Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi vasitəçilik missiyası yerinə yetirməyə mənəvi haqqı yoxdur”

13.02.17, 10:59
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Elçin Mirzəbəyli: “Birtərəfli qaydada sərgilənən mövqe konkret olaraq, separatizmə, işğala haqq qazandırması anlamına gəlir”


Asim Mollazadə: “Olland erməni diasporundan seçki kampaniyası üçün müəyyən vəsaitlər almaq üçün belə fikirlər səsləndirib”


Məhəmməd Əsədullazadə: “Artıq Minsk qrupunun fəaliyyəti sual altındadır”


Fransa prezidenti Fransua Olland martın 8-də Parisdə erməni həmkarı Serj Sərkisyanla görüşəcək. Ermənistan KİV-lərinin yaydığı xəbərə görə, bu barədə Olland Fransadakı erməni təşkilatlarının koordinasiyası üzrə Şuranın toplantısında çıxışı zamanı bildirib. Fransa lideri qeyd edib ki, bu il Fransa-Ermənistan əlaqələrinin qurulmasının 25-ci ildönümüdür və o, bu münasibətlə erməni həmkarını Fransaya səfərə dəvət edib. Səfər çərçivəsində tərəflərin ikitərəfli əlaqələri müzakirə edəcəyi bildirilir. Fransa prezidentinin sözlərinə görə, görüş zamanı Qarabağ məsələsinə də toxunulacaq: “Fransa bu məsələdə ABŞ və Rusiya kimi Minsk Qrupunun həmsədrlərindən biri olaraq, xüsusi məsuliyyət daşıyır. Biz tələsirik. Bu problemin həlli üçün tələsmək həqiqətən də var. Çünki ötən ilin dəhşətli aprel insidenti bizə xatırlatdı ki, Qarabağda hər gün və ya demək olar, hər gün insanlar ölür. Biz qarşıdurmanı önləmək üçün hərəkətə keçməliyik. Bu münaqişənin sülh yolu ilə həlli üçün yolların tapılması önəmlidir”.
Fransa lideri daha sonra sülh danışıqlarının perspektivinə də toxunub: “Döyüşlər bitdi, dialoq başlandı, atəşkəs haqda anlaşma əldə olundu. Ancaq biz atəşkəsin əldə edilməsi ilə qane ola bilmərik. Ona görə ki, bu, problemin həlli deyil. Biz konfliktin nizamlanmasına yönəlik real danışıqlara başlamalıyıq. Böyük bir səhv olardı düşünmək ki, situasiya sabitləşib. Biz münaqişənin "Madrid prinsipləri"də əksini tapmış nizamlama elementlərinə müraciət etməliyik. Biz həmçinin bilirik ki, həmin prinsiplər tətbiq olunarkən “Dağlıq Qarabağ xalqı”nın öz müqəddəratını təyinetmə hüququna əsaslanmalıdır. Bu istiqamətdə addımlar atılması üçün də Fransa Azərbaycan və Ermənistan prezidentlərinin yeni görüşünü təşkil edəcək".

