Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Azərbaycan Türklərinin mifologiyası

22.02.17, 7:00
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Sakral rəqəmlərin yozumları

5-ci yazı

Sakral rəqəmlərin geniş yayılmış yozumlarını Azərbaycan xalqının mifoloji görüşləri əsasında ümumiləşdirəndə maraqlı mənzərə ilə rastlaşırıq.
Bir. Təkallahlı din sistemlərinə aid mifik dünya modellərində bir qayda olaraq vahid təkcə əsas, birinci element deyil, ümumiyyətlə, tamlıq, kamillik anlamında götürülür. Kainatın özünü də bütöv halda qəbul edib birlə işarələyirdilər.
İki ilə xeyirlə şər, işıqla qaranlıq, yaxşı ilə pis qoşalaşır və dünyanın əkslikləri doğulur.
Üç - ilk say sistemini formalaşdırmaqla yanaşı, təkcə mütləq bütövlük (dünyanın maddi tərəfi üçlə hazır olur), üstünlük (Yaradıcı üçlüyü), ağıl-yetkinlik (insanda ağıl, güc və görünüş) deyildi, həm də mifopoetik strukturların ilkin tam variantının başa çatması (hadisə, epizod, fikir və ifadələrin üçlüyü) və sosial konstruksiya (hakimiyyət üç qardaşdan birinə çatır) idi.
Dörd. Mifologiyada durğun bütövlüyü rəmzləşdirən üçdən fərqli olaraq, dörd hərəkətli tamlığın obrazıdır. Bu, dünyanın yaranmasında iştirak edən dörd ünsürlə əlaqədardır. Başlanğıcda gələn üç ünsürlə – su, od, torpaqla hər şey yaransa da, cansız, hərəkətsiz idi. Yalnız dördüncü ünsürün – havanın (ruhun) qatılması ilə dünyada həyatın əsası qoyulur, canlılıq yaranır, zaman irəli gedir, «fələyin çərxi» hərəkətə gəlir.
Beş. Mifik anlamda «beş» var-dövlət, sərvət, bolluq mənasında işlənir. Yəni dünyada artıq mövcud olanların üstünə (dörd ünsürlə yarananların) bir pay da artırılması kimi başa düşülür.
Altı - Oğuz türklərinin təsəvvüründə iki üçlüyün vəhdətini bildirir. Birinci üçlüklə kosmos (Gün, Ay və Ulduz), ikinci üçlüklə isə Yer və onun orbiti (Dağ, Dəniz və Göy) yaranıb.
Yeddi. Maraqlıdır ki, iki əsas rəqəmin – üç və dördün toplanmasından yeddi alınır və onunla bütün kainatın yeddiqatlı modeli qurulur: ona görə də mifoloji strukturlarda bu rəqəm səyyarələrin, planetlərin payına düşür. «Yeddi» rəqəminin sakrallaşmasına qədim türk-runik abidələrində, klassik Azərbaycan şairlərinin yaradıcılığında, nağıl və eposlarda təsadüf edilir. Göy türk imperiyası dövründə türklər arasında «yeddi» rəqəmi göylə yerin vəhdətini bildirirdi.
Doqquz. Əski inanclara görə, Günəş həmişə doqquz dağın arxasından çıxır, doqquz göyün üstündə gəzirdi. Bəzi nağıllarda «doqquz dağ aşdı», «doqquz zirvəli dağa rast gəldi» ifadələri işlənir. Bu, yüksəklik, uzaqlıq, əlçatmazlıq mənasını verir.
On iki – Ulu əcdadlarımızın əqidəsində on iki tamlaşmanı, bütövləşməni bildirirdi. Oğuz türklərinin adətincə, oğlanlar ömürlərinin ilk on iki ilini adlamaqla ova çıxmaq, yarışlarda iştirak etmək, evlənmək, dövlət işlərində iştirak etmək hüququ qazanırdılar və bu həddi aşmamış onlara ad qoyulmurdu. Azərbaycan xalqı on iki rəqəminin magik gücünü həmişə xeyirliliyə (uğurlara qapı açır) yozub.
Qırx. Çoxluq anlamındadır. «Qırx düyməli paltar», «qırx otaq», «qırx dəvəli yük» deyəndə ilk baxışda sakrallıq hiss olunmur. Lakin düymələr açılıb axıra çatan kimi təzədən bağlananda bu rəqəmin arxasında sirli aləm gizləndiyi aşkarlanır. Azərbaycan türklərinin «Əsli və Kərəm» eposunun mifoloji qaynaqlarında qırx düyməli xalat gerçək aləmin bitməsi – ömür yolunun bağlanması, o biri dünyanın qapısının isə açılması kimi mənalandırılır.
