Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Azərbaycan Səfəvilər dövlətində idarəetmə sistemi

13.01.17, 8:36
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

1-ci yazı

Vilayətləri şahzadələr və türk tayfa əyanları içərisindən seçilib, bəylərbəyi səlahiyyəti ilə təyin olunan hakimlər idarə edirdi. Bu hakimlərin hər biri təyin olunduqları vilayətin bəylərbəyi olmaqla yanaşı, həm də burada sakin olan türk tayfalarından birinin əmiri, ağsaqqalı və başçısı idi, onun mülki-inzibati hakimiyyəti həm də hərbi mahiyyət kəsb edirdi. 1578-ci ildə Azərbaycan vilayətinə bəylərbəyi təyin edilmiş Əmir xan həm də vilayət ərazisində əhalinin çoxluğunu təşkil edən Türkman elinin əmiri idi. Əmir xandan sonra Şahın fərmanı ilə Ədhəm sultan Türkman tayfasının ağsaqqalı təyin edilir və ona «xan» titulu verilir. Göründüyü kimi, hakimin tayfa ağsaqqalı olması əsas şərt idi. Tayfa ağsaqqalı həm də tayfanın irsi idarə hüququna malik əmiri hesab olunurdu. Ərəb sözü olan «əmir» əsasən hərbi rütbə idi və Şahın fərmanı ilə verilirdi.
Vilayətə hakim xan, sultan titulu, əmir əl-üməra, yaxud bəylərbəyi rütbəsi ilə təyin olunurdu. Dövrün qaynaqlarında I Şah Təhmasibin hakimiyyətinin ilk illərinə qədər bəylərbəyiyə nisbətən daha çox “əmir əl-üməra” termini işlənmişdi. Əmir əl-üməra I Şah İsmayılın dövründə fərdi qaydada sırf hərbi rütbə kimi də verilirdi. Ancaq bu hərbi rütbəni daşıyan əsilzadə hər hansı vilayətə hakim təyin edilərsə, onda əmir əl-üməra hərbi rütbəsi bəylərbəyi ünvanına sinonim olur və mülki-inzibati mahiyyət kəsb edirdi.
Vilayətin hakimi həm də buradakı tayfanın başçısı olan əmir öldükdə və ya öldürüldükdə onun yerinə həmin tayfanın mötəbər şəxslərindən başqa biri o tayfaya ağsaqqal (əmir) seçilir, ona sultan və ya xan titulu verilib, bəylərbəyi təyin edilirdi. Məsələn, h. 910-cu (1504-1505) ildə Zülqədər tayfasının başçısı I Şah İsmayılın əmri ilə öldürülmüş, qoşunu Ümmət bəy Sarışıxlı Zülqədərə verilib, Sultan Xəlili ləqəbi ilə Şiraz əyalətinə hakim vəzifəsinə göndərilmişdi.
H. 926-cı (1520) ildə isə Kor Süleyman I Şah İsmayılın əmri ilə Şirazın yeni hakimi Sultan Xəlil Zülqədəri ölüm cəzasına məhkum etmişdi. Bu hadisədən sonra Zülqədər qoşunu Əli Sultan Çiçəkli Zülqədər təxəllüsü ilə məşhur olan İzəddinə verilir və o, Şiraz əyalətinə hakim təyin edilir. XVI yüzilliyin 30-cu illərinə kimi vilayət hakiminə, yəni bəylərbəyiyə «sultan» titulu Şah Təhmasib və onun xələflərinin dövründə isə «xan» titulu verilirdi. Bəylərbəyi haqqında Enqelbert Kempfer yazır ki, vilayət hakimləri bəylərbəyi rütbəsinə və ünvanına malikdir. Onun mənası ağaların-ağası, bəylərin-bəyi deməkdir.
