Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Sarkisyan İranda Qarabağı müzakirə edib

01.02.17, 8:38
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Elçin Xalidbəyli: “Sarkisyanın İrana səfəri rəsmi İrəvanın növbəti manevridir”

Məhəmməd Əsədullazadə: “Bu ölkə sözdə Ermənistanı işğalçı ölkə kimi tanıyır”

Arzu Nağıyev: “İran məhz Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə çalışmalıdır”

Ötən ilin dekabrın 21-də İran prezidenti Həsən Ruhaninin Ermənistana səfəri, erməni həmkarı Serj Sarkisyanla görüşünün ardınca, bu günlərdə Ermənistanın müdafiə naziri Vigen Sarkisyanın İrana səfəri, iranlı həmkarı Hüseyn Dehqanla təkbətək görüşməsi, regionda gərginlik və böhranların aradan qaldırılmasında, Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsinin nizamlanmasında İranın rolunu alqışlaması Azərbaycan politoloqları tərəfindən birmənalı qarşılanmayıb. Hər iki görüş İran-Ermənistan münasibətinin yaxşılaşması, dostluq tellərinin möhkəmlənməsindən xəbər verir. Bəs bu münasibət Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir göstər bilər? “Xalq Cəbhəsi” bu sualla bir neçə politoloqa müraciət edib.
Elçin Xalidbəyli: - “Ermənistanın müdafiə naziri Vigen Sarkisyanın İrana səfəri rəsmi İrəvanın növbəti manevridir. Belə ki, Ermənistan müttəfiqləri çox olan dövlətlərdən deyil. Erməni diasporunun lobbiçilik fəaliyyəti nəzərə alınmazsa, Ermənistanın ən yaxın əməkdaşlıq münasibətlərində olduğu dövlətlərin sırasında İran və Rusiya ön planda durur. Yəni Ermənistan hər dəfə dara düşdükdə, bu düşmən ölkənin vəziyyəti ağırlaşdıqda, rəsmi İrəvana yalnız bu iki dövlət yardım edə bilər. Son vaxtlar isə Ermənistanın vəziyyəti ürəkaçan deyil. Xüsusilə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı proseslər Ermənistanın xeyrinə cərəyan etmir. Belə situasiyalarda Ermənistanın rəsmi dairələri adətən, ya Rusiyaya, ya da İrana üz tuturlar. Bu dəfə də rəsmi İrəvan təxminən oxşar davranışdan özünü saxlaya bilməyib. Məhz erməni müdafiə nazirin Tehrana səfər etməsi müəyyən mənada Azərbaycana mesaj xarakteri daşıyır. Böyük ehtimalla rəsmi İrəvan regionun önəmli dövlətlərindən olan İranla hərbi təmasları qabartmaqla, bölgədə dəstəyə malik olduğunu sezdirməyə çalışır. Burada rəsmi İrəvanın Rusiyaya o qədər də güvənməməsinin də təsiri olmamış deyil. Yəni rəsmi İrəvan Kremlə eyham vurur ki, Rusiya Ermənistanı Azərbaycanın qarşısında dəstəksiz buraxarsa, İranla əməkdaşlığı genişləndirmək məcburiyyətində qala bilər. Bu isə İranın Cənubi Qafqaz regionunda dayaqlanmaq üçün özünə istinad məkanı tapmasına yol aça bilər. Təbii ki, bu əməkdaşlıq İrana da sərf edir. Çünki İran həm regiona "qapı açmaq", həm də vaxtaşırı Azərbaycana təzyiq göstərmək üçün "Ermənistan kartı"ndan yararlanmağa çalışır. Ancaq İran prezidentinin Ermənistana son səfərinin nəticələrini və rəsmi Bakının reaksiyasını nəzərə aldıqda, İranın bu davranışlarının Azərbaycana artıq umulan təsiri göstərmədiyini qabarıq şəkildə ortaya çıxartdı. Yəni rəsmi Bakı Ermənistan üzərindən qurulan oyunlara əhəmiyyət vermədiyini və bundan narahat olmadığını qətiyyən gizlətmir. Belə anlaşılır ki, erməni faktoru Azərbaycan üçün öz əhəmiyyətini artıq böyük ölçüdə itirib. Eyni zamanda Rusiyanın da Ermənistanın alternativ axtarışı ilə bağlı mesajına ciddi yanaşacağı inandırıcı görünmür. Bu baxımdan, Ermənistanın müdafiə naziri Vigen Sarkisyanın İrana səfərinin həm Azərbaycan, həm də ümumiyyətlə, Cənubi Qafqaz regionunda cərəyan edən geopolitik proseslər üçün hansısa önəm daşıdığını düşünmək çox çətindir”.