Oğuz-türk mifik dünya modelinin qurulmasında sakral rəqəmlərin rolu və funksiyaları. Qədim oğuz-türk mifologiyasında dünyanın say sistemi ilə yaranan dolğun, mükəmməl və tam modelinə rast gəlirik: Vahid başqa biri (Oğuzu) dünyaya gətirir, ondan iki üçlük (toplusu altı edir) doğulur.
Birinci üçlük barədə mətndə deyilir ki, göydən şüa düşür. Oğuz görür ki, Günəşdən işıqlı, Aydan parlaq işığın arasında gözəl bir qız oturub. Başı qızıl qütb ulduzlu bu qızdan onun üç oğlu olur: Gün, Ay və Ulduz. Üç qardaşın nəsli sonralar Bozoxlar – pozuxlar adı ilə tanınır. İkinci üçlüklə bağlı mifdə göstərilir ki, Oğuz göl ortasında bir ağac görür. Ağacın oyuğunda gözəl bir qız oturmuşdu. Gözləri göydən də göy, saçları dalğa kimi, dişləri inci tək olan bu qızdan da Oğuzun üç oğlu dünyaya gəlir: Göy, Dağ, Dəniz. Bu üç qardaşdan törəyən nəsillər isə Üçoxlar adını daşıyır. Azərbaycan türklərinin söy kökündə həm Bozox, həm də Üçox tayfaları iştirak edir. Altılardan isə altı dördlük meydana gəlir: BOZOXLAR (pozuxlar): birinci dördlük Gün xanın övladlarıdır: Kayı, Bayat, Alkaravlı (Alka-evli), Qara Avul (Qara-evli); ikinci dördlük Ay xanın övladlarıdır: Yazır, Dogər, Dodurğa (Durdurqa), Yaparlı (Cayurlu); üçüncü dördlük Ulduz xanın övladlarıdır: Avşar (Əfşar), Kızık, Bəgdili, Karkın (Bayat, Əfşar, Bəgdili sonralar əsasən Azərbaycan türklərinin içərisində ərimişdir); ÜÇOXLAR: dördüncü dördlük Göy xanın övladlarıdır: Bayandur, Beçenə (Peçeneq), Çavuldur, Çəpəni; beşinci dördlük Dağ xanın övladlarıdır: Salur, Eymur, Alayurtlu, Ürəgür; altıncı dördlük Dəniz xanın övladlarıdır: İqdır, Bəgdüz, Yıva, Kınık. Bu boylardan Bayandur, Beçənə, Çavuldur, Salur, Alayurtlu, Bəgdüz Azərbaycan türklərini formalaşdıran tayfalardandır.
Oğuzların Bayandur, Salur və Əfşar soyu Azərbaycan tarixinin müxtəlif dönəmlərində ictimai-siyasi hadisələrdə, Bayat isə Azərbaycan türklərinin mədəni həyatında böyük rol oynayıb. Beləcə kainatın oğuz-türk mifik modelində dünyanın və oğuz cəmiyyətinin formalaşmasının başlanğıc mərhələsində 1, 2, 3, 4, 5, 6, 7, 9, 12, 24 və 33 sayları iştirak edir.
Ritual - latın sözündən əmələ gəlib, ritualis - mərasim, ritus - dini ayin deməkdir. Ritual-ənənələrdən doğan elə bir davranış, hərəkət formasıdır ki, bütün sosial səviyyələrdə - ailədə, icmada, dövlətdə toplumun həyatının mühüm anlarını müşaiyət edir, insanların fəaliyyətini tənzimləyir və incəsənətin (rəqsetmə, müsiqi, oxuma, xor, oyun-tamaşa, bütyapma, maskaqayırma və s.), bədii yaradıcılığın (nəğmə düzüb-qoşma) əsas ünsürlərini sinkretik formada (yarandığı andan bu günədək) birləşdirib göstərməklə təzahür edir.
Keçi mifinin rituallaşması. Qışın Kosa, yazın keçi obrazında mifikləşməsi ulu əcdadlarımızın əkinçilik məşğuliyyətinə başlamasından qabaq olmuşdur. İnsanlar hər şeyi kortəbii şəkildə təbiətdən hazır şəkildə götürürdü. Özlərinin istehsal etmələrindən əvvəl yeməklə, primitiv geyimlə təminatlarını (yaşayış yerlərini belə) təbiət ödəyirdi. Bu zaman yaz, yay, payız aylarının səmərəsini, qışın isə hər şeyi dondurub yoxa çıxardığını görürdülər. Ona görə də, onların ilkin təsəvvüründə soyuq, şaxta - qış təbiəti