Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

S.C.PİŞƏVƏRİ BAŞ NAZİRLİKDƏN NİYƏ İSTEFA VERDİ?

30.12.16, 6:45
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

PİŞƏVƏRİ: «Azərbaycan xalqı üçün vahid bir yol qalır: o da öz silahının gücü, öz cavanlarının qəhrəmanlığı ilə azadlığını müdafiə etməkdən ibarətdir”

Hər cür xarici yardımdan məhrum olmuş, üstəlik Kreml rəhbərliyi tərəfindən «neft sövdası şərəfinə» təzyiqlərə məruz qalmış AMH rəhbərliyi sözün əsl mənasında dalana dirədilmişdi. Moskvadan gələn ismarışları yerinə yetirmək və irticaçı Qəvam dövləti ilə «dil tapmaq»dan başqa yol qalmamışdı. Buna görə də Tehranda S.C.Pişəvərinin başçılıq etdiyi nümayəndəliklə Tehran arasında (1946 28 IV - 12 V) uğursuz qurtarmış danışıqlar 1946-cı ilin iyun ayında (1325-ci il Xordadın 21-də) Təbrizdə davam etdirildi və nəticədə 13 iyun 1946-cı il qərardadı (bağlaşması) imzalandı. Bağlaşmanı AMH tərəfindən S.C.Pişəvəri, Qəvam hökuməti tərəfindən siyasi məsələlər üzrə Ə.Qəvamın müavini Müzəffər Firuz imzalayıblar. Bağlaşmadakı əlavələ (təbsirələr) nəzərə alınmazsa o 15 maddədən ibarət olmuşdu. Bu bağlaşmada (qərardadda) S.C.Pişəvərinin başçılıq etdiyi nümayəndəliyin və şəxsən S.C.Pişəvərinin təkid etdiyi Azərbaycan üçün önəmli olan bir sıra məsələlər öz əksini tapmayıb. MH süqutundan sonra Azərbaycanın xeyrinə heç bir maddə yerinə yetirilməyib. Bağlaşmaya görə mərkəzi hökumət ən azı aşağıda qeyd olunanları yerinə yetirməyi öhdəsinə götürmüşdü: Yerli Əncümənlərin fəaliyyətinə imkan veriləcək; Azərbaycandakı mədaxilin 75%-i Azərbaycanda qalacaq.
Azərbaycanın tədris ocaqlarında fars dili ilə yanaşı azərbaycan dilinin tədrisinə icazə veriləcək; Təbriz-Miyana dəmir yolunun çəkilişi başa çatdırılacaq və abadlıq işləri genişləndiriləcək və s. Deyilişi və yazılışı xoş olan bu bəndlərdən sonra bir çox məsələnin, o cümlədən qadınların kişilərlə bərabər səs verməyi, əhalinin sayına görə Məclisdə deputat kürsüsünün ayrılması, Xalisələr haqda qanunun qəbul edilməsi, «jandarm» adının «mühafizəçi» adı ilə əvəz olunması, xalq qoşunlarının İran hərbisinə, fədailərin jandarm bölmələrinə qəbulu, Zəncanın Azərbaycanın inzibati-ərazi bölgüsünə yenidən daxil ediləcəyi məsələsi kəndlilərə verilmiş torpaqlar məsələsi və s. bu kimi önəmli maddələr XV çağırış İran ġura Məclisinin müzakirə və təsdiqdən sonra qüvvəyə minəcəyi müqabilində və ona edilmiş əlavələrdə (təbsirələr) qeyd olunub.
Quzey Azərbaycanın rəhbəri M.C.Bağırov Əhməd Qəvamın XV məclisə seçki adı ilə oynadığı oyunun mahiyyətini Stalinə 22 oktyabr 1946-cı ildə göndərdiyi məktubda yazırdı: «S.C.Pişəvəri və onun yoldaşları hesab edirlər ki, Tehranda olan son hadisələrlə əlaqədar Məclisə olan seçkilər Azərbaycan məsələsinin ləğvi və İranda demokratik qüvvələrin qəti məğlubiyyətinədək təxirə salınacaq». Bu şəraitdə M.Bağırov Güneydəki hərəkata hərbi və maliyyə yardımının göstərilməsinin vacibliyini məktubunda qeyd edir.
