Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Moskva-Tehran sövdələşməsı Azərbaycandakı hərəkata endirilmiş ağır zərbə oldu

05.01.17, 11:13
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

S.C.PİŞƏVƏRİ: «Mən insanların mənafeyi xatirinə döyüş meydanında ölərəm, lakin təslim olmaram»

Moskvanın Güney Azərbaycandakı olaylara əvvəlkindən fərqli münasibəti 1946-cı ilin yanvarından neft amili ortaya gəldiyi vaxtdan açıq-aydın hiss olunmağa başladı. Sovetlərin İrandakı xalq hərəkatına həmiŞə öz mənafeyi prizmasından yanaşma tərzi S.C.Pişəvəriyə xeyli əvvəldən «Cəngəli» (1920) və 1921-ci il Ə.Lahuti hərəkatlarına olan dönüklükdən, eləcə də 1921 və 1927-ci illərdə İranla bağladığı dostluq müqavilələrindən bələd idi. Bundan əlavə S.C.Pişəvəri kommunistlik əqidəsinə xidmət etdiyi 1917-1927-ci illərdə Moskvadakı kommunist rəhbərliyin və Bakıdakı «yoldaşların» cənublu kadrlara göstərdikləri inamsızlıq və ehtinasızlıqlar onun sovetlərə baxışlarında məzmunca fərqli cəhətlər yaratmışdı. Yeri gəldikcə o bunu söhbət və yazılarında etiraf etmişdi. Sovetlərin bərk ayaqda öz xeyirlərinə etdikləri dönüklük haqda S.C.Pişəvərinin şahidi olduğu olaylar «Qəsr Qacar»dakı zindan dövründən Ardaşeş Qvanisyan və ona tərəf saxlayanlarla onun arasında ciddi və prinsipial mübahisə mövzusu olmuşdu. Bunu S.C.Pişəvərinin «Zindan dəftərindən xatirələr»i, sonrakı dövrdə yazdıqlarını diqqətlə izləyən hər bir kəs sezə bilər.
Azərbaycan Demokrat Firqəsinin yaranması ərəfəsində M.C.Bağırovla S.C.Pişəvəri arasında söhbətə şahid olmuş Şəxsin dediyinə görə S.C.Pişəvəri hərəkatın lap əvvəlindəcə Sovetlərin sözünə və vədilərinə inanmadığını, «bərk ayaqda öz mənafeləri xatirinə Azərbaycanın azadlıq istəyən qüvvələrini meydanda tək qoyub qaçacaqlarını» deməkdən çəkinməmişdi. Qəvamülsəltənənin hakimiyyətə gəldiyi gündən onun Güney Azərbaycan məsələsində Moskva ilə dil tapacağını və son hesabda Azərbaycandakı hərəkata xəyanət ediləcəyini S.C.Pişəvəri sezmişdi. 1946-cı ilin fevralından bu sezmələr real fakta çevrilməyə başladı. O, AMH-ni qarşıda çətin günlər gözlədiyini öz çıxışlarında, müsahibə və məqalələrində sətiraltı cümlələrdə və bəzən də açıq dəfələrlə təkrar etmişdi. Sovetlərin Güneydəki hərəkatın arxasından qaçdığını və onların Tehranla «əməkdaşlıq» etmək fonunda ediləcək dönüklüyü görən S.C.PiŞəvəri 1946-cı ilin əvvəlindən Azərbaycan üçün faciələr yaradacağı ehtimalı ilə Güney Azərbaycan məsələsini beynəlxalq arenaya çrxartmaq qərarına gəlmişdi.
Bu məqsədlə o, 1946-cı il yanvarn 28-də BMT-nin Baş Assambleyasına məktubla müraciət etməli olmuşdu. Məktubda Azərbaycan xalqının azadlıq istəyindən və keçdiyi mübarizə yollarından bəhs olunduqdan sonra beynəlxalq təşkilat, insane haqlarının müdafiəçisi kimi çıxış edən dövlətlər köməyə çağırılır. «BMT Baş assambleyasına müraciəti ilə Azərbaycan xalqı xahiş edir ki, Azərbaycan Milli Hökumətinin mövcudluğu faktını tanısın və kənardan müdaxilə olmadan ona öz taleyinin özü tərəfindən müəyyənləşdirilməsinə təminat verilsin».
BMT BA-da Güney Azərbaycan məsələsi ortaya gətirilərkən sovet nümayəndəsi neft amili ilə bağlı İrana təzyiqi artırmaq məqsədi ilə mövqeyini müdafiə etmişdi.
