Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Estoniya Azərbaycanı dəstəkləyir“

24.01.17, 12:26
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Sven Mikser: "Beynəlxalq ictimaiyyət Cənubi Qafqazdakı münaqişələrin həlli üçün daha çox səy göstərməlidir"

Estoniyanın xarici işlər naziri Sven Mikserin "Report" agentliyinə müsahibəsini oxucularımıza təqdim edirik

- Estoniya-Azərbaycan münasibətlərinin hazırkı durumunu necə qiymətləndirirsiniz?
- Estoniya və Azərbaycan arasında münasibətlər həmişə olduğu kimi, indi də yaxşı səviyyədədir. Biz bu əlaqələrin inkişafı və genişləndirilməsi üçün əlavə imkanlar görürük. Əməkdaşlığı daha da yüksək səviyyəyə qaldırmağa və bununla bağlı təklifləri müzakirə etməyə hazırıq. Estoniya xarici siyasətində, həmçinin "Şərq Tərəfdaşlığı" proqramına xüsusi diqqət yetirir və biz qarşılıqlı fayda üçün Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın intensivləşdirilməsində çox maraqlıyıq.
- Estoniya Azərbaycanla ikitərəfli əməkdaşlığın hansı sahələrini daha çox da inkişaf etdirmək istərdi?
- Müxtəlif sahələrdə əməkdaşlığımızın gücləndirilməsi üçün böyük potensial olduğuna inanıram. Məsələn, ötən il noyabrın sonlarında Estoniyanın nəqliyyat və logistika sahəsi üzrə yüksək vəzifəli şəxslərdən ibarət nümayəndə heyəti Bakıda həmkarları ilə görüşüb. Səfərin yekunlarına əsasən deyə bilərik ki, Estoniya və Azərbaycanın nəqliyyat və logistika sahəsində ortaq maraqları var və bu sektorların daha da inkişaf etdirilməsinə çalışırıq.
Bundan əlavə, Estoniya demokratik institutların möhkəmləndirilməsi və fəaliyyət göstərməsi, səmərəli vergi sistemi, İKT kimi sahələrdə islahatlar aparılmasında zəngin təcrübəyə malikdir. Azərbaycan elektron hökumət və elektron xidmətlər kimi sahələrdə təcrübəmizdən yararlanır. Bu amil iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaradır. Təcrübəmizi bölüşməyə hazırıq.
Həmçinin ticarət və iqtisadi əlaqələrimizin genişləndirilməsi və şaxələndirilməsi yollarını axtarırıq. Estoniya diqqəti qarşılıqlı marağa əsaslanan işgüzar əlaqələr vasitəsilə daha çox mənfəət əldə edə biləcəyimiz sahələrə yönəltmək istərdi.
Təhsil sahəsində də yaxşı əməkdaşlığımız olduğunu vurğulamaq istəyirəm. Məsələn, əsas universitetlərimiz arasında bir sıra əməkdaşlıq müqavilələri var. Universitetlərimiz arasında əlaqələri genişləndirmək istəyirik və azərbaycanlı tələbələri Estoniyada görməyimizə həmişə şadıq. Tallində iki ölkənin Elmlər Akademiyası arasında imzalanmış son saziş isə elmi dairələr arasında əməkdaşlığı gücləndirmək üzrə qarşılıqlı maraq və səylərimizin nəticəsidir.
- 2017-ci ilin sonunda Estoniya Avropa İttifaqının "Şərq Tərəfdaşlığ" sammitinə sədrlik edəcək. Sammitə hələ çox vaxt qalsa da, Estoniya ilkin varinat olaraq bir proqram hazırlayıbmı? Estoniya hansı yeni ideyalar təklif etməyi nəzərdə tutur?
- "Şərq Tərəfdaşlığı" proqramı Estoniya üçün prioritet məsələdir və bu il Brüsseldə baş tutacaq sammitin uğurlu keçməsinə töhfə vermək məqsədilə daha intensiv çalışacağıq. Sammitdə əsas diqqət davam edən layihələr baxımından gələcəkdə vətəndaşlar üçün ciddi nəticələrin əldə olunmasına yönələcək. Şərq tərəfdaşlarımız ilə münasibətlərdə müxtəlif sahələrdə və hüquq çərçivəsində böyük tərəqqi əldə edilib. Bu baxımdan, Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlıq üzrə yeni ikitərəfli saziş üzrə danışıqlara start verilməsi "Şərq Tərəfdaşlığı" çərçivəsində vacib tərəqqidir. Məqsədimiz bu əməkdaşlığa ümumi siyasi sadiqliyimizi bir daha göstərmək və onun tərkib hissələrinin müzakirəsini təkmilləşdirməkdir. Bunu insanların Avropa İttifaqı və "Şərq Tərəfdaşlığı" ölkələri arasında biznes əlaqələrin təkmilləşdirilməsi, hökumətin şəffaflığının daha da aydın görünməsi, təlim imkanlı təhsil qrantları əldə etməyin təkmilləşdirilməsi, sadələşdirilmiş hərəkət və s. kimi konkret üstünlüklər və faydaları daha çox hiss etməsi üçün edirik.
