Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

DQMV-nin yaradılması Azərbaycanın ərazi bütövlüyünə qəsd idi

28.02.17, 12:51
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

6-cı yazı

Q.Hacıyev və Ə.Əbdüləzimovun araşdırmasında vurğulanır ki, Yuxarı Qarabağ erməniləri öz təşəbbüsləri ilə qurultay çağıraraq, Azərbaycan Respublikasını tanımaq haqqında qərar qəbul etmişdi. Bununla da erməni separatizminə son qoyulmuşdu: “Bu dövrdə hərbçi generallar Səməd bəy Mehmandarovun, Adil bəy Səlimovun xüsusi xidmətləri olmuşdu. 1920-ci il aprelin 2-də general Adil bəy Səlimovun rəhbərliyi altında AXC Milli Ordu hissələri əks hücuma keçərək Dəli Qazarın qoşunlarını məğlub etdi. Azərbaycanda işğalçılıq siyasətini həyata keçirən bolşeviklər 1920-ci il aprelin 28-də Bakıda Azərbaycan Sovet Sosialist Respublikasının yarandığını elan etdilər.
Xalqın narazı olacağından qorxan bolşeviklər öz işğalçılıq siyasətini pərdələmək üçün Azərbaycanı Sovet Sosialist Respublikası (Azərbaycan SSR) elan etsələr də, əslində aprel çevrilişindən sonra Azərbaycan öz dövlət müstəqilliyini itirdi. 1920-ci il mayın 3-də 11-ci işğalçı ordunun silahlı dəstələri Azərbaycanın içərilərinə soxuldu. Ruslar Qarabağda yuva salmış erməni quldur dəstələrinin bilavasitə köməyi ilə AXC-nin yaratdığı Qarabağ general-qubernatorluğunu ləğv etdi. Öz vətənini və xalqını son dərəcə böyük məhəbbətlə sevən X.Sultanov özünün dediyi kimi, vətənpərvərlik hisslərindən çıxış edərək istefa verdi.
Sultan bəy Sultanovun başçılıq etdiyi müqavimət hərəkatı ilə birgə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam odusu 1920-ci il iyun ayının əvvəllərində Şuşa-Pənahabadı XI Ordunun silahlı dəstələrindən təmizləyə bildi. Lakin Dağlıq Qarabağa erməni separatçılarına kömək məqsədi ilə gətirilmiş birləşmiş ordu hissələri iyunun 15-də Şuşada da Sovet hökumətini bərpa etdi”.
Azərbaycan SSR-in tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradıldı: “Bununla yanaşı Qırmızı Ordu hissələrinin işğalçılıq niyyətləri, kütləvi qarətlər, əhalinin milli adət-ənənəsinə, dininə qarşı təhqiramiz tədbirlər və s. Qarabağda xalq üsyanına səbəb oldu. Lakin erməni-rus birləşmiş ordusu 1920-ci il iyunun 15-də hücum edib Qarabağın xalq üsyanını yatırdı. Cənubi Qafqazda çar Rusiyasının ənənəsini davam etdirən Sovet Rusiyası Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsini inzibati ərazi vahidinə çevirdi. DQMV yaratdı və xalqımızı tarixi problem qarşısında qoydu. Belə ki, 1923-cü il iyunun 30-da Rusiya Kommunist (bolşeviklər) Partiyası Cənubi Qafqaz Ölkə Komitəsinin plenumunda Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yaradılması haqqında qərar qəbul etdi. 1923-cü il 7 iyulda Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi DQMV-nin yaradılması haqqında dekret verdi. Dekretdə Vilayətin mərkəzi Xankəndi göstərildi. DQMV-nin yaradılması Azərbaycanın ərazi bütövlüyünə qəsd idi”.
Qarabağ 1941-1945-ci illərdə: “İkinci Dünya müharibəsi bir sıra dünya xalqları kimi Azərbaycan xalqının da tarixində çox ağrılı izlər qoyub. 1941- 1945-ci illərdə bütün Azərbaycan xalqı kimi Qarabağ əhalisi də SSRİ tərəfindən faşizmə qarşı mübarizədə iştirak etmişdir. Qarabağdan 200 min nəfər cəbhəyə getmiş, onların çoxu döyüşlərdə həlak olmuşdular. Qarabağda anadan olmuş minlərlə döyüşçü müxtəlif orden və medallarla təltif edilmişdi. Faşizm üzərində qələbənin əldə edilməsində Qarabağ əhalisinin ön cəbhədə olduğu kimi arxa cəbhədə də xidmətləri olmuşdu. Ümumiyyətlə, 1941-1945-ci illərdə Qarabağ regionunda xalq təsərrüfatının bütün sahələri və sosial-ictimai həyat hərbin tələblərinə uyğun qurulmuşdu. Qarabağ əhalisi ön və arxa cəbhənin strateji mallarla təmin olunmasında öz köməyini göstərmişdi.