1941-1946-cı illərdə İranda və Güney Azərbaycanda mövcud olmuş siyasi mühit də azadlıq istər qüvvələrin etibarlı xarici arxaya malik olmadığını göstərir. Onlar az-çox Sovetlərə söykənsələr də onun sonadək duruş gətirəcəyinə şübhə ilə yanaşırdılar. Bunu onlara tarixin keçmiş acı təcrübəsi inandırmışdı. Buna baxmayaraq zaman, məkan və tarixi şərait azadlıq cəbhəsinə daxil olan bir sıra başqaları kimi S.C.Pişəvərini də Sovetlərin «mərhəmətindən» faydalanmağa məcbur etmiş, bununla bağlı ürəyindəkiləri dilə və yazıya gətirməmək zorunda qoymuşdu. Bu vəziyyət ölənə kimi S.C.Pişəvərini öz düşüncələrini açıq demək imkanından məhrum etmiş, onu qapalı «çərçivədə» saxlamışdı.
1946-cı ilin fevralında İranın o zamankı baş naziri Əhməd Qəvvamülsəltənənin Moskvaya dəvət olunması, onun Stalin və digər sovet rəhbərləri ilə görüşü və söhbətləri son hesabda Azərbaycandakı xalq hərəkatına endiriləcək ağır zərbədən və Sovetlərin növbəti xəyanətindən xəbər verirdi. Kremldə əldə olan razılıq və Tehranda Moskva ilə Tehran arasındakı bağlaşmaya əsasən İran dövləti ölkənin Şimalındakı neft yataqlarının axtarışını və çıxarılması ixtiyarını Sovetlərə verir və birgə «İran-Sovet şirkəti» yaradılması nəzərdə tutulur. Bunun müqabilində sovetlər öz qoşunlarını və hərbi sürsatı mart-aprel ayından gec olmayaraq İran ərazisindən tam çıxarmağa və Azərbaycandakı olayları İranın daxili işi hesab etmək təəhüdünü qəbul edir. Bu Qəvamın başçılıq etdiyi nümayəndəlik üçün böyük uğur idi. Sovet qoşunlarının İrandan çıxmasını bayram edən şahpərəst qüvvələrdən məşhur tacir Məmməd Rza İntizari bu münasibətlə verilmiş ziyafətlərin birində demişdi: «Qəvam öz ağıllı siyasəti ilə Sovet İttifaqı kimi böyük bir dövlətin rəhbərini aldada bildi. Həmin Qəvam eyni müvəffəqiyyətlə Pişəvərinin də öhdəsindən gələcək. Başlıcası odur ki, ruslar Azərbaycandan çıxsın».
Moskva-Tehran sövdələşməsı Azərbaycandakı hərəkata endirilmiş ağır zərbə oldu. Bu sövdələşməyə görə İran Şura Məclisinin 15-ci çağırışı ilə bağlı şah qoşununun Azərbaycana gəlməsi üçün dinc və münasib şərait yaradılmalıydı: Azərbaycandakı fədai dəstələri və xalq qoşunları tərksilah olunub buraxılmalıydı. Tehran hərbi qüvvələrinə müqavimət göstərməməsi üçün S.C.Pişəvəriyə qarşı sovet təzyiqi gücləndirildi və S.C.Pişəvərinin fəaliyyəti gözaltına alındı. Bu təzyiqin əyani nümunəsini Stalinin S.C.Pişəvəriyə yolladığı 8 may 1946-cı il tarixli məktubdan görmək olar.
Bu məktub S.C.Pişəvəriyə o zaman çatdırılır ki o, özü istəmədən, könülsüz (Qan təzyiqini bəhanə edib Tehrana getmək istəməmişdi) Tehrana gəlmiş və nifrət etdiyi bir adamla - Ə.Qəvamlə üz-üzə danışıqlar aparırdı. Stalinin məktubundakı sərtlik və S.C.Pişəvəriyə «öyüd-nəsihət» ünvanı ilə göstərilən təzyiq məktubda açıq-aydın hiss olunur. Sovetlərin Ə.Qəvam hökuməti ilə əldə olunmuş bağlaşmanın mürəkkəbi qurumamış İrandan Sovet elçilərinin S.C.Pişəvəriyə qarşı Qəvamla «dil» tapmaq
və ona güzəştlərə getməklə bağlı təzyiq və hədə-qorxuları işə salındı. Sovet səfıri Satçikovun göstərişi ilə 1946-cı ilin aprelin 3-də S.C.Pişəvəri Təbrizdəki Sovet Konsulluğuna dəvət edilir. Bu görüşdə qarşı tərəf Ə.Qəvamla danışıqlara başlamağı, ona güzəştə getməkdə inad etməməyi və 15-ci çağırış İran Məclisinə seçkilər keçirmək üçün Azərbaycana gələcək şah qoşunlarına müqavimət göstərməməyi və s. S.C.Pişəvəriyə «tövsiyə» edilir.
