Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ermənistanın Azərbaycan əleyhinə yeni hərbi siyasəti

31.01.17, 8:44
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Ermənistan prezidenti Serj Sarkisyan hazırda Azərbaycanın getdikcə artan hərbi gücündən narahatdır və ölkəsinin bu çətin drumuna görə Rusiya və İranla hərbi əməkdaşlığı genişləndirmək siyasətini aparır. Ona görə də Ermənistanın müdafiə naziri Vigen Sarkisyanı son bir həftə içində Rusiyaya, ardınca İrana səfərə göndərməsi, bu ölkələrlə Azərbaycan əleyhinə yönəlmiş hərbi əlaqlərin qrulmasından xəbər verir”.
Politoloq Məhəmməd Əsədullazadə belə düşünür.
Onun qənaətinə görə, erməni nazirin Moskvada Rusiya Müdafiə nazirinin birinci muavini Ruslan Tsalikovla görüşündə iki ölkə arasında hərbi əlaqlərin inkişaf perspektivləri, həmçinin Rusiyanın Ermənistana hərbi yardımları müzakirə olunub. Bu görüşdə Rusiya MN birinci muavinin Rusiyanın Cənubi Qafqazda Ermənistanı yeganə müttəfiq adlandırması, bu ölkənin ordusunun inkişafına verdiyi töhfəni dilə gətirməsi, Rusiyanın Ermənistana bir daha dəstəyinin nümunəsidir: “Qarabağ danışıqlarının hazırda aparılmadığına və cəbhədə hər gün gərginləşən vəziyyət fonunda erməni nazirin Azərbaycanın iki qonşu dövlətinə səfəri diqqət çəkicidir və bunu Azərbaycan əleyhinə yönəlmiş səfər hesab edirəm. Çünki bu səfər və danışıqlar Azərbaycanla normal qonşuluq siyasəti quran Rusiya, xüsusilə İranla aparılması narahatedicidir. İran görünür ötən ilin aprelində Azərbaycanın hərbi uğurundan narahatdır və Ermənistana dəstək verməklə status-kvonun Azərbaycanın xeyrinə dəyişməsini özünün geosiyasi maraqlarına zidd hesab edir. Ermənistan tərəfi Azərbaycanın artan hərbi gücündən çəkinməkdədir və bu səfərlərlə iki ölkənin Ermənistanın yanında olduğu görüntüsünü yaratmasıdır. Qeyd edim ki, Vigen Sarkisyanın İrana səfəri, birbaşa Rusiyanın icazəsi ilə baş tutub. Çünki, Rusiyanın icazəsi olmadan Ermənistanın heç bir ölkə ilə hərbi əməkdaşlığı mümkün deyil. Rusiyanın Ermənistanı silahlandırması və burada öz qoşununu yerləşdirməsi aydındır. Amma İranın işğalçı ölkənin müdafiə nazirini qəbul etməsi sual doğurmaya bilməz. Çünki İran Ermənistanla iqtisadi-siyasi əlaqlərə malikdir, bu əlaqələri hərbi müstəviyə keçirməklə Azərbaycana təzyiq formalaşdırmaq istəyindən irəli gəlir”.
Politoloqun fikrincə, belə bir qənaət formalaşır ki, İran işğalçı ölkə ilə hərbi əməkdaşlıqda maraqlıdır və bu əməkdaşlıq birbaşa Azərbaycanın ərazilərinin işğalda qalmasına zəmin yaradır: “İran bununla, Azərbaycana təzyiq mexanizmini fikirləşirsə, həmin siyasət İran əleyhinə atılmış addım ola bilər. Haqlı olaraq, sual yaranır ki, İran Ermənistanın hansı hərbi potensialına görə əməkdaşlıqda maraqlıdır? Halbuki, Ermənistanın bütün hərbi sənaye kompleksi Rusiyanın ixtiyarındadır. Və Rusiya Ermənistanla birgə ordu yaratmaqdadır. Həmçinin Ermənistanın, o qədər vəsaiti yoxdur ki, digər ölkələrdən silah alsın. Belə olan təqdirdə, İranın silah ticarəti adı ilə Ermənistanla əməkdaşlığı yalnız işğalçıya dəstəkdən irəli gəlir. Qeyd edim ki, erməni nazirin Tehran səfərində İranla birgə hərbi təyinatlı müəssisələrin açılmasında və düşmən ölkəyə müəyyən silahların verilməsində hər hansı müqavilə bağlaması danışıqlar predmeti olması istisna deyil. İran belə bir addım atarsa, Azərbaycanla qonşuluq siyasətinə zərər gətirə bilər.
Ölkələrimiz hazırda birgə iqtisadi lahiyələr həyata keçirir. “Şimal-Cənub” nəqliyyat dəhlizi vasitəsilə ölkələr arasında əlaqələrin inkişafı nəzərdə tutulur. Hesab edirəm, İran tərəfi Azərbaycanla hərbi əməkdaşlıqda maraqlıdırsa, işğalçı Ermənistanın müdafiə nazirinin səfər proqramını minimuma endirməlidir”.

