Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Pişəvəri millətini yanar ürəklə sevən insan idi”

01.03.17, 7:41
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İsmayıl Şəmsin S.C.Pişəvəri haqda xatirəsi

Doktor Cavidin oğlu mərhum Azad Cavid, Sabir Taftei və mən - Əkrəm Bije (Rəhimli) ildə bir neçə dəfə imkan olanda bağında xəstə yatan İsmayıl Şəmsə baş çəkərdik. Novruz bayramında onun görüşünə getməyimiz mütləq olardı. 2005-ci ilin Novruzunda biz növbəti dəfə onun görüşünə gedərkən mən S.C.Pişəvəri haqda xatirələrini kitaba daxil etmək üçün ona dedikdə Pişəvəri haqda kitablar, məqalələr yazılmasını vacib iş saydı. Öz xatirələrində S.C.Pişəvəriyə xüsusi yer verdiyini bildirdi. Gözləri görmək qabiliyyətini itirdiyi üçün bu işi görə bilmədiyinə təəssüfləndi və kövrəldi. Biz qərara gəldik o, S.C.Pişəvəri haqda bildiklərini sual-cavab şəklində desin, biz yazaq. Təklifımiz İsmayıl müəllim tərəfindən məmnuniyyətlə qəbul edildi. 2005-ci il martın 22-də verdiyimiz suallarla cavabları oxucuların diqqətinə çatdırırıq.
- S.C.Pişəvəri ilə nə vaxt, necə tanış olmusunuz?
- Əvvələn sizə təşəkkür edirəm ki, məni yaddan çıxarmırsız. O ki qaldı böyük rəhbərimiz, mərhum Pişəvəri ilə ilk görüşümə, o haqda yadımda qalanlar təqribən bunlardır. İndi neçənci ildir?
- 2005-ci il.
(O, barmaqlarında hesablama apardıqdan sonra) dedi: -Deməli, mən Pişəvəri ilə düz 61 il bundan əvvəl Tehranda «Ajir» qəzetinin kiçik otağında tanış olmuşam. O vaxt mənim 30 yaşım olar, ya olmazdı. Bizim yaratdığımız «Azərbaycan Cəmiyyəti» Pəhləvi dövləti tərəfindən qeyri-qanuni elan edildikdən sonra mən bir müddət Tehranda yaşamalı oldum. O vaxt Tehranda çox qəzet çıxsa da, onların içində məqalələrdəki kəskinlik, obyektivlik və demokratik ruhuna görə «Ajir» diqqətimi çox çəkdi və qərara gəldim ki, imkan olsa bunun naşiri ilə görüşüm. Belə də etdim. Qəzetin başında yazılmış ünvana getdim. Qapı açıq idi. Ağsaçlı bir kişi başını aşağı salıb «Ajir»in növbəti nömrəsinə hazırlıqla məşğul olduğundan deyəsən mənim otağa daxil olduğumu da bilmədi. Sonra otağa gələn adam ağaye Pişəvərinin həmkarı Kərim Kəşavərzi adlı şəxs idi. O, Pişəvəriyə: «Ağa seyid, qonağımız var» - dedi. Pişəvəri başını qaldırdı, işdən bir anlığa ayrılıb, ayağa qalxdı, gülər üzlə dedi:
- Xoş gəlmisən təbrizli qardaş! Mən səni yaratdığın «Cəmiyyətdən» yaxşı tanıyıram, bərnaməniz xoşuma gəlmişdi.
Biz salamlaşıb, şəxsən tanış olduqdan sonra ondan soruşdum:
- Ağaye Pişəvəri, siz mənim təbrizli olduğumu hardan
bildiniz?
O, cavabında:
- Üz qiyafəndən, üzündəki nurdan. Gözündəki mərhəmətdən.
