Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Azərbaycan Səfəvilər dövlətində idarəetmə sistemi

18.01.17, 7:59
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

4-cü yazı

XVII yüzilliyin ortalarında dövlətin xarici aləmlə qarşılıqlı iqtisadi əlaqələri daha da genişləndiyinə görə, Tavernyenin şəxsi müşahidələri əsasında yazdığı kimi, vilayətlərin ərazisindən keçən karvan yollarının təhlükəsizlik tədbirləri gücləndirilmiş, yolboyu müəyyən məsafələrdə qarovulçu məntəqələri yaradılmışdı. Bu qarovulçular ayıq-sayıq adamlar olub, oğurluğa imkan vermir və şübhəli şəxslərlə rastlaşdıqda onları tutur vilayətin hakiminin yanına aparır və sorğu-sualla kimlikləri dərhal aydınlaşdırılırdı. Cemelli Karerinin yazdığına görə, XVII yüzilliyin 90-cı illərində karvan yollarında yolçu çox olduğu üçün yolkəsənlərə, oğurlara az təsadüf edilirdi. Ancaq hər hansı vilayətin ərazisindən keçən karvan yolunda oğurluq hadisəsi baş verdikdə, həmin yerin xanı qırx gün ərzində oğrunu tapmalı və zərər çəkənin malını qaytarmalı idi. Oğru tapılmadıqda xan zərəri öz şəxsi əmlakı hesabına ödəyirdi. Ona görə ki, xanlar onların ərazisində baş vermiş belə hadisənin Şaha çatmasından ehtiyat edirdilər. Elə buna görə də, çox vaxt oğurlanmış malın dəyərini bəri başdan zərər çəkənə ödədikdən sonra təhqiqata başlayırdılar. Yollarda oğurluq hadisəsi baş verdikdə tacirə dəyən zərərin miqdarı onun andı və xüsusi qeyd dəftəri əsasında müəyyən edilirdi. Xanlar Şardenin yazdığı kimi, hakimlik etdikləri vilayətlərdə kiçik padşahlar olub, onların da Şah kimi, sarayı və mühasibat divanı vardı. Ancaq onların arasındakı fərq xanın eli və gəlirinin Şahın idarə etdiyi ölkənin əhalisindən və gəlirindən çox az olmasında idi. Vilayətdə xandan sonra başqa hakimlər də vardı ki, onlar xana tabe idilər. Onlar vilayət tərkibindəki mahalların hakimi olub, vəzifəyə Şah tərəfindən təyin edilir və yalnız Şahın əmri ilə vəzifədən azad olunurdular. Bu hakimlər silkinə sultan deyirlər. Onlar işlərində nöqsana yol versələr və bu dövlət, hökumət işi ilə bağlı olsa, xan dərhal Şaha hesabat verir və hadisə barədə Şahın əmrini gözləyirdi. Və əgər təqsir intizamla əlaqədar olsa, xan özü bu məsələni həll edib onları yerində otuzdururdu. Bir qism üçüncü dərəcəli hakimlər də vardı ki, onlar Asəf (ağıllı müşavir) adlanırdılar. Onlar vilayətlərdə padşahın naibləri idilər.
Vilayət hakimlərinin də qulluqçuları, məmurları vardı. Xanların sarayı təxminən Şah sarayı böyüklüyündə olub, əyalətlərin gəliri əsasən yerlərdəki məmurlara sərf edilir, yalnız müəyyən miqdarı saraya göndərilirdi. Elə buna görə də, Şah vilayətlərdəki artıq xərclərə qənaət edərək bu hesaba dövlət mədaxilini artırmaq üçün vilayətlərin bəzisində xanlıq məqamını ləğv edib, onların yerinə «Asəf» təyin etdi. Şah Abbasın nəvəsi Şah Səfi birinci şəxs idi ki, bu fikrə düşmüşdü. O, öz xəzinəsini doldurmaq üçün bəzi xanlıqları vəqf əmlakı etmişdi. Bu işə xanları içərisində ən qüdrətlisi olan Fars vilayətinin hakimi İmamqulu xandan başlamışdı. I Şah Abbas, xüsusilə I Şah Səfi dövründə həyata keçirilən aqrar siyasət əsnasında ayrı-ayrı şəhərlər, mahallar, hətta Xorasan kimi bütöv vilayətlər xassə əmlakına çevrilmişdi. Yeni aqrar siyasətlə Səfəvi Şahları xəzinənin gəlir qaynağını artırmaq məqsədini güdürdülər ki, bu kiçik bir zaman kəsiyində uğur gətirsə də, çox keçmədi ki, dövlətçiliyin də böhranına səbəb oldu. Vilayət daxilində olan mahallar ulka verildikdə, ulka hakimi bəylərbəyiyə tabe olduğu halda, xassə əmlakı olan mahalların başçıları, yəni darğa, vəzir birbaşa Şaha tabe olub, vilayət bəylərbəyi ilə hesablaşmırdılar. Bəylərbəyi yalnız vilayət ərazisində tiyul, soyurqal verilmiş yerlərə nəzarət edirdi.