1941-1945-ci il müharibəsi cəbhələrində faşizmə qarşı mərdlik və şücaət göstərərək, qələbəyə böyük töhfə vermiş qarabağlı azərbaycanlı sərkərdə, komandirlər və döyüşçülərdən N.Kərimovun, H.Aslanovun, D.Nəcəfovun, S.Qəniyevin, B.Mehdiyevin, M.Əbilovun, A.Qazızadənin, H.Hüseynovun, A.Vəzirovun, A.Abdullayevin, T.Əliyarbəyovun, Y.Abdullayevin, Q.Zeynalovun, A.Abasovun, M.Mahmudovun, Y.Quliyevin, Ə.Hacıyevin, Ş.Nuriyevin, M.Abbasovun və digərlərinin adlarını fəxrlə çəkmək olar. Onlann döyüş rəşadəti, vətənpərvərliyi xalqımız üçün bir örnəkdir.
1941-1945-ci illər müharibəsi SSRİ-nin qələbəsi ilə başa çatdı. Qələbənin əldə edilməsində bütün Azərbaycan xalqının, o cümlədən Qarabağ əhalisinin böyük xidmətləri olmuşdu. Təəsüflər olsun ki, ermənilər Azərbaycana qarşı əsassız ərazi iddialarını müharibə dövründə də davam etdirdilər. 1945-ci ilin payızında DQMV-nin Ermənistan SSR-ə verilməsi haqqında ermənilərin Sovet rəhbərliyi qarşısında növbəti dəfə qaldırdıqları məsələ rədd edildi”.
1940-cı illərin sonlarından etibarən DQMV-nin dövlət idarə orqanlarında, təsərrüfat, mədəni-maarif ocaqlarında çalışanların böyük əksəriyyəti ermənilər idi: “Erməni ideoloqları Azərbaycan SSR-in tərkibində yaşamağın siyasi, sosial-iqtisadi cəhətdən problem olması iddiası ilə çıxış edirdilər. Halbuki DQMV-də 1940-cı illə müqayisədə 1950-ci ildə ümumi məhsul istehsalı sənayedə 74 faiz, kənd təsərrüfatında 32 faiz artmışdı. XX yüzilliyin 46-70-cı illərində DQMV-də sənaye, kənd təsərrüfatı, mədəniyyət inkişaf etmiş, əhalinin maddi rifah halı xeyli yaxşılaşmışdı. Bu dövrdə elm, təhsil, əbədiyyat, incəsənət və kütləvi informasiya vasitələri xeyli inkişaf etmişdi. 1946-1970-cı illər ərzində DQMV-də 19 yeni tipli məktəb tikilmiş, kitabxanaların sayı 187-yə çatdırılmış, klubların sayı 190-ı, kino qurğuları 150-ni keçmişdi. 1960-cı illərdə Muxtar Vilayətdə 4 radio verilişləri studiyası yaradılmış, qəzetlərin nəşri isə 2,7 dəfə artmışdı. DQMV-də 1946-1960-cı illərdə yeddillik, səkkizillik və orta icbari təhsilə keçid baş vermiş, ali təhsilin şəbəkəsi genişləndirilmişdi. Bu zaman müxtəlif ixtisaslı erməni, rus millətindən olan kadrların sayı xeyli artmışdı. Bununla bərabər, DQMV ərazisində yaşayan azərbaycanlıların dədə-baba torpaqlarından sıxışdırılaraq çıxarılması halları artırdı. Bunun əksinə olaraq bölgədə ermənilərin sayının artmasına və onların daha firavan yaşamasına şərait yaradılırdı.
Vilayət Partiya Komitəsinin, DQMV Xalq Deputatları Sovetinin 4 yanvar 1963-cü il tarixli qərarı ilə Şuşa rayonu ləğv edildi. 289 kvadrat kilometrlik ərazi, 37 kənd, 1 qəsəbə və 1 şəhər Xankəndi rayonuna birləşdirildi. Şuşanın rayon statusu 6 yanvar 1965-ci ildə yenidən bərpa olundu. Ümumiyyətlə, 1946-1960-cı illərdə SSRİ-də totalitar rejim daha da gücləndi. Mərkəzin bilavasitə təhriki və təbliği ilə əvvəlki illərdə olduğu kimi XX yüzilliyin 60-cı illərində də Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları davam etdirildi. Moskvanın köməyi ilə Qarabağda erməni millətçiliyi dərin kök saldı. Burada yaşayan yüzlərlə