S.C.Pişəvəri Tehran nümayəndəliyi ilə bağlanılmış müqavilənin icra olunacağına öz şübhələrini Təbriz radiosu ilə xalqa müraciətində və «Azərbaycan» qəzetində çap etdirdiyi məqalədə açıq ifadə etmişdi. O, hələ Tehran hökuməti nümayəndələri ilə danışıqlara getməmişdən əvvəl öz mövqeyini «Qəvama qarşı yumşaq hərəkət etməyi» məsələhət görən sovet nümayəndəliyinə «...Sizin və Tehran hökumətinin konkret təkliflərindən asılı olmayaraq Azərbaycanın ərazisində öz silahlı qüvvələri, fədailəri, nəzmiyyəsi (polisi), öz sərhədləri olmasına mən indi təkid edirəm və danışıqlar vaxtı da təkid edəcəyəm». Təəssüflə qeyd etmək lazımdır ki, Moskva rəhbərliyinin və s. S.C.Pişəvərini əhatəyə almış sovet çinovniklərinin təzyiqlərini və hədə qorxuları Azərbaycan Milli hökumət rəhbərliyini düşündüyü kimi hərəkət etməyə qoymamışdı. S.C.Pişəvəri Tehrana danışıqlara gedərkən ona Qəvamın qarşısında möhkəm dayanmağı, istədiklərini ondan almaqda təkid göstərməyi məsləhət görən M.C.Bağırov sonrakı mərhələdə Moskvanın təzyiqi ilə öz mövqeyini dəyişməli olmuşdu.
«Firqənin mütəfəkkir və zəkalı rəhbəri olan Pişəvəri öz səhvini (Sovetlərə növbəti dəfə inanmaq səhvini - Ə.R) başa düşsə də iş-işdən keçmişdi. Daxili siyasi və xarici şərait irticanın xeyrinə, azadlığın ziyanına inkişaf edirdi. Təşkil olunmuş irtica qüvvələri ABŞ və İngiltərə dövlətlərini dəstəyi ilə Azərbaycana hücuma hazırlaşırdılar». S.C.Pişəvəri Qəvamın oyunlarının mahiyyətini lap əvvəldən bilirdi. Bu hiyləgər, çoxüzlü diplomatın keçdiyi həyat yoluna və başdan- ayağa şovinizmə köklənmiş məfkurəsinə çoxdan bələd idi. O, Əhməd Qəvamın Azərbaycandakı hərəkatı dəstəklərdən məhrum etmək üçün işlətdiyi manevr və kələkləri dəfələrlə sovet orqanlarına rəsmən bildirsə də «Şimal neftin qoxusu» Kreml rəhbərliyini artıq ovsunlanmışdı. 1946-cı il iyunun 14-də MM öz səlahiyyətinə xitam verdi, onu Əyalət Əncüməni əvəzlədi. Mövcud vəziyyətlə heç cürə barışmayan S.C.Pişəvəri 1946-cı ilin iyunun 16-da istefa ərizəsini - AMH-nin başçısı vəzifəsindən istefa ərizəsini Əyalət Əncüməninə verdi. Hökumət başçısı vəzifəsindən getsə də Azərbaycana aid bütün məsələlər onun iştirakı və göstərişləri ilə həll olunurdu.
Qeyd etmək lazımdır ki, Əhməd Qəvam hökuməti başladığı müqaviləyə əməl etmədi, verilmiş vədlər ancaq söz olaraq kağız üzərində qalmış oldu. Üstəlik XV çağrış Məclisə seçkilər keçirmək adı altında Azərbaycana gələn şah qoşunları ilk addımda - Zəngana daxil olarkən (12 noyabr 1946) AMH tərəfdarlarına və onların ailə üzvlərinə qarşı etdikləri cinayətlər Tehranm Təbriz danışıqlarında üzərinə götürdüyü bütün təəhütlərdən qaçdığını göstərdi. Belə bir şəraitdə təpədən-dırnağa qədər silahlanmış, çoxsaylı hərbi təyyarələrə, tanklara, zirehli maşınlara,üstəlik ABŞ və İngiltərənin yardım və dəstəyinə malik olan 50 minilik şah ordusu bir çoxunun əli yalın qaldığı Azərbaycan fədailərinin və xalq qoşunlarının üzərinə hücumu davam etdirdi...
