Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Avropa, Minsk qrupu işğalçı Ermənistanın yanındadır

03.02.17, 6:56
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Dennis Sammut: “Münaqişə Ermənistan və Azərbaycan rəhbərliyinin siyasi iradəsinin köməyi ilə həll olunmalıdır”

Çağatay Balcı: “Azərbaycan heç şübhəsiz Ermənistan ordusunu bir neçə saat içində darmadağın edər”

Əksər ekspertlər Türkiyə-Rusiya münasibətlərinin yaxınlaşmasının Dağlıq Qarabağ münaqişəsinin həllinə böyük təsiri göstərəcəyini proqnozlaşdırıblar. Hətta bu il Qarabağ probleminin həll oluna biləcəyini ehtimal edənlər da var. Digər tərəfdən isə Rusiyanın Ermənistanı silahlandırması, Minsk qrupu həmsədlərinin münaqişənin həllində mövqeysizliyi, Rusiya xarici işlər naziri Lavrovun Dağlıq Qarabaq münaqişəsinin Azərbaycanın daxili işi olmadığını vurğulaması, işğalçı Ermənistanın rəhbəri Sarkisyanın torpaqları heç bir halda geri qaytarmayacağı ilə bağlı bəyanatları və digər amillər münaqişənin heç də sülh yolu ilə həll olunmayacağı anlamını verir.
Bundan başqa çox təəssüf ki, yarandığı vaxtdan etibarən ATƏT-in Minsk qrupunun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi bildirilsə də, indiyə qədər bu qurumun fəaliyyəti sülh prosesində arzu olunan nəticəni verməyib. ATƏT çərçivəsində yaradılan Minsk qrupu və bu qrupa həmsədrlik edən ABŞ, Fransa və Rusiya kimi böyük dövlətlər münaqişənin dondurulmuş şəkildə qalmasında məsuliyyət daşımayıb və təcavüzkara qarşı heç bir təzyiq göstərmək niyyətində olmayıb. Bununla yanaşı, münaqişədə Ermənistanın Azərbaycana təcavüzündən birbaşa danışmadan, qəbul edilən sənədlərdə bu barədə heç nə demədən münaqişənin ədalətli həlli yolunda müsbət irəliləyişə nail olmaq çətindir.
Bu kimi məsələlərə aydınlıq gətirmək üçün “Xalq Cəbhəsi” bir neçə beynəlxalq təşkilat rəhbərlərinə müraciət edib.
Böyük Britaniyanın nüfuzlu LİNKS təşkilatının icraçı direktoru Dennis Sammutin sözəlrinə görəi, bir çox insanlar tez-tez deyirlər ki, münaqişənin dərin kökləri əsrlərin dərinliklərinə gedir: “Mən hesab edirəm ki, bu günün münaqişəsi keçmişdə mövcud olandan çox fərqlənir. Bu, siyasi qüvvələr arasında olan münaqişə və indi artıq Azərbaycan və Ermənistan əhalisini əhatə edib. Gələcək nəsillərin tarixin xəyali əsiri qalmaması vacibdir. Hər iki millətin, xüsusən münaqişə zonalarında yaşayan erməni və azərbaycanlıların gələcəkdə yaxşı həyat qurmalarını əsas götürərək münaqişənin həllinə yanaşılmalıdır. Çunki onlara daha çox ziyan dəyib”.
D.Sammuta sual verdik:”Bəs niyə beynəlxalq ictimaiyyət Ermənistanı məcbur etmir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirsin”. Cavabı belə oldu: “ İlk növbədə, sizin yadınızda qalmalıdır ki, BMT TŞ-nin çoxlu qətnaməsi var, həll olunmamış qalır və Qarabağla bağlı qətnamənin də bu qətnamələrin sırasında öz həllini tapmaması nadir hall deyil. Yalnız çox az sayda Təhlükəsizlik Şurasının qətnamələrinin həlli məcburidir. Qarabağa dair qətnamə 1990-cı illərin əvvəllərində qəbul edilib və bir sıra məsələlərlə bağlı həm Ermənistan, həm də Azərbaycana ünvanlanmışdı. Beynəlxalq ictimaiyyətin 25 ildə işi ondan ibarət idi ki, onlar münaqişə tərəfləri ilə problemi sülh yoluyla həll etsin, hansı ki, bu sülh hər iki tərəfi razı salsın”.