Qeyd edək ki, Ollandın açıqlaması Azərbaycanda sərt reaksiya ilə qarşılanıb. Ekspertlər hesab edirlər ki, Minsk qrupunun həmsdəri olan bir dövlətin başçısınını bu cür açıqlama verməsi bu qurumun fəaliyyətinə də kölgə salır. Eyni zamanda, Fransanın qərəzli olduğu bir daha təsdiqini tapır.
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli diqqətə çatdırdı ki, Prezidentlik dövrü başa çatmaq üzrə olan Fransa dövlət başçısı Fransua Ollandın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı belə bir mövqe ortaya qoyacağı gözlənilən idi. Onun sözlərinə görə, Fransada güclü erməni diasporu fəaliyyət göstərir: “Bu diasporun nümayəndələri ilə fransız siyasətçilərinin bir çoxunun əlaqələri var. Erməni diasporu həmin siyasətçilərin seçki kampaniyasında aktiv şəkildə iştirak edirlər. Bu, bəzən fransız siyasətçilərinin dövlətlərinin maraqlarından çox şəxsi və ya korporativ maraqlarından çıxış etməyə sövq edir. Bunun arxasında da əksər Avropa ölkələrində olduğu kimi islamafobiya, ksenofobiya faktorları dayanır. Təəssüf ki, multikultural ənənələri təbliğ edən və bu dəyərlər üzərində iştirak edən Azərbaycana qarşı bir çox hallarda bu münasibət sərgilənir”. E.Mirzəbəylinin fikrincə, yaranan vəziyyət sübut edir ki, hazırda Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi vasitəçilik missiyası yerinə yetirməyə mənəvi haqqı yoxdur: “Birtərəfli qaydada sərgilənən mövqe konkret olaraq, separatizmə işğala haqq qazandırması anlamına gəlir ki, bu da nəinki Fransanın, bütövlükdə ATƏT-in Minsk qrupunun missiyasını şübhə altına alır. Yürüdülən bu siyasətin təbii ki, hansısa bu formada perspektivi yoxdur. Azərbaycanın son dövrlərdə atdığı addımlar, ölkənin silahlı qüvvələrinin gündən-günə güclənməsi və öz torpaqlarının işğaldan azad edilməsi istiqamətində ciddi potensial ortaya qoyması Ermənistanın təxribatlarına qarşı atılan addımlar, eyni zamanda bu gün düşmənin ölkənin öz daxilində mövcud cinayətkarlara qarşı etirazların ortaya çıxması mahiyyət etibarı ilə Ermənistanı himayə edən dairələrin də açıq şəkildə ölkəmizə qarşı hücuma keçmələrinə zəmin yaradır ki, bu prosesləri müəyyən qədər kompensasiya etsinlər. Bu baxımdan əslində Ollandın fikirlərindən hər hansı bir formada təəccüblənmədim. Qənaətimə görə, bundan sonrakı prosesdə Fransanın hər hansı bir formada vasitəçilik missiyasını icra etməsi inandırıcı görünmür”.
Millət vəkili Asim Mollazadə hesab edir ki, Fransa prezidenti Fransua Ollandın erməni diasporu ilə görüşündə Dağlıq Qarabağ münaqişəsinin həllində xalqların öz müqəddəratını təyinetmə prinsipinin əsas götürülməsi barədə fikir səsləndirməsi iflasa uğramış bir siyasətçinin ermənilərdən maddi maraq ummasından başqa bir şey deyil. Onun sözlərinə görə, Fransua Olland siyasətdə iflasa uğramış qeyri-səmimi bir siyasətçidir. Ollandın ermənilərə xoş gələn sözlərinin arxasında da yalnız maraq, seçkilərdə dəstək almaq durur, eyni zamanda onun iç üzünü dünyaya açır: "Fransua Olland siyasətdə tam iflasa uğramış bir şəxsdir. Bununla yanaşı Ollandın lider olduğu Sosialist Partiyası çox ağır bir vəziyyətdədir. Çünki Olland hakimiyyəti Fransanı parçalayıb, ölkədə vəziyyəti çox ağır duruma gətirib çıxarıb. Məhz ona görə Olland yeni prezident seçkiləri ərəfəsində Fransada güclü resurslara malik, zəngin erməni diasporu və təşkilatları ilə sıx əlaqəyə girib onlardan seçki kampaniyası üçün müəyyən vəsaitlər almaq üçün belə fikirlər səsləndirib".