V.Minorski İsgəndər bəyin «Tarixi alamara-yi Abbasi» əsərində I Təhmasibin hakimiyyəti dövründə vilayət başçısının «hakim » ünvanı ilə qeyd olunmasına istinad edib, bəylərbəyi istilahının I Şah Abbas zamanı yaranmasını güman edib. İ.P.Petruşevski isə yazır ki, Səfəvi vilayətlərində I Şah Abbasa qədər bəylərbəyi vəzifəsi mövcud olmuşdur. O.Əfəndiyev də İ.P.Petruşevskinin fikrini müdafiə edir. H.Zərinəzadə isə «bəylərbəyi» istilahının Səfəvilərin hakimiyyəti dövründə yarandığını qeyd edir. Halbuki hələ XIV əsrdə bəylərbəyi istilahı vəzifə kimi işlənib. «Tarix-i Vəssaf» əsərində deyilir: «Baydu xan Tığacar Noyana bəylərbəyilik verdi». Bundan əlavə, «Tüzukat-i Teymuri» əsərində Teymurun adı ilə deyilir: «313 adamdan 4 nəfərinin bəylərbəyi və bir nəfərin əmir əl-üməra təyin edilmələrini buyurdum…». Göründüyü kimi, Səfəvilərə qədər Elxanilər və Teymur dövründə bəylərbəyi termini işlənib. Qaraqoyunlu, Ağqoyunlu və I Şah İsmayılın hakimiyyəti dövründə isə bəylərbəyi istilahına təsadüf edilmir. Yalnız Şah Təhmasibin hakimiyyətinin ilk dövrlərindən başlayaraq əyalətlərə təyin olunan başçılara bəylərbəyi ünvanı verilib.
Ancaq bəylərbəyi ilə əmir əl-üməra Səfəvilərə qədər sinonim kimi işlənilməyib. I Şah İsmayıl dövründə qüdrətli tayfa başçısı olan əmirlərə «sultan» titulu verilməklə müəyyən vilayətə hakim təyin edilirdisə, I Şah Təhmasibin hakimiyyətinin ikinci yarısından başlayaraq həmin tayfa başçılarına əmirlik rütbəsi və «xan» titulu verməklə, vilayətlərə bəylərbəyi təyin olunurdular.
E.Kempferə görə «xan» titulu ölkənin yüksək dərəcəli şəxslərinə, vali və hakimlərə verilirdi. O, sözünə davam edərək yazır: «Valilər, hakimlər özlərinin tutduqları vəzifə və hakim olduqları vilayət və şəhərlərin əhəmiyyətinə görə müxtəlif dərəcələrə bölünürlər. Bu dərəcələrə uyğun olaraq onların titulları var: bəylərbəyi, xan, vali, sultan (ikinci dərəcəli hakim), vəzir (xassə əmlakı rəisi)». Fransız səyyahı Sanson yazır ki, Səfəvi dövlətində altı cür hakim vardır ki, onlar vali, bəylərbəyi, qolbəyi, vəzir, sultan və darğadan ibarətdir. Valilər ölkələri Səfəvi Şahı tərəfindən tutulub zorla tabe edilmiş sultanların sağ qalmış övladları, qohumları idilər.
Nahiyələrə çevrilmiş ölkələrdə hakimiyyəti vali ünvanı ilə yerli sülalədən olanlar idarə edirdilər. Sansona görə valilər dövlət şurasının iclaslarında, rəsmi qonaqlıqlarda dövlətin əsas dayağı olan altı vəzirdən sonra əyləşir, Şah qonaqlarının imtiyazlarından istifadə edir, Şahla bir süfrədə əyləşir və onlara şahzadə gözü ilə baxılırdı. Ancaq sonralar Şah valilərin sayını azaldıb, onları bəylərbəyi ilə əvəz edir. Nəticədə Kirman və Luristan valiliyi ləğv edilmiş, Gürcüstan valiliyi isə ciddi təzyiqlərə məruz qalmışdı.
