşdırmaq məqsədilə ixrac fəaliyyəti ilə məşğul olan şəxslərin apardıqları əməliyyatlardan yaranan ƏDV üzrə artıq ödənilmiş vergilərin qaytarılması müddətləri də qısaldılıb. Bu azadolmalar və dəyişikliklər vergiödəyicilərinin vergi yükünün azaldılmasına, dövriyyə vəsaitlərindən səmərəli istifadə etmələrinə şərait yaradacaq, sahibkarlığın inkişafına dəstək verəcək və nəticələr son istehlakçıya yönəldiyindən sosial əhəmiyyət daşıyacaq.
Məcəlləyə edilmiş dəyişikliklərdən biri də kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV-nin ticarət əlavəsindən hesablanması ilə bağlıdır. Kənd təsərrüfatı məhsullarının istehsalçıları vergilərdən azad edilsə də, onların məhsulları ticarət şəbəkələri tərəfindən pərakəndə qaydada satılarkən bu məhsulların da tam dəyəri ümumi qaydada ƏDV-yə cəlb edilir, bu da pərakəndə satış qiymətində bahalaşmaya səbəb olurdu. Qeyd edilənləri nəzərə alaraq, kiçik və orta sahibkarlığı stimullaşdırmaq, pərakəndə ticarətdə rəqabət mühitini təmin etmək və vergi yükünü optimallaşdırmaq məqsədilə pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlar tərəfindən Azərbaycanda istehsal edilmiş kənd təsərrüfatı məhsullarının satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanacaq.
Məcəlləyə edilmiş dəyişikliklərin bir hissəsi vergitutma bazasının genişləndirilməsi ilə bağlıdır. Araşdırmalar göstərir ki, iqtisadiyyatın ayrı-ayrı sahələrində vergidən yayınma hallarına hələ də rast gəlinir. Bu, özünü bəzi sahibkarların vergi orqanlarında qeydiyyatdan keçməməsində, uçot-məlumat bazasının düzgün aparılmaması və yaranmış vergi öhdəliklərinin düzgün göstərilməməsində, vergiödəyicilərinin mənfəətinin minimallaşdırılması məqsədilə müxtəlif metodların tətbiqində, vergi yükü aşağı olan ofşor zonalarda qeydiyyatdan keçməklə vergilərin yayındırılmasında, büdcəyə vergilərin tam və vaxtında ödənilməməsində və s. formalarda göstərir. Vergi islahatlarına dair yeni istiqamətlər məhz bu sahələrdə vergi nəzarətinin gücləndirilməsini, bəzi hallarda isə (məsələn, elektron ticarətdə) vergi nəzarətinin yenidən qurulmasını nəzərdə tutur. Rezident vergiödəyicilərinin ölkə hüdudlarından kənarda, o cümlədən vergi sığınacağı (ofşor) hesab edilən ərazilərdə təsis edilmiş vergiödəyiciləri ilə apardıqları əməliyyatlara nəzarətin təmin edilməsi məqsədilə belə gəlirlərə transfer qiymətlərinin tətbiq edilməsi nəzərdə tutulur.
- Vergiödəyiciləri tərəfindən aparılan əməliyyatların uçotunun şəffaflaşdırılması ilə bağlı qanunvericilikdə nə kimi dəyişikliklər edilib?
- Ölkəmizdə mal, iş və xidmətlər üzrə əməliyyatların rəsmiləşdirilməsi sahəsində mövcud vəziyyətin təhlili göstərir ki, qaimə-fakturaların kağız formasında tətbiqi bəzən bir sıra problemlərə və nəticə etibarilə vergidən yayınma hallarına şərait yaradır. Bunun qarşısını almaq məqsədilə Vergi Məcəlləsinə dəyişikliklər edilib və sahibkarlıq fəaliyyəti subyektləri arasında malların, işlərin və xidmətlərin təqdim edilməsi zamanı elektron qaimə-fakturanın təqdim olunması tələb ediləcək.
Bu dəyişiklik sahibkarlar arasında aparılan əməliyyatların rəsmiləşməsi prosedurunun sadələşməsinə, operativliyin təmin edilməsinə, inzibatçılıq xərclərinin azaldılmasına, sahibkarların xərclərini təsdiq edən sənədlərə malik olmaqla gələcəkdə vergi orqanları ilə fikir ayrılıqlarının qarşısının alınmasına və şəffaflığın təmininə xidmət edir.
- Geniş müzakirələrə səbəb olmuş sabit verginin tətbiqi ilə bağlı sizin fikrinizi bilmək maraqlıdır...
