Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Qarabağ Azərbaycanın əzəli torpağıdır

21.02.17, 9:59
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

1-ci yazı

Ermənilər “Böyük Ermənistan” adıyla dünyaya cəfəng iddialarını sırımağa çalışırlar. Azərbaycanın əzəli torpağı olan Qarabağla bağlı ermənilərin “özününküləşdirmə” siyasətinin isə heç bir əsası yoxdur. Qasım Hacıyev və Əyyub Əbdüləzimovun araşdırmasında vurğulanır ki, Azərbaycan Respublikasının Qarabağ regionunda mövcud olan Azıx mağarası ən qədim insan məskənlərindən biridir. Azıx mağarası (“Azıx” - qədim türk dillərində “ayı” deməkdir) -Azərbaycan Respublikası ərazisində ən iri karst mağarasıdır: “Mağara Füzuli şəhərindən 14 km şimal-qərbdə, Xocavəndə yaxın ərazidə, Quruçayın sol sahilində, dəniz səviyyəsindən 900 m hündürlükdədir. Azıx mağarası arxeoloji cəhətdən 1960-cı ildə öyrənilib. Mağara Paleolit (qədim daş) dövrünə aid nadir abidələrdən biridir. 1968-ci ildə Azıx mağarasında tapılmış Aşel dövründə yaşamış ibtidai insanın çənə sümüyünün bir hissəsi Azərbaycanm ən qədim insan məskənlərindən biri olduğunu sübut etməyə imkan verib.
Mağarada qalınlığı 10-14 metr olan 10 mədəni təbəqə yerləşir. Mağaradan 15 mindən çox daş məmulat aşkar edilib. Azərbaycan ərazisində təqribən 2 milyon il bundan əvvəl yaşayış olduğunu sübut edən Azıx mağarası ən qədim insanlardan birinin - azıxantropların məskəni olub.
Tağlar mağarası - paleolit dövrünə aid arxeoloji abidədir. Abidə Azərbaycan Respublikasının Xocavənd rayonu ərazisində Quruçayın sol sahilindədir. Tağlar mağarası Mustye abidələri içərisində çoxtəbəqəli nadir düşərgələrdəndir. Tağlar mağarası bir-birinə bağlı təbii salonlardan ibarətdir. İbtidai insanlar bu salonda yaşayıblar. Tağlar mağarasında altı mədəni təbəqə aşkar edilib. Mədəni təbəqələrdən beş minə yaxın daş məmulat və altı mindən çox fauna qalığı tapılıb”.
Şuşa “mağarası” - Azərbaycan Respublikasının Şuşa - Pənahabad şəhəri yaxınlığında Daş dövrünə aid abidədir. Mağara Zanslı (Daşaltı) çayının dərəsində dəniz səviyyəsindən 1400 m yüksəklikdədir: “Cıdır düzü”nün altında yerləşir. Mağaranın uzunluğu 125 metr, eni 20 metr, hündürlüyü 10 metrdir. Kəlbəcərin qayaüstü təsvirləri - Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qaragöl və Zalxa gölləri sahillərində, Ayıçınqılı və Pəriçınqılı dağlarında qayalara həkk edilmiş təsvirlərdir.
Şortəpə - Azərbaycan Respublikasının Bərdə şəhərinin 5-6 km-də Şatırlı kəndi yaxınlığında qədim şəhər yeridir. Kültəpə - Azərbaycan Respublikasının Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığında çoxtəbəqəli qədim yaşayış yeridir. Uzuntəpə - Füzuli şəhərinin 8-10 km şimal-şərqində Köndələnçayın sağ sahilində ilk tunc dövrünə (e.ə. 3-cü minillik) aid abidədir. Xantəpə - Füzuli şəhərinin cənub-şərqində e.ə. 5-ci-2-ci minilliklərə aid çoxtəbəqəli yaşayış yeridir”.
Yedditəpə Füzuli şəhərindən 6 km şimal-şərqdə, Mirzəcamallı kəndi yaxınlığında tunc dövrünə aid arxeoloji abidədir. Qaraköpəktəpə - Füzuli şəhərinin yaxınlığında Köndələnçayın sağ sahilində çoxtəbəqəli qədim yaşayış yeridir. Çardaqlı abidələri Beyləqan rayonunun Aşağı Çəmənli kəndindən 1,5 km qərbdə qədim yaşayış yeridir. Çalağantəpə Ağdam rayonu ərazisində qədim yaşayış yeridir. Xocalı qəbiristanlığı Xocalı şəhəri ərazisində son tunc və ilk dəmir dövrünə (e.ə. 13-7-ci yüzilliklər) aid arxeoloji abidə kompleksidir. Üzərliktəpə Ağdam şəhərində orta tunc dövrünə (e.ə. 2-ci minilliyin birinci yarısı və ortaları) aid arxeoloji abidədir və s.
