Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ermənistan itkilərinin sayını açıqlasa...”

02.03.17, 10:06
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Fərəc Quliyev: “Əhali birmənalı olaraq Sarkisyanın hakimiyyətdən getməsi ilə bağlı fikirlərini irəli sürəcək”

Tərlan Eyvazov: “Birinci Qarabağ müharibəsindən üzü bəri düşmən həmişə bu taktikaya əl atıb, itkilərini tamamən gizlədib”


Cümşüd Nuriyev: “Ermənistan rəhbərliyi cəbhədəki itkiləri gizlətsə də, erməni xalqı artıq onların yalanlarına inanmır”


Martın 2-nə keçən gecə cəbhənin Ağdərə-Tərtər istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə basqın etməyə cəhd göstərib. Bu haqda Müdafiə Nazirliyindən məlumat verilib.
Dərhal görülən tədbirlər nəticəsində düşmənin canlı qüvvəsi məhv edilib və o, geri çəkilməyə məcbur olub: “Qoşunlarımız heç bir itki verməyib və əməliyyat şəraiti tam nəzarətimizdədir”.
Müdafiə Nazirliyindən həmçinin bildirilib ki, martın 1-i axşam saatlarında işğal altında olan Xocavənd rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin mühəndis-istehkam baxımından hazırlanmış və atəş vasitələri ilə gücləndirilmiş dayaq məntəqələrinin qərargahına qoşunlarımız tərəfindən atəşlə cavab zərbəsi endirilib.
Qeydə alınan videogörüntüdə qərargah qarşısındakı hərbi nəqliyyat vasitələrinin və şəxsi heyətin məhv edilməsinin aydın görünməsinə baxmayaraq erməni tərəfi onlarla itkisinin sayını inadla gizlətməyə çalışır. Bütün cəbhəboyu əməliyyat şəraitinə qoşunlarımız tam nəzarət edir.
Ermənilərin çoxsaylı itki verdiyi və bunu ictimaiyyətdən gizlətməyə çalışmaları artıq hər kəsə bəllidir.
Millət vəkili Fərəc Quliyev deyib ki, Ermənistanın daxilində sosial gərginlik, hakimiyyətdən ciddi narazılıq hökm sürür: “Artıq orada Dağlıq Qarabağın Ermənistana məxsus olmadığı və Qarabağı qaytarın şüarı ilə çıxışlar edilir. Bundan narahat olan düşmən ölkə son günlər cəbhədəki gərginlik zamanı itkilərinin sayını belə gizlədir”. Onun sözlərinə görə, Ermənistan əhalisinə bombalardan müdafiə üçün sığınacaqlarla bağlı xəbərdarlıq da edilib: “Belə bir vəziyyətdə Ermənistan itkilərinin sayını açıqlasa əhali birmənalı olaraq Sarkisyanın hakimiyyətdən getməsi ilə bağlı fikirlərini irəli sürəcək. Ümumiyyətlə isə Ermənistan itkiləri gizlətmək artıq adət halını alıb”.
Deputat qeyd edib ki, Emənistanın itkiləri gizlətməyinin digər səbəbi onlarının əksəriyyətinin muzdlulardan ibarət olmasıdır: “Bilirsiniz ki, düşmən ölkə cəbhə xəttində daha çox muzdlulardan istifadə etdiyi üçün onları asan şəkildə gizlədə bilir. Çünki onlar heç bir yerdə qeydiyyatda deyillər və onların ölümü nə Ermənistan hakimiyyətini, nə də cəmiyyəti maraqlandırmır”.