Doğrusu, mən təbrizlilər haqda deyilmiş bu xoş sözlərdən məmnun olsam da bir qədər utandım. O, mənimlə elə söhbətə baŞladı ki, sanki məni əzəldən tanıyır və ürəyimdəkiləri elə bil oxuyurdu. O, mənimlə söhbətində «Azərbaycan Cəmiyyəti»nə çox yüksək qiymət verdi. Onu gələcək mübarizə yollarını işıqlandıran məşəllərdən biri saydı. Mən onun işinin çox olduğunu hiss edib «Ajir»lə bağlı, mübarizəmizlə əlaqədar, Azərbaycandakı siyasi durum və s. çox şey haqda öz fikirlərimi qısaca ona söylədim. Mən hiss etdim ki o, özü danışıb fakir söyləməkdən daha çox mənə qulaq asmaq, danışdırmağa meyilli idi. Bizim ilk görüşdə söhbətimiz nə az, nə çox 1 saat 45 dəqiqə çəkdi. Mən onunla və ağaye K.Kəşavərzlə xudahafizləşəndə, ağaye Pişəvəri mənə:
- Birdəfəlik getmə, tez-tez gəl. Mən səni başqa yoldaşlarımızla da tanış edəcəm - deyib əlimi sıxdı.
Mən 10 gündən sonra yenə yolumu «Ajir»dən saldım. Bu dəfə ağaye Pişəvərinin dövrəsində əvvəldən tanıdığım bir neçə nəfərdən başqa doktor Vəlizadəni, Nəmi Nükəkərani, doktor Salamulla Cavid, Firudun İbrahim, Məşədi Cəfər Kaviyanı və adlarını unutduğum bir neçə nəfər başqalarını gördüm. Sanki bunlar Azərbaycanın azadlığı haqqında məşvərətə toplanmışdılar. Mən də onlara qatıldım. Sonrakı aylarda bu məzmunda «Ajir» də bir neçə görüşlərimiz oldu. O görüşlərdəki söhbəti açıqlasam çox çəkər. Fəqət bunu deyə bilərəm ki, bu görüşlərdəki söhbətlər, fikir və mülahizələr Azərbaycandakı hərəkatın nəzəri hazırlığına Pişəvəri tərəfindən söylənən dəyərli fikirlər idi.
- Təbrizdəki görüşünüz necə olub?
- Mənim S.C.Pişəvəri ilə sonrakı görüşüm 1944-cü ilin yazında Təbrizdə oldu. O, Təbrizdən 14-cü Məclisə vəkil seçilmişdi. Əgər müqəddəmlərin, Seyid ziyaların, şahpərəst əyan-əşrəflərin hilləkar əməlləri, maneə və işə saldıqları yüz min tümənlərlə pul olmasaydı, Pişəvəri 16 min səs əvəzinə 25-30 min səs qazana bilərdi. Təbriz əhli 16 min səslə onu Məclisə yolladı... Məclisdəki «oğru və cinayətkar» (bu sözlər M.Müsədiqə məxsusdur - İ.Ş.) Pişəvəriyə yol vermədilər.
14-cü Məclisdəki şovinist ab-havası ağaye Pişəvərini milli səmtə üz tutmağa daha artıq yönəltdi. Bu sözlər onun başlıca şüarlarından oldu ki: «Bununla bizim suyumuz bir arxda getməyəcək».
- S.C.Pişəvərini Təbrizə çağıran oldu, ya özü gəldi?
- Biz, Təbrizin azadlıq istəyən ziyalısı, müxtəlif zümrələrdən olan azadxahlar məşvərət və məsləhət etdik ki, bu vəziyyətə nə qədər dözmək olar! Qərarımız bu oldu ki ağaye Pişəvərini Tehrandan Təbrizə çağıraq. Bu haqda çox geniş və həyəcanlı yazılmış məktubu mən, ağaye M.Çavuşi və M.Vilai aparıb Tehranda Pişəvəriyə çatdırdı. Biz onu «Ajir» redaksiyasında tapdıq və məktubu təqdim etdik. O, məktubu oxuyarkən gözlərindəki sevinci və sifətinə hopmuş ciddiliyi indi də unuda bilmərəm... Hər birimizə bir stəkan çay verildikdən sonra əməkdaşları çağırıb, «Getməsəm anam Seyid Səkinənin südü mənə haram olar» deyib qəzetə aid tapşırıqları verdi və sabahdan işə gəlməyəcəyini onlara bildirdi. Biz həmin gün günortadan sonra Təbrizə qayıtdıq. Ağaye Pişəvəri sabah axşam, səssiz-küysüz Təbrizə gəldi. Azadlıq istəyən qüvvələrin nümayəndələri ilə görüşdü, məsləhətləşdi və yeni bir firqənin yaradılması üçün işə başlandı.