Ağır psixoloji sarsıntı keçirən S.C.Pişəvəri hərəkatın əvvəlində şirin vədlər verib sonluqda onları meydanda çıxılmaz, ağır vəziyyətdə qoyub gedən sovet rəhbərliyinə son müraciətini etmək məcburiyyətində qaldı. S.C.Pişəvərinin öz silahdaşları ilə sovet rəhbərliyinə ünvanlandırdığı və uzun müddət ictimaiyyətdən gizlədilmiş müraciət məktubu bir çox məqamları açıqlayır. «21 Azər» hərəkatının süqutuna dörd gün qalmış bu məktubda qeyd olunur ki, «Azərbaycan xalqı üçün vahid bir yol qalır: o da öz silahının gücü, öz cavanlarının qəhrəmanlığı ilə azadlığını müdafiə etməkdən ibarətdir”. Məktubda sovet rəhbərliyinə xatırladılır ki, “Qəvam neft məsələsini ona görə qabağa çəkmişdi ki, qızıl ordunun İrandan çıxmasını təmin etsin və Azərbaycan Milli Nehzətini ortadan aparsın». Çox ətraflı təhlil əsasında yazılmış məktubda sovet dövlətindən iki şey xahiş edilir: əli boş qalmış xalq könüllülərini silahla təmin etmək üçün az miqdarda silah və Tehran qoşununa müqavimət göstərməkdə bizi təqsirləndirib qınamamaq. «...Yenə də təkrar edirik: iş danışıqlar və sazişlər ilə həll olunmaqdan keçmişdi».
Sovet rəhbərliyinə ünvanlanmış məktubun sonunda deyilir ki, «Sizin müxtəsər köməyinizin yetişməsini səbirsizliklə gözləyirik». M.Bağırovun 5 dekabr 1946-cı ildə Stalinə göndərdiyi növbəti məktubda «Azərbaycanın hər yerindən Demokrat Firqəsinin Mərkəzi Komitəsinə xalqın müraciətində müdafiə üçün silah xahiş olunur. Silahın olmaması bu xahişləri cavabsız qoyur. Azərbaycan Demokratik partiyası yenə də onlara az miqdarda silah verməklə köməkliyi bizdən xahiş edir. Məktubda istənilən silahın miqdarı 16 top, 5 min tüfəng, 20 tank əleyhinə qumbara və onlara müvafiq hərbi sursatdan ibarət olunmalıydı.
Azərbaycan rəhbərliyinin şəxsən, M.Bağırovun Güney Azərbaycanda yaranmış və getdikcə faciəli sonluğa yaxınlaşan vəziyyətdə demokratlara kömək əli uzatmaq xahiş və müraciətlərinə Stalinin son cavabı «Mən beş milyonluq azərbaycanlılar üçün üçüncü dünya müharibəsinə başlaya bilmərəm» - olmuşdu. Sovetlərin dönüklüyünə qarşı S.C.Pişəvərinin getdikcə sərtləşən mövqeyi vali təyin edilmiş və mötədillik göstərən Salamulla Cavidlə S.C.Pişəvəri arasında müəyyən məsələlərin həllində fərqli yanaşmaları yaratdı. Bu işdə Tehrandakı sovet səfiri Sadçikovun və Təbrizdəki konsul Krasnının qəsdən ara qızışdırması az rol oynamamışdı. «Bağırov hələ bilmirdi ki, Pişəvəriyə münasibətdə Sovet diplomatik idarələrinin belə siyasəti Moskva rəhbərliyindən, SSRİ Xarici İşlər Nazirliyindən gəlirdi».
