Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”

26.01.17, 13:20
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

AŞPA-nın vitse-prezidenti: “Azərbaycan həmişə mənim ürəyimdədir”

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Ukrayna Ali Radasının Azərbaycan əsilli deputatı Georgi Loqvinski Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-prezidenti seçilib. Əslən Azərbaycanın Göyçay rayonundan olan Loqvinski AŞPA-nın Strasburqda keçirilən sessiyasında yekdilliklə bu vəzifəyə layiq görülüb.
Azvision-nun suallarını cavablandıran Georgi Loqvinski Azərbaycanla bağlı, Dağlıq Qarabağ münaqişəsinə dair mühüm məqamlara toxunub.

-Sizin əslən Göyçay rayonundan olduğunuz bildirilir. Göyçayla sizi nə bağlayır? Bu haqda fikirlərinizi bilmək istərdik…
-Bəli, atam Göyçaydandır, orada orta məktəbdə oxuyub. Atam Azərbaycan və rus dillərində təhsil alıb. Onun ana dili Azərbaycan dilidir. Atam 1946-cı ildə Ukraynanın paytaxtı Kiyevə köçüb, həyatına burada davam edib.
-Göyçayda olmusunuzmu?
- Bir neçə dəfə Bakıda olmuşam. Mənim dostum Sabir Hacıyev Azərbaycan Milli Məclisinin deputatıdır. O, Göyçaydan deputat seçilib. Sabir Hacıyev valideynlərimin yurduna baş çəkməyim üçün səyahət təşkil etmişdi. Təəssüflər olsun ki, bu səyahət baş tutmadı. Lakin mən düşünürəm ki, ya bu il, ya da yaxın gələcəkdə Göyçaya səfər edəcəyəm.
- Azərbaycanı özünüzə vətən hesab edirsinizmi? Yaxud gələcəkdə atanızın yurdunda yaşamaq istərdinizmi?
- Bildiyiniz kimi mən Ukrayna parlamentinin üzvüyəm. Həmçinin AŞPA-nın vetse prezidenti seçilmişəm. Mənim əsas işim bu çətin vəziyyətdə ölkəmi – Ukraynanı qorumaqdır. Parlamentdə Krım türklərini təmsil edirəm və bizim torpağımız olan Krımı müdafiə edirəm. Bu, mənim işimdir.
Əlbəttə ki, Azərbaycanı sevirəm. Ora mənim ata vətənimdir. Bakı gözəl şəhərdir. Hətta gözəl binalarına görə Bakı Dubaya bənzəyir.
- Azərbaycanda dostlarınız varmı?
-Əlbəttə, Azərbaycanda çoxlu dostlarım var. Onlar arasında deputatlar da var. Deyə bilərəm ki, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri olan Səməd Seyidov, keçmiş deputat Aydın Abbasov və Sabir Hacıyevlə dostluq münasibətim var. Ukraynada yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə də əlaqələrim yaxşıdır. Bu baxımdan deyə bilərəm ki, Azərbaycan həmişə mənim ürəyimdədir.
-AŞPA-da vitse-prezident seçilməyiniz böyük uğurdur. Yeni vəzifədə planlarınız, hədəfləriniz nədən ibarətdir?
- Bildiyimiz kimi, mən həftənin bazar ertəsi AŞPA-nın viste-prezident seçildim. Çərşənbə günü Krım problemi ilə bağlı və terrorizmlə mübarizə üzrə komitələrinin sədri seçildim ki, bunlar olduqca önəmli mövqelərdir. Düşünürəm ki, bütün dünyada sülh olmalıdır və işğal olunmuş ərazilər dərhal azad olunmalıdır. Yaşadığımız ölkələrin sakinlərinin yüksək səviyyədə yaşayışını təmin etməliyik. Vətəndaşlar özlərini xoşbəxt hiss etməlidirlər. İnsanlar öz hüquqlarını bilməli və qorumalı, yaxşı təhsil almalıdırlar. Mən bunların həyata keçirilməsi üçün əlimdən gələni edəcəyəm.
- Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyiniz necədir? Bu istiqamətdə hansı işləri görüməyi düşünürsünüz?
- Qarabağ konflikti barədə srağagün baş verən hadisə barədə danışmaq istəyirəm. Ukrayna nümayəndə heyətinin rəhbəri Arıyev “Avropada jurnalistlərə hücum və mətbuat azadlığı” haqda hesabatını təqdim etdi. Hesabatda Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi kimi göstərildi. AŞPA-da Ermənistan nümayəndə heyəti hesabatda Dağlıq Qarabağın Azərbaycan ərazisi kimi yox, ayrıca göstərilməsini istəyirdi. Lakin onların istəyi baş tutmadı. Hesabatın yekun variantında Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu göstərildi. Ümumilikdə isə biz bu problemin həlli yolunu müzakirə etməli, tapmalıyıq. Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu danılmazdır.
-Münaqişə bölgəsinə səfər planınız varmı?
- Dağlıq Qarabağa səfər edəcəyimi dəqiq bilmirəm, amma bu il Azərbaycana gələcəyəm.

Bu xəbər oxundu
- - -