Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

AZƏRBAYCAN MİLLİ HÖKUMƏTİNİN SÜQUTU

06.01.17, 7:47
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

S.C.Pişəvəri xalqa müraciətində qətiyyətli olmağı, son nəfəsə qədər azadlığı müdafiə edib saxlamağı israr edirdi

Azərbaycan Milli Hökumətinin süqutu əlamətləri baş nazir Əhməd Qavamül-səltənənin 1946-cı ilin mart ayında Moskvaya olan səfərindən sonra sezilməyə başladı. Ə.Qəvam İranın şimalındakı neft yataqlarını kəşfiyyatını və çıxarılması icazəsini sovetlərə vermək müqabilində iki mühüm şərti onlara qəbul etdirmişdi:
1. Sovet hərbi kontingentinin 1946-cı il martın sonunadək Güney Azərbaycanı tərk etməsi;
2. Güney Azərbaycan məsələsinin İranın daxili işi hesab edilməsi.
Kreml rəhbərliyi İrandan daha çox iqtisadi-siyasi imtiyazlar qoparmaq iştahı ilə Qəvam Moskvada danışıqlar aparan zaman ona konkret və qəti cavab verməyiblər. Sovet rəhbərliyinin bu mövqeyi Ə.Qəvamı narazı salıb, danışıqların müsbət nəticəsindən nigaran qoymuşdu. Ə.Qəvam bu haqda öz nigarançılığını 1946-cı il martın 5-də onun «şərəfinə» Kremldə düzəldilmiş ziyafətdə Sovet rəhbəri Stalinə də bildirmişdi. Stalin isə ona cavabında «ümidvaram ki, bizim Tehrandakı səfirimiz siz Tehrana çatanda sizin üçün bir neçə xoş xəbər verəcək». Həqiqətən də Qəvamın Sovet səfiri İvan Sadçikovla görüşdə Stalinin söz verdiyi xoş xəbər (Ə.Qəvamın Moskvada irəli sürdüyü tələblər) Sovetlər tərəfindən yerinə yetirildi. Bu haqda iki dövlət arasında bağlaşma da oldu.
Bağlaşma zamanı Tehrandakı sovet səfiri Əhməd Qəvamı «Orta Şərqin böyük siyasətçisi» adlandırmaqdan belə çəkinməmişdi. Həmin tarixdən Azərbaycan Milli Hökumət rəhbərliyinə, xüsusən S.C.Pişəvəriyə qarşı Sovet təzyiqləri gücləndirilmiş oldu. Əvvəl onu Tehranla «dil tapmağa», onlarla bağlaşma əldə etməyə itələdilər. Əvvəl Tehranda, sonra Təbrizdəki danışıqlar və 1946-cı il 13 iyunda Tehran nümayəndəliyi ilə bağlaşma bilavasitə sovet rəhbərliyinin təzyiq və «xeyirxah məsləhətləri» əsasında mümkün olmuşdu. Sovetlərin növbəti xəyanətini görən S.CPişəvəri 1946-cı il iyunun 16-da Azərbaycan Milli Hökumətinin başçısı vəzifəsindən istefa verdi. Əslində bu istefa Milli-demokrauk hərəkatın böyük öndərinin sovetlərin sonrakı oyunlarının iştirakçısı olmamaq niyyətindən irəli gəlsə də, sovet kəşfiyyatı bütün çirkin vasitələri işə salıb (hədə, qorxu, gizli səsini yazmaq, terror və s.) onu çıxılmaz hala salmağa müvəffəq oldular.
Həmin dövrə aid sənədlər, S.C.Pişəvərinin qəzetlərdə çap olunmuş məqalə və müsahibələri, xatirələr və s. təsdiq edir ki, Moskvanın S.C.Pişəvəriyə ardı-arası kəsilməyən təzyiqlərinə baxmayaraq bir çox məqamlarda o, müstəqil hərəkət etməyə meyilli olmuşdu. Tehranla yumşaq rəftar etməyi, «demokratlaşmış» Qəvama kömək etməyi, Azərbaycana gələcək şah qoşununa müqavimət göstərməməyi Moskva S.C.Pişəvəriyə ardıcıl olaraq tövsiyyə edirdi. Moskvanın buyruğu əleyhinə olaraq S.C.Pişəvəri isə 1946-cı ilin noyabr-dekabr çıxışlarında, xalqa müraciətində qətiyyətli olmağı, son nəfəsə qədər azadlığı müdafiə edib saxlamağı, düşməni Azərbaycanın müqəddəs torpağına buraxmamağı israr edirdi.
