Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Bizim üçün prioritet ərazi Dağlıq Qarabağdır”

23.02.17, 11:05
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

ANAMA-nın direktoru: “Türkiyə ordusu bizim minalardan təmizlədiyimiz ərazidən Suriyaya daxil olub”

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədovun APA-ya müsahibəsi (ixtisarla)
- Qəzənfər müəllim, ötən müddət ərzində Agentliyin fəaliyyətini necə qiymətləndirirsiniz?
- Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik 1998-ci il 18 iyul tarixində ümummilli lider Heydər Əliyevin sərəncamı ilə yaradılıb. Agentlik 2007 - 2008-ci ildən başlayaraq dövlət büdcəsindən maliyyələşir. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, biz 1999-cu ildən başlayaraq çox fəal şəkildə BMT ilə əməkdaşlıq edirik. 2000-ci ildən 2017-ci ilin yanvarın sonuna kimi 395 615 625 milyon kvadratmetr ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. 17 il ərzində 516 ədəd piyada əleyhinə, 1109 ədəd tank əleyhinə mina və 754 187 ədəd partlamamış hərbi sursat, 2016-cı ildə isə 752 243 ədəd mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Bu ilin yanvar ayında tərəfimizdən 2 ədəd piyada əleyhinə, 33 ədəd tank əleyhinə mina, 1167 ədəd partlamamış hərbi sursat aşkarlanıb və 1 782 799 kvadrat metr ərazi yoxlanılaraq təmizlənib.
Yerli və beynəlxalq səviyyəli təlimlərin keçirilməsi üçün ANAMA-nın Göygöl rayonunda yerləşən Göygöl Regional Təlim Bazası (GGRTB) mövcuddur. 2001-ci ildən təlim mərkəzində 1731 mütəxəssis hazırlanıb, onlar üçün 166 təlim kursu keçilib. Tələbələrin 305 nəfəri əcnəbi olub. Əcnəbi tələbələr əsasən Türkiyə, Əfqanıstan və digər ölkələrdəndir. 2016-cı ildə təlim mərkəzində 6 təlim kursu keçmişik. Nəticədə 89 mütəxəssis hazırlanıb. Eyni zamanda, əməkdaşlarımız bir ildən bir mütləq şəkildə yenidən kurs keçir. NATO, BMT daimi bunu nəzarətdə saxlayırlar. Digər tərəfdən yerli əhali ilə də Agentliyin Mina Təhlükəsinə dair Maarifləndirmə Proqramı çərçivəsində mütəmadi maarifləndirmə işləri aparılır.
- Son illər minaya düşərək həyatını itirən insanlar olub?
- Son 3 il ərzində 3 nəfərin ölümü və 21 nəfərin zərər çəkməsi ilə nəticələnən mina hadisələri baş verib.
- Azərbaycanda mina və partlamamış sursat təhlükəsi mövcuddur. Hazırda Agentlik tərəfindən hansı ərazilərdə əməliyyatlar keçirilir?
- Əməliyyatlar Füzuli, Ağcabədi, Ağdam, Tərtər, Goranboy, Tovuz, Gəncə, Ağstafa, Bakı-Abşeron və Cəbrayılın işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində aparılır. Biz hazırda Lökbatanda da əməliyyat aparırıq. Lökbatanda sovetdən qalma hərbi hissədə partlamamış hərbi sursatlar var. Bu istiqamətdə də işlər aparılır. Qeyd etmək istərdim ki, 2016-cı ilin sentyabr ayında ANAMA ilə Böyük Britaniyanın səfirliyi arasında Anlaşma Memorandumu imzalanıb. BMT vasitəsilə Böyük Britaniya hökumətinin maliyyə dəstəyi ilə ANAMA tərəfindən sərhədyanı rayonlarda evlərin, pay torpaqlarının və əkin sahələrinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi fəaliyyəti yerinə yetirilir. Hazırda ANAMA-nın regionlarda Xüsusi Mobil Çevik Əməliyyat Qrupları mövcuddur ki, onlar da tək sursat əməliyyatlarının həyata keçirilməsi üçün fəaliyyət göstərirlər. Ümumilikdə keçən il ərzində təmizləmə əməliyyatları Bakı-Abşeron, Ağdam, Ağcabədi, Füzuli, Xocavənd, Qazax, Tərtər, Goranboy, Ağstafa, Göygöl, Tovuz, Gəncə, Beyləqan və Lənkəran rayonlarında aparılıb.
