Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Auditorlar Palatası Bolqarıstan İnstitutu ilə memorandum imzalayıb

27.02.17, 12:20
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Fevralın 27-də “Azərbaycan və Bolqarıstan Audit Forumu” çərçivəsində Azərbaycan Respublikası Auditorlar Palatası və Bolqarıstan Sertifikatlaşdırılmış Mühasiblər İnstitutu arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov ölkə Prezidentinin Auditorlar Palatasına audit sahəsində mütərəqqi xarici təcrübənin öyrənilməsini və respublikada tətbiqini tövsiyə etdiyini qeyd edib.
Palata sədri vurğulayıb ki, müstəqil maliyyə nəzarəti sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə almaqla ölkəmizdə tətbiqini genişləndirmək məqsədilə, Azərbaycan Respublikasının Auditorlar Palatası 40–a yaxın ölkənin audit və mühasibat qurumları ilə əməkdaşlıq əlaqələri qurub. Bu siyahıya bugündən Bolqarıstan Sertifikatlaşdırılmış Mühasiblər İnstitutu da daxil olub.
Vahid Novruzov bildirib ki, yeni tərəfdaşımız -Bolqarıstan Sertifikatlaşdırılmış Mühasiblər İnstitutunun zəngin təcrübəyə malik olması Azərbaycan Respublikası Auditorlar Palatası üçün çox əhəmiyyətlidir. İnstitutun Bolqarıstanda audit sahəsində kadrların hazırlanması istiqamətində gördüyü işlər, bütövlükdə auditin tənzimlənməsi, keyfiyyətə nəzarət problemlərinə göstərdikləri diqqət bizə yaxşı məlumdur. İmzalanmış saziş hər iki qurumun fəaliyyətinə müsbət təsir edəcək və qarşılıqlı təcrübə mübadiləsi aparmaq və gələcəkdə bir-birinə beynəlxalq səviyyədə dəstək olmaq istiqamətində mühüm əhəmiyyətə malik olacaq.
Bolqarıstan Sertifikatlaşdırılmış Mühasiblər İnstitutunun prezidenti Boyko Kostov auditin Avropa İttifaqı ölkələri arasında vacib sahələrdən biri olduğunu söyləyib. Bu gün audit sahəsi üzrə Avropada geniş islahatlar aparılıb və bu sahə demək olar ki, yenidən tənzimlənib. Onun sözlərinə görə, rəhbərlik etdiyi institutda hazırda mühasibat sahəsinin inkişafı üzrə ayrıca istiqamət formalaşıb. Boyko Kostov əminliklə vurğulayıb ki, Azərbaycan Respublikası Auditorlar Palatası ilə Bolqarıstan Sertifikatlaşdırılmış Mühasiblər İnstitutu arasında əməkdaşlıq gələcəkdə bir ənənəyə çevriləcək.
Tədbirdə Azərbaycan və Bolqarıstan auditinin mövcud durumu, onların qarşısında duran problemlərin həlli yolları və maliyyə hesabatlığı sahəsində qabaqcıl beynəlxalq təcrübənin tətbiqi istiqamətləri barədə müzakirələr aparılıb. Eyni zamanda, qonaqlara ölkəmizdə iqtisadi islahatların aparılması və maliyyə şəffaflığının təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər, əldə edilən uğurlar barədə məlumat verilib. Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə, Bolqarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Maya Xristova, Bolqarıstan Sertifikatlaşdırılmış Mühasiblər İnstitutunun idarə heyətinin üzvləri, dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələri, Auditorlar Palatasının əməkdaşları iştirak ediblər.

Bu xəbər oxundu
- - -