5 dekabr 1946-cı ildə Təbrizdəki sovet vitse-konsulunun M.C.Bağırova yolladığı məlumatda göstərilir ki, «Bu gün radio ilə Pişəvəri xalqa müraciət edib, onları Tehran irticasına qarşı mübarizəyə çağırdı. Sabah Azərbaycan Əyalət Əncüməni yaranmış şəraiti müzakirə edib, əməli tədbirlər haqda qərar qəbul edəcək... Qərara alınıb ki, Pişəvəri sədr olmaqla Şəbüstəri, Qazı Məhəmməd, Qulamyəhya, Pənahian və Badiqandan ibarət Müdafiə Komitəsini Əncüməndən keçirsinlər. Təbrizdə hərbi vəziyyət elan edilib. Azərbaycanın hər guşəsindən kəndlilər ADP-yə müraciət edirlər ki, onlara silah verib cəbhəyə göndərsinlər. Bu gün Təbrizdə Azərbaycan qəhrəmanı Babəkin adını daşıyan könüllü dəstəyə yazılış başlanıb».
Yuxarıdakı məlumatı M.C.Bağırov alan kimi, o, ədalət naminə demək lazımdır ki, Güney Azərbaycanda silah sarıdan xalqın çətin vəziyyətdə qaldığını və onlara imkan daxilində az miqdarda olsa da silah və hərbi sürsat göndərilməsini Stalindən xahiş etmişdi. Bağırov teleqramına Moskvadan cavabı almadığı üçün xahişini yenidən təkrar etsə də Moskvanın cavabı müsbət olmamışdı.
Kreml rəhbərliyinin Güney Azərbaycandakı hərəkata dönük münasibətini görən firqə rəhbərliyi 1946-cı il dekabrın 8-də yaranmış ağır vəziyyət haqda geniş məktubla Sovet rəhbərliyinə təkrar müraciət edir. Müraciətə cavab olaraq Moskva, silahlı müqavimətdən əl götürüb Tehran qoşununa yol verməyi təkrar-təkrar «tövsiyyə» etmişdi. Əslində bu «tövsiyyələr» dönüklük meyarı ilə ölçülən xəyanət idi. S.C.Pişəvərinin silahdaşları ilə birlikdə sovetlərə az miqdar silah istəməklə bağlı məktubunda deyilir ki, «...Əgər biz təslim olsaq, tarix bizi həmişə lənətləyəcək. Dünyada heç bir xalq öz qüdrətini öz əli ilə məhv etməz. Bütün xalq bizə müraciət edib öz azadlığım qorumaq üçün cəbhəyə getməyə icazə verməyimizi tələb edir». Sovet rəhbərliyinə ünvanlanmış məktubda iki istək vurğulanır: «Nə qədər sərhədlər açıqdır məxfi yolla bir qədər silahın verilməsi. Əgər bu mümkün olmasa müqavimət hərəkatını təşkil etməkdə Sovetlər onlara maneçelik törətməsin». Altında S.C.Pişəvərinin imzası olan bu məktubdan bəlli olur ki, S.C.Pişəvəri və onun silahdaşları Moskvanın «Qəvama toxunmayın», Azərbaycana gələn işğalçı şah ordusuna «müqavimət göstərməyin» tövsiyyələrinə arxa çevirib nəyin bahasına olursa olsun alınmış azadlığı əldən verməməyə çalışırdılar.
Hərəkatın iştirakçısı Əmrəli Lahrudi öz xatirələrində yazır ki, «Pişəvəri və Azərbaycan Demokratik Firqəsinin digər rəhbərləri sovetlərin İranın ümumi daxili işlərinə qarışmamalarını, Azərbaycan xalqının Tehran irticasına müqavimət göstərməyi, Azərbaycan Milli Hökumətinin əldə etdiklərinin əldən verilməməsini istəyirdilər. Pişəvəri fədailərin şah qoşununun topu, tankı və təyyarələri qarşısında duruş gətirməsi üçün sovetlərdən bir miqdar silah istəyirdi. Bu istəklər Sovet rəhbərliyi tərəfindən rədd edilmişdi».
Şah qoşunlarının Zəncana daxil olar-olmaz (11-12 noyabr) və onları himayə edən varlı şahpərəst mülkədar Zülfiqarilər dəstəsinin törətdikləri ağlagəlməz cinayətlər şahənşah qoşununun «sülhsevərliyini» ilk addımda göstərmiş oldu. S.C.Pişəvərinin təklifi ilə Azərbaycan Əyalət Şurası adından Tehran hökumətinə göndərilmiş teleqramda 13 iyun 1946-cı ildə bağlanılmış razılaşmanı qarşı tərəf pozduğu üçün qoşunun Azərbaycanın başqa ərazilərinə buraxılmayacağı və onun Azərbaycan xalqı tərəfindən müqavimətlə qarşılanacağı bildirilmişdi.