- Estoniyanın ATƏT məkanında davam edən münaqişələrə, xüsusilə Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi necədir?
- Cənubi Qafqazda davam edən münaqişələr təhlükəsizliklə bağlı vəziyyəti təhlükə altında qoyur və sabitlik şəraitində inkişaf məsələsini sual altına salır. Buna görə də beynəlxalq ictimaiyyət regionda münaqişələrin həllinə nail olmaq üçün daha çox səy göstərməlidir. Estoniya Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləyir. Aydındır ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. Status-kvo davamlı deyil və münaqişənin sülh yolu ilə həlli prioritet variant olaraq qalmalıdır.
Biz ATƏT-in Minsk qrupunun vasitəçilik səylərini dəstəkləyirik və onların münaqişənin beynəlxalq hüquqa uyğun olaraq davamlı siyasi həllinin axtarışı məsələsində fəal və diqqətçəkən olacağını gözləyirik. Əsas məsuliyyət Ermənistan və Azərbaycanın üzərinə düşür - hər iki tərəf sülh əldə edilməsi üçün yüksək səviyyəli danışıqları intensivləşdirməlidir.
- Avropanın miqrasiya böhranı, terror təhlükəsi, etimad azlığı kimi ciddi problemlərlə qarşı-qarşıya olduğu dövrdə Estoniya bu problemlərin həlli üçün nə təklif edə bilər?
- Avropadakı miqrasiya böhranı bəzi ölkələr üçün ağır yük olub və biz onları tək qoymayacağıq. Siyasət və bütün mümkün vasitələrdən istifadə edib hamımız bu məsələyə həmrəylik ruhu ilə töhfə verməliyik. Biz mövcud vəziyyətin həlli və uzunmüddətli davamlı həllin müəyyən edilməsi üçün səylər göstərmək niyyətindəyik.
Təbii, terrorun qarşısının alınması və onunla mübarizə Estoniyanın Avropa İttifaqındakı prioritetlərindən biridir. Bu baxımdan, həm Avropa İttifaqı daxilində, həm də tərəfdaşlarımız ilə daha təkmil formalı əməkdaşlıq etməli və informasiya mübadiləsi aparmalıyıq. Uzunmüddətli perspektivdə radikallaşmaya cavab olaraq xarici terrorçuların hərəkətini dayandırmalıyıq. Radikallaşmanın köklərinin məhv edilməsi üçün çox şey etmək tələb olunur. Bu baxımdan təhsilə, inteqrasiyaya, məşğulluğa və s. məsələlərə böyük diqqət ayırmaq lazımdır.
- Hazırda Estoniya Azərbaycanda səfirliyin ofisi qismində təmsil olunur. Ofisi səfirlik səviyyəsinə qədər qaldırmaq planları var?
- Azərbaycan regionun mühüm siyasi və iqtisadi oyunçusudur və münasibətlərimizin inkişafı üçün çox böyük potensial var. İki il əvvəl Bakıda diplomatik təmsilçimiz fəaliyyətə başlayıb və bunu yüksək qiymətləndiririk. Yaxın gələcəkdə Bakıda Estoniya səfirliyinin ofisi olaraq qalacağıq, çünki nazirliyin resursları hər zaman məhduddur.
- Bu il ərzində iki ölkə arasında yüksək səviyyəli səfərlər gözlənilirmi?
- Daha əvvəl qeyd etdiyim kimi, Estoniya "Şərq Tərəfdaşlığı"nı irəli çəkmək niyyətindədir. Odur ki, Avropa İttifaqına sədrliyə keçənə qədər "Şərq Tərəfdaşlığı" ölkələrinə səfər etmək niyyətindəyəm. Azərbaycanlı həmkarımla ikitərəfli məsələləri və Avropa İttifaqı ilə bağlı məsələləri müzakirə etmək imkanı qazanacağıma ümid edirəm. Həmçinin iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsi planlaşdırılır.

Bu xəbər oxundu
- - -