Yarımköçəri tayfalara dolanışıq üçün irsən bəxş olunmuş torpaqlar faktiki olaraq onların irsi başçılarının (mir-i el) hakimiyyəti altında olurdu. Belə torpaqlar bir qayda olaraq yaylaq və qışlaqlarla yanaşı, əkin yeri, bağ, üzüm sahələrindən, yəni oturaq əkinçilərin də yaşadıqları mahallardan ibarət idi. Ancaq tayfalara verilən bu torpaqlar, şəxsən tayfa əmirlərinə verilən tiyul və soyurqallardan əlbəttə ki, fərqləndirilməli idi. Tayfa başçısı (mir-i el) yalnız öz tayfalarını idarə etmirdi və o çox hallarda Şah tərəfindən onlara dolanışıq üçün verilmiş mahalın irsi sahibkarı olurdu. Şahın tayfa başçısına dolanışıq üçün bəxş etdiyi torpaqlar yurt (monq), ocaqlıq (türk), ca – o – məqam (fars-ərəb) adlanırdı. Tayfa başçılarına dolanışıq və idarə üçün torpaq bəxş etdikdə, onlar bunun müqabilində lazım olanda Şahın xidmətinə müəyyən sayda qoşun göndərməli idilər. Yarımköçəri tayfaların «yurtlarına» rəiyyətin torpaqlarından başqa, dağlarda (yaylaq) və düzənlərdə (qışlaq) onlara verilən örüşlər də daxil idi. Bu torpaqlar formal olaraq tayfalara verilsə də, faktiki olaraq tayfa başçılarının sərəncamında idi. Ancaq əmirlər həmin torpağı sata, yaxud öz şəxsi mülkiyyətlərinə çevirə bilməzdilər. Şah tərəfindən şəxsən əmirə, yaxud tayfaya müəyyən məqsəd və xüsusi şərtlərlə bəxş olunan ərazi türk dilindəki «ulka» termini ilə ifadə olunur və Azərbaycan türkcəsində isə «ölkə» kimi tələffüz edilir. Səfəvilər dövründə ulka ümumi termin olmaqla müxtəlif şərtlə müvəqqəti (xidmət dövründə), yaxud ömürlük verilən tiyulu, irsi sahibkarlıq və tam vergi immuniteti (maaf) hüquqi ilə verilən soryurqalı, nəhayət, vergi immuniteti olmadan idarə üçün verilən ərazini göstərir.
Axırıncı halda ulka sahibi hakim - yerli hökumət adlanır. Dolanışıq və idarə üçün müəyyən əmirə tayfa başçısı kimi verilən ərazi də ulka adlanırdı. O bu halda otlaqları tayfa əsilzadələri arasında bölməkdə tam sərbəst olurdu. Eyni zamanda tayfa əmirinin ailəsi ulkanın irsi sahibi olurdu. Ancaq burada irsiliyin bir xətlə davam etməsi o qədər də vacib deyildi. Lakin Şah tərəfindən onların bu hüququ fərmanla təsdiq olunmalı idi. Belə tiyullarda tiyuldar vergi yığmaqda sərbəst olub, ölüm cəzası istisna olmaqla onların rəiyyət üzərində çox geniş ağalıq hüquqları vardı. Hətta bu cür tiyullar Şahın müvafiq xidmətçilərinin nəzarətindən getdikcə uzaqlaşır, onlar tiyullara öz şəxsi əmlakları kimi baxırdılar. Bu dövrdə «yurt», «ocaqlıq», «ölkə» tiyuldan faktiki olaraq fərqlənmirdi. Əslində tiyul kimi, ölkə də xidmət müqabilində verilirdi.
XVII yüzillikdə divan ərazisi hesabına tiyulların sayı artır və əraziləri də getdikcə genişlənirdi. Ancaq ölkənin verilməsi şərtindən asılı olmayaraq onlar divan ərazisi hesab olunurdular. Mənbələrdəki materialları nəzərdən keçirdikdə aydın olur ki, ulka ayrı-ayrı əmirlərə, müvəqqəti, yaxud daimi olaraq onun məişət və güzəranı, dolanışığı üçün, həm də dövlətə işləyib, az miqdarda qoşun saxlaması şərtilə verilirdi.