Məhəmməd Əsədullazadə: - “İran prezidentinin ötən il Ermənistana səfər etməklə, Azərbaycanın aprel döyüşlərində qazandığı qələbədən narahatlığı və Ermənistanın yanında olmasına bir mesaj kimi qiymətləndirirəm. Fikir versək, yeni ilin ilk ayında Ermənistan müdafiə naziri İrana səfər etdi. Təbii ki, bu səfərin detalları Ruhaninin İrəvan səfəri ərəfəsində razılaşdırılıb. İran sözdə Ermənistanı işğalçı ölkə kimi tanıyır, amma işğalçı bir ölkənin müdafiə nazirini qəbul edir, onunla hərbi əməkdaşlıq məsələlərin müzakirəsini aparır. İran müsəlman birliyindən danışır, amma Azərbaycanın işğal olunmuş ərazilərində müsəlman abidələrini dağıdan bir orduya silah verilməsini nəzərdə tutur. Rəsmi Tehranın bu siyasəti, Cənubi Qafqazda münaqişələrin qızışdırılmasına və status-kvonun saxlanmasına hesablanıb. Ümumiyyətlə, İran Qarabağ münaqişəsinin həllində səmimi deyil. Ermənistana bu günə kimi, iqtisadi-siyasi dəstəyin əsirgəməyib. Bundan sonra da hərbi dəstək verməsi, artıq ölkəmizi narahat etməlidir. İrandan konkret izahat tələb etməliyik. Qonşu olan bir ölkənin işğalçı bir dövlətlə hərbi əməkdaşlığı milli təhlükəsizliyimiz üçün qəbul edilməzdir. Azərbaycan zamanla da Rusiyadan bu kimi məsələlərlə bağlı izahat tələb edib. İranın Ermənistan siyasəti, Azərbaycanın Cənubunda yaşayan İran vətəndaşı olan soydaşlarımızın təpkisinə səbəb olmalıdır. Bu gün İran parlamentində Türk ( Azərbaycan) fraksiyası var. Onlar niyə bunu səssizliklə qarşılayır? Qeyd edim ki, müdafiə nazirləri Qarabağ münaqişəsinin nizamlanmasını digər ölkəyə səfər etməklə müzakirə etmirlər. Onlar konkret hərbi əməkdaşlıq üçün səfərlər edirlər. Bu üzdən erməni nazirin səfəri Azərbaycanın əleyhinə yönəlmiş bir səfərdi. Bu İran -Azərbaycan qonşuluq siyasətinin ruhuna ziddir. Sabah Ermənistanla yenidən müharibə başlayarsa, İranın verdiyi silahlar bizə tuşlanacaq. İran Cənubi Qafqazda öz mövqeyini gücləndirmək istəyir. Bunun qarşısın alan güclənən Azərbaycandır. Rəsmi Tehran bu kimi syasətlə Azərbaycana təzyiq etmək fikridədi. Düşünürəm, İran hakimiyyəti bir müddətdən sonra, öz səhvini başa düşəcək. Azərbaycan əleyhinə və işğalçı bir ölkə ilə müdafiə və hərbi sahədə əməkdaşlığa son verəcək. Hazırda İran əleyhinə yenidən ABŞ siyasəti formlaşır. İran üçün çətin günlər başlamaqdadır. Daima Azərbaycan İran əleyhinə bütün sanksiyalara qarşı olub. Qonşuluq və ikitərəfli əməkdaşlığa üstünlük verib”.
Arzu Nağıyev: - “Ermənistan müdafiə nazirinin İrana səfəri çərçivəsində təbii ki, əsas məsələlərdən biri İranın müdafiə sənayesi ilə qarşılıqlı münasibətin yaranması idi. Bundan başqa bu gün həm İran, həm də Ermənistan Rusiya ilə bir çox layihələrdə eyni kontekstən çıxış edirlər. Dağlıq Qarabağ münaqişəsinin həlli də danəşıqlarda prioritet istiqamətlərdən biri oldu. Çünki Dağlıq Qarabağın işğal edilən ərazilərində 150 km-ə qədər nəzarətsiz “Boz zona”ları mövcuddur və erməni işğalçıları bundan həm qaçaqmalçılıq, həm də narkotrafik kimi istifadə edir: "Bu gün İran məhz Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə çalışmalıdır və belə də edir, çünki regionda hərbi əməliyyatların başlanması İran üçün də müsbət sonluqla bitməyə bilər. Azərbaycan–Türkiyə münasibətlərinin yüksək səviyyədə olması, Türkiyənin NATO üzvü olması İranı ehtiyatla davranmağa vadar edir. Belə bir şəraitdə Xəzər dənizi də mühüm bir strateji obyektdir. Bir sözlə İran Erməistanla həmrəy olduğunu göstərməyə çalışsa da, ikitərfli əlaqələrin inkişafı üçün Rusiya faktorunu da nəzərə alaraq mühüm addımlar atmalıdır. Bundan başqa Azərbaycanın İsrail ilə yaxılığı da mühüm amillərdən biridir. İran başa düşür ki, Trampın ABŞ prezidenti kimi İrana qarşı siyasəti dəyişməz qalacaqdır, eyni zamanda ABŞ Israil vasitəsilə regionda həm İrana qarşı, həm də digər konfliktlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm addımlar ata bilər”.

Bu xəbər oxundu
- - -