Miyana Fədai dəstəsinin komandanı general Qulamyəhya 1325-ci il 19 Azərdə (1946-cı il 10 dekabr) Baş komandan S.C.Pişəvəriyə göndərdiyi təcili teleqramda Tehran qoşununun təyyarələr, tanklar və ağır toplarla fədai dəstələri üzərinə hücuma keçdiyi bildirilir. Bu vəziyyətdə fədailərin və xalq qoşunlarının silah və köməyə ciddi ehtiyac olduğu yazılır. S.C.Pişəvəri Milli hökumətin Baş Qərargah rəisi general Pənahiyana göstəriş verir ki, imkan daxilində Qaflantudakı fədai dəstələrinə kömək edilsin. Geri çəkilmə olmamalıdır. Tank əleyhinə düzəldilmiş yandırıcı şüşələr işə salınsın. Cəbhədəki vəziyyət və zəruri ehtiyac haqqında ona müntəzəm məlumat verilməsi Baş Qərargah rəisindən xahiş edilir.
Tehran qoşunları Azərbaycan üzərinə geniş miqyaslı hücuma keçərkən ABŞ Baş Hərbi Komandanlığı maddi köməkdən əlavə, müxtəlif növ ağır silahları, hərbi təlimatçıları və 40 «dörd matorlu» bombardımançı təyyarələri, İkinci Dünya müharibəsində Avropa və Orta Şərqdəki döyüşlərdə fərqlənən dörd nəfər təlimatçı hərbi təyyarəçini İran ordusunun ixtiyarında qoymuşdu. Qaflantudakı döyüşlərdə Tehran ordusunun Şərq bölüyünə Milli hökumətin fədai və hərbi dəstələri ağır zərbələr endirsələr də, qeyri-bərabər döyüşdə xeyli itki verdikdən sonra onlar geri çəkilmək məcburiyyətində qalırlar. S.C.Pişəvəri yaxın bir neçə silahdaşı ilə «məsləhət» ünvanı ilə əvvəl Culfaya, sonra isə Naxçıvana aparıldı. Əslində «məsləhətləşmə» adı ilə Naxçıvana gətirilmiş (gəlməmiş, gətirilmiş! - Ə.R) S.C.Pişəvəri prespektivdə böyük işlər görmək niyyətlərinin və arzularının puç olduğunu, hər şeyin «dost» xəyanətinə qurban verildiyini başa düşsə də artıq gec idi, iş-işdən keçmişdi.
Mürəkkəb və anlaşılmaz bir situasiyanın qabağa gəldiyi bir şəraitdə S.C.Pişəvəri Təbrizi tərk etməzdən bir neçə saat əvvəl (11 dekabr 1946-cı ildə) özünün və Hacı Mirzə Əli Şəbüstəri, doktor Salamulla Cavid və Sadiq Badiqandan ibarət firqə dördlüyünün fövqəladə toplantısını keçirir. Bu toplantıda S.C.Pişəvəri Firqədə sədrlik səlahiyyətini müvəqqəti Məhəmməd Biriyaya (maarif nazirinə) həvalə edir. Məşvərət və məsləhətləşmə zamanı məlum olur ki, Tehran qoşununa sonadək müqavimət göstərilib- göstərilməməsi məsələsində firqə rəhbərliyində yekdil rəy yoxdur. S.C.Pişəvəri və onun tərəfində olanlar (F.İbrahimi, Q.Danişan, M.Çeşmazər, N.Cahanşahlu) müqavimət göstərmək təklifinə tərəfdar olduqları halda, M.Ə.Şəbüstəri, S.Cavid və Məhəmməd Biriya millətin silahsız və arxasız olduğu faktına əsaslanıb Tehrandan gələn qoşuna müqavimət göstərməməsini məqbul sayırlar. Son nəticədə 22 Azər 1325-ci ildə (13 dekabr 1946) şah qoşunu saat 16.00-da artıq şahpərəst ünsürlər və banda dəstələri tərəfindən qan dəryasına qərq olmuş Təbrizə daxil olurlar. İşğalçı şah qoşunları tərəfindən Azərbaycan ərazisinin tam nəzarətə alınması Azər ayının son günlərində (dekabrın 18-19-da) mümkün olmuşdu.
Mübarizələr burulğanlarında keçən Pişəvəri ömrünün ağır, kədərli və faciəli bir mərhələsi də beləcə sona yetmişdi. Tehran qoşununun Təbrizə daxil olduğu vaxt törətdiyi cinayətlərdən bəhs edən hadisələrin şahidi Mənuçöhr Əzizi «Qanlı, qadalı günlər» adlı məqaləsində yazmışdı: «Mən hələ xiyabanlarda asılan, güllələnən, doğranılan fədailərdən, talan edilmiş, yandırılmış evlərdən, mədrəsələrimizdə türkcə kitablarımızın yandırılmasından yazmağa əlim belə gəlmir. Bir həqiqət mənim üçün aydındır ki, şəhid olan qəhrəmanların, fədailərin, azadlıq mücahidlərinin qanı yerdə qalmayacaq və Azərbaycan milləti şəhidlərin və Pişəvərinin yolunu davam etdirəcəklər».

Əkrəm Rəhimli
AMEA Şərqşünaslıq İnstitutunun
"Güney Azərbaycan elmi araşdırmalar" şöbəsinin müdiri

Bu xəbər oxundu
- - -