azərbaycanlının öz ata-baba torpaqlarından müxtəlif yollarla sıxışdırılaraq çıxarılması başlandı. Onlarla azərbaycanlı erməni terrorunun qurbanı oldu. Hətta azğınlaşmış erməni dəstələri qətllər törətməkdən belə çəkinmirdilər.
Ermənilər 1828-ci ildə İrandan Azərbaycana köçürüldülər, Qarabağda ən yaxşı torpaqlarda yerləşdirildilər. Məskunlaşdıqları yerlərdən birini İranda yaşadıqları yer kimi “Marağa” adlandırdılar. Köçüb gəldiklərinin 150 illiyi münasibətilə bayram etdilər, abidə qoyub, dövrəsində “Marağa-150” yazdılar. “Qarabağ problemi” ərəfəsində isə bu abidəni ermənilər tez-tələsik sökərək izi itirməyə çalışdılar”.
Qarabağ Azərbaycan mədəniyyətinin inkişafında mühüm rolu olan regionlardan biridir. Qarabağın zəngin mədəniyyətə malik Şuşa-Pənahabad şəhəri Azərbaycanda müstəsna əhəmiyyət kəsb edən təhsil mərkəzi və ziyalılar şəhəri olub. İlk dünyəvi məktəb 1830-cu ildə Şuşada açılıb. Qarabağ dünya mədəniyyəti tarixinə ensiklopedik biliyə malik şəxslər vermiş regiondur. Yüksək istedada malik olan və müsəlman aləmində operanın banisi Üzeyir bəy Hacıbəyli kimi dahi, Zülfüqar bəy Hacıbəyli, Zakir Bağırov, Fikrət Əmirov, Soltan Hacıbəyli, Niyazi, Süleyman Ələskərov və Əfrasiyab Bədəlbəyli kimi böyük bəstəkarlar bəxş edib. Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Bülbül, Qurban Pirimov, Xan Şuşinski, Rəşid Behbudov, Firudin Şuşinski, Zülfü Adıgözəlov kimi görkəmli mədəniyyət xadimləri Azərbaycan musiqi sənətinin inkişafında xüsusi rol oynayıblar.
SSRİ-də 1985-ci ildə ermənipərəst M.S.Qorbaçovun hakimiyyətə gəlməsi ilə erməni separatçıları yenidən fəallaşdılar. 1988-ci ildən etibarən erməni ideoloqları «dənizdən-dənizə böyük Ermənistan» uydurmasını yenidən ortaya atmaqla münaqişənin dərinləşməsinə zəmin yaratdılar. SSRİ rəhbərliyinin xeyir-duası ilə milli ədavətin qızışdırılması başlandı. Müxtəlif yollarla DQMV-də ictimai vəziyyəti gərginləşdirdilər. Daxili separatizm başlandı və Azərbaycanın Yuxarı (Dağlıq) Qarabağ regionu Ermənistanın dövlət separatizmi meydanına çevrildi.
1987-ci ilin əvvəllərindən erməni millətçilərinin təhriki ilə Yuxarı (Dağlıq) Qarabağda ermənilərin mitinq, nümayiş və küçə yürüşləri başladı. Bütün bunlar isə DQMV-nin siyasi, sosial-iqtisadi və mədəni həyatında böhranlı vəziyyət yaratdı. SSRİ rəhbərliyinin antiazərbaycan siyasəti nəticəsində münaqişə ocağı daha da alovlandı.
1988-ci il fevralın 20-də DQMV Xalq Deputatlan Sovetinin 20-ci növbədənkənar sessiyasında «DQMV-nin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetləri qarşısında vəsadət qaldırmaq barəsində» qərar qəbul edildi. Əslində bu qərar əsassız idi. Çünki Xalq Deputatları Sovetinin belə qərar qəbul etməyə ixtiyarı yox idi. Yuxarıda göstərilən faktlara baxmayaraq ermənilər qanunsuz hərəkətlərini davam etdirirdi. 1988-ci il iyun ayının 12-də DQMV Xalq Deputatları Soveti Muxtar Vilayətin Azərbaycan SSR tərkibindən Ermənistan SSR-ə verilməsi haqqında qərar qəbul etdi. 15 iyunda isə Ermənistan SSR Ali Soveti tərəfindən DQMV-nin Ermənistan SSR tərkibinə daxil olması haqqında müraciət qəbul olundu. Separatçı-terrorçu erməni vəhşiliklərinin baş alıb getdiyi bu dövrdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi və Sovet hökuməti vəziyyəti real qiymətləndirmədi”. Elə sonrakı bəlli faciələr də burdan başlandı...

Uğur

Bu xəbər oxundu
- - -