Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Od kultu ilə bağlı inanclar

27.02.17, 13:14
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Novruz bayramını od-ocaqsız, gur Novruz tonqalı olmadan təsəvvür etmək mümkün deyildir. İnsanlar qaranlıq düşən kimi böyük tonqallar yandırır və bu tonqalların alovları gecənin qaranlığını işıqlandıraraq adamlarda böyük sevinc çoşqusu, şən əhval-ruhiyyə yaradır. Bu cəhətdən Novruzla bağlı inanclarda od kultunun – odu müqəddəsləşdirmənin mühüm yer tutduğunu görürük. Ümumiyyətlə, od türklərin inanclarında mühüm mövqeyə malikdir. Seyfəddin Altaylı yazır ki, atəş də eynilə su kimi türklər tərəfindən müqəddəs sayılıb. Dünyanın yaradılması, yaz və atəş arasında bir əlaqənin olduğuna inanılıb. Bütün bu təsəvvürlər öz izlərini Novruz adətlərində saxlayıb. Novruza qədərki hər bir çərşənbə axşamı tonqal qalanır. Ağbaba bölgəsinə məxsus inancda deyildiyi kimi, Novruza üç çərşənbə qalanda birinci çərşənbə axşamı günü tonqal qalanar, böyük-kiçik tonqalın üstündən atılardı, tonqal qalama hər üç çərşənbə axşamı yerinə yetirilərdi. Ümumiyyətlə, bu bayramda tonqalqalama xüsusi mərasimdir. Necə gəldi, harada gəldi tonqal qalamaq, onunla istənilən formada əylənmək olmazdı. Bunun xüsusi rəsmi, qaydaları, yəni mərasimi vardır. Məsələn, Şəkidə olduğu kimi, hər həyətdə böyük tonqallar qalanır, ətrafında şənlənir, üstündən tullanıb deyirlər:
Ağırlığım, uğurluğum odlara,
Tonqaldan atlanmayan yadlara.
Yaxud:
Ağrım, uğrum tökülsün,
Oda düşüb kül olsun.
Yansın alov saçılsın,
Mənim bəxtim açılsın.

Belə hesab edirdilər ki, ölən baba-nənə ruhları ildə bir dəfə ancaq həmin gecə öz yurdlarına baş çəkirlər. Qaranlıq düşəndə ona görə gur tonqallar qalanır ki, bu ruhlar öz evlərini rahat tapsınlar. Baba-nənə ruhları damda oturub həyət-bacaya tamaşa edirlər. Görsələr ki, səliqə-sahman var, nəvə-nəticələrinin ocaqlarında qazanlar qaynayır, üzlər gülür, hamı “bal” deyib, “bal” eşidir, sevinərlər, səhərə yaxın könülləri xoş gedərlər. On iki ay bu təsirlə yaşayıb, gələn ilin axır çərşənbəsində yenə gələrlər. Əksinə, görsələr ki, yurdda qarma-qarışıqlıqdı, dam uçub, yerində bayquşlar ulayır, hamı bir-birini it kimi qapır, nə yemək var, nə içmək, evində bin-bərəkəti itiriblər. Bərk inciyər, heç sabahın açılmasını gözləməz, küsüb gedər. Bir də heç vaxt o tərəflərə üz tutmazlar.
Göründüyü kimi, axır çərşənbə tonqalı həm də ata-baba ruhları, yəni əcdad kultu ilə bağlıdır. Bunu Dərbənddən toplanmış bir inanc mətni də təsdiq edir. Mətndə deyilir ki, ilaxır çərşənbədə evin işığını sübhəcən söndürməzlər. Deyirlər, həmin gecə uluların ruhu sübhəcən yurda baş çəkməyə gəlir.
Lakin inanclara görə Novruz tonqalının təkcə əcdad ruhları ilə deyil, həm də pis ruhlarla əlaqəsi var. Qazax bölgəsi inanclarına görə, yeni il (Novruz – S.Q.) axşamı evdə, bayırda ocaq qalayar, şam yandırarlar ki, qara div, şər, pis nəzər onlardan iraq olsun. Qorxub qaçsın. Novruz inanclarında od kultunun məna aləmi haqqında Qaraqoyunlu bölgəsi inancları da maraqlı təsəvvür yaradır. Həmin inanclarda deyilir ki, axır çərşənbə axşamında yandırılan tonqalın üstündən adamlar atlanıb qurtarandan sonra mal-qaranı, qoyun-quzunu da adladırlar ki, çillədə qalmasınlar. Çillə – köhnə ilin ağrı-acısı, qada-balasıdı, ocaqdan adlayanda hamısı tökülüb odla yanır. Adlayıb keçəndə olur anadangəlmə.
Axır çərşənbə axşamında yandırılan tonqalın üstündən atdanıb deyərlər:

Ağırrığım, uğurruğum,
Ağrım, acım,
Qadam, balam –
Hamısı tökülsün, bu odda yansın.