- 21 Azər və Milli Hökumət haqda sizdən eşitmək maraqlı olardı.
- Firqənin yaranması fəaliyyəti, Hökumət və s.-lə bağlı tarixçilərimiz, jurnalistlərimiz - həm dost, həm düşmən çox yazıblar və yəqin ki, bundan sonra da yazacaqlar. Odur ki, mən bu məsələyə toxunmuram, həm də çox danışmağa taqətim azdır.
- Azərbaycan Milli Hökuməti dövründə siz hansı vəzifə daşımısınız və S.C.Pişəvəri ilə təmaslarınız olurdumu?
- Firqənin yaranmasından süqutadək elə bir həftə olmazdı ki, müxtəlif məsələlərlə bağlı mən ağaye Pişəvəri ilə görüşməyim. Xəttim yaxşı olduğundan çox toplantıların protokolunu yazmağı mənə həvalə edərdi. Ağaye Pişəvərinin təklifi ilə mən MK üzvlüyünə, qanun-əsası hazırlayan hüquq komissiyasına üzv olmuşam. Bu vəzifələr içərisində məni daha çox məşğul edən AMM orqanı «Azad Millət» qəzetinə baş redaktor təyin olunmağım idi. Bu münasibətlə ağaye Pişəvəri məni yanına çağıtdırdı. Milli Məclisin sədri Hacı Mirzəli də onun kabinetində idi. O, mətləbi mənə açdı, mənim Məclisin rəsmi orqanına redaktor olmağım haqda fikrini çatdırdı.
Sualım bu oldu ki, ağaye Pişəvəri, qəzeti hansı dildə - farsca, ya türkcə çıxaraq? Sualımın cavabında o məndən:
- Ağaye Şəms, sizcə, hansı dildə çıxsa yaxşıdır? – deyə soruşdu.
Mən fikirləşmədən:
- Əlbəttə, ana dilimizdə, bütün xalqın anladığı dildə - dedim.
O, mənə:
- Bəs onda fikrimiz eynidir, günü sabahdan qəzet çıxmalıdır.
O, mənim çaş-baş qaldığımı görüb soruşdu:
- Çətinliyin olacaqmı?
Dedim: - Əlbəttə, ən böyük çətinlik savadımın farsca olmasıdır. Mən türkcə həm yazıda, həm də danışıqda iştibahlar (səhvlər) edirəm.
Pişəvəri bir qədər ciddi tərzdə: «Ağaye Şəms, biz anamızdan imtina edə bilmədiyimiz kimi, onun dilindən də imtina edə bilmərik. Bu məsələ millətimizin faciəsidir, biz nəyin hesabına olursa-olsun bu faciədən bir dəfəlik yaxa qurtarmalıyıq» - dedi. O özü tərtib etdiyi «Farsca-türkcə mühüm sözlərin lüğəti» kitabçasını mənə verdi və əlavə etdi ki, bir müddət o özü də bu işdə mənə köməkçi olacaq. Mən «Azad Millət»in çapını təşkil etdim, qəzetin dili məsələsində Arazın o tayından gəlmiş azərbaycanlı ziyalılar da (C.Xəndan, Q.Musayev (İlkin), Ə.Sadıq və s.) mənə kömək etdilər.
