Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycançılıq kimi başa düşülən milli ideya cəmiyyətdəki ahəngdarlığa və konsensusa xidmət edir”

27.01.17, 8:05
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Nigar Ələkbərova: “Sosial tərəqqi və ölkənin inkişafının stimullaşdırıcı faktoruna çevrilir”

Əvvəli ötən sayımızda

“Milli ideyanın formalaşması prosesinin beşinci mərhələsi müsahibədə Azərbaycan xalqının siyasi oyanışı, onun siyasi proseslərdə fəal iştirakı dövrü kimi səciyyələndirilir. Hesab olunur ki, bu mərhələ 1987-ci ilin axırları - 1988-ci ilin əvvəlində başlanmış, 1990-cı ilin yanvarından sonra keyfiyyətcə yeni hərəkata - milli azadlıq hərəkatına çevrilmiş xalq hərəkatı ilə bağlıdır. Milli ideyanın formalaşmasının altıncı mərhələsi (1990-cı ilin yanvarından 1993-cü ilin iyununa qədər) milli şüurun inkişaf edərək Azərbaycan milləti tərəfindən müstəqil dövlətini yaratmaq zərurətinin dərk edilməsi dövrü kimi qiymətləndirilir. O zaman, yəni SSRİ-nin dağılması ərəfəsində yaranan böhran bu prosesin başa çatması və müstəqil dövlətin yaranmasının ilk illərində də davam etdi”. Bu fikirləri fəlsəfə elmləri doktoru, professor Nigar Ələkbərova səsləndirib. O əlavə edib ki, həmin illər yeni, effektiv sosial-siyasi sistemlərin formalaşmasının labüdlüyü get-gedə daha ciddi dərk edilirdi: “Milli ruhun dirçəlişinin məntiqi nəticəsi kimi müvafiq milli ideyanın axtarışını, lakin səhvən yalnız etnik faktorla əlaqələndirilməsini qeyd etməliyik. Akademik Ramiz Mehdiyev haqlı olaraq həmin dövrü belə xarakterizə edir: "Bu dövrün xüsusiyyəti ondan ibarət idi ki, kollektiv özünüidentifikasiya formalarından biri, məhz müstəsna türkçülüklə eyniləşdirilən sosiomədəni özünüidentifikasiya dövlət siyasətinin əsası olub. Titul millətin özünüidentifikasiya prosesində prioritet kimi müəyyən edilmiş türk bazis komponenti milli ideyanın yeganə forması kimi təklif edilmişdi və istər daxili, istərsə də xarici siyasi fəaliyyətdə bütün sonrakı addımlar yalnız bu amildən irəli gəlirdi...”. Nəhayət, faktlara əsaslanaraq tamamilə düzgün göstərilir ki, milli ideyanın formalaşması tarixinin 1993-cü ilin yayından başlanan və 2003-cü ildə həmin ideyanın gerçəkləşməsi ilə başa çatan sonuncu, yeddinci mərhələsi ictimai-siyasi sabitliyin bərqərar olması, ölkənin gələcək sıçrayışının və siyasi tərəqqinin əsaslarının yaradılması ilə seçilir. Bu illər milli ideya özünün inkişafında zirvə nöqtəsinə çatıb. Bununla əlaqədar, akademik qeyd edir ki, ulu öndər Heydər Əliyevin siyasəti nəticəsində "millət" anlayışının strukturuna özünüidentifikasiyanın bir çox komponentləri, o cümlədən etnik, dini, sosiomədəni, siyasi formaları daxil edilmişdir. Bu dövrdən başlayaraq azərbaycançılıq ideyası Azərbaycanda yaşayan və onu özlərinin ümumi Vətəni hesab edən bütün etnik qrupların ideyası kimi çıxış edib. Hörmətli akademik milli ideyanın yaranması, inkişafı və transformasiyası prosesini düzgün metodoloji yanaşmaya əsaslanaraq ardıcıllıqda izlədikdən və təfərrüatıyla təhlil etdikdən sonra xüsusi vurğulayır ki, 2003-cü ilin axırlarından başlayaraq milli ideya müstəqil dövlətin inkişafının və dünya ilə münasibətlər qurulmasının keyfiyyətcə yeni aspektləri ilə zənginləşir. Beləliklə, milli ideyanın formalaşması və transformasiyası və indiki spesifikası barədə kifayət qədər elmi baxımdan əsaslandırılmış məlumat alan oxucuya tam aydın olur ki, azərbaycanlıların milli ideyası Azərbaycanın dünya birliyində yeri, onun tarixi, mədəniyyəti, milli mentallığı və milli xarakteri haqda təsəvvürlər sistemini əks etdirir”. O deyib ki, azərbaycançılıq kimi başa düşülən milli ideya cəmiyyətdəki ahəngdarlığa və konsensusa xidmət edir, sosial tərəqqi və ölkənin inkişafının stimullaşdırıcı faktoruna çevrilir: “İctimai şüura aktiv təsir edərək, azərbaycançılıq ideyası sosial subyektlərin davranışının əsas dəyər və siyasi motivasiyalarından biri olur və bütün milləti birləşdirərək onu xaotik defraqmentasiyadan xilas edir. Azərbaycançılıq Azərbaycan millətinin şüurunun tarixi inkişafı nəticəsində formalaşıb, millətlə