“Bilirsiniz ki, Ermənistanda İrəvandan gedən əsgərlər döyüşmək üçün Azərbaycan ərazilərinə gətirilir. Bu da gələcəkdə həm fərrariliyə, həm də insanların əsgərlikdən yayınmasına gətirib çıxara bilər. Bütün bunları gözə alan Ermənistan itkilərini gizlətməyə üstünlük verir. Düşmən ölkə nə qədər gizlətməyə çalışsa da, yayılan görüntülərdən də görünür ki, onlar xeyli sayda itki veriblər və bu say getdikcə daha da artacaq”- deyə, F. Quliyev vurğulayıb. Milli Məclisin üzvü bildirib ki, Rusiya nə qədər Ermənistan ərazisində manevrlər, təlimlər keçirsə də Azərbaycan dövləti istənilən halda, şərəf və ləyaqətini qorumağa hazırdır: “Azərbaycan heç kimin ərazisinə müdaxilə etmir, ölkəmiz torpaqlarının geri qaytarılması istiqamətində mübarizəsindən geri dönməyəcək. Ölkəmiz ədalətli tərəfdir və hesab edirik ki, heç bir ölkə Ermənistanın arxasında dayanmalı deyil. Çünki Ermənistanın öz əhalisi belə Sarkisyanın arxasında dayanmır”. Deputat əlavə edib ki, Ermənistanda baş verənlər nəticə etibarı ilə oradakı rejimin dəyişməsi ilə nəticələnəcək: “Lakin bu dəyişmə təkcə Ermənistan əhalisinin istəyinə bağlı deyil. Rusiya oradakı rejimi başqa insanlarla əvəz edəcək. Amma Ermənistandakı gərginlik davam edəcək, sosial, iqtisadi vəziyyətləri daha da pisləşəcək. Düşmən ölkə müharibədə uduzmuş tərəf kimi geri çəkilmək məcburiyyətindədir lakin ağalarının istəyi ilə dirəniş göstərirlər. Lakin nəticə Azərbaycanın xeyrinə olacaq”.
Hərbi kspert Tərlan Eyvazov isə vurğulayıb ki, əsgərlərimizin şəhid olduğu yer həmin istiqamətdir ki, aprel döyüşləri zamanı orada çox uğurlu döyüş əməliyyatı aparılıb: “Buna görə də, hərbçilərimizi hər hansısa qeyri-peşəkarlıqda qınamaq düzgün deyil. Aprel döyüşlərindən sonra bir qrup veteranla şəhid olmuş hərbçilərimizin xidmət etdiyi hərbi hissədə olmuşduq. 3 gün ərzində həmin hərbi hissədə, əsgərlərlə, zabitlərlərlə görüşlər aparıb, ön cəbhəyə baş çəkdik. Hərbi hissənin təminatı, təchizatı, zabitlərin peşəkarlığı doğrudan da bizi heyran etmişdi. Həmin hərbi hissədə olarkən şəhid olmuş kəşfiyyat rəisimiz Aqşin Abdullayev və kəşfiyyat bölük komandiri ilə də söhbət etmək şansımız olmuşdu. O insanlar öz işlərinin peşəkarlarıdır".
Tərlan Eyvazov cəmiyyətin hərbi ekspertləri, hərb sahəsindən yazan jurnalistlərin baş verən son hadisələrə fikir bildirməməsinə görə tənqidinə gəldikdə isə bildirdi ki, bunun səbəbi mövcud qanunvericiliyə görədir. Müdafiə Nazirliyinin rəsmi açıqlaması olmadan hər hansısa bir açıqlama vermək qanuna zidd sayılır və buna görə məsuliyyət daşınır: "Ona görə də, rəsmi məlumat olmadan hər hansısa bir açıqlama vermək doğru olmazdı. Həm də ona görə doğru olmazdı ki, şəhidlərimizin meyitləri döyüş meydanında qalmışdı. Bütün bu keçən vaxt ərzində alınan məlumatları analiz edərkən orada nələrin baş verdiyini anlaya bilirik. Birinci növbədə orduya yönələn iradlar haqsız və yersizdir. Ən əsası ona görə ki, cəbhənin müxtəlif cinahlarında aparılan tədbirlər nəticəsində həqiqətən də düşmən tərəfinin verdiyi itkilər bizim verdiymiz itkilərdən qat-qat çox olub. Bəzi adlarını ekspert qoyub, cəbhədə olmayanları bildi-bilmədi şərh edənlər deyirlər ki, çox itki vermişik. Məsələnin mahiyyətinə varanda məlum olur ki, cəbhənin Ağdam tərəfində düşmənin ön və arxa tərəfindəki iki mövqeyi məhv edilib. Bunu sonradan bizim Müdafiə Nazirliyi də təsdiq etdi. Həmin mövqelərdə qulluq edən erməni əsgərlərinin sayını hesablayanda aydın olur ki, düşmənin itkiləri çox olub".