yoxsullaşdırdığı, çılpaqlaşdırdığı, kosalaşdırdığı üçün düşmən idi. Yaz və yay aylarında havanın hərdən sərtləşməsini (bərk küləklərin əsməsi, leysanın yağması) belə qışın göndərdiyi bəlalar sayırdılar. Məhz bu bəlalardan xilas yolları axtarmaları onları rituallara gətirib çıxarıb. Qışda da insanları südü, əti və dərisi ilə aclıqdan qurtaran, yaşadan vasitələr tapılırdı. İlk əvvəl onların bütün ehtiyaclarının təminatçısı mal-qara idi. Tarixin müəyyən mərhələlərində qoyun (saya oyun-tamaşalarında), inək, kəl (əkinçiliyin meydana gəlməsindən sonra holavarlarda) və b. heyvanlar keçini üstələməyə cəhd göstərsələr də, onun üstündən xətt çəkə bilməmişlər. Keçi Azərbaycan mifoloji görüşlərinin ən möhtəşəm obrazı kimi rituallarda bu günədək yaşamaqdadır. Keçinin Azərbaycan mifoloji görüşlərində funksiyasını ilk dəfə müəyyənləşdirib geniş təhlilini aparan M.Seyidov düzgün nəticəyə gəlib. «Keçi yazın bəlgəsidir, buna görə də yaz bayramında aparıcıdır, Günəşlə ilişgəlidir. Keçi yaxşılığı təmsil edib, insanlara ruzi verib».
Günəş Ata. Dünya xalqlarının mifologiyasında günəşlə bağlı təsəvvürlərdə onun atlarla idarə olunan təkərli arabada kainatın dörd tərəfini gəzib-dolaşmasından, hər şeyə can verməsindən danışılır. Təkərin və arabanın kəşfinin mifik zamana deyil, inkişafın yüksək pilləsinə aid olmasına əsaslanaraq bu cür miflərin qədimliyini şübhə altına alırlar. Lakin bu qənaətə qarşı daha maraqlı fərziyyə irəli sürənlər tapılır. Günəşin özünün dairə şəklində görünməsi və təsviri təkər mifopoetik obrazının çox qədim zamanlarda meydana gəlməsi fikrinə dəstək kimi səslənir. Hind miflərində Şimşək allahı İndra döyüşdə Suryaya (Günəşə) qalib gəlir və Günəş tanrısının arabasının təkərlərindən birini ələ keçirir. İlk təkər Günəşə məxsus idi. Maraqlıdır ki, Azərbaycan mifik görüşlərində Günəş kainatı arabada deyil, kəhər atda gəzir («Kəhər atı min çıx...»).
Yel Baba. Azərbaycan rituallarında müraciət edilən mifik obrazlardan Yel Baba, Bulud və Duman da özündə ən əski təsəvvürləri əks etdirir. Xızır. Azərbaycan mifik təfəkküründə Xızırın (xalq arasında işlənən bir neçə addan ən dəqiqidir) islamaqədərki cizgilərlə yaddaşlara həkk olunmasını göstərən, ümumşərq düşüncəsinin məhsulu kimi tanınan obrazdan – Xıdırdan fərqli nişanələrinə diqqət çəkək: 1) Xızır taleyi müəyyənləşdirən tanrı elçisidir. 2) Xızır insanı yenidən həyata qaytaran, bəlalardan qurtaran ruhdur. 3) Möcüzəli doğuşa səbəb olan dərvişdir. 4) İki gənc (qız və oğlana) bir-birilərini tanımadıqları və biri digərindən çox uzaqda yaşadığı halda, onlara yuxuda buta verən, iki qəlbi eşq atəşinə qərq edib həqiqi aşiqlərə çevirən, həm də onları haqqa tapındıran, sevən insana birdən-birə qeyri-adi istedad verən (məlahətli səs, musiqi bəstələyib sazda ifa etmək və şeir düzüb-qoşmaq) məhəbbət və sənət hamisidir. 5) Bir illik yolu bir göz qırpımında qət edən, dara düşmüş qəriblərə əl tutan, oğul həsrətindən kor olmuşların gözünü açan peyğəmbərdir. 6) Dirilik suyunu əldə edib ölümsüzlük qazanan, bitkilərə, heyvanlara, quşlara, eləcə də insana yeni həyat bəxş edən tanrıdır, yaxud Allahın köməkçisidir. 7) Xızır da Osiris və Dionis kimi zoomorfik şəklə düşür.

Ramazan Qafarlı
filologiya üzrə elmlər doktoru,
professor

Bu xəbər oxundu
- - -