-Qeyd etmək lazımdır ki, sabit vergi fərdi qaydada, yəni muzdlu işçi cəlb etmədən müəyyən fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərə tətbiq ediləcək. Bu ödəyicilər kiçik həcmdə gəlirlərə malik olan, məsələn, fərdi foto, audio-video xidmətləri göstərən, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri ilə məşğul olan, fərdi yaşayış evlərində qulluqçuluq, sürücülük edən və s. analoji işlərlə məşğul olan şəxslərdir. Sabit verginin tətbiq olunması nəzərdə tutulan fiziki şəxslər mövcud qanunvericiliyə görə də vergi uçotuna alınmalı, bəyannamə təqdim etməli və vergilərini hesablayıb dövlət büdcəsinə ödəməlidirlər.

-Vergiödəyicilərinin marağına səbəb olan mühüm yeniliklərdən biri də nağdsız hesablaşmaların genişləndirilməsi ilə bağlı yeni qanundur. Bu qanunun mahiyyəti nədən ibarətdir?
-“Nağdsız hesablaşmalar haqqında” qanun layihəsi ölkə başçısının 4 avqust tarixli sərəncamı ilə verilmiş tapşırığa uyğun olaraq, Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birlikdə beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb və nağdsız ödənişlərin tətbiq dairəsinin genişlənməsinə şərait yaradır.
- Bu günlərdə Milli Məclisdə “Vergiödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanun layihəsi də müzakirəyə çıxarıldı. Bu məsələyə şərh vermənizi xahiş edirik.
- Hər şeydən əvvəl qeyd edim ki, bu qanun layihəsi Milli Məclisə dövlət başçısının şəxsi təşəbbüsü ilə göndərilib və Prezidentin ölkə sahibkarlarına göstərdiyi dəstəyin daha bir növbəti nümunəsidir. Qanun, ilk növbədə, vergiödəyicilərinin iqtisadi fəallığının artırılmasına xidmət edir. Qanun layihəsinə əsasən, vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış faizlərin və Vergi Məcəlləsinin 58.7-ci maddəsində nəzərdə tutulan nağd əməliyyatların aparılması qaydalarının pozulmasına görə maliyyə sanksiyalarının 2017-ci ilin 1 yanvar vəziyyətinə istisnasız olaraq silinməsi, eləcə də Vergi Məcəlləsində nəzərdə tutulan digər maliyyə sanksiyalarının müəyyən ardıcıllıqla və şərtlər daxilində silinməsi təklif edilir.
Əminəm ki, bu qanun layihəsinin qəbulu vergiödəyicilərinin sərəncamlarında kifayət qədər vəsaitin qalmasına, borc məbləğlərinin azalmasına təsir edəcək, sahibkarların iqtisadi fəallığının artmasına və vergi yükünün optimallaşdırılmasına xidmət edəcək. Digər tərəfdən nəzərə almaq lazımdır ki, sahibkarların sərəncamında qalacaq vəsait də iqtisadi dövriyyəyə daxil olacaq və multiplikasiya effektini nəzərə alsaq, bunun iqtisadi səmərəsi bir neçə dəfə artacaq. Bütövlükdə bu qanunların, eləcə də Vergi Məcəlləsinə dəyişikliklərin qəbulu ölkəmizdə vergi mühitinin cəlbediciliyinin artmasına, dövlət-biznes münasibətlərinin partnyorluq müstəvisinə keçidinin sürətlənməsinə təkan verməklə bərabər, iqtisadi fəallığın və fiskal dayanıqlılığın təmin olunmasına da müsbət təsir göstərəcək.
Vergilər Nazirliyi 2017-ci ildə və sonrakı dövrlərdə öz fəaliyyətini kiçik və orta sahibkarlığın dəstəklənməsinə, dövlət büdcəsinin gəlirlərinin artırılmasına, vergiödəyiciləri ilə şəffaf partnyorluq münasibətlərinin genişlənməsinə xüsusi diqqət yetirəcək. Bu məqsədlə artıq nazirliyin strukturunda müvafiq dəyişikliklər aparılıb, Bakı şəhərində kiçik sahibkarlarla iş üzrə ayrıca departament və iki mövcud departamentin tərkibində şəffaf vergi partnyorluğu idarələri yaradılıb. Düşünürük ki, zamanın çağırışlarından irəli gələn bu dəyişikliklər, bütövlükdə, həm sahibkarların, həm də vergi orqanlarının maraqlarına xidmət edəcək.

Bu xəbər oxundu
- - -