Tehranla Təbriz arasında 13 iyun 1946-cı il bağlaşmasına görə Azərbaycanda Məclisə seçkilər keçirilməsinin təhlükəsizliyini yerli hərbi qüvvələr (fədailər, nizami ordu, polis) öz üzərinə götürmüşdü. Bağlaşmaya zidd olaraq Tehran qoşunu 13 noyabrda Zəncanı tutduqdan sonra noyabrın 24-də Təbrizə doğru irəlilədi. Azərbaycanın valisi S.Cavid Qəvama vurduğu teleqramda Tehranın Azərbaycana hərbi qüvvə yetirməsini Təbriz bağlaşması maddələrinə zidd olduğunu onun nəzərinə çatırsa da Ə.Qəvam mövqeyindən geri çəkilmədi. Azərbaycan rəhbərliyinin (S.Cavid, M.Şəbüstəri) Tehrana olan müraciətlərinə baxmayaraq Əhməd Qəvam 30 noyabrda verdiyi son cavabında qoşunların Azərbaycana yeridiləcəyində israrlı olduğunu bildirmişdi. 1946-cı il dekabr ayının 4-də Tehran qoşunları geniş miqyasda Azərbaycana hücuma başlamışdı... Azərin 17-də (dekabrın 8-də) Azərbaycan Xalq Qoşunları və Fədai dəstələri Miyana-Tkab istiqamətində əks hücuma keçib düşməni tutduqları mövqeyindən geri çəkilməyə məcbur etmişdi.
Buna baxmayaraq tükənməkdə olan hərbi sursat, arxadan yetərincə hərbi köməyin gəlməməsi, üstəlik təyyarələrin, tank və artilleriyanın, çoxsaylı nizami ordunun Tehran tərəfindən işə salınması qeyri-bərabər döyüşləri düşmənin xeyrinə istiqamətləndirmiş oldu. Dekabrın 11-ə keçən gecə Miyana işğal edildi, şah qoşununun Təbrizə doğru yürüşü başlandı. Həmin ağır gündə M.C.Bağırovun sonuncu dəfə Güney Azərbaycana kömək göstərmək müraciətinə Stalin Azərbaycanı müdafiə edən qüvvələrin geri çəkilməsini, silahı yerə qoyub mərkəzi dövlət qoşunlarına müqavimət göstərməməsini «tövsiyyə» etmişdi. Bu haqda Stalinin «tövsiyyələri» Təbrizdəki vitse-konsul Nuru Quluyev vasitəsi ilə Pişəvəriyə və onun silahdaşlarına çatdırıldı.
«Tövsiyyə»də Pişəvəriyə müqavimətin dayandırılması və bu haqda Qəvama məlumat verilməsi məsləhət görülsə də o, bu məsləhətə əməl etməmişdi. Pişəvəri özünün çıxılmaz vəziyyətdə qaldığını başa düşsə də «O, müqavimətin dayandırılması haqqında partiya aktivinə, ordu komandirlərinə və fədai başçılarına heç bir göstəriş vermədi. Məsələni yalnız Mərkəzi Komitənin yeni rəhbərliyinin seçilməsi ilə məhdudlaşdırdı». S.C.Pişəvəri axırıncı məqamda da düşmənə müqavimət göstərmək, «Ya azadlıq, ya ölüm!» şüarına əməl etməkdən ötrü son nəfəsə qədər vuruşmaq əzmində olmuşdu. Azərin 20-də onun xalqa müraciətində bütün xalq azğın düşmənə qarşı ölüm-dirim mübarizəsinə çağrılırdı». Sovetlərin xəyanəti və dönüklüyü S.C.Pişəvərini və onun xalqını düşmən ayağına verdi. Moskva tərəfindən hiyləgərcəsinə qurulan plan əsasında S.C.Pişəvəri «məsləhətləşmək» adı ilə əvvəl Culfaya, sonra Naxçıvana dəvət edilir və onun geri qayıtmaq yolu həmişəlik qapanır.

Əkrəm Rəhimli
AMEA Şərqşünaslıq İnstitutunun
"Güney Azərbaycan elmi araşdırmalar" şöbəsinin müdiri

Bu xəbər oxundu
- - -