- Cəbrayılın işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində ümumilikdə nə qədər mina, partlamamış hərbi sursat aşkarlanıb və kənddə əməliyyatları nə vaxt başa çatdırmağı planlaşdırırsınız?
- Azərbaycan prezidentinin “Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 2017-ci il 24 yanvar tarixli sərəncamına müvafiq olaraq, kəndin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun yaradılması tapşırığı verilib. Fevralın 20-nə olan məlumata görə, 26 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib. Bir quyuda 5 ədəd partlamamış hərbi sursat aşkarlanıb ki, onlardan 3 ədədi 82 mm-lik top mərmisi, 2 ədədi 122 mm-lik minaatan mərmilərdir.
Cəmi 17 gün ərzində 128 226 kv.m ərazi yoxlanılaraq təmizlənib. Qeyd edim ki, 55 226 kvadratmetr ərazi əllə, 73 000 kvadrat metr ərazi mexaniki mina təmizləmə maşınlarının köməyi ilə yoxlanılıb. Hava şəraiti əməliyyatın aparılmasına bir qədər çətinlik yaradır. Əgər hava şəraiti imkan versə, fevralın sonu, martın ortalarına kimi Cocuq Mərcanlıda yoxlanılmamış 27 evi təmizləyərək işləri yekunlaşdırmağı planlaşdırırıq.
- Aprel döyüşlərindən sonra cəbhəyanı rayonlarda əməliyyatlar hansı mərhələdədir?
- Aprel döyüşlərindən sonra təmas xəttində 259 ədəd mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə 2 740 045 kvadratmetr ərazi yoxlanılıb. May ayında Tərtərin Əskipara kəndində 1 ədəd xüsusi təyinatlı sursat aşkar etdik. Ağ fosfor tərkibində olan sursatı ermənilər Əskipara kəndinə atmışdılar. Təcili olaraq bu sursatı zərərsizləşdirmək üçün lazımı tədbirlər görüldü. Azərbaycanda akkreditə olunmuş səfirliklərin hərbi attaşeləri dəvət olundular, onlara əyani şəkildə sursat göstərildi. Bildiyiniz kimi, Azərbaycan Hərbi Prokurorluğu tərəfindən aprel hadisələrinə görə cinayət işi açılıb, lazım olan tədbirlər həyata keçirilir. Cəbhəyanı rayonlarda da əməliyyatlarımız davam etdirilir. Çünki ərazilər çoxdur. Biz mina sahələrini, döyüşlərin getdiyi sahələri təmizləmişik. Lakin bununla belə, yenə də ərazilərdə sursatlar mövcuddur.
- “Ceyrançöl” və “Saloğlu” layihələri əsasında hansı nəticələr əldə olunub, nə qədər ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib?
- Biz mütəmadi olaraq beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik. 2005-ci ildən etibarən Ağstafa rayonunun Saloğlu qəsəbəsində əməliyyatlara başlamışıq və bu əməliyyatları 2011-ci ildə yekunlaşdırmışıq. Bu layihə NATO ilə birgə həyata keçirilib. Biz “Saloğlu” layihəsi çərçivəsində 5,6 milyon kvadratmetr ərazini mina və partlamamış hərbi sursatlardan təmizlədik. Nəticədə 640 min ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirildi. 2012-ci ilin aprel ayından “Ceyrançöl” layihəsinin icrasına başlanılıb. ANAMA ilə NATO/NSPA-nın (NATO-nun Dəstək və Təchizat Agenliyi) Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun birgə layihəsi çərçivəsində Ceyrançöl Təmizləmə Layihəsi də həyata keçirilir. Bu ərazi keçmiş sovet ordusunun sınaq və təlim ərazisi kimi intensiv surətdə istifadə edilib. Layihənin 1-ci mərhələsində 19 milyon kvadratmetr ərazi yoxlanılıb, 14 min ədəd mina və partlamamış hərbi sursat zərərsizləşdirilib. 2-ci mərhələ 2014-cü ilin iyulundan başlayıb və bu yaxınlarda başa çatıb. 24 milyon kvadratmetr ərazi təmizlənib və 1351 ədəd partlamamış hərbi sursat aşkarlanaraq məhv edilib. “Ceyrançöl” layihəsinin 3-cü mərhələsinə bu yaxınlarda başlanılacaq.