"Zeyl-i tarix-i alamaray-i Abbasi" də qeyd edilir ki, Marağa I Şah Abbas tərəfindən Müqəddəm obasına iqta hüququ ilə verilmiş və bu oymağın əsgəri xidmətdə bacarıqları, müharibədəki igidlikləri nəzərə alınaraq çobanbəyi və digər divan vergilərindən azad edilmişdilər. Burada iqta əslində dolanışıq və idarə statusu ilə bəxş edilən ulka mənasını ifadə edir. Mənbənin verdiyi məlumatlardan da aydın olur ki, Ağa xan XVI əsrin əvvəllərində Müqəddəm obasının əmiri olmaqla bərabər Marağanın da hakimi idi. Ağa xan vəfat etdikdə Marağa hakimliyi böyük oğlu Qazi sultana verildi və o, Ağa xan sani adlandırıldı. Faruk Sümər bir çox Türk elləri, obaları kimi Müqəddəm oymağının da Şərqi Anadoludan Ərzurum-Pasin arasından köç edib Marağada yerləşdiyini yazır. Ancaq dövrün bir çox mənbələrində, o cümlədən "Zeyl-i tarixi alamaray-i Abbasi"də də Müqəddimin Qarabağ vilayətindəki Otuziki elinin obası olduğu və Qarabağdan Marağaya köçdükləri qeyd edilir. Məsələyə tarixi gerçəklikdən yanaşdıqda görürük ki, XVI-XVII əsrlərdə Xəzərlə Kayseri, Sivas arasında məskun olan Türkmən el və obalarının bu doğma yurd yerlərində bir bölgədən başqasına miqrasiyası təbii və qeyri-təbii hadisələrlə bağlı olmuş, Batıdan Doğuya və Doğudan da Batıya köçlər olmuşdu.
Səfəvilər dövründə ayrı-ayrı vilayətlərin tərkibindəki bəzi mahallar kimi müqəddəs ocaq olan Ərdəbil xüsusi statusa malik olub, ərazi baxımından Azərbaycan vilayətinə daxil olsa da, oranın bəylərbəyiliyinə tabe deyildi. Ərdəbil mahalının hakimi Şeyx Səfi məzarı vəqfinin qəyyumu olmaqla İsfahan sarayı tərəfindən təyin olunur və birbaşa ora tabe olurdu. Bu deyilənlərə onu da əlavə etmək lazımdır ki, Şeyx Səfi məqbərəsinə görə Ərdəbil vəqf olsa da, bəzən bura xassə əmlakı tərkibinə daxil edilmiş, oraya hakim deyil, mütəvəlli ilə yanaşı, vəzir-i xassə və darğa da təyin edilmişdi.
Mənbələrdə mütəvəllinin həmin şəhər və onun ətraf bölgələrinin vəziri olması hallarına da təsadüf edilir. Ərdəbil vəqfləri də şəriət ehkamları əsasında tərtib olunmuş vəqfnamə əsasında Şahın təyin etdiyi mütəvəlli adlı məmur tərəfindən idarə olunurdu. Məqbərədə mütəvəllinin başçılığı altında mükəmməl idarə orqanı fəaliyyət göstərirdi. Burada vəqf əmlakı hesabına maliyyələşdirilən xidmətçilər işləyir və gündəlik nəzirləri qeydiyyata alan müşriflər isə mütəvəllinin nəzarəti altında çalışan maliyyə orqanının məmurları idilər. Məzarın idarə aparatında onun təsərrüfatını idarə edən başqa məmurlar, din xadimləri, gözətçilər, aşbazlar da fəaliyyət göstərirdilər. Ərdəbil xassə olduğu vaxtlar bura əsasən şahzadələr hakim təyin olunurdu. Məsələn, Sam Mirzə 12 ildən artıq Ərdəbil hakimi olmuşdu. Bəzən isə Sərab ilə Ərdəbilə bir nəfər hökmranlıq edirdi. Məsələn, İsgəndər bəy Münşi H.1037-ci (1616-1617) il hadisələrindən danışarkən Şikari Sultanın Ərdəbil və Sərab hakimi olduğunu yazıb. "Zeyl-i tarix-i alamara-yi Abbasi"də isə h.1048-ci ildə darülirşad Ərdəbilin hakimi Kəlbəli xanın vəfatı və Zülqədər elinin Söklən obasından Nəzərəli bəyin bura hakim təyin edildiyi göstərilir. Şah Təhmasibin hakimiyyətinin ilk illərində Məsum bəy Səfəvi ibn Xacə Əhməd ibn Xacə Məhəmməd ibn Sultan Şeyx Cüneyd neçə il Ərdəbilin mütəvəllisi olmuşdu. Mirzə Məhəmməd Kirmani də Şah Təhmasib dövründə bir müddət Ərdəbil dar ül-irşadının mütəvəllisi vəzifəsində işləmişdi. Sultan Məhəmməd hakimiyyətə keçdikdə Ərdəbil mütəvəllisi Əmir Əbdülvəli İncu idi. O, h.987-ci (1579-80) ildə tutduğu vəzifədən azad edilmiş və qoşun qazısı təyin olunmuşdu.

Zabil Bayramlı
tarix üzrə elmlər doktoru,
professor

Bu xəbər oxundu
- - -