Sansonun səyahətnaməsində Səfəvi dövlət quruluşunun forması haqqında elə məlumat vardır ki, ona dövrün unikal qaynaqlarında təsadüf edilmir. Səyyah yazır ki, şəhristan və kiçik nahiyələri (mahal-Z.B.) idarə edən xanlar «Qolbəyi» adlanırlar. Sansona görə Qolbəyi qol, arxa (dayaq), yaxud xanın (bəylərbəyinin - Z.B.) köməkçisi mənasını ifadə edir. Belə ki, xan (bəylərbəyi) göstəriş verdikdə qolbəyilər öz hərbi hissələrini dərhal onun sərəncamına göndərməli idilər. Dövlət böyükləri arasında sultan titulu ilə yüksək mövqeyi olan iki nəfər var ki, onlardan biri Təbriz bəylərbəyiliyinin tərkibindəki Sultaniyyədə və digəri isə Xürrəmabad vilayətində bir mahalda hakim olurdular.
E.Kempferə görə də az sayda sultan var ki, onlar xanların deyil, birbaşa Şahın nəzarəti altında işləyirdilər. Engelbert Kempfer yazırdı ki, xanın vəzifə və mövqeyinin qüdrəti onun hökmranlıq etdiyi ərazinin genişliyi ilə ölçülür. Bəzi hallarda isə onların hökmran olduqları ərazi böyük olmur. Bu halda kiçik ərazini idarə edən xan daha qüdrətli xana tabe olur. Qüdrətli xanlar isə öz növbələrində Şaha tabedirlər. Əslində burada müəyyən bir vilayətin tərkibindəki mahala xan titulu ilə hakim təyin olunması və bu hakimin isə öz növbəsində həmin vilayətin bəylərbəyinə tabeçiliyi nəzərdə tutulur. Ancaq belə hallara çox az təsadüf edilirdi.
Engelbert Kempferin yerli hakimlərin vəzifə və titullarına görə tərtib etdiyi siyahıda xassə əmlakı olan şəhər və vilayətə vəzir və darğanın hakim statusu ilə təyin olunmasına işarə də edilir. O qeyd edir ki, vaxtilə bəylərbəyilər tərəfindən idarə olunan məntəqələrin çoxu bu gün xassə əmlakıdır. Bu əmlakı idarə edən vəzirlər birbaşa Şaha tabe olub, öz vəzifələrini onun nəzarəti altında yerinə yetirirlər. Sanson isə yazır ki, iki nəfər vəzir, yaxud canişin vardır ki, onların biri əski İran Şahlarının mərkəzi olmuş Şirazı, digəri isə Rəşti, yəni bütün Gilanı idarə edirdi.
Xassə əmlakına hakim statusu ilə təyin olunan vəzir, yaxud darğanın hüquq və səlahiyyəti divan ərazisi tərkibindəki vilayət hakimlərinin hüquqları ilə müqayisədə daha məhdud idi. Cemelli Kareri bu barədə qeyd edir: «Xanın vəzirdən fərqi o idi ki, xan bir, yaxud bir neçə hərbi alayın başçısı olub, vilayətdə həm də məhkəmənin sədri kimi cinayət işlərinə də baxırdı. Ancaq xassə əmlakında hakim olan vəzirin xan qədər səlahiyyəti yox idi və hətta o səlahiyyətinə aid olan məsələdə çətinliyə düşdükdə yaxınlıqdakı vilayətin xanından məsləhət alırdı». Əksər mənbələrdə Şahzadələrin iri vilayətlərə hakim təyin edilməsi barədə də məlumat var. Belə ki, 1538-ci ildə Şirvanda yerli Şirvanşahlar sülaləsi devrildikdən sonra I Şah Təhmasib qardaşı Əlqas Mirzəni Şirvana vali təyin etmişdi. O, Şaha qarşı çıxıb, Osmanlı dövlətinə qaçdıqdan sonra Şirvana kiçik yaşlı şahzadə İsmayıl Mirzə bəylərbəyi təyin olunur.