Yeri gəlmişkən, Şakir Albalıyev yazır ki, çillə ağırlıq deməkdir, yaman gün deməkdir, buna görə də şənbə və çərşənbə el arasında ağır gün hesab olunmuş, həm də birbaşa çərşənbə günləri çillələr adlandırılıb.vProf. Maarifə Hacıyeva da tonqalın ilaxır çərşənbədə qalandığını göstərir. Beləliklə, axır çərşənbə tonqalının özünə məxsus olan bir çox mənaları var ki, həmin mənaların hamısı oda inam, oda pərəstiş, yəni od kultu ilə bağlıdır. Onları belə ümumiləşdirmək olar: Axır çərşənbə tonqalındakı od əcdadların (ata-babaların) şərəfinə yandırılır. Onlar həmin axşam tonqalın oduna yığışırlar; Tonqalın odu həm də şər qüvvələri, şər ruhları – qara divi, şəri, pis nəzəri evdən-ailədən uzaqlaşdırır. Axır çərşənbə tonqalının odu insanları hər cür ağırlıqdan – qada-baladan, xəstəliklərdən, çətinliklərdən, uğursuzluqlardan təmizləyir. İnsanlar odun üstündən tullananda onların bütün ağırlıqları oda tökülərək yanır. Bu, qədim odla təmizləmə ayinidir. Lakin burada ən diqqətçəkən məqam hansı tonqalın odunun belə təmizləmə gücünə malik olmasıdır. Bayramın hər hansı günündə yandırılan tonqalın odu belə gücə malik deyildir. Qaraqoyunlu inancı bu barədə belə bir xəbərdarlıq edir: Bayram axşamında, ya da bayram günündə qalanan tonqalın üstündən atlananda bu sözləri (“Ağırrığım, uğurruğum, ağrım, acım, qadam, balam – hamısı tökülsün, bu odda yansın” – S.Q.) deməzlər. Eləcə tonqalın başına yığışıb ondan bərəkət istərlər.
Beləliklə, axır çərşənbə tonqalı ilə Novruz bayramı tonqalı arasında fərq var. Bu fərq ondan yaranır ki, axır çərşənbə tonqalı getməkdə olan yeni ili yola salmaq üçün yandırılır, Novruz tonqalı isə artıq daxil olmuş yeni ilin şərəfinə yandırılır. İnsanlar axır çərşənbənin odu ilə çillədən, yəni köhnə ilin ağrı-acısından, qada-balasından təmizlənir və insanların bütün ağırlıqları həmin axırıncı günün tonqalı ilə gedir (yanıb heç olur). Novruz tonqalı isə yeni ilin ilk gününün tonqalıdır. İnsanlar artıq bu tonqalın ətrafına hər cür dərddən-bəladan, ağırlıqlardan, çillədən təmizlənmiş halda yığışırlar. Bu tonqala agırlıq tökmək olmaz. Çünki bu tonqal, bu od-ocaq təzə ilin tonqalıdır. Ağırlığı, uğurluğu, çilləni isə köhnə ilin axırıncı axşamının, yəni axır çərşənbənin odu özü ilə aparıb.
Qaraqoyunlu bölgəsinin inanclarında axır çərşənbə tonqalı ilə Novruz tonqalı bir-birindən ciddi fərqləndirilir. İnanca görə, bayram axşamında, ya da bayram günündə qalanan tonqala acı tüstülü ağac atmazlar. Ancaq quru ağacı bayram tonqalında yandırarlar, yəni yaş ağacı həmin ocağa atsan, sənə sədəmə toxunar, bərəkətin çəkilər. Bu inanc özündə ruhlar haqqında qədim təsəvvürləri qoruyur. Düşünürük ki, ocağa yaş ağac atıldığı halda acı tüstü ətrafı bürüyər. Bu halda ocaq ruhu, yaxud ocaq ilahəsi qəzəblənər və ziyanlıq edər. Başqa bir inanca görə, bayram tonqalı yanıb axıra yetəndə ocaqdakı közlərin üstünə üzərlik səpib deyərlər: “Odumuza, ocağımıza kəm baxanın gözləri bax beləcə partlasın, özü də oda düşüb çatlasın”.