“Ermənilərdə özlərinə və öz dövlətlərinə əminlik yoxdur”

“Prezident İlham Əliyevin 1994-cü ildə erməni işğalından, 2016-ci ilin aprelində isə Lələ Təpənin geri qaytarılması ilə onlardan gələ biləcək təhlükədən azad edilən Cocuq Mərcanlı kəndində yeni evlərin və məktəbin tikilməsi ilə bağlı verdiyi sərancam aydındır ki, Azərbaycan dövlətinin qətiyyətini, özünə əminliyini və prosesin başladıldığını göstərir. Onun adı qayıdış prosesidir”. Bunu millət vəkili Sahib Alıyev deyib.
Deputatın sözlərinə görə, burada daha bir maraqlı mənzərə üzə çıxır: “Baxın, ermənilər aprel döyüşlərindən sonra tərk edib getdikləri evlərinə dönmək istəmirdilər. Baxmayaraq ki, nə həmin evlərə elə böyük xətər dəymişdi, nə oranı qoyub qaçmalarından uzun bir vaxt keçmişdi, üstəlik təkcə rəhbərlikləri deyil, havadarları da onları buna sövq edərək, "gedin evlərinizdə yaşayın sizin üçün təhlükə olmayacaq" deyirdilər.
Cocuq Mərcanlıda isə hələlik 50 evin tikilməsinə start verildiyi halda 190 ailə ora dönmək niyyətində olduğunu bildirir. Bu fərqli davranış bir daha onu göstərir ki, ermənilərdə özlərinə və öz dövlətlərinə azərbaycanlılarda olduğu qədər əminlik yoxdur, apreldə baş verənlərin hər an təkrarlana biləcəyini düşünürlər (düz də düşünürlər). Onlar indi yaşadıqları yerlərə bizim kimi bağlı deyillər. Çünki bu torpaqlar ermənilərin olmayıb. Onlar bura gəlmədilər və təhtəlşüur səviyyəsində də bunu hiss edirlər”.
Yeri gəlmişkən, Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə əlaqədar hazırlıq işləri intensiv şəkildə həyata keçirilir.
Bunu Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov deyib.
Kamal Həsənov qeyd edib ki, kənddə köhnə əmlakların müəyyənləşdirilməsi və qiymətləndirilməsi, ərazilərin minalardan təmizlənməsi işləri həyata keçirilir. Kamal Həsənov bildirib ki, Cocuq Mərcanlı kəndində yaşamaq istəyən ailələrin sayı artmaqdadır.
Qeyd edək ki, yanvarın 24-də Azərbaycan Prezidenti işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycanın 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb.