yanaşı və ona uyğun olaraq çoxmərhələli yol keçib. Həmin ideya inteqrativ ideyadır, özündə sosial ədalət, səmərəlilik və vətəndaş azadlıqlarını birləşdirir. Sonuncular isə cəm halında bu ideyanın demokratik və modernist mahiyyətini şərtləndirirlər. Çox önəmlidir ki, ümummilli ideya kimi azərbaycançılıq həm ölkə daxilində, həm də onun hüdudlarından kənardakı milyonlarla azərbaycanlını birləşdirmək qüdrətinə malikdir. Müsahibədə digər son dərəcə aktual, həm böyük praktiki, həm də elmi əhəmiyyət kəsb edən məsələlərə də tam aydınlıq gətirilir. Belə ki, milli ideyada azərbaycanlıların etnogenezinin rolu, bu gün millətin daha çox siyasi, yoxsa etnik məzmuna malik olması, millət anlayışına yeni yanaşma, ermənlərin süni dövlətçiliyini tarixi Azərbaycan ərazilərində qurması, onların tarix boyu yer dəyişməsi, Cənubi Qafqaza necə və haçan gəlməsi məsələləri dolğun açıqlanır. Zənnimizcə, cavablanan sualların ikisi xüsusi önəm daşıyır. Bir sual "azərbaycançılıq konsepsiyasının təşəkkülündə şəxsiyyətin rolunu necə səciyyələndirirsiniz" sualıdır. Akademik tarixə istinad edərək və inandırıcı faktlara əsaslanaraq göstərir ki, cəmiyyətin ictimai-siyasi proseslərini və millətin inkişafını müəyyən edən, onları istiqamətləndirən başlıca amillərdən biri şəxsiyyət fenomenidir. Millətlərin dünəni və bugünü görkəmli şəxsiyyətlərin adı ilə bağlıdır. Azərbaycan xalqının milli ideyasının təkamülü prosesində ideoloji konsepsiyanın son versiyasının formalaşmasına öz töhfəsini verən parlaq şəxsiyyətlər olmuşdur. Bizim tariximizdə fəaliyyətləri ilə dərin izlər qoymuş, xalqımızın taleyini dəyişmiş şəxsiyyətlər sırasında Heydər Əliyev şəxsiyyətinin müstəsna əhəmiyyəti elmi dəlillərlə bir daha sübuta yetirilir. Digər sual "müasir mərhələdə milli ideyanın inkişafı üçün hansı şərtlər əsasdır" sualıdır. Öz cavabında akademik demokratiya məsələsini önə çəkir ki, bu heç də təsadüfi deyil. Çünki XXI əsrdə iqtisadi tərəqqiyə, azad və layiqli həyata, millətin müstəqilliyinin güclənməsinə aparan yol demokratik prinsip və normaların sosial və siyasi praktikaya tətbiqindən keçir. Cəmiyyətin demokratikləşməsi millətin intellektual potensialının həyata keçməsinə real imkanlar yaradır, qarşıdan gələn yeni sivilizasiyaya yaxınlaşmaq üçün meydan açır. Eyni zamanda hörmətli alim demokratiya ilə milli ideyanın qarşılıqlı əlaqəsinin labüdlüyünü vurğulayır. Bununla yanaşı, sosiumun sosial quruluşunun vacib elementi, demokratiyanın tərkib hissəsi sayılan vətəndaş cəmiyyəti məsələsinə də toxunur. Nəhayət, xüsusi olaraq qeyd edir: "Müasir milli ideyanı zənginləşdirən odur ki, vətəndaş özünü dövlətin bir hissəsi hiss edir, özündə dəyişikliklər üçün qüvvə görür, güclü dövlətin və güclü, iradəli liderin varlığına ehtiyac duyur. Prezident İlham Əliyev elə siyasət həyata keçirir ki, orada milli ideya özündə həm siyasi məkanın demokratikləşməsini, mütərəqqi və hərtərəfli iqtisadi inkişafı, dünya birliyinə inteqrasiyanı, həm də milli ruhu və özünəməxsusluğu qoruyub saxlamağı ehtiva edir. Müstəqil milli dövlətçiliyin və identikliyin qorunub saxlanmasını və eyni zamanda, dünya birliyinə inteqrasiya strategiyasını nəzərdə tutan milli ideyanın Prezident İlham Əliyev tərəfindən fəlsəfi və politoloji baxımdan dərk edilməsi onun bütün əməli fəaliyyətində öz əksini tapır". Yuxarıda deyilənləri yekunlaşdıraraq belə nəticəyə gəlirik: Azərbaycanın müasir milli ideyası olan və vətən siyasi diskursunda nisbətən yaxın vaxtlardan işlədilən azərbaycançılıq anlayışı yarandığından sonra təxminən iki əsrlik formalaşma müddətində inkişaf etmiş və transformasiya olunmuş bir ideyanın məntiqi davamıdır. Əvvəlcə dini, sonra etnik başlanğıca müncər edilən milli ideya müasir dövrdə yeni çalarlar və komponentlərlə zənginləşib. Heydər Əliyevin adı ilə bağlı olan bu canlı və anlaşıqlı ideya bütün xalqı, milləti birləşdirən, müstəqil Azərbaycanın möhkəmlənməsinə, onun uğurlu gələcəyinə yönələn unikal tarixi sərvət və istiqamətverici qüvvə kimi azərbaycançılıq ideologiyasının özülünü təşkil edir...”.

Bu xəbər oxundu
- - -