Fevralın sonlarında əməliyyatın 3-cü mərhələsinə başlamaq üçün layihənin digər mərhələlərində olduğu kimi ANAMA ilə NATO/NSPA (NATO-nun Dəstək və Təchizat Agenliyi) arasında yeni saziş imzalanacaq. İmzalanacaq yeni sazişə görə 22 milyon kvadratmetr ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi nəzərdə tutulub. Əməliyyatın 3-cü mərhələsi təxminən 1 il yarım – 2 il ərzində həyata keçiriləcək. Əməliyyatlar beynəlxalq standartlara uyğun olaraq 30 sm dərinlikdə aparılır. Ağstafanın Saloğlu qəsəbəsində elə yerlər var ki, partlamamış hərbi sursatlar çox dərində yerləşir. Biz hətta 3 metr dərinlikdə də hərbi sursat tapmışıq. Bu bizim praktikamızda olub. Amma yenə deyirəm ərazilər çox böyükdür. Bizim üçün birinci prioritet yerli əhalinin təhlükəsizliyini təmin etməkdir. Biz artıq məqsədimizə çatmışıq. Siz təsəvvür edin 2005-ci ildə uşaqlar hərbi sursatların yanından keçib məktəbə gedirdilər. Hətta hərbi sursatlar məktəbin həyətində atılmışdı. Biz həmin sursatları götürüb zərərsizləşdirdik. Saloğlu qəsəbəsində 30 sm dərinlikdə yerləşən hərbi sursatları təmizləmişik. Yəni ən azından baş verə biləcək bədbəxt hadisələrin qarşısı alınıb. Yerli icra hakimiyyəti orqanlarına da bildirmişik ki, əgər Saloğluda yeni tikinti, əkin-biçin işi aparılarsa bizə dərhal məlumat verilsin. Biz tikinti, əkin-biçinin aparılacağı ərazinin 3-5 metr dərinliyini tam yoxlayıb təhvil verə bilək. Əraziləri yoxlamaq çox güc, vaxt və maliyyə aparır. Saloğluda 5-6 metr dərinlikdə yoxlama işləri aparmaq çox çətin məsələdir.
- Gələcəkdə əməliyyatların aparılması üçün ərazilər müəyyənləşibmi?
- Gələcəkdə çox ərazilərdə əməliyyatların aparılması nəzərdə tutulub. Bizim üçün prioritet ərazi Dağlıq Qarabağdır. Çox yaxın müddətdə erməni işğalı altında olan torpaqlarımızı azad edib, həmin ərazilərdə mina təmizləmə işlərinə başlayacağımıza inanırıq.
- Azərbaycan ərazisinin təxminən neçə faizində mina və partlamamış sursat təhlükəsi var?
- Sizin qeyd etdiyiniz məsələ ilə bağlı BMT tərəfindən tədqiqat aparılıb. Tədqiqat işləri nəticəsində təxminən 500 milyon kvadrat metr ərazidə mina və partlamamış hərbi sursat təhlükəsinin olması müəyyən olunub. Artıq 300 milyon kvadrat metr ərazi mina və hərbi sursatlardan təmizlənilib. Bu təmizləmə əməliyyatlarına Dağlıq Qarabağ daxil deyil.
- Türkiyədə minaların və hərbi sursatların axtarışı əməliyyatlarında iştirak etmişdiniz. Yenidən Türkiyə və Küveytdə əməliyyatlarda iştirakınız mümkündür? Hər iki ölkədə keçiriləcək tenderdə iştirak edəcəksiniz?
- Biz artıq Türkiyədə beynəlxalq əməliyyatlarda iştirak etmişik. Qaziantəpin Karkamış kəndində tərəfimizdən 705 746 kvadratmetr ərazi təmizlənib və 1176 ədəd mina aşkar olunaraq zərərsizləşdirilib. Türkiyə ordusu bizim təmizlədiyimiz ərazidən Suriyaya daxil olub. Bundan başqa, Konyada 71 916 kvadratmetr ərazi təmizlənilib. 407 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib. Diyarbakırda isə 1 101 492 kvadratmetr ərazi yoxlanılıb, nəticədə 16 912 ədəd partlamamış hərbi sursat məhv edilib. Küveytdə əməliyyatların keçirilməsi üçün tender elan olunub. Biz də öz təklifimizi verib tenderdə iştirak edirik. Yaxın müddətdə tenderin nəticəsi bilinəcək. Tenderdə qalib gəlsək, Küveytdə əməliyyat keçirəcəyik. Türkiyə isə yaxın zamanda Suriya sərhədində əməliyyat keçirməyi planlaşdırır. Rəsmi olaraq bu ilin axırı, gələn ilin əvvəlinə kimi biz həmin tenderdə iştirak etməyi planlaşdırırıq. Əgər Türkiyə məsləhət bilsə, biz yenidən orada əməliyyatlara qatılacağıq.

Bu xəbər oxundu
- - -