Ermənistanda parlament seçkiləri və onun Dağlıq Qarabağ münaqişəsinə təsiri

2017-ci il aprelin 2-də Ermənistanda parlament sekçiləri keçiriləcək. 2015-ci ilin dekabrındakı Konstitusiya dəyişikliklərindən sonra Ermənistan yarımprezident üsul-idarəsindən parlamentli siyasi sistemə keçib. Dəyişikliklərə əsasən prezidentin səlahiyyətləri azaldılıb, baş nazir və parlamentin səlahiyyətləri isə əksinə, artırılıb. Ermənistan seçiciləri ilk dəfə olaraq deputatları yeni siyasi sistemlə seçəcək.
“Modern Diplomacy” yazır ki, parlament seçkisi Ermənistan prezidenti Serj Sarkisyanın ikinci səlahiyyət müddətinin bitiminə 1 il qalmış baş tutacaq. Bununla da Ermənistanda yeni siyasi sistemə keçid başa çatacaq. Bundan başqa, ölkənin yeni prezidentini də apreldə seçiləcək yeni parlament müəyyənləşdirəcək. Bundan sonra Ermənistan prezidenti sadəcə formal səlahiyyətlərə malik olacaq.
İndi İrəvan seçkiöncəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesini dondurmağa çalışır. Bu isə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və beynəlxalq hüquqa zidd olaraq, status-kvonun qorunub saxlanmasına yönəlib.
Amma Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 2016-cı ilin aprelində baş vermiş toqquşmaların nəticələri status-kvonun dəyişdiyini göstərir. O zaman Azərbaycan Silahlı Qüvvələri Ermənistan tərəfinin təxribatlarına uğurlu əks-həmlə ilə cavab verib və 1994-cü ildə imzalanmış atəşkəs müqaviləsindən sonra ilk dəfə olaraq işğal altındakı ərazilərdə yerləşən bir neçə strateji yüksəkliyi geri qaytarıb.
Sonradan “4 günlük müharibə” adlandırılan həmin toqquşmaları beynəlxalq vasitəçiliklə dayandırmaq mümkün olub. Bununla yanaşı, aprel toqquşmaları genişmiqyaslı müharibənin qarşısının alınması üçün münaqişənin tam həlli üçün səy göstərilməsinin vacibliyini də ortaya qoyub.
Azərbaycan və Ermənistan prezidentlərinin Vyana və Moskva görüşlərindən sonra təmas xəttində atəşkəs rejimi əsasən qorunub saxlanır. Lakin bu dövrdə Ermənistan ənənəvi təxribatçı siyasətindən istifadə etməyə, yəni qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa cəhd göstərib. Halbuki, belə cəhdlər danışıqlar prosesinin ruhuna ziddir.
Beynəlxalq təşkilatlar və dövlətlər Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır, Ermənistan hərbi birləşmələrinin Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılmalı olduğunu qəbul edir. Bu məsələlər beynəlxalq təşkilatların sənədlərində də əksini tapıb və hüquqi müstəvidə təsdiqlənib. Buna ilk öncə BMT Təhlükəsizlik Şurasının qətnamələri daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların qərarlarını misal göstərmək olar.
Bundan başqa, 2015-ci il iyunun 16-da Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası “Çıraqovlar və başqaları Ermənistana qarşı” işi haqda qərar çıxarıb. Qərarda şikayətçilərin hüquqlarının Azərbaycan Respublikasının suveren ərazisində pozulduğu təsdiqlənir və göstərilir ki, onların hüquqları Azərbaycan ərazisini işağl etmiş Ermənistan Respublikası tərəfindən pozulub. O zaman Avropa məhkəməsinin şikayətçilərin hüquqlarının pozulduğunu təsdiqləməsi üçün ilk öncə Ermənistanın işğal altındakı ərazilərə effektli nəzarəti sübut olunmalı idi. Məhkənin hökmü göstərir ki, Ermənistan təkcə Laçın rayonunda deyil, həm də Dağlıq Qarabağ və ona bitişik 7 rayonunda effektli nəzarətə malikdir. Qərara əsasən, Ermənistan Respublikası azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirib və indiki vəziyyətə görə Ermənistan Respublikası məsuliyyət daşıyır.
Hələ 1907-ci ildə Haaqa Konvesiyasında quruda həyata keçirilən müharibə qaydaları və qanunlarına hörmət edilməsinə qərar verilib. 1949-cu ildə isə Cenevrə Konvensiyasında müharibə vaxtı mülki vətəndaşların hüquqlarının qorunması məsələsi əks olunub. Bütün bunlara əsasən demək olar ki, məhkəmə effektli nəzarət dedikdə işğal faktına işarə edir. Beləliklə, Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi Avropa İnsan Haqları Məhkəməsi tərəfindən də təsdiq olunub. Bu qərar hüquqi gücə malikdir və məhkəmənin hökmünü heç bir dövlət, yaxud təşkilat rədd edə bilməz.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu yaxınlarda qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ və işğal altındakı digər ərazilərdən tam və qeyd-şərtsiz çıxarılması məsələsi beynəlxalq təşkilatların tələbidir və bu, Ermənistan tərəfindən kompromis kimi təqdim edilə bilməz. Nazir bundan siyasi məsələlərin həllində əlavə üstünlük kimi istifadə edilməsinin də yolverilməz olduğunu söyləyib.

Bu xəbər oxundu
- - -