Araşdırmaçılar vurğulayırlar ki, Qarabağ regionu türk etnoslarının qədim yaşayış məskənidir: “Azərbaycanın Qarabağ regionu siyasi cəhətdən 1-3-cü yüzilliklərdə alban arşaklılarının hakimiyyəti altında olub. Qarabağ regionunda ilkin tayfa ittifaqlarının yaranması prosesi geniş bir dövrü əhatə edib. Ərazi sıx məskunlaşıb. Burada tarixə məlum olan və məşhur ənənələr yaratmış bir çox tayfalar yaşayıb. Bunların sırasında qədim türk tayfaları - utilər, qarqarlar, sovdeylər və hurritlər daha çox tanınıb.
Qarabağ regionunda yerli türk mənşəli oturaq əkinçi əhali ilə bərabər köçəri türk tayfaları da məskunlaşıb. Bizim eradan əvvəl 1-ci minillikdə onlar Kür və Araz hövzəsini tutmuşdular. Qaynaqlarda adlan çəkilən bu sak, massaget tayfaları Azərbaycan ərazisinə, həmçinin Qarabağa e.ə.7-ci yüzillikdə gəlib, bu ərazilərdə məskunlaşıb, tədricən yerli türk tayfalan ilə qaynayıb qarışıblar. Azərbaycanın digər əraziləri kimi Qarabağ regionu da qədim dövrlərdən etibarən intensiv olaraq yazılı mənbələrdə e.ə.4- cü yüzillikdə adı çəkilən Azərbaycan Albaniyasının tərkibində olub.
Qarabağ ərazisində erkən antik dövrdə (e.ə.4-cü, 1-ci yüzillikdə) cəmiyyətin inkişafı, təsərrüfatın və ticarətin yüksəlişi baş verib. Burada iri yaşayış məskənləri və şəhərlər yaranıb. Həmin dövrdə ictimai münasibətlər xeyli inkişaf edib. Yunan-Roma müəllifləri Azərbaycan Albaniyası ərazisində məskunlaşan tayfalar haqqında maraqlı məlumatlar veriblər. Strabon bildirir ki, Albaniyada 26 tayfa var idi.
E.ə. 2-ci yüzillikdə Albaniyanın tərkib hissəsi olan Qarabağın köklü sakinləri Azərbaycan türkləridir. Türklər Cənubi Qafqazın cənub-şərqi əyalətlərinin, Kür və Araz çayları arasındakı ərazilərin - Qarabağ regionunun yerli əhalisidir”.
Ön Asiyada qədim tayfalar, tayfa birlikləri və dövlətlər (e.ə. IV-II minilliklər): “Qarabağ ərazisinin əhalisinin erkən orta əsrlərdə etnik komponentlərindən ən böyüyü türk tayfaları idi. Bu dövrdə assimilyasiya prosesi də baş vermişdir: 1) yerli tayfalar arasında; 2) gəlmə tayfalar arasında; 3) gəlmələr və yerli tayfalar arasında aparıcı türklər olub.
Qarabağ ərazisində yaşayan ən böyük tayfalarından biri - utilər Azərbaycan Albaniyasının böyük hissəsini tuturdular. Utilər haqqında ilk məlumatı yunan tarixçisi Herodot verib. Qarabağ ərazisində qarqarlar və savdeylər də geniş yayılmışdılar. Albaniyada özündə 20-dən çox tayfanı birləşdirən alban - türk yerli massivində ən böyük tayfalar türklər idi”.
Qarabağ regionu yazılı mənbələrdə: “Yazılı mənbələr Qarabağ ərazisinin qədim vilayətlərinin - Uti, Arsak, Paytakaran və Sisakanın yerləşdiyi tarixi-coğrafi ərazi və əhalisinin mənşəyi barədə qısa da olsa məlumat verir. Roma ensiklopediyaçısı Pliniy Sekund (b.e. 23-79) Albaniyanın bir çox hidronimlərindən, o cümlədən Kür çayı və onun qollarından bəhs edir. Yeni eranın II əsrində yaşamış yunan coğrafiyaşünası Klavdi Ptolemey Albaniyada 29 şəhərin və 5 çayın adını çəkir.
Bərdə şəhəri yaxınlığında yerləşən Kalankat kəndindən olan 7-ci yüzillikdə yaşamış alban tarixçisi Musa Kalankatlı Qarabağ ərazisi haqqında daha geniş, tarixi əhəmiyyətli və maraqlı məlumatlar verir. Yunan, latın və alban mənbələrində olduğu kimi, ərəb, fars və türk dilli mənbələrdə də Qarabağ ərazisinin təbii xüsusiyyətləri haqqında dəyərli məlumatlar verilib. Həmin mənbələr əsasən coğrafiyaşünasların və səyyahların əsərləridir.