Bir gün mənə dedilər ki, ağaye Pişəvəri səni çağırtdırıb və deyib ki «Azad Millət»in son bir neçə nömrəsini də özü ilə gətirsin. Mən qoltuğumda «Azad Millət» Ağaye Pişəvərinin qəbuluna getdim. O, son dərəcə səmimi, sadə və işdə ciddi adam idi. Mən onun qəbulunda olarkən o, bir qayda olaraq yerindən durub mənlə ya üzbəüz və ya yanımda əyləşərdi. Bu dəfə də o, yanımda əyləşdi, işlərin gedişi ilə maraqlandı, tövsiyələrini verdikdən sonra gətirdiyim «Azad Millət»in son nömrələrini varaqladı. Demə bəs məndən əvvəl o qəzetin hər nömrəsini oxuyub və faydalı qeydlər edib. Bu qeydlər sonrakı nömrələrdə nəzərə alındı. Mən hiss etdim ki, o, qəzetin bütün nömrələrini diqqətlə oxuyub. Ağaye Pişəvəri dəfələrlə redaksiyaya gəlmiş, ana dilimizin saflığını, məqalələrin müxtəlif mövzuda yazılmasını, Milli Məclisin qərar və qanunlarının gecikdirmədən oxuculara çatdırılmasını mühüm vəzifə olaraq qeyd etdi. MM-in 100-dən çox qanun və qərarları «Azad Millət» səhifələrində çap olunmuşdu.
- İsmayıl müəllim, siz Milli Hökumətin konstitusiyasını tərtib edənlərdən olmusuz, bu işin sonu necə oldu?
- Milli hökumətin muxtariyyət hüquqlarını özündə əks edən qanun - əsasiyə ehtiyac olduğu bilindi. Bu məsələ ilə məŞğul olacaq 13 nəfərdən biri də mən idim.
Ağaye Pişəvəri özü bu işə rəhbərlik edirdi. Hüquqşünas olduğumuza görə Firidun İbrahim (baş prokuror) və mən sədrin müavinləri idik. Biz çox böyük həvəs və zəhmətlə muxtar dövlətin konstitusiyası layihəsini hazırladıq. Sonra hansı səbəbdənsə bu layihə rəsmi qanun-əsası kimi çap olunmadı. Bunu o zaman milli hökumətə qarşı Tehranın qopardığı hay-küy və beynəlxalq vəziyyətlə bağlı artan təzyiqlərlə izah edirdilər. Mənim Ağaye Pişəvəri ilə son görüşüm haqda bir neçə kəlmə deyim. 1325-ci ilin Azərin 17-si və ya 18 idi. Mən qəzetimizin bəzi məsələləri ilə bağlı MK-yə, Ağaye Pişəvərinin yanına getmişdim. O, çox əsəbi, fikirli və sarsıntılı görünürdü. Mən qəzetin vəziyyətindən, maliyyə çətinliklərimizdən, kadr çatışmazlıqlarımızdan danışmaq və kömək almaq istəyirdim. O, dərdli adam kimi sanki ürəyini boşaltmaqla təskinlik tapmaq istəyirdi. Zəncanı tutub ağlagəlməz cinayət etmiş şah qoşununun Azərbaycanın içərilərinə yeridiyini, silah-sursatın çatışmadığını, əli yalın xalqı ucuz ölümə verməyin mənasızlığını nitqinə fasilə vermədən elə danışırdı ki, təndirdə diri gözlə yanan adamı xatırladırdı.
Mən söz arası ona: «Bəs tovarişlər nə deyir?» - soruşdum. O, masası üstündə təzə alınmış teleqrafı göstərərək: «Açıqca təslim olmadığımızı, qatil Qəvama hüsn-rəğbət gostərməyimizi «dostcasına» məsləhət görürlər. Bizim faciəmiz sənin dediyin «tovarişlərə» inanmağımız və arxasız qalmağımızdır» - cavabını verdi. Ona haradansa telefon oldu. Mən onun harayasa çağrıldığını anladım, ona heç nə deməyib, kabinetini tərk etdim. Sonrakı olaylar sizə məlum olduğu üçün mən nə deyim?! Həm də yoruldum, ömür vəfa qılsa, növbəti görüşümüzdə sizə məlum olmayan (və ya az məlum olan) məsələlərdən danışardım. Fəqət bunu bilin ki, Pişəvəri böyük inqilabçı, mütəfəkkir, təvazökar, millətini yanar ürəklə sevən insan idi.

Əkrəm Rəhimli
AMEA Şərqşünaslıq İnstitutunun
"Güney Azərbaycan elmi araşdırmalar" şöbəsinin müdiri

Bu xəbər oxundu
- - -