D.Sammut onu da qeyd edib ki, keçmişdə Ermənistan və Azərbaycan münaqişənin sülh yolu ilə nizamlanması üçün üzərlərinə müyyən öhdəliklər götürmüşlər. Əgər atəşkəs razılığına və danışıqlara əməl olunsa, münaqişəni həll etmək olar. Ancaq danışıqlar ciddi olsun, imitasiya xatirinə yox.
Ekspert ATƏT-in Minsk qrupunun fəaliyyətinə də toxunub. Bildirib ki, ATƏT-in Minsk qrupunun formatı ATƏT çərçivəsində yekdilliklə razılaşdırılıb. Bu formatı dəyişdirmək üçün gərək ATƏT-ə üzv olan bütün 57 ölkənin yekdil razılığı olsun, o cümlədən Azərbaycan və Ermənistanın da. Bəli, o dəyişdirilə bilər, hətta deyim ki, bunun səbəbləri var. Amma bunun üçün bütün tərəflərin razılığı lazımdır.
“Bəs Rusiya-Türkiyə münasibətləri Dağlıq Qarabağ probleminin həllinə təsir edə bilərmi?” sualımızı cavablandıran Sammut bildirib ki, Rusiya və Türkiyə arasında yaxşı münasibətlərin Avropa və hətta Qafqaz üçün müsbət məqamı var: “Hər iki ölkə Qafqazda sülhün bərqərar olması prosesinə böyük töhfə verə bilər. Hər iki ölkənin öz kiçik qonşularına hörmət etmək öhdəliyi var. Amma sonda aydınlaşdıraq, Ermənistanla Azərbaycan arasında münaqişəni, nə Birləşmiş Ştatlar, nə Avropa İttifaqı, nə də Rusiya və Türkiyə həll edə bilməz. Münaqişə Ermənistan və Azərbaycan rəhbərliyinin siyasi iradəsinin köməyi ilə həll olunmalıdır”.
Strateji Araşdırmalar Mərkəzinin (AFROSAM) eksperti Çağatay Balcı isə bizimlə söhbətində qeyd etdi ki, Türkiyə-Rusiya yaxınlaşmasının Qarabağ probleminin həllinə müsbət yansıyacağını söyləyə bilərik. Rusiyanın Ermənistana sonsuz dəstəyi bəlkə bir az Türkiyəni narahat edə bilər.
Ç.Balcı sülh danışıqları nəticəsiz qalarsa Azərbaycanın torpaqlarını azad etmək məqsədilə müharibə variantına əl atmaq məcburiyyətinə qala biləcəyini də istisna etməyib: “ Döyüş heç bir zaman arzu edilən bir vəziyyət ola bilməz. Savaş qan, dağıtma və göz yaşı deməkdir. Ola biləcək bir döyüş vəziyyətində Azərbaycan heç şübhəsiz Ermənistan ordusunu bir neçə saat içində darmadağın edər. Hətta yalnız Türkiyədən və Azərbaycandan könüllü gənclər belə cəbhəyə getsə yenə Ermənistanı yox edərlər, Azərbaycanın güclü ordusunun döyüşə girməyinə ehtiyac qalmaz. Türk ordusunda Ömər Halisdemirler, Azərbaycan ordusunda Mübariz İbrahimovlar olduqda bizi kimsə məğlub edə bilməz. Azərbaycan ordusunun buna gücü yetər. Həm də Türkiyə dövlətinin və xalqının dəstəyi də bu döyüş durmunda Azərbaycanla birlikdə olacaq. Yəni Ermənistanın, bir döyüş halında əzəldən bəri olduğu kimi Rusiyadan başqa sığınacağı yoxdur. Amma başda da dediyim kimi, Azərbaycanın hərbi baxımdan Ermənistana mütləq üstünlüyü olsa belə döyüş seçim edilməməlidir. Diplomatiya yolu hər zaman açıq tutulmalıdır. Döyüşlər problemləri həll etməz, yalnız zaman verər.
