Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

IV İslam Həmrəyliyi Oyunlarına mahnı həsr olunacaq

08.02.17, 13:16
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Tünzalə Ağayeva: “Daha fərqli ideyam var”

Sevinirəm ki, Azərbaycanda keçiriləcək daha bir irimiqyaslı idman yarışının bir parçası oldum. İki il əvvəl paytaxtımızda təşkil olunan ilk Avropa Oyunlarının da ulduz səfiri idim. Hazırda Formula-1 Azərbaycan Qran-prisində də bu vəzifəni yerinə yetirirəm. Ümid edirəm ki, IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə də layiqli töhfə verə biləcəyəm. Bu sözləri fevralın 8-də IV İslam Həmrəyliyi Oyunlarının idmançı və ulduz səfirlərinin təqdimatından sonra təşkil olunan mətbuat konfransında əməkdar artist Tünzalə Ağayeva deyib.
T.Ağayeva bildirib: “Birinci Avropa Oyunlarına və Formula-1 yarışlarına mahnı həsr etmişəm. Ancaq IV İslam Həmrəyliyi Oyunları ilə bağlı daha fərqli ideyam var. Təbii ki, yaradıcı insan olduğum üçün bu yarışa da mahnı həsr olunacaq. Ancaq bu mahnıda mən tək olmayacağam. İstəyirəm ki, könüllər də həmin mahnıda yer alsınlar. Həmçinin idmançı səfirlərin də mahnının videoklipində olmasını çox arzulayıram”.

Birinci Avropa Oyunlarının mükafatçısı, karateçi İlahə Qasımova yarışa ciddi hazırlaşdığını diqqətə çatdıraraq deyib: “Birinci Avropa Oyunlarında ilk medalı qazanmaqla xalqımızı sevindirmişdim. İndi məsuliyyətim daha da artıb. Həm atlet, həm də idmançı səfir kimi öz üzərimdə çalışmalıyam. Qələbə qazanaraq azarkeşlərimi sevindirməli, həmçinin “Bakı-2017”nin təbliğində xüsusi rol oynamalıyam. Bu, mənim üçün olduqca qürurverici haldır”.

Güləş üzrə Avropa və dünya çempionu, “Rio-2016”nın mükafatçısı və “Bakı-2015”in qalibi Rəsul Çunayev yığma komandanın yarış üçün heyətinin açıqlanmadığını diqqətə çatdıraraq bildirib: “Biz bir müddət sonra təlim-məşq toplanışına cəlb olunacağıq. Sonra yekun heyət müəyyənləşəcək. “Bakı-2017”nin idmançı səfiri seçildiyim üçün çox sevinirəm. Ümid edirəm, yarışın iştirakçısı olub doğma azarkeşlər önündə üçrəngli bayrağımızı dalğalandıracağam”.

Yaxın günlərdə “Bakı-2017”də çıxış edəcək futbol komandalarının siyahısının açıqlanacağını bildirən milli komandamızın üzvü Ruslan Abışov vurğulayıb ki, yarış 23 yaşadək futbolçulardan ibarət yığmalar arasında təşkil olunacaq. Ancaq qaydalara görə, heyətdə əsas komandanın üç oyunçusu yer ala bilər. İstərdim ki, mən də həmin üç futbolçudan biri olum və stadiona gələn azarkeşləri sevindirim.

“Grassroots” proqramı barədə məlumat verən “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin marketinq şöbəsinin rəhbəri Tural Qəmbərov deyib: “IV İslam Həmrəyliyi Oyunlarının səfiri olaraq seçilmiş ulduzlar və idmançılar Oyunların təbliğində fəallıq göstərəcək, gerisayım tədbirlərində iştirak edəcək, müxtəlif sosial kampaniyaları dəstəkləyəcək və özlərinin sosial media kanallarından istifadə edərək bu mühüm idman yarışının təbliğinə dəstək göstərəcəklər”.

Qeyd edək ki, “Bakı-2017”nin ulduz səfirləri sırasında müğənni Tünzalə Ağayeva, aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimov, xeyriyyəçi və televiziya aparıcısı Hacı Nuran və “Muğam müsabiqəsi–2011”in qalibi Mirələm Mirələmov yer alıblar.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının idmançı səfirləri isə Rəsul Çunayev (yunan-Roma güləşi), Rüstəm Orucov (cüdo), Rafael Ağayev (karate), Hacı Əliyev (sərbəst güləş), İlham Zəkiyev (paracüdo), Radik İsayev (taekvando), Kamran Şahsuvarlı (boks), Fəridə Əzizova (taekvando), İlahə Qasımova (karate), Ruslan Abışov (futbol), Leyla Cavadova (boks), Elmar Qasımov (cüdo), Nazim Babayev (atletika) və Aynur Rzayevadır (boks).Ğ

Bu xəbər oxundu
- - -