A.Mollazadə qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olan ATƏT-in Minsk qrupunun həmsdərlərindən biri olan Fransa dövlətinin başçısının belə bir mövqeyi yalnız təəssüf doğurur: "Olland nə üçün iflasa uğradı və bir siyasətçi kimi gülünc vəziyyətə düşdü? Mənə belə gəlir ki, elə onun erməni diasporu qarşısında beynəlxalq hüquq normalarını pozmağa yönəlmiş çıxışı özlüyündə hər şeyi açıq nümayiş etdirir və bu sala açıq cavab verir".
“Cənubi Qafqaz Təhlükəsizlik və Sülh” İnstitutunun direktoru, politoloq Məhəmməd Əsədullazadə isə “ATƏT-in Minsk qrupunun üzvü kimi Fransa 20- ildən artıqdır ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində rol alıb”, - deyə diqqətə çatdırdı: “Bu illər ərzində Fransa daima hüquqi cəhətdən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Və münaqişənin həlli üçün hazırlanan həll variantlarının iştirakçısı olub. Rəsmi Paris daima erməni maraqlarından çıxış etdiyi aydındır, amma bunu dövlət başçısının dili ilə deyilməsinə rast gəlinməyib. Dövlət başçısının mövqeyi, işlətdiyi ifadələr məhz dövlətin münasibəti sayılır. Fransa prezidenti Fransua Ollandın erməni diasporunun üzvləri ilə görüşündə Dağlıq Qarabağla bağlı açıqlamaları narahatlığa səbəb olmaya bilməz. Çünki, etibar edilərək, həmsədr postunu tutan Fransanın mövqeyi dövlətin ərazi bütövlüyünün ziddinə və separatizmə açıq dəstəkdir”.
Politoloq əlavə etdi ki, bu yanaşma Fransanın imzaladığı və qəbul etdiyi beynəlxalq konvensiyalarada ziddir: “Həmçinin onun həmsədr kimi fəaliyyətinə kölgə salmış olacaq. Olland Martın əvvəlində Ermənistan prezidentini Parisə dəvət edib. Parisdə görüşdə Qarabağ konflikti müzakirə olunacaq. Burada Ermənistana tam dəstək ifadə olunmasını istisna etmirəm. "Yenilənmiş Madrid prinsiplərində" "xalqların müqəddaratı" öz əksini tapsada, burada ərazi bütövlüyü çərçivəsində həlldən söhbət gedir. Olland bunu fəqrli şəkildə"müstəqillik" kimi qeyd etməsi, sırf erməni maraqlarından irəli gələrək, böyük bir dövlətin siyasətinə şübhələri artırır. Prezidentlik dönəmi başa çatmaq üzrə olan bir şəxsin bu niyyəti yalnız şəxsi maraqlarından həmçinin Parisin ənənəvi erməni sevgisindən irəli gəlir. Fransa Minsk qrupu həmsədrliyindən uzaqlaşdırılması qaldırılmalı, Almaniyaya həmsədrlik verilməlidir. Rusiya və ardınca Fransadan Ermənistanın maraqlarına uyğun verilən açıqlamaları, Ermənistanın təcavüzkar siyasətinin davam etməsinə səbəb olur. Təbii ki, Azərbaycana qarşı təzyiq kimi qəbul edirəm. Çünki, cəbhədə işğalçı orduya vurulan zərbələr Fransa və Rusiyanı narahat edir. Hesab edirəm ki, Minsk qrupunun artıq fəaliyyəti sual altındadır. Bu qrupun verdiyi tövsiyə və təqdimatlar yalnız status-kvonu saxlamağa hesablanıb. Artıq, Azərbaycan bu kimi danışıqlara inanmır, verilən açıqlamalarda bunun şahidi oluruq. Vəziyyət getdikcə mürəkkəbləşmə üzrədir. Ermənistan tərəfi danışıqlara hazır deyil yalnız mövqelərini möhkəmləndirilməklə məşğul olur. Azərbaycanın buna cavabı son günlərdə işğalçı qüvvələrə vurduğu zərbə ilə aydın olur. Geosiyasi şərait imkan verir ki, lokal döyüşlərnən düşməni sülhə məcbur edək. Əraziləri hissə-hissə qaytaraq”.

Əli

Bu xəbər oxundu
- - -