Türkiyə və Azərbaycan ortaq hərəkət edərək Rusiya ilə quracağı diplomatik əlaqələrlə bu işğalın diplomatik yoldan həll edilməsiylə məşğul olmalıdır. Diplomatik bütün yollar tükənərsə, o zaman döyüş haqda düşünülə bilər”.
Ç.Balcı onu da vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının və BMT-nin tərəfsizliyi artıq görünməkdədir: “Beynəlxalq cəmiyyətin problemləri baxımından BMT artıq heç bir məna ifadə edə bilmir. Bu vəziyyəti Suriya böhranında da gördük. Bu səbəbdən BMT-nin Qarabağ münaqişəsi ilə bağlı bundan sonra qəbul edəcəyi qərarlar çox bir əhəmiyyətə sahib olmayacaq. Çünki BMT-yə artıq heç bir dövlət etibar etməyir”.
Türkiyəli ekspert işğalçı Ermənistanın Rusiya tərəfindən dəstəkləndiyini də açqlayıb. Bildirib ki, Rusiya tarixdən bu yana hər zaman Ermənistanı dəstəkləyib: “Bunun yanında, realist - praqmatik ittifaqlar da var. Məsələn, İran. İran strateji səbəblərlə Azərbaycana qarşı Ermənistanın dəstəkləyir. Yəni Qarabağ, Azərbaycanı çətin vəziyyətdə buraxmaq istəyən hər dövlət üçün bir arqument mövqeyindədir”.
Ç.Balcı Ermənistanın işğalçılıq siyasətini, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında türklərin birlik nümayiş etdirməsinin vacibliyindən də danışıb. Bildirib ki, dünya Qarabağ məsələsini kifayət qədər bilmir: “Türkiyə türklərinin və Azərbaycan türklərinin bu mövzuda beynəlxalq sahədə daha çox iş görməsi, ictimai diplomatiya işi aparması lazımdır. Təbii, öz maraqlarına tərs düşdüyü üçün Ermənistanın işğalçı saymayan dövlətlər var. Məsələn, İran kimi”.
Ekspert onu da vurğulayıb ki, nəzarətsiz qalan Qarabağ bölgəsində PKK ilə yanaşı ASALA da təlimlər keçirir. Amma ABŞ bunu görsə də, orada antiterror əməliyyatları həyata keçirə bilməz: “Çünki o bölgənin geosiyasi stareji baxımdan Rusiyanın bölgəsi olduğunu bilir. Bəlkə, Türkiyə- Rusiya yaxınlaşması ilə Rusiya bu bölgələrə əməliyyat həyata keçirə bilər. Təbii burada ayrıca İranın rəftarı da əhəmiyyətlidir. Çünki İran da Türkiyəyə və Azərbaycana qarşı terror qrupları ilə təmas içərisindədir”.
Sonra türkiyəli ekspert bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllini əngəlləyən qüvvələrdən biri də Qərbdir: “Qərb ölkələrə hər məsələdə olduğu bu məsələdə də ikiüzlü davranır. Əslində Qarabağ məsələsi onların veclərinə deyil. Onlar yalnız Rusiyanın və Ermənistanın bölgədə daha çox güc sahibi olmasını maneə törətmək üçün Azərbaycanı dəstəkləyir kimi görünür. Yoxsa, nə Xocalı soyqırımı, nə də şəhidlərimiz veclərinə deyil. Bu səbəbdən Minsk qrupu tarixdən bəri olduğu kimi sülh mövzusunda funksiyasız qalmağa məhkumdur. Eyni zamanda təcavüzkar Ermənistana qarşı heç bir əməli tədbirin görülməməsi ATƏT-in nüfuzuna xələl gətirməklə bərabər, onun tərkibində yaradılan Minsk qrupuna olan ümidləri də heçə endirir. Ona görə də böyük dövlətlər müasir beynəlxalq münasibətlər üçün təhlükəli olan təcavüzkarın qarşısını almaq istəyirlərsə, qəti praktik addımlar atmalı və Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər”.

Bu xəbər oxundu
- - -