S.C.Pişəvəri qarşı tərəfin riyakarlığa bürünmüş «tövsiyələr»indən narahat olur və əsəbləşdiyini gizlədə bilmir. O, Stalinin bu məktubundakıları eşitdikdə 1920-ci ildə Gilandakı xəyanət (Cəngəlilər hərəkatına olan sovet xəyanəti) yada düşdüyünü, o zamanla bugünkü olayların təkrarının baş verdiyi, inqilabçı qüvvələrin meydanda tək və arxasız qoyulduğunu qeyd etdikdən sonra, «Əgər biz Qəvam dövləti qarşısında geri oturarıqsa, bu, öz hədəflərimizdən, etiqad və mühüm işlərdən əl çəkmək olar. Bu əməl ilə biz Şah hökumətini öz əleyhimizə yönəltmiş olardıq. Onların qabağında diz çökə bilmərəm. Bu iş mənim üçün təəssüflüdür. Mən bunu qəbul edə bilmərəm. Mən insanların mənafeyi xatirinə döyüş meydanında ölərəm, lakin təslim olmaram». S.C.Pişəvəri bu görüşdə üzünü sovet nümayəndələrinə tutaraq açıqca deyir: «...Mən qəti şəkildə sizə inanmıram, təkrar edirəm: Mənim sizə etimadım yoxdur...» S.C.Pişəvəri Azərbaycanın Tehran qarşısında geri çəkilməsinin sonluğunda baş verəcək olayların anatomiyasını elə real söyləmiŞdir ki, sonrakı hadisələr onun dediklərini və təsəvvür etdikərinin yüzə-yüz həqiqət olduğunu sübut etmişdi.
1946-cı ilin aprelin 4-də S.C.Pişəvəri ilə Təbrizdəki Sovet konsulunun növbəti - ikinci görüşü keçirilir. Pişəvəri bu görüşə Sovetlərin mövqeyi ilə yaxından tanış olmaq üçün özü ilə birlikdə Milli Məclisin sədri Hacı Mirzə Əli Şəbüstərini, Daxili İşlər naziri Salamulla Cavidi və ADF rəhbərlərindən Sadıq Padiqanı da aparır. Danışıqların növbəti raundunda məqsəd AMH rəhbərliyini Tehranla danışıqlara getməyə razı salmaq idi. Sovet qoşunları 1946-cı il mayın ilk ongünlüyündə Güney Azərbaycan ərazisini demək olar, tam tərk etdi. 1946-cı ilin yazında Azərbaycan Milli hökuməti Tehran rejimi ilə yanaşı faktiki olaraq ABŞ və İngiltərə ilə də üzbəüz dayanmalı oldu. Belə bir şəraitdə Moskva rəhbərliyi ancaq öz mənafeyindən çıxış edərək Azərbaycan Milli hökuməti rəhbərliyini Qəvamül-səltənə ilə dil tapmağa itələdi. Bu sahədə Güney Azərbaycan rəhbərliyinə göstərilən təzyiqləri təsdiq edən çoxsaylı sənədlər mövcuddur. Bu sənədlər xüsusən son 10 ildə Azərbaycan Respublikasında, İranda, ABŞ və Avropa ölkələrində yetərincə çap olunub.
Moskva Azərbaycan Milli Hökumətinə təsir və təzyiqini təkcə İranda olan səfirliyi, konsulluq və xüsusi rabitəçiləri ilə məhdudlaşdırmayıb əlavə, Bağırovu da bu oyuna qatmışdı. 1946-cı ilin martında S.C.Pişəvəriyə göndərdiyi ismarışda Tehran qarşısında möhkəm dayanmağı, əllərindən gələn köməkliyi əsirgəməyəcəyini vəd edən M.C.Bağırov aprelin əvvəlində verilmiş vədlərdən qaçaraq Pişəvəriyə Qəvamın nümayəndəsi ilə bir stolda oturub, onunla «dil tapmağı» məsləhət görürdü. Moskvanın xəyanəti, öz mənafeyi üçün dostu düşmənin ayağına çox asanlıqla vermək kimi xəbis xisləti S.C.Pişəvəriyə yuxarıda qeyd etdiyimiz kimi əvvəlcədən məlum idi.
«Dostun» xəyanəti nəticəsində Qəvamla oyunda artıq uduzduğunu başa düşən S.C.Pişəvəri çox ağır olsa da, Tehranla danışıqlara getməkdən başqa yolun qalmadığını anladı. «Keçmiş, gələcək yolun çırağıdır» kollektiv qiymətli əsərin müəllifləri həmin dövrün olaylarını tədqiq edərkən S.C.Pişəvərinin hər tərəfdən bağlı dalana düÌdüyünü yazırlar. «...Pişəvəri mütəfəkkir və bilikli firqə rəhbəri idi. Lakin o, öz səhvinin güdazına getdi. O, bunu anlayan vaxt artıq iş-işdən keçmişdi. Daxili və xarici siyasi şərait onun ziyanına, irticanın xeyrinə işləyirdi. Amerika və İngiltərənin dəstəyi ilə irticanın birləşmiş qüvvəsi Azərbaycana hücuma hazır idilər».

Əkrəm Rəhimli
AMEA Şərqşünaslıq İnstitutunun
"Güney Azərbaycan elmi araşdırmalar" şöbəsinin müdiri

Bu xəbər oxundu
- - -