Orta əsr mənbələrində - tarixçi, coğrafiyaşünas, səyyah və şairlərin əsərlərində də Qarabağ ərazisinin tarixinə dair məlumatlar verilib. Fars dilində yazılmış «Hüdud-əl-aləm» əsərində, ərəb müəllifləri Məsudi, Əbu-Duləf, Əl-Fəqih, İbn Rusta, İstəxri, İbn Hövqəl, Müqəddəsi, İbn-Xordadbeh, Yaqut əl-Həməvi, Əl- İdrisi, Həmdullah Qəzvini və Məcdəddin əl-Hüseynin əsərlərində Qarabağın təbiəti, bitki aləmi, həmçinin iqtisadi və ticarət həyatına dair məlumat veriblər. Bunlarla yanaşı Azərbaycan mütəfəkkirləri Nizami Gəncəvinin, Nəsrəddin Tusinin, Seyid Yəhya Bakuvinin və bir sıra səyyah və coğrafiyaşünasların əsərlərində də Qarabağla bağlı məlumatlar öz əksini tapıb.
Azərbaycan ədəbiyyatının möhtəşəm abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanında bütün Azərbaycan torpaqlarında, həmçinin Qarabağ ərazisi daxil olmaqla Göyçə gölü hövzəsinə qədər türk-oğuzlarının yayılması barədə məlumat verilib”.
Qarabağ regionu erkən orta əsrlərdə: “Albaniya 4-7-ci yüzilliklərdə geniş əraziyə malik idi. O, şimaldan Böyük Qafqaz dağlarına, cənubdan Araz çayına, şərqdən Xəzər dənizinə, qərbdən İberiyaya qədər torpaqları əhatə edirdi. Erkən orta əsrlərdə Albaniya dövlətində 11 tarixi vilayət yerləşirdi. Qarabağ ərazisi, başqa sözlə Kür və Araz çaylararası Uti, Arsak, Paytakaran və Sisakan vilayətlərini, Albaniyanın paytaxtı - Bərdə şəhərini və hökmdarın yay iqamətgahı - Xalxal şəhərini əhatə edirdi. Bərdə V əsrin ikinci yarısından Albaniyanın paytaxtı idi.
Erkən orta əsrlərdə Qarabağda oturaq maldarlıq, əkinçilik və sənətkarlıq inkişaf edib. Qarabağda müxtəlif növ sənət: dulusçuluq, metalişləmə, toxuculuq, o cümlədən ipəkçilik, şüşə sənətkarlığı, zərgərlik, əmək aləti və silah istehsalı, eləcə də daşyonma, ağac və sümük oyma sənətləri inkişaf edib. Qarabağda ilk orta əsrlərdə ticarət də geniş inkişaf etmiş, qonşu ərazilərin ticarət mərkəzləri ilə əlaqələr genişlənib.
4-cü yüzillikdə Albaniya Sasani, Bizans imperiyaları və Xəzər Xaqanlığı arasında müharibə meydanına çevrilib. Albaniya, o cümlədən onun mərkəzi hissəsi Qarabağ
ərazisi (Uti, Arsak, Paytakaran, Sisakan) Sasani imperiyasının şimal canişinliyinin tərkibinə qatılıb. Bizim eranın ilk yüzilliklərindən Albaniyada xristianlıq yayılmağa başlamış, 313-cü ildə xristianlıq dövlət dini qismində qəbul edilib. Ancaq xristianlıq geniş yayılmayıb. 5-ci yüzilliyin əvvəllərində Albaniyanın paytaxtında - Bərdədə alban çarı III Vaçaqanın əmri ilə xüsusi məktəblər açılmış, uşaqlara yazı və dini ehkamlar öyrədilib. Bu zaman müxtəlif cinsli çoxsaylı səslərdən tərtib edilmiş xüsusi yazı qaydasından istifadə edilib.
Ərəblərin Albaniyaya ilk hücumları zamanı Albaniya hökmdarı Cavanşir ərəblərə qarşı mübarizə apardı, lakin müqavimətin davam etdirilməsinin anlamsız olduğunu başa düşüb, mübarizəni dayandırdı. On ildən artıq davam edən müqavimətdən sonra ərəblər Azərbaycan ərazilərini zəbt etdilər. Qarabağın tarixində 8-ci əsrdən etibarən mənəvi dəyişikliklər baş verdi. Azərbaycanın hər yerində olduğu kimi Qarabağda da İslam bütün dinləri üstələdi. Albaniya əhalisinin böyük hissəsi İslamı qəbul etdi, müsəlman oldu, az bir hissəsi isə əvvəlki dinini (xristianlığı) saxladı”.


Uğur

Bu xəbər oxundu
- - -