Vilayətlərə Qızılbaş əsilzadələrindən hakim təyin edilməsi barədə Don Juan ayaması almış məşhur Qızılbaş əyanı Oruc bəy Bayat yazır: «İndi İranda 32 qəbilə, ya əşrəf ailəsi var. Onlar yüksək ixtiyarata malikdirlər. Onlardan biri də Türkman tayfasıdır. Əmirlər, sərdarlar və qoşun başçıları Türkman tayfasından olurdu». Bir sözlə, İranda (Səfəvidə-Z.B.) hökumət bu 32 tayfa əsilzadələrinin əlində cəmlənmişdir. Onların arasından çıxan şəxslər ayrı-ayrı şəhər və vilayətlərə hakim təyin olunurdu. Dövrün mənbələrini nəzərdən keçirdikdə məlum olur ki, Türkman tayfası ilə yanaşı, digər Türk-Qızılbaş tayfa ağsaqqalları və əmirləri də dövlət aparatında yüksək vəzifələr tuturdular. Lakin vilayətlərə bəylərbəylər Şahın fərmanı ilə təyin olunur və şah istədiyi vaxt onları tutduqları vəzifədən azad edə bilərdi. Oruc bəy Bayat yazır ki, xanlıq irsidir və xanlar titullarını özlərinin mütləq mülkü kimi qoruyub saxlayırlar. Ancaq onlar Şaha xidmət etdiklərinə, yəni ona tabe olduqlarına görə nöqsanları olduqda, Şah dərhal onları tutduqları vəzifədən azad edə bilərdi.
XVI yüzilliyin sonu - XVII yüzilliyin əvvəllərində imperatorluğun cənub və cənub-şərq bölgələrində mərkəzdənqaçma hərəkatlarının yenidən genişləndiyi bir vaxtda, vilayət hakimlərinin tutduqları vəzifə, daşıdıqları titul və rütbəni öz varislərinə irsən ötürmə maraqlarının daha da artması I Şah Abbasın mərkəzləşdirmə siyasətinə ciddi zərbə vururdu.
Pyetro Della Valle yazdığı kimi, çoxları xanlıq ünvanını nəsildən-nəsilə ötürür və elə adamlar da vardı ki, iki yüz il idi ki, xan tituluna irsən sahib idi. Ancaq bu qayda Şaha məqbul deyildi və o istəyirdi ki, bu məsələni müəyyən həddə yoluna qoysun. Onun fikrincə, xanların ixtiyarları vilayətlərdə həddini aşmışdır. O, hakimiyyətinin ilk illərində, yəni gənc yaşlarında onlardan çox zərər görmüşdü. Məhz elə buna görə, I Şah Abbas mərkəzdən qaçma hərəkatlarının güclü olduğu bəzi vilayətlərdə yerli sülalələrin hakimiyyətini ləğv edib, onları xassə əmlakına çevirmiş və həmin vilayətlərə hakim statusu ilə darğa və çox nadir hallarda isə vəzir təyin etmişdi. Bununla yanaşı, I Şah Abbas bir çox vilayətlərə yeni hərbi aristokratiya nümayəndələrindən də bəylərbəyi təyin etmişdi.
O, əhalisinin mütləq əksəriyyəti Zülqədər türklərindən ibarət olan Fars vilayətini faktiki olaraq Allahverdi xana ömürlük bağışlamışdı. Allahverdi xandan sonra bu vilayətdə hakimiyyət onun oğlu İmamqulu xana verilir. Vilayətdə hakimiyyətin atadan sonra onun oğluna verilməsinə baxmayaraq Don Qarsiya de Silvanın yazdığı kimi, yerli hakim nöqsana yol verdikdə, I Şah Abbas nəinki həmin şəxsi yerli hakimiyyətdən uzaqlaşdırır, həm də ona verilmiş tiyullar da əlindən alınırdı. Allahverdi xan ona Fars vilayətində verilmiş hüquq və imtiyazların müqabilində zəruri olduqda Şahın hərbi qulluğuna piyada və süvaridən ibarət 10 min nəfər əsgər göndərməli idi

Zabil Bayramlı
tarix üzrə elmlər doktoru, professor

Bu xəbər oxundu
- - -