Novruz mərasim kompleksində axır çərşənbə gecəsi göyə lopa atmaq adəti də var. Belə hesab edirik ki, indi daha çox kənddə yaşayan uşaqların axır çərşənbə gecəsi əyləncələrindən biri sayılan bu adət birbaşa od kultu ilə bağlıdır. “İrəvan Çuxuru folkloru” kitabında təsvir olunduğu kimi, ilin son çərşənbə axşamı küçələrdə tonqallar çatılar, adamlar “Atıl-batıl çərşənbə, bəxtim açıl, çərşənbə”, “Ağırrığım-uğurruğum bu odun üstünə” deyib tonqalların üstündən tullanardılar. Uşaqlar isə neçə gündən bəri hazırladıqları lopaları (əski parçaları bürülüb-bükülər, sonra məftillə möhkəm sarınıb, həmin məftildən ona uzun qol qoyular və lopa adlanan bu məşəl bir neçə gün qabaqdan ağ neftin içinə salınardı ki, nefti canına yaxşı çəksin) od vurub, var gücləri ilə fırladıb göyə uçurardılar. Göy üzü işığa qərq olardı.
Bizcə bu, bir oyun yox, axır çərşənbə ayinidir. Axır çərşənbə günü tonqalı ilə hər kəs və hər şey çillədən təmizlənir. İnsanlar göyün üzünə lopa atıb onu işığa qərq etməklə göyü – səmanı da hər cür pisliklərdən, köhnə ilin ağırlıqlarından təmizləmək istəyirlər. İlin axır çərşənbə ayinləri od kultunun ruhlarla bağlı olduğunu göstərir. Məsələn, Ağdaşdan toplanmış inanc mətnində deyilir ki, ilin axır çərşənbəsində hava təmiz qaralandan sonra güzgü olan otağa girirsən, əlində də lampa. Otaq da zülmət qaranlıq olmalıdır. Lampa işığından başqa içəri işıq düşməli deyil. Lampanı tutursan güzgüyə. Bir az keçəndən sonra sənə qismət olan qız güzgüdə görünür. Bu inanc mətnində bir neçə mühüm element var. Birincisi, bu ayin ilin axır çərşənbə gecəsində icra olinur. Başqa vaxt bu ayin baş tutmaz. İkincisi, otağa lampanın işığından başqa heç bir işıq düşməməlidir. Burada lampa işığı axır çərşənbə tonqalındakı odun rəmzlərindən biridir. Üçüncüsü, bu ayin eyni zamanda güzgü inancı ilə bağlıdır. Lakin burada güzgü od-işıq kultundan kənarda düşünülə bilməz. Güzgünün üstünə işıq düşməsə, o göstərməz. Dördüncüsü, güzgüyə tutulmuş lampanın işığında qızın şəklinin görünməsi od kultunun bəxt, qismətlə bağlı olduğunu, tale verdiyini göstərir. Beşincisi, qızın güzgüdəki şəkli, təbii ki, onun ruhudur. Güzgü dünya inanclarında da ruhlarla bağlıdır. Bu da öz növbəsində od kultunun ruhlarla bağlılığını bir daha təsdiq edir.
Quba-Şabran bölgəsi inancları təsdiq edir ki, lampa, şam od kultunun rəmzləri olub. İnanclardan birində deyilir ki, axır çərşənbə gecəsi ürəyində niyyət tutub yat. Gecə yarısı yuxudan durub şam yandır. Şamı götürüb güzgüyə yaxınlaş. Güzgüdə gələcək nişanlını görəcəksən. Güzgüyə yaxınlaşanda qorxsan, niyyətin baş tutmaz. Şamla bağlı başqa bir inanc mətnində deyilir ki, axır çərşənbə günü hərənin adına bir şam yandırırlar. Kimin şamı tez yanıb qurtarsa, onun ömrü gödək olur. Digər bir inancda deyilir ki, çərşənbə axşamı otuzluq lampanın altına qıfılı bağlayıb qoyurlar. Niyyət edib gözləyirlər. Kim qapını açıb birinci evə girsə, onun birinci sözünü niyyətlərinə görə yozurlar. Başqa bir inanca görə, axır çərşənbə gecəsi hamı yatandan sonra qaranlıq evdə qabda böyük kağız yandırıb evin küncünə tutursan. Bu zaman divarda sevdiyin adamın hansı sənətdə işlədiyini görərsən.
Göründüyü kimi, bütün bu inancların hamısında od elementi mütləq şəkildə iştirak edir. Burada odun insan ömrü, taleyi, qisməti ilə bağlı olduğu açıq görünür. Bir sıra inanclarda od kultu başqa kultlarla birgə iştirak edir. Naxçıvan bölgəsinə məxsus bir inanc mətnində göstərilir ki, ilaxırda od qalanır. Səhər külü yığıb yağış axan novdanın altına tökmək lazımdır. Tökəndən sonra arxana baxmadan getməlisən. Bu inanc mətnində qədim türk mifologiyasının üç əsas ünsürünü görürük: od elementi – axır çərşənbə tonqalı; torpaq elementi – kül; su elementi – yağış.

S.Qasımova
araşdırmaçı

Bu xəbər oxundu
- - -