Düşmən itki verdiyi halda onların sayını az göstərməsi və yaxud heç göstərməməsi məsələsinə gəldikdə isə hərbi ekspert bunları deyib: "Birinci Qarabağ müharibəsindən üzü bəri düşmən həmişə bu taktikaya əl atıb, itkilərini tamamən gizlədib, sonra isə bu itkiləri yavaş-yavaş üzə çıxardıb. Bunun da səbəbi ondan ibarətdir ki, Azərbaycan tərəfi hərbiyə çağırılanlar, şəhid olanlarla bağlı rəsmi məlumat verir. Dövlət bunu etməlidir və edir də. Ermənistanda isə 3 qrup döyüşçü var. Birinci qrupa Ermənistan tərəfindən rəsmən orduya çağırılan əsgərlər və zabitlər aiddir. İkinci qrup döyüşçülər isə muzdlulardır ki, onlar Ermənistanın özündən və digər yerlərdən gəlirlər. Üçüncü qrup isə Dağlıq Qarabağın ərazisində yaşayan 50 yaşa qədər olan insanlardır. Dağlıq Qarabağ qondarma bir respublika olduğu və heç bir dövlət tərəfindən tanınmadığı üçün onların rəsmi bir məlumat verməsi absurddur. Buna görə də, itkilər gizlədilir. Muzdluların ölməyi də ermənilər tərəfindən gizlədilir. Rəsmi qeydiyyata alınmır. Rəsmi məlumatlar isə ancaq Ermənistandan olan çağırışçılar barədə olur, bu da erməni ictimaiyyətinin təzyiqindən sonra baş verir".
Nərgiztəpə ətrafında baş verən hadisəyə gəldikdə isə Tərlan Eyvazov qeyd etdi ki, rəsmi məlumatlara əsaslansaq, əsgərlərimiz "neytral" ərazidə həlak olublar: "Hərbçilərimiz "neytral" ərazidə minaya düşməyiblər, nə pulemyot, nə də minatanlardan atəş nəticəsində şəhid olmayıblar. Hərbçilərimiz yalnız snayperdən açılan atəş nəticəsində şəhid olublar. Bəziləri deyir ki, hərbçilərimiz peşəkar olsaydılar, bu dərəcə asanlıqla şəhid olmazdılar. Bu belə deyil. Başqa yerlərə nisbətən Nərgiztəpə istiqamətində olan "neytral" ərazi daha genişdir. Ərazi geniş olduğuna görə, bu işlə məşğul olan hərbi qulluqçularımız əraziyə baxış aparırlar. Bunu etməlidirlər. Bu gün evində, klaviatura arxasında, bazarda alış verişdə olan, varlı, kasıb adamlar hamısı o işi görən insanlara borcludurlar. O şəhidlərimiz orada xidmət aparırdılar ki, düşmən tərəfindən hər hansısa bir qrup bizim tərəfə keçməsin. Müşahidələr gecə gündüz hər gün aparılır. Ancaq həmin yerləri yoxlamaq vacibdir və bu olub, olacaq da. Ordumuz heç vaxt o şəhidlərin qisasını yerdə qoymayacaqdı və hal-hazırda Müdafiə Nazirliyinin mətbuat xidməti videogörüntü ilə düşmənin qərargahını vurduğumuzu yayımladı. Bu isə düşmənin kifayət qədər itki verməsi deməkdir. Qərargahın vurulması ermənilərin yüksək rütbəli zabitlərinin də məhv edildiyini göstərir".
Politoloq Cümşüd Nuriyev də ermənilərin itkilərini gizlətdiyini vurğulayıb. Onun fikrincə, Ermənistan rəhbərliyi cəbhədəki itkiləri gizlətsə də, erməni xalqı artıq onların yalanlarına inanmır: “Orada xalq hakimyyətə qarşıdır. Bununla bağlı böyük mitinqlər də təşkil olunur”. O qeyd edib ki, Ermənistanın cəbhədə təxribatları çoxaltması Serj Sarkisyanın öz hakimiyyətini möhkəmləndirməyə çalışmasından irəli gəlir: “S.Sakisyan apreldəki seçkilərdə partiyasının səs toplaması üçün cəbhədəki təxribatlarla nə isə əldə eləməyə çalışır. Onlar həm də Azərbaycan ordusunun ötən ilin aprel ayında qazandığı uğurları hələ də qəbul edə bimirlər”.

Əli

Bu xəbər oxundu
- - -